Page 1 of 5

Saata baxdım. Əqrəb beşi göstərirdi, ancaq hələ də gün doğmamışdı. Üfüqdəki qızartılar nəhəng bir yanğını xatırladırdı. Bizim gəldiyimiz torpaq yoldan burula-burula qalxan toz dumanı, düşərgəmizə sürətlə yaxınlaşırdı. Əlbəttə, maşın gəlirdi. Bərk acmışdım. “Yəqin çörək gətirirlər” deyə sevindim.

Qadının xorultusundan başqa heç bir səs eşidilmirdi. Toz dumanı isə üfüq boyu uzanaraq, göy üzünü bozumtul bir pərdəyə bürüyürdü.

Maşın göründü. Düşərgəyə yan aldı. Gələn kim olsa yaxşıdır? Qəribədir, mən onları nə üçün belə tez unutmuşdum? Aha, yanılmamışdım. Onlardan bir qədər aralı, maşının gerisində DTK nəfəri görünürdü. Mən uşaq kimi sevinib necə qışqırdığımı bilmədim:

– Ceyran xanım!..

O dinmədi, amma gülümsündü. Tezcə yerə sıçrayan Elmanın köməyi ilə maşından düşdü. Mən onlara tərəf yüyürdüm:

– Elman qardaş!..

O da gülümsündü, Ceyranın qoluna girdi. Mən gördüyümə hələ də inana bilmirdim. Soruşdum:

– Gəldiniz?

Ceyran xanım köhnə və mehriban bir dost kimi məni bərk-bərk qucaqlayıb öpdü. Dünən səhərdən bəri heç nə yemədiyim halda, sevincimin çoxluğundan, aclığımı unutdum.

– Axı, sizi nə üçün saxlamışdılar, sizdən nə istəyirdilər? – deyə xəbər aldım.

O, elə bil mənim sualımı eşitmədi, arxasında dayanmış Elmana sarı çevrilərək soruşdu:

– Buranın böyüyünü görəcəyik, hə?

Elmanın əvəzinə mən cavab verdim:

– Rəisimiz hələ qalxmayıb, bilirəm ki, çox yorulub, yəqin bu tezlikdə qalxmaz.

Ceyran xanım zarafat tərzində dedi:

– Nədən yorulub ki? Daş daşıyırdı?

– Yorulub, yorulub, – dedim. – Dünən bütün günü camaatı da işlətdi, özü də işlədi. Həsən Babacanoviç yaxşı adamdır. Görünür, bu da bizim bəxtimizdəndir, axşamüstü bizi çadırlara bölüşdürdü. Bir azdan qalxar, tanış olarsınız.

Ceyran xanım ərinə üz tutdu.

– Get,şeyləri gətir. Son mənzilimiz buradır, gətir görək, başımıza nə gəlir... – Elman maşına doğru yönələndə, mənə müraciət elədi:

– Yəqin bizi bir-birimizdən ayrı salacaqlar. Neyləyəsən, gərək birtəhər dözəsən...

Elman ağır çamadanını qov kimi yüngülvari əlində oynada-oynada bizim yanımıza gətirdi:

– Hə, Səmirə bacı, – dedi, – bilirik, dünəndən sizə yemək verməyiblər. Yolda şoferdən öyrəndik. Hələ bir rəisinizi də tərifləyirsiniz...

– O, acı-acı gülümsəyib başını buladı. – Yanımızdakı o hərif başladı ki, əvvəldən heç bir hazırlıq görə bilməmişdik. Yəni onu demək istəyir ki, bura gələnlər çağırılmamış qonaqlardır... Bu yaxında rayon mərkəzi var. Ordan keçəndə, bizim maşınımıza bolluca qara çörək yüklədilər. Ancaq bilmək olmur arpadır, çovdardır, yoxsa jmıx... – O, mənim bu sözləri o qədər də xoşlamadığımı duyub danışığının ahəngini dəyişdi.

– Əlbəttə, vəziyyəti nəzərə alsaq gərək allahımıza şükür eliyək. Mühasirə vaxtı Leninqradda bu cür çörək veriləndə, camaat üçün toybayram olurmuş... Bizim onlardan nəyimiz artıqdır?

– Eh, Elman qardaş, – dedim, – təki ondan da pis çörək verəydilər, amma bizi uşaqlarımızdan ayırmıyaydılar.

