Çölün düzündən bülbül ötür
Page 2 of 5 · 20%
– Ceyran, əzizim, bu sözlərin yeri deyil, – deyə Elman söhbətə qarışdı və mən hiss elədim ki, o, Ceyran xanımı başına gələnləri sirr kimi gizlin saxlamağı məsləhət bilir.
Müğənni qadın əlini havada tovladı:
– Yaxşı, qoy sən deyən olsun. Danışmıram.
Mən də israr eləmədim. Bu vaxt Niyazov gimnastikasını qurtarıb, bizim yanımıza gəldi. Mən ər-arvadı onunla tanış elədim.
– Aha, Ceyran xanım, – deyə Niyazov həm təəccüblə, həm də sevinclə onun əlini sıxdı. – Necə ki, necə ki, sizi Orta Asiyada tanımayan yoxdur. Elə mən özüm dörd-beş dənə valınızı almışam. Hələ bir istəsəniz, bu kobud səsimlə “Qubanın ağ alması”nı oxuya da bilərəm...
– O, boğazını arıtlayıb, pəstən dedi:
Qubanın ağ alması,
Yeməyə var alması,
Yarım gələnə qaldı
Yaramın sağalması...
Bu mahnı da, bu mahnının könlümdə oyatdığı xoş hisslər də mənim üçün əziz və qiymətli idi. Sevinən tək mən deyildim. Görünür, Ceyran xanım özü də, Elman da mənim Niyazov haqqında bayaq dediyim sözlərə artıq inanıb, bu uğursuz səfərin bütün acınacaqlarını bir neçə an tamam unutdular və məsum uşaqlar kimi gülümsədilər.
– Ancaq mən heç birinizə yağlı vədlər verməyəcəyəm, yəni yalan danışmaqla qətiyyən aram yoxdur, – deyə Niyazov qaşqabağını tökdü, təəssüf dolu baxışlarını mənim, Elmanın, ən çox da Ceyran xanımın üzündə gəzdirdi və birdən dönüb sürətlə bizdən aralandı. Mənə elə gəldi ki, o, ürəyində nəyə və kimə qarşı isə oyanan narazılıq hissini gizlətməyə məcbur oldu. Hər üçümüz gözləşdik. Elman, deyəsən, onun barəsində necə yanıldığını boynuna alıb, mənə zənnlə baxa-baxa astadan başını iki-üç dəfə qaldırıb-saldı, “belə görünür ki, siz haqlısınız” dediyini başa düşdüm. Öz təəssüratımızı bölüşməyə hazırlaşırdıq ki, Niyazovun DTK nəfərinə ucadan verdiyi əmri eşitdik:
– Hər kəsin çörək payını ayırın, dünənki kimi aləm bir-birinə qarışmasın, yəni nizam-intizam olsun!
DTK nəfəri:
– Baş üstə! – deyib rəsm-təzimlə cavab verdi. – Gündə hərəyə iki yüz qram hesabı ilə, deyilmi? Ancaq məndə tərəzi yoxdur. Gözəyarı bölüşdürə bilərəm.
– Eybi yoxdur, eybi yoxdur, – deyə Niyazov yenə bizə tərəf gəldi, yarımçıq qalmış söhbəti təzələdiyinə sevinmiş kimi, bir zamanlar gördüyü xeyirxah işləri yada salmağı xoşlayan yaşlı adamların ədası ilə nağıl etməyə başladı: – Cavan vaxtı bizim hamımız qurmaq, yaratmaq eşqi ilə gecəni gündüzə qatardıq... Özünü tərif olmasın, yurdsuz uşaqları yığıb koloniyalarda tərbiyə elədiyim üçün aldığım mükafatın sayı-hesabı yadımdan çıxıb...Feliks Edmundoviçin əmri ilə tikdirdiyim binaları barmaqla göstərirdilər. Mənim koloniyalarımda tərbiyə alan uşaqların çoxusu adlı-sanlı, evli-eşikli adam olub, yəni onlara baxanda öz-özümə deyirəm: “Ey qoca, sən özünə ailə qura bilmədin, amma yüzlərcə övlad yetirmisən, Sovet hökumətinin çörəyini yeyəndə xəcalət çəkməyə bilərsən” Yəni inşaat məsələsində bir qədər təcrübəm var. Qorxmayın, bir azdan burda elə kənd salacağıq ki... Vətəndaş Aydın da bu barədə mənə yəqin ki, köməyini əsirgəməyəcək... Elə deyilmi, vətəndaş Aydın?
Mən nə deyə bilərdim? Onun xətrinə dəymək olmazdı. Əgər o, bu yaşda (əllini çoxdan haqlamışdı) hələ də qurub-yaratmağa belə həvəs göstərirdisə, mən nə haqla ona “yox” deməliydim?
– Əgər bacarsan, əlbəttə! – dedim.
– Bacararsınız, bacararsınız!.. – dedi.
Bu vaxt adamlar bir-bir, iki-bir çadırlardan çıxıb öz aralarında nə isə danışa-danışa Niyazova və bizə baxırdılar. Çörək gətirmiş DTK nəfəri maşının kuzovundan səsləndi:
– Vətəndaşlar, indidən gəlin, çörək payınızı alın ki, sonra bashabas olmasın!
Yuxudan qalxmış adamlar maşına tərəf yönəldilər. Dünən su üstündə qalxan həngamə, bu dəfə təkrar olunmadı, növbə düzəltməyə heç ehtiyac da qalmadı.
– Əvvəlcə yeməkxana tikiləcək, – deyə Niyazov öz planını açıb söylədi. – İri su baklarını gətirdəcəyəm, əl-üz yuyanlarımız olacaq. Evləri daşdan hördürəcəyik, yəni əməlli-başlı, əsaslı binalar tikəcəyik ki, siz köçüb evinizə gedəndən sonra onlar bizdən yadigar qalsın.
“Aha, deməli evə köçəcəyimiz günü də görəcəyik” deyə düşündüm və tezcə də məyus oldum. O günün neçə ay, neçə il sonra gələcəyini indidən söyləmək mümkün deyildi.
– Ancaq hələlik, bu çadırlarda birtəhər dolanmalısınız, – deyə Niyazov Ceyran xanımla Elmana üz tutdu: – Siz qadınlarla, siz də kişilərlə birgə... Bu gündən adamları dəstələrə ayıracağam. Hamını işə göndərmək üçün siyahı düzəldirəm. Nizam-intizamı pozmasanız, mənim tərəfimdən ancaq hörmət görəcəksiniz. Hələlik, mən getdim... – O öz çadırına tərəf uzaqlaşdı və birdən nə fikirləşdisə, çörək paylayan DTK nəfərinə tapşırdı: – işin qurtaran kimi mənim yanıma gələrsən.
Biz də gedib öz çörək payımızı aldıq. Mən Ceyran Xanıma dedim:
– Elman qardaş demişkən, bir tərəfə baxanda, heç pis çörək deyil. Biz elə Bakıda da bundan yeyirdik.
Düz saat səkkizdə, hardansa tapıb gətirdikləri pioner borusunu çalıb, düşərgə əhlini bir yerə topladılar, Niyazov havayı söz danışmağı sevməyən bir adam olduğunu elə bu gündən sübuta başladı. Yük maşınının üstünə qalxıb, əlində tutduğu uzun siyahını oxudu. Əlli nəfərdən (yalnız kişilərdən) ibarət briqadaya, düşərgə üçün arx çəkmək vəzifəsini tapşırdı:
– Briqadiri özünüz seçəcəksiniz, – dedi, – mən hələlik sizinlə əməlli-başlı tanış deyiləm. Seçərsiniz, baxarıq, yoxlarıq. Əgər pis olsa, daha fəal, əlli – ayaqlı adamla əvəz eliyərik. Hələlik tərəvəz, pomidor, xiyar, qovun-qarpız bostanı salacağıq... Çox təəssüf ki, müharibə başlanan gündən bəri su bəndi yarımçıq qalıb. Ona görə Rudəki kolxozunun arxından özümüz üçün su gətirməyə məcburuq. Bunu lazımi yerlərdə razılaşdırmışıq... Deməli, siyahıda oxuduğum vətəndaşların vəzifəsi aydındır...
Sədi Kamal bizim yanımızda dayanmışdı. Niyazov sözünü deyib qurtaranda, o, şagird kimi əlini qaldırıb soruşdu:
– Həsən Babacanoviç, bizə qəzetdən-kitabdan verəcəksiniz, ya yox? Camaat son xəbərləri bilmək istəyir, yəni cəbhə yeniliklərini... Əgər bir nüsxə qəzet olsaydı...
– Olacaq, olacaq, – deyə Niyazov onun xahişində heç bir qeyri-təbii şey görməyib, hörmətlə cavab verdi. – Bir qədər səbir eləyin.
Sədi Kamal onun sözlərindən ruhlanıb, maşına lap yaxın gəldi:
– Bir nüsxə ya rusca, ya da tacik dilində olsa kifayətdir. Mən və Rəcəb Səlimov oxuyub tərcümə elərik, – dedi.
– Qəzetimiz də olacaq, radiomuz da olacaq, – deyə Niyazov maşından yerə düşdü və ayırdığı dəstəni çağırıb, düşərgədən bir xeyli uzağa apardı. Mən onların söhbətini eşitməsəm də, briqadir seçdiklərini bilirdim. Onlar kəndə sarı irəliləyib gözdən itdilər. Niyazov isə geri qayıtdı, ikinci dəstənin siyahısını oxudu.
– Siz də bostan üçün yer qazıb, ləklər düzəldəcəksiniz, – dedi. – Mən MTS-dən traktor istəmişəm, bu gün olmasa da, sabah gəlib nəzərdə tutduğumuz sahəni şumlayacaqlar... Özünüzə briqadir seçin, aranızda sahəni bölüşdürün...
Mən Niyazovun təklənməyini gözləyirdim, evə kağız yazmaq üçün bizə qələm-kağız verilib-verilməyəcəyini soruşmaq istəyirdim, ancaq o, əlində uzun siyahı, adamları müxtəlif sahəyə ayırmaqla məşğul olduğundan, buna imkan tapa bilmirdim. Birdən necə oldusa gözü gözümə sataşdı, görünür yenə qadınlar barədə olan nə isə deyəcəyimi düşünüb, məni qabaqladı:
– Mən qadınları bu dəstələrin heç birinə daxil eləmirəm. Onları nisbətən asan işə qoşmaq fikrindəyəm, məsələn, yemək, mətbəx, qab-qacaq... – deyib, yenə siyahını oxumağa başladı, adlarını çəkdiyi adamlardan “mən, mən” cavabını aldıqca: – Bu tərəfə, bu tərəfə!.. – deyə bizdən iki-üç addım aralıda nisbətən cavan və sağlam kişilərdən xüsusi bir dəstə düzəltdi. – Bax, vətəndaşlar, siz tikinti üçün taxta-şalban, qum, daş və sair inşaat materialı daşıyacaqsınız. Yəni bunları maşınlara yükləyib, boşaltmaqla məşğul olacaqsınız... Bu gün maşınımız yoxdur, amma söz veriblər, göndərəcəklər, özünüz bilirsiniz ki, müharibədir, belə şeylərə çox böyük ehtiyac var... Siz də öz aranızdan briqadir ayırın.
Ən axırda Niyazov bizə yaxınlaşdı. Biz deyəndə mən ondan heç bir tapşırıq almamış qadınları və kişiləri nəzərdə tuturam. Bunların sayı çox deyildi. Ceyran xanımdan, Elmandan, Sədi Kamaldan və Rəcəb kişidən başqa iyirmiyə qədər adam olardı. Onların içərisində dayanmış şişman qadın birdən gözümə dəydi, xoruldamağı yadıma düşdüyü üçün məni gülmək tutdu, ancaq özümü saxlayıb gülmədim. O, tünd yaşıl kəlağayı örtmüş uzunsov başını dim-dik tutduğu üçün, buxağının qatları dartılıb açılmışdı. Elə baxırdı ki, elə bil rəisdən özünə dair bir söz eşitməyə bənddir, ona acı bir cavab qaytarmağa və savaşmağa cüzi də olsa bir bəhanə axtarır, amma rəis də sanki onun məqsədini başa düşüb, qəsdən ona sarı baxmır, ona bir söz demir və demək fikrində də deyildi.
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-colun-duzunden-bulbul-otur
Use ← → keys to move, R for a random poem
More by this author
Şəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.
Kor atKənd toyu qurtarırdı.Oğlan evindən gəlmiş dəliqanlılar geri qayıtmağa hazırlaşırdılar. Gəlinlər, qızlar, nişanlının cehizini həyətin ortasında duran ikitəkərli arabaya yükləyirdilər. Hamı əl-ayağa düşmüşdü. Arabanı rəngbərəng xalılarla bəzəyənlərin sevinci yerə-göyə sığmırdı. Onların hamısı bəzənmişdi. Bəziləri, ayaqyalın da olsalar, qanovuzdan don geyinmişdilər.
KonsertI**Balaca otaqda iki yoldaş oturmuşdu. Səbri piano çalırdı, Ədhəm isə papiros çəkə-çəkə onu dinləyirdi.
Çarpayıİsfəndiyar yuxudan oyanıb sakit-sakit ətrafına boylandı. Evdə ondan başqa heç kim yox idi. Qapı örtülü idi. Həyətə baxan balaca pəncərədən buludlu səmanın kiçik bir parçası görünürdü.– Ana, ay ana!..
Poems by other poets
Bəndədən utanmaz, hakimdən qorxmaz,Nədə baxmaz o movlaya dul arvad.
Məhəbbət gələndə insan ömrünəMəhəbbət gələndə insan ömrünə,Sanırsan hər yerə ilk bahar gəlib,
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
Yol ayrıcındaYazda gömgöy olan bağlar,Payızda tez sovuşurlar.