Page 1 of 2

Bəhramın sarayı. Cavanşir çox məyus gəzişir, Söhrab daxil olur.

Söhrab

Muğan torpağı böyük hökmdarımızı gül-çiçəklə qarşılayır. Hamının gözlərində sevinc yaşları parıldayır. Bəhramın ölümündən xəbər tutanlar üçün toy-bayramdır. Böyük hökmdarımız nə üçün belə kədərlidir? Məgər qələbəmiz onu sevindirmirmi?

Cavanşir

Söhrab, Ağvan cəngavərlərini ölüm qucağına atan o xain göstər... O satqın kim ola bilər?

Söhrab

Satqın?

Cavanşir

Mən heç bir vuruşmada bu qədər cəngavər itirməmişdim...

Söhrab

Sasani ordusu qüvvətli idi. Biz qurbansız qalib gələ bilməzdik...

Cavanşir

Xatirindədirmi? Mən dedim ki, sirlərimiz dilsiz divarlar arasında qalsın. Lakin divarlar dilə gəlib hər şeyi Bəhrama xəbər vermişdir...

Söhrab

Qartalın ölümü doğrudan da böyük zərbədir, ulu hökmdar...

Cavanşir

Ağvanın namusunu tapdalayan o xain tapılmadıqca mənim qəlbim rahat olmayacaqdır... Söylə... Söylə görüm o kim ola bilər...

Söhrab

Ən böyük günah məhəbbətdədir, hökmdar... İnsanı ən alçaq xəyanətlərə sövq edən bir qüvvət varsa, o da yalnız məhəbbətdir.

Cavanşir

Sən həmişə ikibaşlı sözlər deməkdən həzz alırsan... Fikrini açıq söylə...

Söhrab

Anamız Zibeydə xatunun Firuzəabada getdiyini, bizim haralardan hücuma keçdiyimizi, qoşunlarımızın yerini Bəhrama xəbər verən də məhəbbət olmuşdur... Böyük sərkərdə, mən bu sirri özümlə bərabər qəbirə aparmaq xəyalında idim. Lakin...

Cavanşir

O xain kimdir?

Söhrab

O sizin dünyalar qədər istədiyiniz bir adamdır. Onun ölümü də xəyanəti qədər sizi yandıracaqdır. Ulu göylərə and içirəm ki, sözləri mənə dedirdən yalnız ürəyimdə Cavanşirə bəslədiyim sonsuz məhəbbətdir.

Cavanşir

Mən də müqəddəs göylərə and içirəm ki, o ürəyimin bir parçası da olsa kəsib atarkən uf deməyəcəyəm...

Söhrab

O xain... yox... yox... Bunu deməyə dilim gəlmir.

Cavanşir

Sinirlərimlə oynama, Söhrab... Onsuz da mən iztirab içərisində boğuluram...

Söhrab

O xain sənin öz doğma balan Elçindir...

Cavanşir

Necə? Sən onun ölümünümü istəyirsən, alçaq?..

Söhrab

Təəssüf ki, mənim ölümüm də onun vicdanındakı qara ləkəni yuyub təmizləyə bilməz...

Cavanşir

Yalandır... Yalan..

Söhrab

İnanın ki, göydə ayı, ulduzu danmaq mümkün olsa da, bu sözlərimi yalansıtmaq mümkün deyildir. Elçin bütün Ağvanı satdı... Anasının namusunu, atasının şərəfini, Odlar yurdunun igid cəngavərlərini bir qaşı kamana qurban verdi...

Cavanşir

Əgər sən qəlbinin iniltilərini duymaq istedadından məhrum deyilsənsə, etiraf et ki, bu dediyin sözlərin hamısı yalandır...

Söhrab

Nə edim ki, mənim sözlərimdə zərrənin mində biri qədər yalan yoxdur...

Cavanşir

Söhrab, oğlum Elçinin xəyanətini sübut edə bilməsən sən yaşamayacaqsan...

Söhrab

Böyük hökmdarımız məni əfv etsin. Qadın tayfası nə qədər zərif məxluq olsa da, iradəsiz kişiləri özünə qul etməyə qadirdir. Yer üzündəki bütün xəyanətlərə bais onlardır. Oğlunuz Elçin dünən gecə Bəhramın sarayına gəlib bütün sirlərimizi öz sevgilisinə xəbər vermişdir. O şeytan mənim əziz qardaşım Elçinin könlünü ovlamış, atasına casusluq edib hər şeyi ona söyləmişdir.

Cavanşir

O ifritə indi haradadır?

Söhrab

Baxın, Bəhramın mənfur cənazəsi önündə diz çöküb qanlı göz yaşı axıdan o aybənizli Kayan gözəlini görürsünüzmü?

Cavanşir

Hanı Elçin? Bəlkə də o öz xəyanətinin böyüklüyünü hiss etdiyi üçün mənim gözümə görünməkdən çəkinir.

Söhrab

O uzaqda deyildir... Reyhan adlanan o dünya gözəlinin göz yaşları oğlunuz Elçini də ağladır. O kənarda durub həsrətlə baxabaxa qayınatasının ölümünə yas saxlayır...

Cavanşir

Gedin o fitnəkar afəti mənim yanıma gətirin.

Fərid

Baş üstə...

Zibeydə

Bu böhtanlara uyma, Cavanşir...

Söhrab

Oğul məhəbbəti gözlərinizi pərdələməsin, böyük ana. Bu günə qədər mən Elçini səndən az sevmirdim. Hökmdarımız bilməsə də sən ki, Elçinin Reyhana vurulduğunu məndən yaxşı bilirsən... Reyhan bu dediklərimi təsdiq etməzsə, mən indidən öz əlimlə ölüm qərarını yazmağa hazıram...

Cavanşir

Aha... Oğlum gözəllik ilahəsinə vurulmuşdur... Sən Elçini tanıyırsanmı?

Reyhan

Bəli, tanıyıram...

Cavanşir

Sən hara, o hara? Cavab ver... Artıq hər bir şey bəllidir... Elçin dünən gecə sənin yanında olmuşdur? Oğlun sirrini atadan gizlətmək mənasızdır. Cavab ver... Elçin sənin yanına gəlmişdirmi?

Reyhan

Məni əfv edin, böyük atadan oğlun sirrini gizlətmərəm... Bəli, o dünən gecə burada idi.

Cavanşir

Aha, demək xain mənim öz ciyərparamdır... Gedin bu dəqiqə onu mənim hüzuruma gətirin...

Qılınc

Səbir edin, hökmdar... hələ kimin müqəssir olduğu aydın deyildir...

Şahin

Böyük hökmdar, Bəhram da belə deyirdi, lakin heç birimiz buna inanmadıq...

Cavanşir

Artıq hər şey mənə aydın oldu... Fərid, Elçini özün gətir...

Fərid

Baş üstə...

Cavanşir

Sən öz füsunkar gözəlliyinlə neçə gənci yoldan çıxarmışsan?

Reyhan

Vəfalı ürəklər yalnız bir dəfə... Yalnız birini sevərlər... Böyük hökmdar...

Cavanşir

Mən Elçinin gözlərini ovub, dilini kəsəcəyəm...

Bu anda Elçin daxil olur.

Elçin

Atacan, Qartalın ölümü mənim ürəyimə od saldı.

Cavanşir

Onun ölümünə bais sənsən...

Elçin

Bu nə sözdür, atacan... Mən Qartal kimi bir igidin ölümünü istərəmmi?

Cavanşir

Ömrüm uzunu aldığım ölümcül yaraların hamısından bu yara daha müdhiş, daha sağalmazdır... Bu xaini nə üçün qolları bağlı gətirmədiniz?

Elçin

Nə üçün hamı mənə düşmən gözü ilə baxır... Bəlkə siz Qartalın ölümünü məndən görürsünüz? Yox... yox, mənim əllərim günahsız insan qanı ilə ləkələnməmişdir...

Cavanşir

Bir qızın ala gözləri üçün sən bütün Ağvanı satdın...

Elçin

Mavi göylərə and içirəm ki, mənim məhəbbətim anamın südü qədər saf, atamın namusu qədər təmizdir...

Cavanşir

Cavab ver, Söhrab... Mən onun ürəyindən qopub gələn bu sözlərə “yalandır” deyə bilərəmmi?..

Söhrab

Övlad məhəbbəti gözlərinə pərdə çəkmişdir, böyük hökmdar...

Elçin

Söhrab...

Cavanşir

Tutaq ki, böhtan deyil... Sən həqiqəti söylə... Dünən gecə Bəhramın sarayında olmuşsanmı?

Elçin

O sənin düşmənin idi, ata... Əgər məni bunda təqsirləndirirsənsə, etiraf edirəm... Mən Reyhandan anamın yerini soruşmağa gəlmişdim...

Cavanşir

Gəlmişdin...

Elçin

Əgər mənim günahım budursa, Söhrab haqlıdır.

Söhrab

Həqiqəti gizlətmə, Elçin... Sən Reyhana demədinmi ki, Ceyran düzündən Qartal kimi atlılarımız üstünüzə şığıyıb gəlirlər?

Elçin

Doğrudur, demişəm...

Cavanşir

Necə... demişsən ?

Elçin

Bəli, atacan, məgər bizim cəngavərlərimizin hamısı Qartal deyildirmi?

Cavanşir

Amma mənim igid Qartalım da Ceyran düzündən hücuma keçdi. Onu Ceyran düzündə əsir aldılar. Atanın sirrini beləmi gizli saxladın...

Elçin

Aman dilim qurusun, atacan mən öz əlimlə Qartala məzar qazmışam...

Cavanşir

Aydındır... Anasının yerini bilməyə gedən oğul, atasının sirrini düşmənə açmışdır... Artıq buna mənim zərrə qədər şübhəm qalmadı... Aparın bunu: ciyərimin, ürəyimin bu xəstə parçasını kəsib qurdlara, quşlara atın... Mən Qartalın müqəddəs cənazəsi önündə and içdim ki, andına sadiq olmayan cəngavər dünyanın ən namussuz adamıdır.

Zibeydə

Ah... Kor ol gözlərim, gör nələr görürsən. Yox... yox... sən mənim ömür çiçəyimi belə tez xəzana döndərmə, Cavanşir... Mən gecə-gündüz bilməyib oğul böyütmüşəm. Mənim göz yaşımdan qorx, ona toxunma. Onun gül kimi təmiz dodaqlarından yalan söz çıxmaz...

Cavanşir

Yüzlərcə Ağvan igidlərinin qanına bais olan, atasını, anasını, doğma yurdunu bir qızın ala gözlərinə qurban edən oğuldan mən üz döndərirəm. Sən də öz südünü ona haram et, Zibeydə... O xain balanı lənətlə. Aparın hamıya bildirin ki, Cavanşir özü belə Ağvana xain çıxarsa ölümdən yaxa qurtara bilməyəcəkdir.

Reyhan

Onun heç bir günahı yoxdur. Əgər ölümdən həzz almaq istəyirsənsə, onun yerinə məni öldür. Qoy bütün el-oba şahid olsun ki, mən Elçinin məhəbbəti üçün ölümdən qorxmuram...

Cavanşir

Aparın...

Reyhan

Ana nəvazişi qədər təmiz məhəbbətimizə and içirəm ki, Elçin mənə heç bir sirri deməmişdir... Daş ürəkli ata... O qana boyanmış əllərinlə günahsız oğlunun ölümünə fərman yazma.

Qılınc

Böyük sərkərdə, Girdman qılıncının günahsız qana boyanmasına razı olmayın... Elçin hələ gəncdir... Onun səhvini əfv edin...

Cavanşir

Bu yalvarışlar mənim iradəmi sarsıda bilməz. Mənim ürəyim xəyanət üçün döyünməyəcəkdir... Aparın...

Elçin

Atacan, görünür mənim taleyim belə imiş. Əgər anamız Odlar yurdu bu ölümdən xeyir görəcəksə, qoy o qılınclar mənim sövdalı başımı bədənimdən ayırsın... Lakin yadında saxla, ata... Mənim günahsız olduğum gec-tez aydınlaşacaq. O zaman anam Zibeydə xatuna, sevgilim Reyhanın qanlı göz yaşlarına polad ürəkli atam dözməyəcəkdir...

Cavanşir

Mən onunla vidalaşdım...

Zibeydə

Dayanın, onu yox, məni öldürün, mənəm günahkar. Əgər Elçin xaindirsə, günah mənim südümdədir.

Cavanşir

Nə üçün dayandınız, aparın...

Zibeydə

Cəllad ata, sən nə üçün ananı sağ saxlayırsan?

Cavanşir

Niyə dayandınız?

Zibeydə

Ah... Aman...

Cavanşir

Aparın...

Reyhan

Ah...

Hamı

Hökmdar... hökmdar... hökmdar...

Pərdə

Cavanşirin sarayı

Cavanşir

Ah, Elçin... Elçin... Bir günün bir il qədər ağır keçir. Oğlum, daha mən nə üçün yaşayıram, nə üçün?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets