Page 4 of 4 · 75%

Mən cavab vermədim. O, müğənni qadını axtarıb tapmaq üçün ayaq saxlayıb ətrafa göz gəzdirdi. Məyusluğunu gizlətmədən başını buladı, ağzını nırçıldatdı:

– Hayıf... Görəsən hara gedib?

– Bizim çadırımızda olar, – dedim. – Sədi Kamal camaat üçün konsert hazırlayır. Proqramının çox yarısını Ceyran xanım oxuyacaq... görürəm, çadırda tək qalanda, balaca, qırmızı cildli bloknotunu çıxardıb mahnıların sözünü əzbərləyir. Ancaq buralara gələndən bəri bir dəfə də olsun qaş-qabağı açılmayıb...

– Bu daha yaxşı... Kədərli oxuyanda daha təsirli çıxır. Elə mənim də sözlərim çox yanıqlıdır. Görəcəksən... Hamının ürəyindən xəbər vermişəm...

– Bu gün yazdın? İki daşın arasında?

Mənim sualım onu təəccübləndirmədi:

– Əsil şair, – dedi, – gərək hər cür şəraitdə yazmağı bacarsın. – O tumbul barmaqlı gödək əlini zərblə döşünə çırpdı. – Bax, mənim kimi! Başqalarını bilmirəm, ancaq mən əsərlərimi əvvəlcə ürəyimdə tamam-kamal yazmamış dünyasında kağıza köçürmərəm. Bilirsən bunun nə kimi gözəl məziyyətləri var?

– Yox, bilmirəm, – dedim – hardan biləcəyəm? Evdə bişməyib, qonşudan gəlməyib...

O, məni darta-darta aparıb, adamlardan xeyli uzaqlaşdırdı və görünür yalnız ən yaxın dostlarına qızdığı bir sirri mənə söyləmək üçün, bir xeyli ətrafına boylandı, yaxında heç kəs olmadığı halda, yenə də pıçıltı ilə dedi:

– Elə şeirlərim var ki, onlardan bircəciyi ələ düşsə, dərimə saman təpərlər, yəni ən azı onca il həbsi var. Bu cür əsərlərimi əzbərləyib yadımda saxlamağa məcbur oluram. Gələcək nəsilləri nə üçün onlardan məhrum eləyim?

Mən qadının sözlərini artıq əvvəlki kimi istehza ilə dinləyə bilmirdim. Özümdən asılı olmayaraq məndə onun şerlərini eşitməyə nə isə yenilməz bir maraq oyanmağa başlayırdı. Hətta, mən ondan soruşdum da:

– Ümumiyyətlə əsərin çoxdur?

– Çoox, çoox...

– Bəs niyə indiyəcən çapa verməmisən?

– Çapa?.. – O, mənim sadəliyimə acı-acı güldü. – Sənə ağzımda söz deyirəm. Kim onları çap eləyər? Heç eləsələr də vermərəm. Bilmirsən bunların tənqidçiləri qazdan da ayıqdırlar? Bu şerlərdən bircəciyi çap olunsa məni şil-küt eləyərlər... – Şişman qadın ağır-ağır başını buladı. – Yox, bacım, keçəl suya girməz. Məsəl var: “Tülkünün meydanda nə işi var ki, dərisinə qiymət qoysunlar...” Məncigəz şeirlərimi bircə-bircə yazıb yığıram sandığa. Vaxt gələr, əsil milli şair kimi məni əl üstündə gəzdirərlər... Lap bu tənqidçilərdən də mənə tərifnamə yazanlar olar. Elə bilirsən bunların içində üzdə bir, ürəkdə ayrı cür olanı yoxdur?

– Deyirsən bir vaxt gələr. Yəni sən hansı vaxtı nəzərdə tutursan?

– O vaxtı ki, bunların külü göyə sovrulacaq!.. Elə bilirsən bu qəzetdə yazılanlar, bu radioda deyilənlər doğrudur? Guya Hitler məğlub olub geri çəkilir? O, əlini havada oynatdı. – Ay-hay, ölmüşdü Hitler... Darıxma, indi elə əks-hücuma keçsin ki, kefin istəyən kimi.

– Mənə də o cür şerlərdən oxumaq istəyirsən?

– Bəs necə?.. Mən başqa cürünü heç yazmıram da...

Deyəsən o, mənim sualımdakı istehzanı duya bilmədi və daha da ruhlanıb, suallarıma məmnuniyyətlə cavab verməyə başladı:

– Soruşsan ki, nə vaxt bunların külü göyə sovrulacaq? Çox tez. Səhih yerdən eşitmişəm, almanlar təzə silah icad eləyiblər, bu saat onu işə salmağa bərk hazırlaşırlar... Hə, qulaq as, şerimi oxuyum... – O, azacıq nəfəsini dərdi, əlini koftasının döşünə atdı, qəzetlərin qırağından lenta kimi kəsilmiş kağızlardan bir neçəsini çıxartdı, ərəb əlifbası ilə yazılmış qarma-qarışıq misralarını qəribə bir səlisliklə oxudu, sonra isə kağıza baxmadan əzbərdən deklamasiya söylədi. Deyəsən o, mənim burda olduğumu unudub gözə görünməyən bir aiditoriyaya üz tutaraq və get-gedə coşaraq, səsini ucaltdı. Şer, uzun həsrətdən yorulmuş adamları səbirli olmağa çağırırdı. Daha üzüntülü həsrətə dözmək üçün, deyirdi, gərək ürəyində daha ülvi bir məhəbbəti yaşatmağı bacarasan, bu məhəbbət səndən böyük fədakarlıq və məhrumiyyət tələb edəcək, sən buna dözməlisən. Bu məhəbbətin gücü gərək sənin qəlbinə iradə və səbir aşılasın. Çəkdiyin intizar səni ruhən yüksəldəcək, çünki bu intizar gözəl arzu və əməllərlə bağlıdır. Sənə düşmən kəsilmiş qara qüvvələr qara buludları andırır. Qərbdən günəş doğacaq, mütləq doğacaq, bu qara buludları parçalayacaq!.. – O, susdu və nə isə daxili bir atəşlə yanan gözlərini mənə dikdi. – Hə, necədir, xoşuna gəlirmi?

Birdən-birə cavab verə bilmədim. Şeri bəyənmirdim. Simvolik işarə və eyhamları zəif istedadlı şairlərin işlətdiyini çoxdan bilirdim. Şişman qadın məndən gözlərini çəkmədiyi üçün pisdən, yaxşıdan bir söz deməliydim.

– Vəzni, qafiyəsi yerindədir. Görünür ədəbi qaydaları bilirsən, – dedim. – Ancaq...

Mən fikrimi tamamlamamış o güldü. Cantraq bədəni ləngərləndi.

– Mənə gülürsən, yoxsa öz şerinə? – deyə mən hirsimi boğa bilməyib, onun üzünə bozardım.

– Xeyr, – dedi. – Şerimə gülmürəm, sənə gülürəm

– Mənim nəyimə gülürsən ki?

– Görünür, indiki tənqidçilərin üslubuna yaxşı bələdsən. Sən də əvvəlcə bir-iki kəlmə boğazdan yuxarı tərif deyib, ən axırda əsəri yerə vuracaqsan, yoxsa nə “ancaq”?

Bu anda yadıma bir lətifə düşdü, mən də gülməyə başladım. Şişman qadın o dəqiqə gülməyinə ara verdi:

– Niyə hırıldayırsan? – dedi.

– Hırıldamıram, gülürəm, – dedim. – Sənin şerinə qulaq asanda, çoxdan eşitdiyim bir anektodu xatırladım.

– Hə, nə anekdot? Mənim xeyrimədir, zərərimə? Danış, danış!..

Mənim çox zəif bir cəhətim var: müsahibimə məzəli əhvalat danışanda, gülməkdən özümü saxlaya bilmirəm. Bu dəfə də güc-bəla, əlimlə ağzımı tuta-tuta, xatırladığım lətifəni danışdım, amma sona çatmamış yenə də qəhqəh çəkib güldüm. Şişman qadın, yəqin ki, mənim dediklərimdən pərt olduğunu gizlətmək üçün bir növ zorakı güldü, ancaq birdən gülüşünü xırp kəsdi, hirsləndiyini istər-istəməz büruzə verib dedi:

– Mən sənin gülməyinə gülürəm. Elə danış ki, biz də bir şey qanaq də... Lap başdan danış.

Mən lətifəni bir də söyləməyə məcbur oldum:

– Xarici ölkədən gəlmiş bir səyyah İranın kəndlərini, şəhərlərini gəzirmiş... Bazarların birində qarpız satana rast gəlir. Bu qəribə meyvəni ömründə ilk dəfə görürmüş. Xeyli dayanıb həm qarpız satanı, həm də müştərilərini müşahidə eləməyə başlayır. Görür ki, bəzisi zorba bir qarpız götürüb iki tərəfdən sıxır, qulağına tutur, bəzisi çırtmıq vurmaqla kifayətlənir, bəzisi də elə-belə üzünə baxıb götürür. Səyyah da onlara təqlidən hansı qarpızı götürüb kəsirsə, dümağ çıxır. Qarpız satandan soruşur: “Dostum, gəl bu sirri mənə başa sal görüm, bu camaat qarpızların yaxşılığını, pisliyini nədən bilir?”. Qarpız satan cavabında heç bir söz demir. Divarın dibindəki iri qarpızı göstərir. Səyyah dərhal onu götürür, kəsir, cırıltı ilə ortadan iki yerə bölünən qarpızın rənginə baxanda, yanaqları qızılgül kimi açılır: “Əhsən!” deyib sevinclə əlini-əlinə vurur. Qarpız satanın işarəsi ilə neçə qarpız götürürsə, hamısı bir-birindən qırmızı çıxır. Səyyah heyrətlə baxır, baxır, nəhayət deyir: “Bərəkallah, yaxşı başın var, amma heyf, səd heyf ki, belə boş şeylərə işlədirsən”...

Şişman qadının rəngi bulud kimi tutuldu. Üzünü başqa səmtə çevirib, dodağının altında deyinməyə başladı:

– Hə, fəzilət məlum... Əslinə baxsan əvvəldən bilirdim ki, belə incə şerləri anlamağa sənin dərrakən çatmaz...

– Gedək, şorbanı bişir, – dedim. – Bir azdan camaat gələcək... Hərçənd şorban da şerin kimi dadsızdır, ancaq çarəmiz nədir, içməyə məcburuq... Doğrudur, mən ədəbiyyatçı deyiləm, amma bircə şeyi anlayıram ki, ölü ideyadan ölməz əsər heç vaxt yaranmayıb...

Bu söhbətdən sonra şişman arvad heç bir sirrini mənə açıb söyləmədi və mən onun hər dəfə fürsət düşdükcə, qəzetlərdən kəsib saxladığı kağız lentalarında necə şerlər yazdığından xəbər tuta bilmədim. Çadırda yerimi dəyişməyə nə qədər çalışdımsa da, bir nəticə vermədi. Axırda mən bu fikrimdən daşınmalı oldum. Doğrusu, indi yerimi dəyişməyə artıq ehtiyac da qalmamışdı: şişman qadın get-gedə arıqladığından, o qədər də bərkdən xoruldamırdı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Rəqiblər

I**– Necə, necə? Nə buyurdunuz? Usta Heybəti öldürsəniz də ürəyiniz soyumaz?

196423 min
Yeraltı çaylar dənizə axır

Birinci hissə**Səmirə Aydın bizim köhnə dostumuzdu. Mənim arvadım Gülnisa xanımla orta məktəbin birinci sinfindən ta axırıncı sinfinə qədər bir skamyada oturmuşdu. O vaxtdan bəri sirləri-söhbətləri də bir olmuşdu. Yaxşı yadımdadır: bizim toyumuza dostların hamısından əvvəl o gəlmişdi. İlk sevgilisi Müdhətlə də mən o axşam tanış olmuşdum. Səmirə orta məktəbi bitirəndə on yeddi yaşına yenicə girmişdi. Ona gözəl demək çətindi, amma çirkin də deyildi. Qara, yumru və bir az çıxıq gözləri vardı. Kiçik ağzının sağ tərəfi həmişə yuxarıya dartılmış kimi göründüyündən, nazik dodaqları elə bil gülümsəyirdi. Bu ifadə onun sifətinə nə isə xüsusi bir məlahət verirdi. Qalın və sıx qaşlarının tən ortasında qaralan xal qələm ucundan təsadüfi düşmüş mürəkkəb damcısını xatırladı. Deyib-gülməyi, çalıb-oynamağı yaman sevirdi. Bəstə boyuna görə ayaqları da göyçək idi. “Ceyranı” havasının lirik ahənginə uyaraq süzəndə dirsəyə qədər açıq qolları ilan kimi qıvrılır, bütün bədəninin sümükləri elə bil əriyib yox olurdu. Onun rəqsi tək məni və Gülnisa xanımı yox, çoxlarını heyran qoyurdu. Toy məclisimizə gəlmiş qızlar arasında özünün zahiri gözəlliyi ilə onu kölgədə buraxanlar vardısa da, onun kimi məharətlə piano çalan və onun qədər zərif oynayan yox idi. Bizim toyumuza hamıdan çox o rövnəq verirdi. Müdhət isə həm uca, həm də gözəldi. Onun ağıllı, iri gözləri, geniş alnı, gur və qıvrım saçları, enli kürəyi məclisdəki qızların ürəyində Səmirəyə qarşı həsəd oyatmaya bilməzdi. Onunla Səmirə yanaşı dayananda, gənclərdən bəziləri Hüseyn Cavidin gurultulu bir müvəffəqiyyətlə səhnədə göstərilən “Səyavuş” əsərindən məşhur, qanadlı misraları xatırlayırdılar:

4 min
Ağır xəbər

Mən o gün mətbəxdə idim. Xörək hazırlayırdım. Birdən qapının zəngi çalındı. Bu vaxt gələn kim ola bilərdi? Kamranın işdən, qızlarımın da məktəbdən qayıtmağına hələ çox qalmışdı. Düşündüm ki, indi olsa-olsa Gülnisa gələr. O, qan təzyiqinin çoxluğu nəticəsində parez olub yorğan-döşəyə düşəndən sonra, düz il yarım yatmışdı. Həkimlər yalnız indi qalxmağa və gəzməyə icazə vermişdilər. O, bəzən mənim, bəzən də qonşu arvadlardan birinin köməyi ilə dəniz qırağına çıxır, bir neçə saata açıq havada oturub, yorulanda evə qayıdırdı, mənim işə getmədiyimi biləndə, adətən bizə dəyirdi.Mən qapıya yanaşdım.

7 min
İlk zərbə

Mən ali məktəbi bitirəndən sonra, inşaat materialları institutunda kiçik elmi işçi idim. Mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyirdim. Hələ inşaat mühəndisi olmaq xəyalına düşdüyüm gündən, məni çox sadə və lazımlı bir problem düşündürürdü. Bilirsiniz ki, Bakının bir çox məhəlləsində, xüsusən çökək yerlərində yeraltı sular var. Bu suların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. Mən bu təxminlərin çoxusu ilə tanışam, bəziləri deyir ki, şəhərin altından nə vaxt isə kanal çəkilmiş və guya burdan torpağa sızan sular gölməçələr bağlayır sonra da tədricən yeri ova-ova ətrafa yayılır. Bəziləri də bu fikirdədir ki, şəhər dənizin sahilində olduğundan, həmin sular ən çox dənizə yaxın yerlərə nüfuz eləyir... Mən bu mülahizələrdən hələ müfəssəl danışmıram, çünki bu xüsusda hələ özümün də aydın təsəvvürüm yoxdur. Əsərim üzərində yenicə çalışmağa başladığım zaman mənə bircə şey məlum idi: yeraltı sular bir çox hündür binanın zirzəmisinə dolub, yalnız burda yaşayan ailələrə əziyyət verməklə qalmır, evlərin özülünü də ovub korlayır. Mən qarşıma məqsəd qoymuşdum: həmin suların yaşayış binalarına təsirini ziyansız hala salmaq üçün bir vasitə axtarıb tapmaq! Tədqiqat institutumuzun görkəmli alimləri mövzumu bəyənmişdilər. Elmi rəhbərim isə dönə-dönə deyirdi: “Əgər təcrübən müvəffəqiyyətlə nəticələnsə, bunun gözəl praktik əhəmiyyəti olacaq”.Mən işə çox böyük həvəslə girişmişdim, amma ailə vəziyyətim səmərəli çalışmağa yaman mane olurdu. Qızlarımı oxudub tərbiyə eləməli, onların xörəyini bişirməli, paltarını yumalı, ev-eşiyin təmizliyinə və səliqə-sahmanına fikir verməliydim. Bütün bunlarla yanaşı, elmi işdə çalışmaq və mövzunun öhdəsindən gəlmək üçün yuxuma haram qatmalıydım. Mən hər bir əziyyətə və məhrumiyyətə dözürdüm. Ancaq yalqızlığımı hər an hiss edirdim. Ərim Müdhət qırx ikinci ilin sonlarında cəbhəyə getmişdi. İki ildi ki, ondan heç bir xəbər-ətər yox idi. Mən istər-istəməz onun hardasa, nə vaxtsa həlak olduğunu düşünürdüm. Yazdığım məktubların birinə də cavab almamışdım. Qohum-əqrəba da ondan tamam əl üzmüşdü. Amma biz dərdimizi ürəyimizə salır, onun sağ-salamat qayıdacağına ümid eləyib, səbirlə gözləyirdik. Əslinə baxsan, başqa bir çarəmiz də qalmamışdı. O biri tərəfdən də maddi ehtiyac içində boğulurduq. Şirin çayın dadı çoxdan yadımızdan çıxmışdı. Ət və düyü xörəyinə də həsrət qalmışdıq. Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. Buna baxmayaraq, mən küncdə-bucaqda narazılıq səsləri eşidəndə, buna çox qəzəblənirdim. Axı, biz nəyin bahasına olur-olsun bütün ölkəyə müdhiş bir fəlakət gətirən düşməni nəhayət məğlub edib azad nəfəs almalı idik. Bunun xətrinə mən də, ailə üzvlərim də daha ağır məhrumiyyətə dözməyə hazırdıq.

27 min

Poems by other poets