– Əlbəttə, əlbəttə... – deyə Ceyran xanım gözlərinə qəm kölgəsi qonmuş halda köksünü ötürdü. – Adam hər cür əzaba dözər, bircə bu dərdə dözmək olmur. Neçə gündür hey uşaqları yuxumda görürəm, həmişə də “ana” deyib ağlayırlar.

Mən bu söhbəti başladığıma tezcə də peşman olub kiridim, başqa bir mövzu tapmadığım üçün tamam pərtləşdim. Hər üçümüz yanaşı addımlayıb, qadınların çadırına yaxınlaşdıq. Elman diqqət kəsilib, içəridən gələn xorultunu dinlədi və qaşlarını çatıb təəccüblə mənim üzümə baxdı:

– Siz burda olursunuz?

– Bəli, – dedim.

– Bu xoruldayan arvaddır, kişi?.. Vay, vay, lap ÇTZ traktorunu keçdi ki... Pay atonnan yeri! Ceyran, eşidirsən?

– Eşidirəm, eşidirəm. Necə olur ki, mən gecə-gündüz çalıb-oxuyanlarla durub, otururam, bu cür bası qulağım almır?

Bu sözlər tamam ürəyimdən oldu:

– Hə, hə, – dedim, – dəhşətdir, dəhşət... Məni də yuxudan o oyatdı, yoxsa elə yorulmuşdum ki, qulağımın dibində top da atsaydılar, bu cür tezdən qalxmazdım. Görmürsünüz hələ gözümdən yuxu tökülür?

Elman nırçıldayıb başını buladı:

– İndi bundan hesabını apar, gör yazıq camaat nə təhər yorulub ki, bu səs də onlara kar eləmir... Yox, Səmirə bacı, belə hallarda gərək heç nəyə baxmayasan, o dəqiqə xoruldayanın böyrünə möhkəm bir dürtmə vurasan, deyəsən ki, qonşu, zəhmət olmasa qalx, təzədən yat...

Mən etiraf elədim ki:

– Doğrusu üzüm gəlmədi.

– Nahaq, nahaq... – Elman yenə diqqət kəsildi. – Bu xorultudan çox tırtıllı tankın səsinə oxşayır!

Ceyran xanım mənim səbrimə məəttəl qaldığını söylədi:

– Siz bir gecə dözmüsünüz, mən bircə dəqiqəsinə dözməzdim... Doğrudan da bu qadın səsidir?

– Özünü görəndən sonra təəccüb eləmiyəcəksiniz, – deyə mən o arvadın ikiqat piyli buxağını, ləngər vuran yoğun bədənini təsəvvürə gətirib, nə üçünsə Ceyran xanımla müqayisə elədim, biri yaxşı bəslənmiş zavod inəyi kimi ətli-canlı, o biri isə iki aylıq göyçək buzov kimi şumal və zərif idi. Ceyran xanım ayrıldığımız gündən bəri hələ bir az da sınıxmışdı. Bu qədər uzun yolda necə əziyyət çəkdiyini görmək çətin deyildi. Gözlərinin altı kölgələnmiş, adəti üzrə ortadan tən ayırıb iki yana daradığı zil qara saçlarının səliqəsi pozulmuşdu. Ordlarının çuxurları bir az böyümüş, zərif üzü, alnı və kirpikləri toza bulaşmışdı. Neçə vaxtdan bəri su dəyməmiş boynunda, boğazında nazik kir zolaqları görünürdü. Ancaq buna baxmayaraq, siması yenə də əvvəlki məlahətini itirməmişdi. Mənim ona nə səbəbə diqqətlə baxdığımı hiss eləyib, qəmgin bir təbəssümlə dedi:

– Bilirəm, bilirəm, üst-başım yaman gündədir. Elə siz də məndən geri qalmazsınız. Görürəm, bu yaxında su deyilən şey gözə dəymir... Eh, təki, siz demiş, dərdimiz elə bu olsun.

– Əlbəttə, Ceyran xanım, əlbəttə, – dedim, – amma sualıma cavab vermədiniz. Axı, Krasnovodskda sizi nə üçün saxladılar? Doğrusu, əvvəlcə sevindim, fikirləşdim ki, yəqin sizi Bakıya qaytaracaqlar. Amma sonra çox kədərləndim. Çünki biz tanış olub dostlaşırdıq, mərdimazarlar qoymadılar... Ümid eləyirdim ki, qürbətdə bir-birimizə ürək-dirək verib, dərdimizi azaldarıq... Buradakı qadınları hələ yaxşı tanımıram, ancaq hələlik elə bir gözə dəyəni də yoxdur... Bu xoruldayan da ki...

– Necə? Pis adamdır?

– Nə isə o qədər də xoşuma gəlmədi. Qeybət düşməsin, orta əsrdən bəri adlamayıb.

– Neçə qadın var?

– On iki.

Bu vaxt kim isə dalbadal iki dəfə öskürdü. Biz hər üçümüz səs gələn tərəfə baxdıq. Düşərgənin qərbində, bizimkinə nisbətən dörd-beş dəfə kiçik son çadırın qapısı ağzında durmuş Niyazov, çılpaq qollarını gərib-qatlayır, yuxarı qaldırır, qıçlarını əyib-düzəldir, bir sözlə, bədən tərbiyəsi ilə məşğul idi.

– Bax, rəisimiz o kişidir, – dedim.

Ceyran xanım azacıq səksəndi; seyrək, uzun kirpikləri titrədi:

– Əgər, – dedi, – o da Krasnovodskda məni tutub saxlayanlar kimidirsə, vay bizim halımıza.

Elman hər şeyi əvvəlcədən xəbər verməyi bacaran adamlar kimi, qəribə bir inamla dedi:

– Ona heç şübhən olmasın. Bunlar hamısı bir bezin qırağındandır.

– Axı, ordakılar sizə neylədilər? – deyə mən bayaqkı sualımı Ceyran xanımın yadına saldım.

– Daha neyliyəcəkdilər ki?.. Məni təkləyib apardılar, qapını bağladılar. Üçü birdən üstümə tökülüşdü. Məni bir çək-çevirə saldılar ki, gəl görəsən. Gözlərindən qan damırdı. Ay belə damlayacayıq, ay elə cəzalandıracayıq. Nə bilim, məni bir dəqiqədə döndərib elədilər dünyanın məşhur oğrusu... Lap böyükləri, mayordu, polkovnikdi, bilmirəm, başladı ki, bu cür moda ilə geyinən oğruları çox tutub ağzıbirə salmışıq, sonra da bütün dəstələrini dağıdıb, camaatın yaxasını onların əlindən qurtarmışıq. Bu dəfə özümü saxlaya bilməyib dedim ki: “Əgər onlar da mənim təki oğrudursa, deməli o yazıqları da çirkin böhtana salmısınız, bir də axı, oğurluq məsələsi ilə milis, cinayət axtaran idarə məşğul olur, bunun sizə nə dəxli var?” – Mayorun yanındakı qarayanız, cəhənnəmdən biletsiz qaçmış bir nəfər qışqırdı ki, “mən özüm milis idarəsindənəm, sən pul kassası yaranların dəstəsilə əlbirsən, yoldaşlarını Bakıda tutublar, onlar səni bizə nişan veriblər!.. “ Yaxşı, siz mənim yerimdə olsaydınız, neylərdiniz?

– Vallah, sizdə qəribə səbir var, – dedim, – mən bu təhqirə dözməzdim, əlimə keçəndən qapıb, onun başını partladardım.

Ceyran xanım mənimlə razılaşmadı:

– Yox, mən istəmədim ki, onların əlinə təzə bir dəstəvuz verim. Onsuz da gəmidə o ifritəni birtəhər eləmişdim. Bu dəfə hirsimi boğub, bir kəlmə də artıq-əskik danışmadım. Nə dedilərsə, sakitcə dinlədim, nə qədər çığır-bağır saldılarsa, daşdan səs çıxdı, məndən yox. Amma boynuma alıram ki, küncdə büzüşüb oturmuş o göygöz iblisə baxdıqca, dişim bağırsağımı doğrayırdı. Az qalırdım yenə üstünə atılam, saçını dolayam biləyimə, yerə yıxıb sürüyəm... Ancaq birtəhər dözdüm. Axırda dedim ki, bilirsiniz nə var? Sizdə günah yoxdur, sizi buna məcbur eləyirlər. Ancaq məni tutub qazamata da salsanız, bu hayıfı yerdə qoymayacağam, dəvədən böyük fil var, ölkə sahibsiz deyil, yazacağam, düz birbaşa Moskvaya, açacağam sandığı, tökəcəyəm pambığı!.. Siz hələ məni yaxşı tanımamısınız... Mayor soruşdu ki, bu nə sözdür, bizi kim məcbur eləyir? Dedim ki, əgər mən bir qadın kimi filankəsin arzusunu təmin eləsəydim, nə sürgün olunardım, nə də bu cür iyrənc böhtana düşərdim...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets