Page 3 of 5 · 40%

Sədi Kamalla Niyazov arasında söhbət başlandı:

– Həsən Babacanoviç, görürsünüz də, heç kim işdən boyun qaçırmadı aramızda müftəxor yoxdur, ancaq mənəvi qida barədə fikirləşmək heç də pis olmazdı.

– Vətəndaş Sədi, soruşdunuz, cavab verdim, qəzet və radio olacaq...

– Bağışlayın, Həsən Babacanoviç, onlar öz qaydasında, mən ümumiyyətlə düşərgədə aparılacaq mədəni-maarif işlərini nəzərdə tuturam.

– Məsələn?

– Məsələn divar qəzeti, dram dərnəyi, xor, xalq çalğı alətləri orkestri... Əgər icazə versəydiniz, bu işlərin hamısını mən özüm boynuma götürərdim.

– Çox gözəl. Etiraz eləmirəm.

– Onda sizdən xahişim var.

– Buyurun.

– Qəzet üçün qalın kağız, rəngli karandaşlar, qəzeti asmağa lövhə... Kiçik formalı pyes, rus dilində, tacik və ya Azərbaycan dilində olsun, bizim üçün fərqi yoxdur, Rəcəb kişinin köməyi ilə tərcümə də eləyə bilərəm.

– Vətəndaş Sədi, təklifiniz çox faydalıdır, yaxşı olar, bunların siyahısını düzəldib verəsiniz, birdən unuda bilərəm.

– Vətəndaş Sədi, təklifiniz çox faydalıdır, yaxşı olar, bunların siyahısını düzəldib verəsiniz, birdən unuda bilərəm.

– Siyahını yazmaq üçün də kağızım yoxdur.

– Gedək, mənim çadırımda var, – deyə Niyazov bizim dəstəmizdən aralandı və mən yenə də öz sualımı verməyə fürsət tapmadım.

Yanımda dayanmış Ceyran xanıma üz tutdum:

– Soruşa bilmədim, biz evə məktub yollaya bilərik ya yox?

– Əlbəttə yollayacağıq, biz məhbus-zad deyilik ki?

Biz dağılışdıq, Ceyran xanım qadınların çadırına baxdı və mənimlə yanaşı özünə yer düzəltdi:

– Yuxum gəlir, amma yatmayacağam, – dedi, – gündüzlər yatanda, gecələr sağa-sola çevrilməkdən cana doyuram. Gedək, bu tərəfləri gəzək...

Bizi eşikdə gözləyən Elman, yaxın kənddən (yəni Rudəki kolxozundan) xırda-xuruş almaq üçün getdiyini söyləyib məndən də, Ceyran xanımdan da nə istədiyimizi soruşdu.

– Əgər mümkünsə qələm, kağız, – dedim. – Uşaqlara məktub yazacağam. Onlardan vaxtlı-vaxtında xəbər tutsam, dünyada heç bir dərdim olmaz.

– Yaxşı, hələlik, – deyə Elman uzaqlaşdı.

Biz çadırlardan aralanıb, söhbət eləyə-eləyə, dünən gecə məstedici rayihəsini duyduğum otlu, çiçəkli düzdə gəzib-dolanmağa başladıq. Adlarını yaxşı bilmədiyim yabanı çiçəklərdən dəstə bağladıq. Ceyran xanım mənim xahişimi gözləmədən qədim, çox qədim, həm də qüssəli bir xalq mahnısı oxumağa başladı. Mən bu mahnını uşaqlıq illərində, həyət qonşumuz – cavan bir gəlindən eşitmişdim. Vəfasız sevgilisindən şikayət eləyən bir qadın, dərd-sərini axan sulara, əsən yellərə deyir, nə sular, nə yellər onun dərdinə şərik olur, nə də vəfasız yardan bir səs-soraq çıxır... Ceyran xanım sadəcə bir ifaçı kimi oxumurdu. Elə bil o, gəlinin yerində, evin damı üstündə oturub, gözlərini uzaq yollara dikərək oxuyurdu. Elə bil onun ürəyindən qopub gələn sadə və mənalı bir el mahnısı deyil, ah-nalə idi. Mən onun gözlərində titrəyən yaş damcılarına baxdıqca, elə bu anda hönkürüb ağlayacağını düşünürdüm. Ancaq yox, o ağlamırdı, nəğmədə yaratdığı qəhrəmanın roluna girmişdi. O, özünün şəxsi iztirab və həyəcanını da bu nəğmənin məzmununa əlavə eləyə bildiyi üçün, məndə daha böyük təəssürat oyadırdı. (Mən, əlbəttə, bədii sənət haqqında yalnız bir tamaşaçı və ya dinləyici kimi danışıram. Ceyran xanımın ifaçılıq məharəti mənə Bülbülü xatırladırdı. Xalqımızın misilsiz nəğməkarı Bülbül Məmmədovu deyirəm. Ceyran xanım onun yaratdığı ifaçılıq məktəbində tərbiyə almış bir müğənni idi. Azərbaycan xalq mahnılarının dərin fəlsəfi mənasını və hədsiz dərəcədə lirik ahəngini bütün varlığı ilə duymağı bacaran Bülbül, İtaliya ifaçılıq mədəniyyəti ilə biz azərbaycanlılara xas parlaq emosiyalılığın sintezini vermiş nadir bir sima idi. Mənim mənsub olduğum nəsil, özünün musiqi zövqünün tərbiyəsində iki dahiyə borcludur: Üzeyir Hacıbəyovla Bülbül Məmmədova!.. – Bu fikirlə sonrakı söhbətlərimizdən birində Ceyran xanım da ürəkdən razılaşdı).

Biz düşərgədən çox uzaqlaşmadıq. Bu yerlərə bələd deyildik. Mən Ceyran xanıma, o da mənə öz həyatımıza dair gah əhəmiyyətli, gah çüzi və xırda-xuruş suallar verirdik. Tanıdığımız adamlardan, müharibə cəbhəsində həlak olmuş dost-aşnadan, qohum-əqrabadan danışırdıq. Bakıdan ayrı düşməyimiz bizim ikimizi də qəzəbləndirirdi: Hitler Almaniyası məğlubiyyətə uğrayır, amma biz cəbhədə vuruşanların, canını-qanını əsirgəməyən əsgərlərin ailələrindən və ata-analarından şübhələnirik; günahsız adamların bu cür ləkələnməyi hər ikimizə çox süni və mənasız görünürdü. Mən Ceyran xanıma dedim:

– Fikirləşirəm, hərdən lap məətəl qalıram. Axı biz hamımız Mollayevi müqəddəs adam hesab eləyirdik! Başa düşə bilmirəm ona nə olub. Axı hesabla, Mollayev belə ədalətsizliyə yol verməməli idi.

İndiyəcən məni sakit və diqqətlə dinləyən müğənni qadının birdən rəngi-ruhu dəyişib, dil-dodağı təpidi, bütün bədənini əsmə tutdu, nə isə yanlış bir söz, yersiz bir ifadə işlətdiyimi güman eləyib, xəcalətimdən yerə keçdim.

– Ceyran xanım, – dedim, – mən sizi əsəbiləşdirmək fikrində deyildim. Görünür nə isə çox səfeh danışdım, hə? Siz allah məni bağışlayın.

O güclə özünü ələ aldı və qaşqabağına nifrət dolu bir ifadə verib dedi:

– Sizdən acizanə xahiş eləyirəm, bir də onun adını mənim yanımda çəkməyəsiniz.

– Kimin adını?

– Mollayevin!.. Siz hələ onun ədalətinə inanırsınız da?

– İnanmaq deyəndə... sözün açığı mən sarsılmışam, Ceyran xanım. Bizim institutda nə isə ədalətsiz bir iş olanda dərhal Mollayevə şikayət elərdilər. İndi isə...

– Eh, Səmirə xanım, siz də mənim kimi dünyaya sadəlövh gəlib, sadəlövh də gedəcəksiniz. Mollayev...hımm...Ədalət...Düşündüm ki, yəqin bu sözləri istehza ilə deyirsiniz, bilirsiniz ki, o cür iblisdən ədalət gözləmək axmaqlıqdır.

“İblis?!” – mən diksinib ayaq saxladım.

