Cavanşirin saray otaqlarından birinin həyəti. Elçin səhnəyə daxil olur və gedir. Zibeydə xatun və Aybəniz daxil olurlar.

Zibeydə

Elçin burada yoxdur, qızım... Mən onu nahaq yerə gözdən qoyuram... Elçin yoxdur...

Aybəniz

O həmişə yalqız gəzir... At çapıb, qılınc oynatmaqdan zövq alır, Zibeydə xatun, elə bil başqa sənət tapmır...

Zibeydə

Görəsən dünyada anadan çox əziyyət çəkən bir insan varmı? Elçin məni qocaltdı, qızım? 3 il yolunu gözlədim... İndi də ki, özün görürsən...

Aybəniz

Qardaşım Söhraba deyərəm, Elçinə öyüd verər... Elçin Söhrabın xətrini çox istəyir...

Zibeydə

Mən də ona tapşıracağam... Qızım, Aybəniz, o səni gördümü? Aranızda söz-söhbət olmadı ki?

Aybəniz

O məndən həmişə uzaq gəzir. Söhrab deyir ki, yox, yox, bəlkə bu sirri açmaq olmaz...

Zibeydə

Qorxma, qızım, söylə...Oğulun sirrini heç kim anasından möhkəm saxlaya bilməz...

Aybəniz

Söhrab deyir ki, Elçin Sasani sərkərdəsi Bəhramın qızını sevir...

Zibeydə

Sevir?..

Aybəniz

Elçin Reyhanın vurğunudur... Mən onların məhəbbətinə mane olmaq istəmirəm... (Aybəniz gedir)

Elçin (gəlir)

Yox, anacan, mən Aybənizə könül vermərəm...

Zibeydə

Bu nədir, Elçin? Sən gizli söhbətə qulaq asırsan?

Cavanşir

Qulaq asmasam da bilirəm. Ana, mən Aybənizi sevməmişəm, mən onun xəyalı ilə yaşamamışam...

Zibeydə

Mən isə anayam... Əgər mən təkcə öz səadətimi düşünsəydim...

Elçin

Sözlərim qəlbinə toxundusa, üzr istəyirəm, ana. Lakin mənim də könlümü dinlə. Sən, mehriban ana, ürəyimin fəryadını eşitməsən öz əlinlə mənə ölüm qərarı yazacaqsan... Mən Kayan gözəlini sevirəm... İnan ki, sən onu görsəydin, qadın ola-ola özün ona vurulardın...

Zibeydə

Doğrudanmı? Sən o nazənini bu qədər sevirsən?

Elçin

Anacan, Reyhanın ala gözləri, qumral saçları, şümşad kimi dümdüz qaməti, hələ nəğmə oxuyarkən titrəyən səsi... Of, görəsən dünyada məndən də xoşbəxt bir sevgili varmı?

Zibeydə

Bilirəm... Dünən gecədən bəri səni evdən didərgin salan da odur. Reyhanın atası öz ayağı ilə bizə qonaq gəlmişdir. Bu bizim üçün ən böyük səadət deyilmi? Daha bəsdir, görünür sən indidən ananın hər sözünə yox deyəcəksən... Özün bil, amma yadında saxla. Bəzən göyçək qızların ürəyi külək kimi hər səmtə əsər.

Elçin

Of... Anacan, Reyhan göydən yerə enmiş məsum bir mələkdir. Ona belə sözləri necə qıyırsan?

Zibeydə

Yaxşı, sən deyən olsun... Razıyam. Bilmirəm Aybənizin göz yaşlarına dözməyə daş ürəyi mən haradan alım.

Elçin

Bəs mənim ürəyim? Bəs mənim eşqim, bəs mənim andım?

Zibeydə

Sən atanın qəzəbindən qorxmursanmı? O buna razı olmazsa?

Elçin

Anacan, mənim bütün ümidlərim sənədir... Reyhan məni hər səhər, hər axşam gözləyəcək... Əgər Elçinin ölümünü istəmirsənsə...

Zibeydə

Bəsdir, oğlum... Görürəm sən inadından dönməyəcəksən... Gedək Firuzəabada. Mən bir yol tapıb onu – Reyhanı yanıma çağırtdıraram... Özüm onunla danışaram...

Gedirlər.

Söhrab

Aha, ala gözlü sona yuvasından uçmamış xoşbəxt ovçunun oxuna hədəf oldu. Bəs mən kiməm, dünyanın ən bədbəxt bir ovçusuyam? Yox, mən ömrümü sarayların nökərçiliyində çürüdən bir qul deyiləm! Yox, Söhrab, tale sənə əmr edir... Fürsəti buraxma. Şöhrət Elçindədirsə, qüvvət səndədir. Reyhan sənin alnına yazılmışdır! Bacım Aybənizin ülvi məhəbbətini tapdalayan məğrur Elçindən intiqam almalısan...

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Yeraltı çaylar dənizə axır

Birinci hissə**Səmirə Aydın bizim köhnə dostumuzdu. Mənim arvadım Gülnisa xanımla orta məktəbin birinci sinfindən ta axırıncı sinfinə qədər bir skamyada oturmuşdu. O vaxtdan bəri sirləri-söhbətləri də bir olmuşdu. Yaxşı yadımdadır: bizim toyumuza dostların hamısından əvvəl o gəlmişdi. İlk sevgilisi Müdhətlə də mən o axşam tanış olmuşdum. Səmirə orta məktəbi bitirəndə on yeddi yaşına yenicə girmişdi. Ona gözəl demək çətindi, amma çirkin də deyildi. Qara, yumru və bir az çıxıq gözləri vardı. Kiçik ağzının sağ tərəfi həmişə yuxarıya dartılmış kimi göründüyündən, nazik dodaqları elə bil gülümsəyirdi. Bu ifadə onun sifətinə nə isə xüsusi bir məlahət verirdi. Qalın və sıx qaşlarının tən ortasında qaralan xal qələm ucundan təsadüfi düşmüş mürəkkəb damcısını xatırladı. Deyib-gülməyi, çalıb-oynamağı yaman sevirdi. Bəstə boyuna görə ayaqları da göyçək idi. “Ceyranı” havasının lirik ahənginə uyaraq süzəndə dirsəyə qədər açıq qolları ilan kimi qıvrılır, bütün bədəninin sümükləri elə bil əriyib yox olurdu. Onun rəqsi tək məni və Gülnisa xanımı yox, çoxlarını heyran qoyurdu. Toy məclisimizə gəlmiş qızlar arasında özünün zahiri gözəlliyi ilə onu kölgədə buraxanlar vardısa da, onun kimi məharətlə piano çalan və onun qədər zərif oynayan yox idi. Bizim toyumuza hamıdan çox o rövnəq verirdi. Müdhət isə həm uca, həm də gözəldi. Onun ağıllı, iri gözləri, geniş alnı, gur və qıvrım saçları, enli kürəyi məclisdəki qızların ürəyində Səmirəyə qarşı həsəd oyatmaya bilməzdi. Onunla Səmirə yanaşı dayananda, gənclərdən bəziləri Hüseyn Cavidin gurultulu bir müvəffəqiyyətlə səhnədə göstərilən “Səyavuş” əsərindən məşhur, qanadlı misraları xatırlayırdılar:

4 min
Ağır xəbər

Mən o gün mətbəxdə idim. Xörək hazırlayırdım. Birdən qapının zəngi çalındı. Bu vaxt gələn kim ola bilərdi? Kamranın işdən, qızlarımın da məktəbdən qayıtmağına hələ çox qalmışdı. Düşündüm ki, indi olsa-olsa Gülnisa gələr. O, qan təzyiqinin çoxluğu nəticəsində parez olub yorğan-döşəyə düşəndən sonra, düz il yarım yatmışdı. Həkimlər yalnız indi qalxmağa və gəzməyə icazə vermişdilər. O, bəzən mənim, bəzən də qonşu arvadlardan birinin köməyi ilə dəniz qırağına çıxır, bir neçə saata açıq havada oturub, yorulanda evə qayıdırdı, mənim işə getmədiyimi biləndə, adətən bizə dəyirdi.Mən qapıya yanaşdım.

7 min
İlk zərbə

Mən ali məktəbi bitirəndən sonra, inşaat materialları institutunda kiçik elmi işçi idim. Mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyirdim. Hələ inşaat mühəndisi olmaq xəyalına düşdüyüm gündən, məni çox sadə və lazımlı bir problem düşündürürdü. Bilirsiniz ki, Bakının bir çox məhəlləsində, xüsusən çökək yerlərində yeraltı sular var. Bu suların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. Mən bu təxminlərin çoxusu ilə tanışam, bəziləri deyir ki, şəhərin altından nə vaxt isə kanal çəkilmiş və guya burdan torpağa sızan sular gölməçələr bağlayır sonra da tədricən yeri ova-ova ətrafa yayılır. Bəziləri də bu fikirdədir ki, şəhər dənizin sahilində olduğundan, həmin sular ən çox dənizə yaxın yerlərə nüfuz eləyir... Mən bu mülahizələrdən hələ müfəssəl danışmıram, çünki bu xüsusda hələ özümün də aydın təsəvvürüm yoxdur. Əsərim üzərində yenicə çalışmağa başladığım zaman mənə bircə şey məlum idi: yeraltı sular bir çox hündür binanın zirzəmisinə dolub, yalnız burda yaşayan ailələrə əziyyət verməklə qalmır, evlərin özülünü də ovub korlayır. Mən qarşıma məqsəd qoymuşdum: həmin suların yaşayış binalarına təsirini ziyansız hala salmaq üçün bir vasitə axtarıb tapmaq! Tədqiqat institutumuzun görkəmli alimləri mövzumu bəyənmişdilər. Elmi rəhbərim isə dönə-dönə deyirdi: “Əgər təcrübən müvəffəqiyyətlə nəticələnsə, bunun gözəl praktik əhəmiyyəti olacaq”.Mən işə çox böyük həvəslə girişmişdim, amma ailə vəziyyətim səmərəli çalışmağa yaman mane olurdu. Qızlarımı oxudub tərbiyə eləməli, onların xörəyini bişirməli, paltarını yumalı, ev-eşiyin təmizliyinə və səliqə-sahmanına fikir verməliydim. Bütün bunlarla yanaşı, elmi işdə çalışmaq və mövzunun öhdəsindən gəlmək üçün yuxuma haram qatmalıydım. Mən hər bir əziyyətə və məhrumiyyətə dözürdüm. Ancaq yalqızlığımı hər an hiss edirdim. Ərim Müdhət qırx ikinci ilin sonlarında cəbhəyə getmişdi. İki ildi ki, ondan heç bir xəbər-ətər yox idi. Mən istər-istəməz onun hardasa, nə vaxtsa həlak olduğunu düşünürdüm. Yazdığım məktubların birinə də cavab almamışdım. Qohum-əqrəba da ondan tamam əl üzmüşdü. Amma biz dərdimizi ürəyimizə salır, onun sağ-salamat qayıdacağına ümid eləyib, səbirlə gözləyirdik. Əslinə baxsan, başqa bir çarəmiz də qalmamışdı. O biri tərəfdən də maddi ehtiyac içində boğulurduq. Şirin çayın dadı çoxdan yadımızdan çıxmışdı. Ət və düyü xörəyinə də həsrət qalmışdıq. Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. Buna baxmayaraq, mən küncdə-bucaqda narazılıq səsləri eşidəndə, buna çox qəzəblənirdim. Axı, biz nəyin bahasına olur-olsun bütün ölkəyə müdhiş bir fəlakət gətirən düşməni nəhayət məğlub edib azad nəfəs almalı idik. Bunun xətrinə mən də, ailə üzvlərim də daha ağır məhrumiyyətə dözməyə hazırdıq.

27 min
İmtahan günləri başlanır...

Partbiletimi aldıqları zaman necə hönkürüb ağladığımı gizlətmək istəmirəm. Partiya sıralarından kənarda qaldığım on il müddətində bir dəqiqə, bəlkə də bir an mən özümü ondan ayrı təsəvvür eləməmişəm. Mən özüm istəsəm də, bunu bacarmazdım. Məni ona bağlayan mənəvi telləri qırmağa heç bir qərarın gücü çatmazdı...Direktorumuz bu günün işini sabaha qoyan adamlardan deyildi. O, məni işdən çıxarmaqla qalmadı, mənzilimizi də boşaltmağa əmr elədi. Biz, vaxtı ilə, hələ Müdhətlə evlənməmişdən qayınanamın, Müdhətin və qaynım Faiqin yaşadığı zirzəmiyə köçdük. Bu rütubətli zirzəmidə yeraltı suların qarşısını almaq üçün vasitə arayıb-tapmaq arzusu məndə daha çox güclənməyə başladı...

1 h 25 min

Poems by other poets