Birinci şəkil
Page 2 of 2 · 50%
Tamarin
Əfv edərsiniz, general, mən belə söz demədim.
General
Məntiqinizdən bu nəticə çıxır cənab şair...
Tamarin
Qəhrəman rus ordusu heç bir cəbhədə basılmamışdır.
General
Bəs komandirlər necə?..
Tamarin
Siz ifrata varırsınız, zat aliləri... Komandanlar çox zaman istedadsız adamlardan...
Rayevski (Tamarinin ətəyindən çəkib)
Mişel, sus!..
General (bir an sükut edərək)
Məncə bir şey aydındır...
Tamarin
Mən atəş xəttinə gedə bilərəm... Onsuz da duyuram ki, ölüm günümə çox qalmamışdır...
General
Heç kim sizi öldürmək fikrində deyil... Əlahəzrət imperator rəhmdildir... Biz – onun sadiq təbəələri də sizi xilas etmək istəyirik.
Tamarin
Şeyx Şamillə vuruşmağa da bunun üçünmü yollayırsınız?
General
Sizcə, bu vəhşi dağlılarla vuruşmaq hər bir mədəni rusun müqəddəs borcu deyilmi?.. Nə üçün susursunuz?
Tamarin
Mən razıyam... Gedirəm, zat aliləri...
General
Unutmayın ki, qəhrəmanlıq göstərsəniz, böyük rütbələrə çata bilərsiniz...
Tamarin (güclə hiss edilən bir istehza ilə)
Əlbəttə, əlbəttə...
General
Bir də, o şeirdir, nədir, buraxın getsin... Belə əhəmiyyətsiz işə qiymətli vaxtınızı sərf etməyin... Hələ eşitdiyimə görə bir dərnəyiniz də varmış...
Tamarin
Dərnək?
General
Bəli, bəli... Gizlin sui-qəsdçilər dərnəyi... Özü də yeddi nəfərdən ibarət... Bu qüvvə azdır, çox azdır, cənab paruçik... Ən adi bir çocuq marağından doğan bu dərnəklər həm yüngül, həm də mənasız və gülməlidir... Sizə məsləhət görmürəm... Senat meydanını xatırlayın!.. Dar ağacı, gərək ki, o qədər də arzu olunası bir şey deyildir.
Tamarin
Yoldaşlarımızın evində şadyanalıq etmək də qadağandırmı, zat aliləri?
General
Diqqətli olun!.. Siz də, paruçik Rayevski, bu xüsusda yoldaşlarınıza köməyi əsirgəməyin.
Rayevski
Baş üstə, general.
General
Yenə təkrar xatırladıram. Əlahəzrət imperator rəhmdildir... O sizi on illik katorqaya göndərmək istəyirdi... Sizi ölümün pəncəsindən mən xilas etdim.
Tamarin
Təşəkkür edirəm... Məni katorqa əvəzinə, yenə ölümə göndərdiyiniz üçün sizə hədsiz təşəkkürlər.
Rayevski (yenə Tamarinin ətəyindən çəkir)
Mişel, ehtiyatlı ol...
Tamarin
Gedə bilərəmmi?
General
Artıq mən sizi saxlamıram...
Tamarin (təzim edərək)
Görüşənə qədər... (Rayevski ilə bərabər gedir)
General (Tamarinin dalınca)
Bu gənc, həqiqətən qorxuludur... Qafqaz dağlarındakı mənasız ölüm onu ağıllandırar. (Zəngi vurur)
Katib (gəlir)
Buyurun, zat aliləri...
General
Paruçik Rayevskini öz yanımda adyutant vəzifəsinə təyin edirəm... Onun əmrini yazın!
Katib
Bu dəqiqə, zat aliləri... (Gedir)
General (düşüncəli bir tərzdə gəzinib papiros çəkir)
Ax, Şamil, Şamil... Dağlarda qopardığın bu fırtınanın sonu hələ də görünməyir.
Hacı Murad (birdən içəri atılır)
Axşamın xeyir, yaranal...
General (tapançasını çəkərək)
Kimsən?
Hacı Murad
Əl saxla, yaranal, mən Hacı Muradam...
General
Necə?.. Hacı Murad?.. Quş-quşluğu ilə buraya səkə bilməzdi, sən...
Hacı Murad
Bəli, bəli... Quş-quşluğu ilə səkə bilməzdi, amma Hacı Murad gələ bilər... Amma qorxmayın: adam öldürməyə gəlməmişəm.
General (bağırır)
Eyyy!..
Hacı Murad (olduqca soyuqqanlı)
Yaranal, boğazını ağrıtma... Mən Hacı Muradam... Sualıma düz cavab versən, and olsun Allaha, and olsun peyğəmbərə, sənin mübarək cəsədini, bu ayna kimi parıldayan daz kəlləni rusetin padşahına çox görmərəm.
General (atmaq istəyir)
Çəkil!..
Hacı Murad (cəld onun üstünə atılır, yumruqla vurub yerə salır)
Yenə deyirəm, yaranal... Ehtiyatlı ol: Mən Hacı Muradam... Eşitməyibsənmi? Dağıstan imamı Şeyx Şamilin nayibi igid Hacı Muradı hələ tanımayıbsanmı?.. (Yerdən generalın tapançasını götürüb stolun üstünə qoyur) Bax, zədələndi... Amma peşkəş eləsən, götürərəm... Zağlı tapançadır... Bax, mənimki pas atmışdır...
General
Vəhşi!..
Hacı Murad
Vəhşi olduğumu özüm səndən də yaxşı bilirəm... Ancaq mənim adımı eşidəndə dizlərin əsdi... Düzmü deyirəm?..
General
Böyük imperatorumuz bu hayıfı səndə qoymaz...
Hacı Murad
O, mənə nə eləyəcək?
General
Hamınızı məhv edər...
Hacı Murad
Düz deyirsən, yaranal, bütün insanların ölümü də onun könlündədir... Bayquş xaraba sevər...
General qapıya qarşı yönəlmək istəyir
Hacı Murad (astaca addımlarla, azca axsaya-axsaya onun qabağını kəsir)
Hara?..
General
Tfu!.. Gör nə baxır, elə bil vəhşi məni yeyəcəkdir...
Hacı Murad
Mən müsəlmanam, yaranal, donuz əti yemirəm... Nə sənin yanına, nə də eşiyə adam buraxılmayacaq. Hər tərəfdən qapı kəsilmişdir... O biri otaqda xanımınız yatmışdır, onu yuxudan oyatmadım... Vəhşi olsaq da, azdan-çoxdan qanacağımız var... Biz özgələrinin istirahətini pozmuruq... Amma siz, yaranal, bütün bir ölkəni qan dənizində boğmaq istəyirsiniz... Məni buraya Şamil yolladı... Onun tapşırığına diqqətlə qulaq as...
General
Demək sən ultimatum verirsən?
Hacı Murad
Ultimatum-batım?.. Yox, ondan yox... Biz deyirik ki, gözəl-göyçək cavanlarınızı nahaq yerə qırdırırsınız... Sizin padşah bizi yer üzündən sildirməyə razı olsa da, biz heç kimin ölümünü istəmirik... Birinci şərtimiz: dağlılardan tutulmuş əsirlər bu gün azad olunsun... İkinci şərtimiz: qoşun geri çəkilsin... Bu şərtlərə sabahdan gec əməl olunsa, öz baxtınızdan küsün, yaranal...
General
Düşünməyə vaxt lazımdır...
Hacı Murad
Çox gözəl... Elə isə, əmr verin hücum dayandırılsın!..
General
Xeyr... Biz hücumu dayandırmaq fikrində deyilik...
Hacı Murad
Eləmi?
General
Bəli, bəli... Biz qoşunu geri çəkməyə öyrəşməmişik.
Hacı Murad
Danışığımız uzun çəkdi, yaranal... Sizdə üç-dörd kağız-kuğuz var, zəhmət çək onları tap...
General
Nə kağız?
Hacı Murad
Padşahınızın fərmanları... Nə bilim, hər nə varsa... Mən savadsızam, özün axtar...
Atay (gəlir)
Hacı Murad, tez ol!.. Qoşun gəlməyimizdən xəbər tutdu...
Hacı Murad (gözünə dəyən, əlinə keçən bütün kağızları toplayıb qoltuğuna vurur)
Hələlik, salamat qal, yaranal... Allah səni padşahınıza çox görməsin... Şərtlərimizi unutma... Bu gün səni bu kökə salan Hacı Muraddan qorx, yaranal...
General
Get Şamilə söylə ki, mən ölsəm də, böyük rus imperiyasının gücünü zəiflədə bilməzsiniz...
Hacı Murad
Sən də padşaha yaz ki, Dağıstan igidlərinin hamısını qırmaq olar, ancaq Şeyx Şamili inadından döndərmək olmaz... Hələlik... (Atay ilə bərabər yüyürüb gedir)
General (özünü itirmiş halda gəzinir, zəngi basır, daxil olan bir zabitə)
Bu nədir?.. Siz yatmışsınızmı?
Zabit
Xeyr, zati-aliləri... Onlar gözlənilmədən hücuma keçdilər... Birdən hamının üstünü aldılar.
General
Bu gün mənim mənzilimi kim mühafizə edirdi?
Zabit
Dmitrinin manqası...
General
Gedin, onu mənim yanıma göndərin... Özünüz də iki həftə həbs olunursunuz... Aydındırmı?
Zabit
Dediyinizə əməl olunacaqdır, zat aliləri... (Təzim edib gedir)
General
Sanki mən qarışıq bir röya görürəm... Hacı Murad, Hacı Murad... Şamilin sağ əli...
General
Sənin şüurun özündədirmi?
Dmitri sükut edir
Sualıma cavab ver!
Dmitri
Zat aliləri, Hacı Murad bütün qaravul dəstələrini qılıncdan keçirmişdir.
General
Bəs nə üçün yalnız səni sağ buraxmışdır? (Dmitrini möhkəm şillələyir) Nə üçün sən sağ qaldın?
Dmitri
Haqlısınız, general, mən belə şillələrdən çox yemişəm... Ordu həyatıdır, soldat da döyülmək üçün yaranmışdır...
General
Get!.. Səninlə sabah danışaram...
Dmitri təzim edərək gedir
Birinci zabit (tövşüyə-tövşüyə yüyürüb gəlir)
Zat aliləri!.. İcazənizlə...
General
Nə olmuşdur?
Birinci zabit
Paruçik Avdeyev öldürülmüşdür, zat aliləri...
General
Necə? Kim?
Birinci zabit
Üç gün əvvəl bizim ixtiyarımıza keçmiş aulda dağlılar üsyan qaldırmış, paruçik Avdeyev də bir dağlı qızı tərəfindən vəhşicəsinə öldürülmüşdür. (Əlindəki qılıncı generala uzadaraq) O, can verərkən, qılıncını açıb sizə yolladı.
General (qılıncı alaraq)
Bu dəqiqə paruçikləri mənim yanıma çağırın!..
Rayevski (Tamarinlə bərabər qayıdıb gəlir)
Zat aliləri, bu nə işdir?.. İndi siz nə əmr edirsiniz?
General
Bu dəqiqə eskadronlarınızı hazırlayın, tez!..
Rayevski
Nə?
Tamarin (təzim edərək)
Baş üstə, general (Gedirlər)
General (hazırlaşır)
Paruçik, üsyan qaldıran aulun daşı-daş üstündə qalmamalıdır... Gedək... (Onlar cəld qapıya yönəldikləri zaman müdhiş səslə gurlayan top güllələri atılır, general dayanır) Aha, bir də, bir də. Mən dağlıları yalnız bu top nərəsilə itaətə gətirəcəyəm... gedək!
Gedirlər
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-seyx-samil-birinci-sekil
Use ← → keys to move, R for a random poem
More by this author
Doğruya zaval yoxdur,*Çəksələr min divana.*
Birinci pərdəBirinci şəkilKərim Rəhimlinin evində böyük qonaq otağı. Açıq pəncərələrdən yeni çiçəklənmiş meyvə ağacları görünür. Uzun yemək stolunun üstündə büllur qədəhlər, çəngəl-bıçaq, boşqablar. Evin qulluqçusu Səriyyə tez-tez mətbəxə gedib-gəlir, hər dəfə də kiçik boşqablarda cürbəcür yemək şeyləri və göyərti gətirir. Kərim Rəhimli otaqda fikirli-fikirli var-gəl edərək, papirosunu tüstülədir. Divar saatı axşam saat yeddini vurur. Birdən Rəfiqə gəlir, sağ tərəfdəki qapıdan o biri otağa keçmək istəyəndə Kərim Rəhimli onu görür, sevincək, papirosunu külqabına basaraq, qızının qabağına sarı yönəlir.*
İkinci pərdəÜçüncü şəkilYarımqaranlıq küçə. Əmin Bəxtiyarov təkdənbir arxasına baxa-baxa gedir, Əsmər onun ardınca gəlir.*
Üçüncü pərdəYeddinci şəkilİkinci şəkildə gördüyümüz otaq. Axşamüstü. Fərhad, Əmin və Kərim.*
Poems by other poets
Güli-gülzari-rəsalət bu gecə,Şümrdən istədi möhlət bu gecə.
ƏskinasEy büt-i rənayi-zaman əskinas,Şahid-i zibayi-cahan əskinas,
Mürəbbe: Bir namə yazmışdı gözlər şahıBir namə yazmışdı gözlər şahı,Gəldi mən tək mübtəlayə yetişdi,
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,