Bəhramın saray həyətində bağ, qızlar mahnı oxuya-oxuya rəqs edirlər.

Qızların mahnısı

Qarlı dağlar qızı Reyhan, Reyhan, Reyhan
Parlaq dan ulduzu Reyhan, Reyhan, Reyhan
Aləm sənə heyran Reyhan, Reyhan, Reyhan
Qarlı dağlar qızı Reyhan, Reyhan, Reyhan

Nə gözəlsən ay qız
Gül çiçəksən ay qız
Bir dənəsən ay qız
Dürdanəsən ay qız.

Gözün aydın Reyhan, Reyhan, Reyhan
Gəlir yarın Reyhan, Reyhan, Reyhan
Aləm sənə heyran Reyhan, Reyhan, Reyhan
Gözün aydın Reyhan, Reyhan, Reyhan

Nə gözəlsən ay qız
Gül çiçəksən ay qız
Bir dənəsən ay qız
Dürdanəsən ay qız.

Qaratel

Yaxşı bax, qabaqda gələn o gözəl oğlanı mən harada isə görmüşəm.

Reyhan

Qaratel, əzizim, mən də görmüşəm. Bax, bu məktubu da o göndərmişdir. İndi mənim sevinməyə haqqım var, Qaratel...

Qaratel

Axı, o kimdir?

Reyhan

Mənə ürəyimdən də yaxın bir müsafir – Ağvan hökmdarı Cavanşirin oğlu Elçin. Sən özün düşün, mən heç onu unuda bilərəmmi? O, Suriyada təhsil alıb, sonra dünyanın uzaq ölkələrini – Hindistanı, Çini dolaşıb qayıdır, 3 ildir, düz 3 ildir ki, mən onun xəyalı ilə yaşayıram... Birdən o məni tanımazsa?

Qaratel

Tanıyar, tanıyar. Sevən oğlanın yadından hər nə çıxsa da, istəklisinin sifəti çıxmaz. Reyhan, əzizim, sən nə qədər xoşbəxtsən... sənin taleyin müqəddəs günəşin şüaları kimi gülümsəyir. O yaxınlaşır, biz gizlənək...

Reyhan

Məni təkmi buraxırsınız? Yox, dayanın, yaxşı gizlənin. Yox, dayanın... Siz gedin, qızlar.

Qaratel

Düz deyirsən, uzaqdan tamaşa etmək daha yaxşıdır. Reyhan, əzizim, ehtiyatlı ol. Birdən sizi görüb atana xəbər verərlər. Gəlin, qızlar, gedək keşikdə dayanaq.

Reyhan

Qayıdın, qızlar...

Qaratel

Dayanın, qızlar, Reyhan hələ fikrini çox dəyişəcək. Yox, gizlənək... (Qızlar gizlənir. Elçin daxil olur) Bax, Elçin Reyhanı gördü... Bax, bax, tanıdı... Bu saat Reyhan dünyada yalnız Elçini görür...

Elçin

Reyhan, ayrılıq uzun çəkdi. Lakin səni unutduğum bir an belə olmadı. Söylə, Reyhan, söylə, bizim əhdi-peymanımızı unutmamışsan ki?

Reyhan

Öz adımı unutsam belə əhdimi unutmaram, Elçin.

Elçin

Zaman dəyişdi, Reyhan, mən Suriyaya gedərkən İranla Ağvan dost idi, vətənimizi ayaqlamaq istəyən yağılara qarşı birgə vuruşurduq. O, vaxt bizim atalarımız da qardaş kimi idilər. Bir-birinə can deyib can eşidirdilər. Mən Suriyadan vətənə qayıdarkən nə böyük arzular bəsləyirdim. Lakin o arzularımın hamısı duman olub havaya uçdu. Zaman nə qədər tez dəyişdi. Nə üçün, Reyhan, nə üçün?

Reyhan

Kayan hökmdarının əmri ilə atam qoşun çəkib Muğanı aldı. Əsir tutduğu Ağvan əsgərlərini qılıncdan keçirtdi... Bu qanlı divanı xatırladıqca qəzəbimdən az qala boğuluram. Atamın Cavanşirə qarşı vəfasızlığı mənim də qəlbimi yaraladı. İndi Muğanda ölüm qara bir kabus dəhşətilə ətrafı sarmış, insanların acı fəryadı göylərə ucalmış.

Elçin

Reyhan, əzizim, sən kədərlisən. Gözlərin də yaşarmışdı. Bilirəm ki, bu qəmli hadisə səni də sarsıtmışdır. Nə etməli, görünür taleyimiz belə idi. Mən artıq getməliyəm, Reyhan. Lakin yenə gələcəyəm sən məni hər səhər, hər axşam gözlə.

Reyhan

Ağvanın paytaxtı Girdman uzaqdadır. Sən buraya hər səhər, hər axşam necə gələ bilərsən?

Elçin

Sevən ürəklər üçün heç bir məsafə yoxdur, Reyhan. Mənim qəlbimin həmdəmi daim sən olacaqsan. Yalnız sən... Bəlkə səni aramızdakı düşmən sərhədi qorxudur, Reyhan, açıq söylə...

Reyhan

Mən özüm üçün yox, sənin üçün qorxuram, Elçin... Atamın əlləri onsuz da günahsız qana boyanmışdır. O səni də...

Elçin

Öldürər... Elə bilirsən uf deyərəm... Yox, əzizim, dünyalar qədər sevdiyim Reyhan üçün ölmək belə mənim nəzərimdə ən böyük səadətdir.

Ayaq səsləri

Reyhan

Aman, gəldilər... Get, Elçin, get...

Qızların mahnısı

Xoşbəxt olmaq, sevinmək mümkün ikən ölümü nə üçün arzulayırsan? Dayanma əzizim, get, səni and verirəm o müqəddəs günəşə, bu gənc yaşımda mənim eşqimi nakam qoyma.

Elçin

Əlvida...

Reyhan

Əlvida...

Elçin gedir, qızlar Reyhanın başına toplaşırlar.

Ən böyük arzuma çatdım, Qaratel. Elçin məhəbbətlə yanan ürəyini mənə bir də açdı. Mən onun odlu nəfəsini bir də duydum. Mən indi doğrudan da xoşbəxtəm. Ah, aramızdakı düşmən səddi uçub tökülsəydi. Qan, ölüm yerinə yalnız qardaşlıqla məhəbbət hakim olsaydı...

İşıqda pərdəni sal, antrakt

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Rəqiblər

I**– Necə, necə? Nə buyurdunuz? Usta Heybəti öldürsəniz də ürəyiniz soyumaz?

196423 min
Yeraltı çaylar dənizə axır

Birinci hissə**Səmirə Aydın bizim köhnə dostumuzdu. Mənim arvadım Gülnisa xanımla orta məktəbin birinci sinfindən ta axırıncı sinfinə qədər bir skamyada oturmuşdu. O vaxtdan bəri sirləri-söhbətləri də bir olmuşdu. Yaxşı yadımdadır: bizim toyumuza dostların hamısından əvvəl o gəlmişdi. İlk sevgilisi Müdhətlə də mən o axşam tanış olmuşdum. Səmirə orta məktəbi bitirəndə on yeddi yaşına yenicə girmişdi. Ona gözəl demək çətindi, amma çirkin də deyildi. Qara, yumru və bir az çıxıq gözləri vardı. Kiçik ağzının sağ tərəfi həmişə yuxarıya dartılmış kimi göründüyündən, nazik dodaqları elə bil gülümsəyirdi. Bu ifadə onun sifətinə nə isə xüsusi bir məlahət verirdi. Qalın və sıx qaşlarının tən ortasında qaralan xal qələm ucundan təsadüfi düşmüş mürəkkəb damcısını xatırladı. Deyib-gülməyi, çalıb-oynamağı yaman sevirdi. Bəstə boyuna görə ayaqları da göyçək idi. “Ceyranı” havasının lirik ahənginə uyaraq süzəndə dirsəyə qədər açıq qolları ilan kimi qıvrılır, bütün bədəninin sümükləri elə bil əriyib yox olurdu. Onun rəqsi tək məni və Gülnisa xanımı yox, çoxlarını heyran qoyurdu. Toy məclisimizə gəlmiş qızlar arasında özünün zahiri gözəlliyi ilə onu kölgədə buraxanlar vardısa da, onun kimi məharətlə piano çalan və onun qədər zərif oynayan yox idi. Bizim toyumuza hamıdan çox o rövnəq verirdi. Müdhət isə həm uca, həm də gözəldi. Onun ağıllı, iri gözləri, geniş alnı, gur və qıvrım saçları, enli kürəyi məclisdəki qızların ürəyində Səmirəyə qarşı həsəd oyatmaya bilməzdi. Onunla Səmirə yanaşı dayananda, gənclərdən bəziləri Hüseyn Cavidin gurultulu bir müvəffəqiyyətlə səhnədə göstərilən “Səyavuş” əsərindən məşhur, qanadlı misraları xatırlayırdılar:

4 min
Ağır xəbər

Mən o gün mətbəxdə idim. Xörək hazırlayırdım. Birdən qapının zəngi çalındı. Bu vaxt gələn kim ola bilərdi? Kamranın işdən, qızlarımın da məktəbdən qayıtmağına hələ çox qalmışdı. Düşündüm ki, indi olsa-olsa Gülnisa gələr. O, qan təzyiqinin çoxluğu nəticəsində parez olub yorğan-döşəyə düşəndən sonra, düz il yarım yatmışdı. Həkimlər yalnız indi qalxmağa və gəzməyə icazə vermişdilər. O, bəzən mənim, bəzən də qonşu arvadlardan birinin köməyi ilə dəniz qırağına çıxır, bir neçə saata açıq havada oturub, yorulanda evə qayıdırdı, mənim işə getmədiyimi biləndə, adətən bizə dəyirdi.Mən qapıya yanaşdım.

7 min
İlk zərbə

Mən ali məktəbi bitirəndən sonra, inşaat materialları institutunda kiçik elmi işçi idim. Mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyirdim. Hələ inşaat mühəndisi olmaq xəyalına düşdüyüm gündən, məni çox sadə və lazımlı bir problem düşündürürdü. Bilirsiniz ki, Bakının bir çox məhəlləsində, xüsusən çökək yerlərində yeraltı sular var. Bu suların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. Mən bu təxminlərin çoxusu ilə tanışam, bəziləri deyir ki, şəhərin altından nə vaxt isə kanal çəkilmiş və guya burdan torpağa sızan sular gölməçələr bağlayır sonra da tədricən yeri ova-ova ətrafa yayılır. Bəziləri də bu fikirdədir ki, şəhər dənizin sahilində olduğundan, həmin sular ən çox dənizə yaxın yerlərə nüfuz eləyir... Mən bu mülahizələrdən hələ müfəssəl danışmıram, çünki bu xüsusda hələ özümün də aydın təsəvvürüm yoxdur. Əsərim üzərində yenicə çalışmağa başladığım zaman mənə bircə şey məlum idi: yeraltı sular bir çox hündür binanın zirzəmisinə dolub, yalnız burda yaşayan ailələrə əziyyət verməklə qalmır, evlərin özülünü də ovub korlayır. Mən qarşıma məqsəd qoymuşdum: həmin suların yaşayış binalarına təsirini ziyansız hala salmaq üçün bir vasitə axtarıb tapmaq! Tədqiqat institutumuzun görkəmli alimləri mövzumu bəyənmişdilər. Elmi rəhbərim isə dönə-dönə deyirdi: “Əgər təcrübən müvəffəqiyyətlə nəticələnsə, bunun gözəl praktik əhəmiyyəti olacaq”.Mən işə çox böyük həvəslə girişmişdim, amma ailə vəziyyətim səmərəli çalışmağa yaman mane olurdu. Qızlarımı oxudub tərbiyə eləməli, onların xörəyini bişirməli, paltarını yumalı, ev-eşiyin təmizliyinə və səliqə-sahmanına fikir verməliydim. Bütün bunlarla yanaşı, elmi işdə çalışmaq və mövzunun öhdəsindən gəlmək üçün yuxuma haram qatmalıydım. Mən hər bir əziyyətə və məhrumiyyətə dözürdüm. Ancaq yalqızlığımı hər an hiss edirdim. Ərim Müdhət qırx ikinci ilin sonlarında cəbhəyə getmişdi. İki ildi ki, ondan heç bir xəbər-ətər yox idi. Mən istər-istəməz onun hardasa, nə vaxtsa həlak olduğunu düşünürdüm. Yazdığım məktubların birinə də cavab almamışdım. Qohum-əqrəba da ondan tamam əl üzmüşdü. Amma biz dərdimizi ürəyimizə salır, onun sağ-salamat qayıdacağına ümid eləyib, səbirlə gözləyirdik. Əslinə baxsan, başqa bir çarəmiz də qalmamışdı. O biri tərəfdən də maddi ehtiyac içində boğulurduq. Şirin çayın dadı çoxdan yadımızdan çıxmışdı. Ət və düyü xörəyinə də həsrət qalmışdıq. Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. Buna baxmayaraq, mən küncdə-bucaqda narazılıq səsləri eşidəndə, buna çox qəzəblənirdim. Axı, biz nəyin bahasına olur-olsun bütün ölkəyə müdhiş bir fəlakət gətirən düşməni nəhayət məğlub edib azad nəfəs almalı idik. Bunun xətrinə mən də, ailə üzvlərim də daha ağır məhrumiyyətə dözməyə hazırdıq.

27 min

Poems by other poets