Ceyran xanım gözlərini mənə dikib xeyli baxdı:

– Bir zamanlar mən də onu müqəddəs adam hesab eləyirdim, Səmirə xanım. Ancaq gördüyüm, bildiyim şeylər məni qəflət yuxusundan oyatdı. Mən həmişəlik başa düşmüşəm ki, Mollayev öz kefi üçün tək-tək adamları yox, bütün xalqı da güdaza verə bilər!.. Bilirsiniz mən Bakıdan niyə uzaqlaşdırılmışam? Ona görə ki, gördüyüm, bildiyim acı həqiqət həmişəlik üstüörtülü qalsın, hamı da bu fikirdə olsun ki, Mollayev namuslu adamdır, onun sərtliyi də, qabalığı da cüzi qüsurlardır. Yox, yox, yox!..

Ceyran xanım ürəyində qövr eləmiş dərdi açıb söyləməsəydi, özünü çox ağır hiss eləyə bilərdi.

– Çalışın, özünüzü ələ alın, – dedim, – bu çölün düzündə həkim yox, dava-dərman yox...

O, hekayəti belə danışdı:

– Mən bu hadisəni söyləməkdən utanmıram... Hələ mənim əlimə yad bir kişinin əli dəyməyib. İnanmırsınız? Özünüz bilin.

– Yox, inanıram. Ceyran xanım, – dedim. – Siz nədən bu nəticəni çıxardırsınız ki, mən sizin haqqınızda belə pis fikirdəyəm?

– Qulaq asın, mən danışım, siz də görün mən aktrisa namussuzam, yoxsa başına and içdiyiniz Mollayev... Qulaq asın!

– Məmnuniyyətlə, – dedim..

O başladı:

“Mən çarpayıda uzanıb, kiçik qızımı əmizdirirdim, laylay deyirdim. Hələ onun gözünə yuxu getməmiş, telefonun zəngi səsləndi. Evdə məndən başqa heç kim yox idi. Elman qastrolda idi, qayınanam oğlumu da götürüb, qardaşı evinə getmişdi. Nə qədər cavab vermədimsə də, zəng səsi kəsilmədi ki, kəsilmədi. Axırda uşağı ağlaya-ağlaya qoyub, telefona yanaşdım, danışanı soruşdum. Mollayevin tapşırığı ilə zəng elədiyini söylədi. Adını da, familini də dedi. Ancaq mən onu tanımadım.

– Sabah axşamüstü Mollayevin dəniz qırağındakı bağına qonaq çağırılırsınız, – dedi. – Saat səkkizdən gec gəlməyəsiniz, ha...

Mən təşəkkür elədim:

– Çox sağ olun, çox razıyam, hörmətiniz artıq olsun, ancaq südəmər uşağı tapşırmağa adamım yoxdur.

Telefondakı yoğun səs:

– Uşağınızı da gətirin, Ceyran xanım, – dedi. – Mollayevin evində o qədər qulluqçu var ki, verərik, saxlarlar. Siz o barədə heç narahat olmayın...

Mən bir də təşəkkür elədim:

– Əgər gəlsəm də oxuya bilməyəcəyəm. Xəstəlikdən yenicə qalxmışam, səsim hələ yerinə gəlməyib.

Telefondan xahiş əvəzinə təhdid eşitdim.

– İndiyəcən hələ Mollayev yoldaşın dəvətinə yox cavab verən olmayıb. – Siz qəribə adamsınız, lap qurd ürəyi yemisiniz.

– Ay əzizim, mən də yox demirəm. Mollayev yoldaşa dünyalar qədər hörmətim var, onun məclisində oturmaq hər kəs üçün şərəflidir, ancaq çox üzr istəyirəm, gələ bilməyəcəyəm.

Qızım ağlayıb özünü öldürürdü.

Bağışlayın, körpəm ağlayır, – deyib, dəstəyi yerindən asdım.

On dəqiqə belə keçməmiş telefonun zəngi ara vermədən uzunuzadı səslənib, uşağın yuxusunu tamam qaçırtdı. Mən tez yüyürüb, dəstəyi götürdüm, elə bildim ki, məni çağıran Elmandır.

– Hə, hə, mənəm, Elman, necəsən, – deyəndə yenə həmin səsi eşidib pərt oldum.

– Ağəz mənəm, Elman deyiləm. Sabah axşam saat yeddidə maşınla gəlib səni özüm aparacağam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets