Contents
  1. Yeddinci şəkil
  2. Səkkizinci şəkil
  3. Doqquzuncu şəkil

Page 5 of 5 · 80%

Fərhad (Rəfiqə ilə görüşür)

Axşamınız xeyir. Cəlal Qaşqay hələ gəlməyib?

Rəfiqə

Xeyr, gəlməyib. Axı, ona kim izn verib ki, gəlsin də?

Fərhad

Artıq o, bəraət aldı. İndi Cəlal Qaşqay məhbus deyil. Mən istərdim ki, onu öz əlimlə sizə təhvil verim. Gəlin, bir yerdə xəstəxanaya gedək.

Rəfiqə

Yox, yox. Mən özüm gedib onu gətirərəm. Xahiş edirəm, heç yerə çıxmayın. Bizi burda gözləyin. Mənim sizə vacib sözüm var.

Bədəl

İstədiyi yar idi, yetirdi pərvərdigar. Axşamınız xeyir. Xoş gördük.

Fərhad (Bədələ)

Hə, vətəndaş Sadayev, deyəsən biz yenə görüşəsi olduq.

Bədəl

Bəli, görürəm ki, bu istintaq acı bağırsaq kimi uzanacaq. qurtar bunu də. Qurtar getsin, yoldaş Kamalov.

Fərhad

Darıxmayın. Sabah hər şey qurtarır. Qaşqayın sağalıb çıxmağını gözləyirdik. (Bədəl getmək istəyir) Kələfin bir ucu da sizə gedib çıxır. İpək malların orderini siz yazmısınız.

Bədəl

Əstəğfürullah. Düşmədik kələyə! Bu fani dünyada padşahdan-zaddansa olmadıq ki...

Fərhad

Padşah? Padşah olsaydın neylərdin? Heç kəs sənə cəza verə bilməzdi, eləmi?

Bədəl

Yox, qardaş. Mən ki, səni belə görürəm, padşah nədir, lap prezidenti də yerindən dəbərdərsən.

Kərim Rəhimli gəlir. Fərhadla görüşür.

Kərim

Xoş gördük, yoldaş Kamalov, həmişə sən gələsən. Bu iclaslar məni lap həkdən saldı. (Səriyyəyə) Ay qız, bir tez ol, çay gətir.

Səriyyə

Bu dəqiqə. (Gedir)

Bədəl

Bu çayda nə görmüsən? Rəhmətliyin nəvəsi, belə əziz qonağa layiq bir içki tapılmır içək, arada səmimiyyət olsun. Söz-söhbət qurtarsın. Mən də deyirəm, qocalıb əldən düşmüşəm. Pensiyalıq vaxtımdır. Azad eləyin, gedim. Daha neyləyək? Hə, yoldaş Kamalov? Bu fani dünyada padşahdan-zaddan...

Fərhad (Bədələ)

Özünüzü nahaq Əhmədi-biqəm kimi göstərirsiniz. İndi mənə çox şey bəllidir. Əmin Bəxtiyarovun inadı özünə də, sizə də fayda vermədi.

Bədəl

Cavan adamsan, gəl bu qoca vaxtımda mənə sataşma. Xeyir görməzsən. Bizə Sadaylılar deyərlər. Bizim ocağımıza sataşan ömründə xoşbəxt olmayıb.

Fərhad

Bax, bunu düz deyirsən. Yalnız öz xeyrini düşünən adamlardan xalq həmişə ziyan görüb.

Bədəl

Kərim qağa, bu nə deyir? Bəs mənim qırx illik zəhmətim?

Kərim

Bura bax, gəl məni cin atına mindirmə. Sənə də lənət, sənin zəhmətinə də!

Bədəl

A kişi, bu saç-saqqalından utanmırsan?

Kərim

Yox, daha utanmıram. İndiyəcən utandığım üçün də həm camaata, həm də özümə ziyan vurmuşam. Adamların şirin dilinə aldanıb, acı niyyətlərini başa düşməmişəm. Bilməmişəm ki, bəzən acı sözlərin dalında saf, yüksək bir arzu, böyük bir xeyirxahlıq gizlənirmiş. Mən çox səhv eləmişəm. Adamları tanımamışam. Əmin Bəxtiyarov kimilərinin yağlı dillərinə aldanıb, öz doğma balamın təmiz məhəbbətini tapdalamışam.

Bədəl (Fərmana)

Deməli, bizi güdaza verirlər. Bu da sənin vicdanlı direktorun. Yaxşı, olsun. Bizim də səsimizi eşidən tapılar. Gedək, Fərman!

Fərman

Məni hara aparırsan? Mənə güldən ağır söz deyən olmadı. Sən öz dərdini çək.

Bədəl (heyrətlə)

Fərman, sən də belə?! Adə, bəlkə məni elə sən şeytanlamısan? Nə eybi var? Bədəl Sadayevi yıxmaq o qədər də asan deyil. Açacağam sandığı, tökəcəyəm pambığı!

Fərhad

Bunlar hamısı öz yerində. Amma sabah səhər saat doqquzda hər ikiniz rayon prokurorluğunda olmalısınız.

Bədəllə Fərman gedirlər.

Kərim

Buyurun, çay için.

Fərhad

Bəs bu Qaşqay nə üçün gəlmədi?

Kərim

Qaşqay?

Fərhad

Bəli. Bu gündən o, azad vətəndaşdır. Məhkəmədə yalnız şahid sifəti ilə çıxış edəcək. Qızınız onu gətirməyə getdi. Amma nə üçünsə mənə həyəcanlı göründü.

Kərim

Yəqin sevindiyindəndir. (Səriyyə çay gətirir, stol üstünə düzüb gedir, bu anda qapı döyülür) Buyurun!

Əmin (gəlir)

Axşamınız xeyir, yoldaş Kamalov. Təklikdə sizə bir neçə sözüm var. Bəlkə sonra gəlim, hə?

Kərim

Mən sizi tək buraxa bilərəm (Gedir)

Fərhad

Nə istəyirsiniz?

Əmin

Məni çox sorğu-suala tutdunuz. İndi də siz mənə cavab verməlisiniz. Məndən əl çəkəcəksiniz, ya yox?

Fərhad

Bu sualın mənası mənə aydın deyil.

Əmin

Aydın deyil? Gəlin açıq danışaq. Ərənlər üçəcən deyiblər. Gərək ki, belə bir məsəl də var. Mən iki dəfə xəbərdarlıq eləmişəm. Pəncərədən atılan daşa bağlanmış kağız parçası birinci xəbərdarlıq idi. Xatırlayırsınızmı?

Fərhad

Sonra?

Əmin

Boyunbağını necə? O da ikinci xəbərdarlıq idi. Unutmamısınız ki?

Fərhad

Elə qiymətli rüşvəti hansı müstəntiq unuda bilər?

Əmin

Üçüncü dəfə də indi özüm xəbərdarlıq eləyirəm. Müqəssir Cəlal Qaşqaydır. Elə deyilmi?

Fərhad

Xeyr, elə deyil! Fabriki sən yandırtmısan. Əlbəttə, tək yox. O biri dostlarını da tapmışam.

Əmin

Hələ də gec deyil, vətəndaş Kamalov. Ziyanın yarısından qayıtmağınız məsləhətdir. Boyunbağı azdırsa, ondan da qiymətli şey əlavə eləyə bilərəm.

Fərhad

Mən həqiqəti böyük bir xəzinəyə dəyişmərəm. Gedin, gedin, Bəxtiyarov.

Əmin

Elə isə öz bəxtinizdən küsün. (Gedir)

Fərhad (telefonla)

Kimdir? Axşamınız xeyir. Xahiş edirəm Əmin Bəxtiyarov haqqında qəti tədbir qəbul olunsun. Təcili. Bəli, sərəncam vardır.

Kərim (gəlir)

Hə, nə deyirdi? Yəqin peşman olub. Bağışlanmasını xahiş edir?

Fərhad

Xeyr. Bəxtiyarov, təəssüf ki, başqa təbiətli adamdır. Belələrinin həyat yolu dərin, müdhiş bir burulğanı xatırladır. Ora düşdülərmi, çıxa bilmirlər. Sizcə, müqəssir kimdir?

Kərim

Kim olacaq, canım-gözüm? Özləri!

Fərhad

Heç kim onların namusla yaşamağına mane olmur. Milyonlardan seçilməyə çalışanlar, yalnız öz xeyrini güdənlər, həyata dar gözlə baxanlar xoşbəxt ola bilməzlər! (Pəncərəyə yanaşır) Gözəl hava var... Küçənin başından bir dəstə adam bura döndü.

Kərim

Bəlkə onlardır? Oxşayır bu tərəfə gəlirlər...

Fərhad

Bu axşam şəhəriniz mənə xüsusilə qəşəng görünür. Musiqi...gülüş səsləri... Elə bil işıqlar da güclənib. Adamın gözləri qamaşır...

Kərim

Dünəndən bəri Mingəçevirdən işıq alırıq. Nərimanabadın böyük gələcəyi var. Tək elə bizim fabrik bir neçə ildən sonra dönüb kombinat olacaq. Mən indidən təzə fəhlələr barədə fikirləşirəm... Belə görünür ki, toxuculuq məktəbini də ona nisbət böyütmək lazım gələcək.

Fərhad (birdən xatırlayır)

Hə, yoldaş Rəhimli, Əsmər fabrikə qayıtdı, qayıtmadı?

Kərim

Bəli, qayıtdı. Onu payızdan ali məktəbə mühəndislik oxumağa göndərirəm.

Fərhad

Lap yaxşı. İnsanların xoşbəxtliyini görəndə daha böyük həvəslə, yorulmaq bilmədən çalışmaq, gələcəyi daha sürətlə insanlara yaxınlaşdırmaq istəyirsən. Eşitmisinizmi, bir əfsanə var...

Bu anda pəncərədən içəriyə iki güllə açılır. Fərhad yıxılır, güllə səsinə Səriyyə yüyürüb gəlir. Kərim onunla köməkləşib Fərhadı divana uzadır.

Səriyyə

Vay, vay!.. Kərim dayı, yəqin o ciyəri yanmış Əmin atdı.

Rəfiqə ilə Qaşqay gəlirlər.

Cəlal

Yoldaş Kamalov, siz neyləyirsiniz? Nə üçün ehtiyatsız dolanırsınız?

Fərhad

Daha keçib, Qaşqay.

Cəlal

O məni də vurmaq istədi. Ancaq üstünə atılıb onu yaxaladılar, silahını əlindən aldılar. (Rəfiqəyə) Doktor, onu qurtarın! Bizə səadət gətirən bu insanın ölümünə dözmək çətindir.

Rəfiqə (cəld Fərhada yanaşır, diqqətlə müayinədən keçirir, öz-özünə danışırmış kimi)

Ah...

Cəlal

Nə oldu, əzizim?

Rəfiqə (böyük bir çətinliklə, yavaşcadan)

Ümid yoxdur...

Fərhad

Bilirəm, ümid yoxdur... (Son gücünü toplayaraq) Məni öldürə bilərlər. Onların lənətə gəlmiş nəfsi yalnız cinayət törətməyə qadirdir... Eh, mən nə danışıram? Qədim, çox qədim bir əfsanə var. Səməndər adlı quş əbədi odlar-alovlar içində yanır, amma heç bir zaman ölmür... İnsan bu əfsanəni yaradanda özünün böyük əməllərini nəzərdə tutub. İnsan ölsə də, bu əməllər yaşayır, yaşayacaq da!.. (Ölür. Ümumi və qəmli bir sükut)

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets