Üçüncü pərdə
Page 2 of 5 · 20%
Əsmər susur.
Fərhad
Görürsünüzmü, vətəndaş Bəxtiyarov, o, xəcalətdən qıpqırmızı oldu.
Əsmər (yalnız Fərhada, güclə eşidilən kövrək bir səslə)
Mən Əmindən utanmıram. Əgər mümkünsə, Kərim dayı burda olmasın.
Kərim (onun arzusunu duyaraq)
Mən çıxa bilərəm.
Əsmər (yalvarır kimi)
Sizdən üzr istəyirəm, Kərim dayı. Siz mənə həmişə atam kimi mehriban olmusunuz, bəlkə atamdan da çox.
Kərim
Yaxşı, qızım, yaxşı. Mən getdim...
Əsmər
Məni bağışlayın. Atam öləndən sonra anamla sahibsiz qalmışdıq. Siz olmasaydınız, mən həm oxuyub, həm də işləyə bilməzdim.
Kərim
Sən də gərək mənim günahımdan keçəsən. İclaslara başım qarışdı, sənin niyə ərizə verdiyini öyrənməyə macal tapmadım. (Gedir)
Əsmər
Kərim dayı qızıl kimi adamdır. Əgər ondan şübhələnirsinizsə, nahaq yerə. Bir az ürəyi yumşaqdır. Heç kimin xətrinə dəymək istəmir. (Əmini göstərərək) Belələrinə inandığı üçün özünü bəlaya salıb.
Fərhad
Mən səndən ayrı söz xəbər alacağam. Əmin Bəxtiyarovla tanışlığın necə başlandı?
Əsmər
Tez-tez seximizə gəlirdi... Bir neçə yol işdən sonra məni evimizə ötürdü. Hey dedim nahaq zəhmət çəkirsiniz, olmadı... Dedim, yoldaş Bəxtiyarov, şəhərimiz balaca, adamlar söz gəzdirən, mənə yaxın durmayın... Bir gün belə, iki gün belə... Axırda başladı ki, sənsiz yaşaya bilmirəm, gecələr də sənin xəyalın məni yatmağa qoymur... Nə bilim, bir kitab söz... Mən də inandım... Başım daşdan-daşa dəydi... İndi gecdir...
Fərhad
Qızım, Bəxtiyarov sənə hədiyyə vəd eləmişdi?
Əsmər
Təkcə hədiyyə yox, çox şey...
Fərhad
Məsələn, nə?
Əsmər
Axır günlərdə deyirdi ki, səni ZAQS-a aparmaq istəyirəm, gedək, anandan razılıq alaq, səni də, onu da öz mənzilimə köçürdəcəyəm, iki-üç il işləyəndən sonra Bakıya gedərik, ali təhsil alarsan.
Əmin
Mən bu sözləri kimin yanında demişəm? Özünü çox da həyalı göstərmə. Məndən savayı iyirmisi ilə gəzmisən.
Fərhad
Vətəndaş Bəxtiyarov, özünüzü ələ alın. İstintaqa cəlb olunan Əsmər deyil, sizsiniz!
Əsmər
Mənim şahidim yoxdur. Əmin Bəxtiyarov məni göz qabağında, camaat yanında aldatmırdı, xəlvətdə aldadırdı.
Fərhad
Ona yox, mənə cavab ver, qızım. De görüm o sənə boyunbağı təklif eləyəndə, niyə götürmədin?
Əsmər
Çünki mən onun hər sözünə inanırdım. Fikir eləyirdim ki, o məni doğrudan da istəyir, adıma aldığı hədiyyəni saxlayıb, toy günündə verəcək. Sən demə bu boyunbağını tək mənə yox, çoxlarına göstərirmiş.
Əmin
Mən heç kəsə boyunbağı göstərməmişəm. Bu, Cəlal Qaşqayın, bir də sənin uydurmandır!
Əsmər (sanki birdən cəsarətlənərək)
Utan! Sənin aldatdığın o biri qızlar hələ ölməyib. Onlar da mən deyəni təsdiq eləyə bilər... Yoldaş Kamalov, sizin xahişinizlə...
Fərhad
Mənim xahişimlə Əsmər onların adını, familiyasını kağıza yazıb gətirib.
Əsmər (siyahını Kamalova verir)
Buyurun!..
Fərhad
Boyunbağının neçəyə alındığı sənə məlum idimi?
Əsmər
Bəxtiyarov mənə demişdi ki, əlli min manata. Doğrumu, yalanmı dediyini bilmirəm.
Fərhad (Əminə)
O boyunbağı indi hardadır?
Əmin
Eşitmədiniz? Məndə boyunbağı olmayıb!
Fərhad
Hələlik üç adam şahidlik verir.
Əmin
Onlar kimdir?
Fərhad
Cəlal Qaşqay, Əsmər Ziyad qızı, bir də Rəfiqə Rəhimli.
Əmin
Hər üçünün mənimlə qərəzliyi var... Məqsədinizi başa düşürəm, yoldaş Kamalov, fikriniz budur ki, boyunbağını boynuma qoyandan sonra məndən belə bir suala da cavab istəyəsiniz: mən bu qədər pulu hardan almışdım? (Gülür) Siz o qədər mahir müstəntiq deyilsiniz. Siz bu yolla yalnız körpə uşaqları tələyə sala bilərsiniz.
Fərhad
Nəzərə alın ki, hələ əlimdə uzun bir siyahı var. (Əsmərin verdiyi kağızı göstərərək) Bunları da sizinlə üzləşdirsəm...
Əmin (yenə gülərək)
Onları da Əsmər tovlaşdırıb mənim əleyhimə qaldırır. Bunu yalançının şahidi deyərlər.
Fərhad (nəfəsi darıxmış halda kürsüyə yıxılır, dərindən nəfəs alır)
Yaxşı, olsun. (Ayağa qalxır, tərəddüd içində gəzinərək, fikrini toplamağa çalışır, hiss olunur ki, əmələ gəlmiş düyünü açmaq o qədər də asan deyil. Telefonla zəng eləyir) Şərqiyə Gülbalayeva burdadırmı?.. Onu mənim yanıma!.. (Dəstəyi yerindən asır. Bəxtiyarova və Əsmərə) Siz bu otağa keçin, gözləyin! (Onlar çıxırlar. Fərhad təkrar gəzinir. Tanımadığımız bir qadın gəlir) Əyləşin. (Qadın oturur. Fərhad iş qovluqlarından birini açır) İlk istintaqda dediyiniz sözlər yadınızdadırmı, vətəndaş Gülbalayeva? Bəxtiyarov haqqındakı ifadənizi nəzərdə tuturam.
Qadın
Bəli.
Fərhad
O sizə boyunbağı göstərmişdimi?
Qadın
Bəli.
Fərhad (qapıya tərəf gedərək)
Əmin Bəxtiyarov və Əsmər Ziyad qızı gəlsin! (Əvvəlcə Əmin məğrur və qalib bir görkəmlə gəlir. Gülbalayevanı görərkən tutulur. Əsmər sonradan-sonraya məyus halda gəlir) Vətəndaş Bəxtiyarov, vətəndaş Gülbalayevanı tanıyırsınızmı?
Əmin (tərəddüdlə)
Necə məgər?
Fərhad
Soruşuram.
Əmin (Fərhadın sakit və təmkinli vəziyyətindən nə isə hiylə işlədəcəyini duyaraq, narahatlıqla)
Bəli, tanıyıram.
Fərhad
Necə adamdır?
Əmin (yenə tərəddüdlə)
Pisliyinə heç nə deyə bilmərəm. Axı, onun bu məsələyə nə dəxli var?
Fərhad (zəhmlə)
Sualı mən verirəm. O sizə qarşı qərəzlik eləməz, deyilmi?
Əmin (Gülbalayevanın gözlərindən nə isə oxumaq istərkən, qadın başını yana tərəf çəkir)
Hesabla gərək o məni ləkələmək istəməsin.
Fərhad (Gülbalayevaya)
Boyunbağı barədə dediklərinizi təkrar eləyin.
Qadın
Mən Bəxtiyarovun əlində boyunbağı görmüşəm. Məndən soruşurdu ki, necədir, xoşuma gəlirmi?
Fərhad (Əsmərə)
Bu qadını tanıyırsanmı, qızım?
Əsmər
Bəli, Əmin Bəxtiyarovun evindən çıxanda mən onu...
Qadın
Bəli, bəli, söydünüz, biabır elədiniz. Amma nahaq! Mən Əmini çoxdan sevirəm!
Fərhad (Gülbalayevaya)
Siz gedə bilərsiniz... Ancaq sevgi ilə əxlaq pozğunluğu ayrı-ayrı məfhumlardır, vətəndaş Gülbalayeva.
Qadın
Azad məhəbbət olan yerdə bu danışıqların nə mənası var? (Gedir)
Fərhad
İndi sözünüz nədir, vətəndaş Bəxtiyarov?
Pauza
Əmin
Məndə boyunbağı olmayıb!
Fərhad
Yenə inkar edirsiniz? Siz az qalmışdı Əsməri necə aldadıb bədbəxt elədiyinizi də yerli-dibli danasınız.
Əmin (inad göstərməyin faydasız olduğunu görərək)
Hər bir gəncin həyatında bir dəfə belə səhv ola bilər. Bunu da mənim səhvim hesab eləyin.
Fərhad
Səhvlə günahın fərqi çoxdur, vətəndaş Bəxtiyarov. Siz, həyata yeni qədəm basmış məsum bir azərbaycanlı qızını yağlı vədlərlə aldadıb, fəlakətə sürükləmisiniz.
Əmin
Düzdür. Doğrudur. Bunu mənim ayağıma günah kimi yazın. Birinci və axırıncı günahım kimi.
Fərhad
Yox, birinci deyil. Sizin həyat yolunuz belə hadisələrlə doludur!
Əmin
Yoldaş Kamalov, siz artıq müstəntiqdən çox prokuror kimi danışırsınız. Mən hələ müqəssirlər skamyasında oturmamışam!
Fərhad
Mən əminəm ki, oturacaqsınız. Əslinə baxsanız mən özüm də buna təəccüb eləyirəm ki, nə üçün indiyəcən oturmamısınız? (Kağız qovluğundan qəzet çıxardır) Bu kimin barəsindədir, hə?
Əmin (tanış məqaləni görüb, daha da tutqunlaşır)
Görürəm tərcümeyi-halımı çox müfəssəl öyrənmisiniz. Yəqin uşaqlıqda kiminlə savaşdığımı, kimi döydüyümü də bilirsiniz. Şübhə eləmirəm ki, babamın sümüklərini də qəbirdən çıxardıb yoxlamısınız.
Fərhad
İstehzanız yersizdir. Həyatın mənfi hadisələrini diqqətlə öyrənəndə, mənim gücüm artır... Qoy Əsmər də bilsin, hələ üçdörd il əvvəl, ali məktəbdə oxuyarkən, sizin ucbatınızdan bir neçə qız bədbəxt olub... Xatırlayırsınızmı? Bu məqalədə həmin əhvalat yazılıb. Oxuyummu?
Əmin
Siz cəlladsınız! Nə yolla olur-olsun məni məhv eləmək istəyirsiniz!
Fərhad (öldürücü bir təmkinlə)
Sizi dəhşətə gətirən mən deyiləm, öz əməllərinizidir. (Əsmərə) Qızım, sən də bunun hiylə toruna düşəndən sonra özünü zəhərləyib öldürmək istəmisən. Amma nahaq, çox nahaq!..
Əsmər
Xeyr, yoldaş Kamalov, mən bunun üçün yox, dostlarım, tanışlarım yanında rüsvay olmaq istəmədiyim üçün... (Ağlayır)
Fərhad
Bax, bu olmadı, qızım... Sən yenə fabrikə qayıtmalısan. İpək toxuyan maşınlar səni gözləyir. Həyatda büdrəmək, hələ yıxılmaq deyil. Ağlama, qızım, ağlama! (Yaylıqla onun gözünün yaşını silir)
Əsmər
Məni bağışlayın, Fərhad dayı... Dözə bilmədim...
Fərhad (qapıya sarı gedərək)
Buyurun, yoldaş Rəhimli. (Kərim Rəhimli gəlir) Əsmər Ziyad qızı fabrikə qayıdır. Yəqin ki, onun üçün iş tapılar, deyilmi? (Əsmərə) Qayıdacaqsanmı, qızım?
Əsmər dinmir.
Kərim
Gözüm üstə yerin var, qızım... Niyə cavab vermirsən?
Əsmər
Bəli, qayıdacağam!
Fərhad (Əsmərin boynunu qucaqlayıb, qapıya kimi ötürür)
Gec də olsa, səhvini düzəltdin. Uğurlu yol!..
Əmin
Fabriki yandıranlar, dövlətə ziyan vuranlar bir tərəfdə qalıb, mənim tərcümeyi-halım istintaq olunur... Nahaq özünüzü yorursunuz, zəhmətinizə heyfim gəlir.
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-alov-ucuncu-perde
Use ← → keys to move, R for a random poem
More by this author
I**Balaca otaqda iki yoldaş oturmuşdu. Səbri piano çalırdı, Ədhəm isə papiros çəkə-çəkə onu dinləyirdi.
Çarpayıİsfəndiyar yuxudan oyanıb sakit-sakit ətrafına boylandı. Evdə ondan başqa heç kim yox idi. Qapı örtülü idi. Həyətə baxan balaca pəncərədən buludlu səmanın kiçik bir parçası görünürdü.– Ana, ay ana!..
Maral əfsanəsiƏhməd Cəmilə ithaf*Meşədə boğuq bir güllə səsi eşidildi. Sahil boyunda ağacların xırdaca budaqları titrəşdi. Saralıb solmuş yarpaqlar bir müddət havada qanad çalaraq, yerə səpələndi. Bu anda elə bil ağaclar arasında saysız-hesabsız kəpənəklər uçuşurdu. Sonra hər tərəfə qərib, əsrarəngiz bir sükut çökdü.
Nişan üzüyüI**Hələ gün çıxmamışdı. Təkdənbir əsən meh, həyətdəki badam ağacının xırdaca yarpaqlarını tərpədirdi və bu yarpaqlar tərpəndikcə, elə bil iki sevgili haradasa gizlənib yavaşcadan pıçıldaşırdı.
Poems by other poets
هر لحظه لب لعل بر آن میساید
Dağlayıbdır məni bir laləuzari-QarabağNə əcəb dovlət imiş seyri-şikari-Qarabağ,Nə gozəl nemət imiş sohbəti-yari-Qarabağ.
TəbrizBaşına döndüyüm bəylər, ağalar,Oğrulu ocaqdır alı Təbrizin,
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur