Səkkizinci şəkil
Nizaminin evi; gecədir. Pəncərədə yanan çıraq otağa ölgün bir işıq salır. Dibdə şairin kitabları görünür. Xədicə pəncərəyə yaxın oturub qabağında beşiyi yırğalayır.
Afaq
Anacan, Nizami gəlmədimi?
Xədicə
Yox, qızım, o dağlardan gül-çiçək yığıb səninçin dərman qayırmağa getdi.
Afaq
Mənimçinmi? Zəhməti hədər gedəcək, anacan. Uzun işgəncələr, Əbdəkin intizarı məni o qədər gücdən saldı ki, bir də sağalmağa ümidim yoxdur.
Xədicə
Elə demə, qızım, onun dərmanları insanlara şəfa verir. O, sənin dərdinə əlac tapar.
Afaq (gözü Nizaminin əlyazmasına sataşır)
Ana, Nizami deyirdi ki, Şirvana gedib “Xosrov və Şirin” dastanını Xaqaniyə oxuyacağam.
Xədicə
Sənin dərdin hər şeyi onun yadından çıxartdı, qızım.
Afaq beşiyə yanaşır.
Afaq
Mən indi xoşbəxtəm: indi mən ölümdən qorxmuram. Balaca Məhəmməd məndən ona yadigar qalacaq. O, Məhəmmədin üzünə baxdıqca məni xatırlayacaq... (Əyilib uşağı oxşayır)
Qivami (səssiz addımlarla içəri girir, qapıya söykənir, öz-özünə)
Ey fani dünya, sən kimə vəfa göstərdin ki, bizə də göstərəsən! Dünən öz nəğmələriylə bağçamızı şənləndirən bülbül indi oxumayır. (Afaqa yaxınlaşaraq) Afaq, bacıcan, indi necəsən?
Afaq (gülümsünərək)
Çox yaxşıyam. Görürsən ki, yatağımdan da qalxmışam. Yalnız bircə arzum var. Əbdəki görəydim, sonra ölsəm də, qorxum yoxdur.
Qivami
Mən onu çox axtardım, bacıcan, heç yerdə tapılmadı. Ancaq ürəyini sıxma, onu mən yenə də axtaracağam. Aylar illər keçsə də. Əbdək tapılacaq, sən onu görəcəksən.
Afaq
Aman Allah, Dəstəgül öləndən sonra o yaşaya bilərmi?
Qivami
Kim, Dəstəgül?
Afaq
Əbdəkin bir sevgilisi var idi. Mələk xasiyyətli gözəl bir qızdı. Xəzərlər şəhərimizi alanda, əsir düşməsin deyə, özünü öldürmüşdü. Eh... dünya necə vəfasızmış! (Sükut) Bəs Nizami qayıtmadımı? (Bu anda qapı döyülür)
Qivami
Kimdir?
Yusif
Mənəm, Qivami, Yusif. (Afaq o biri otağa keçir)
Qivami (qapını açaraq)
Gəl, əzizim.
Yusif
Bərdədən gəlirəm. O gördüyümüz yerləri bir də gəzdim. Bu ceyrandan başqa heç kimə rast gəlmədim... Qayıdanda bir kişi gördüm. Ondan soruşdum, dedim ki, “O gündən Əbdəki görməmişəm”. Bu ceyranı Afaq üçün ovlamışam. (Ceyranı yerə qoyur)
Qivami
Bu geniş dünyada bizə vəfa göstərən yalnız sənsən. Eh, iki aydan bəri qapımızı açan yoxdur. Valinin casuslarından qorxub heç kim buraya ayaq basmır. Bircə əxilər mərdlik eylədi, sağ ol, əzizim.
Yusif
Vaxtında dedim, sözümə baxmadılar. Məndən olsaydı, indi onun qəbri də, sümükləri də çürümüşdü. O indi başqalarının da hayıfını Məhsətidən alır.
Qivami
Deyirlər, şahın fərmanı ilə Vali Məhsəti xanımı Gəncədən sürgün edir, doğrudurmu?
Yusif
Elədir. Ona öz torpağında zindanı da çox görürlər. Bərk xəstədir. Yolda, ölməsə yaxşıdır.
Qivami
Of... Elə bil ürəyim parçalanır. Gedək, Yusif. Mən bu dərdə dözə bilmirəm... Kədərimin çoxluğundan səhərə kimi içib məst olacağam. (Gedirlər)
Xədicə (uşağın üzünə baxaraq)
Yatdı...
Afaq (gəlir. Sükut)
Ürəyimə damdı. Bilirəm, Əbdəki yenə də tapmamışdır. (Beşiyə yanaşır) Anan sənə vəfasız çıxır, oğlum. Bu qara gözlərinə həsrət gedir. Yox, yox, mən ölməyəcəyəm. Mən sənə yenə lay-lay çalacağam.
Lay-lay dedim yatasan,
Qızıl gülə batasan.
Qızıl gülün içində,
Şirin yuxu tapasan.
Lay-lay balam, lay-lay,
Körpə balam, lay-lay...
(Lay-lay tədricən ağlamaq səsinə keçir. Afaq beşikdən aralanarkən, vurulmuş ceyranı görüb duruxur) Of, yenə ceyran. Bu xatirədir, yoxsa nədir. Sən nə üçün məni addım-addım izləyirsən? Bu qədər fəlakətdən sonra da məndən əl çəkməyəcəksənmi? Ah, Nizami, Nizami! Sən haradasan, əzizim? Nə üçün belə vəfasız çıxdın?
Nizami (səssiz addımlarla daxil olur. Afaqın son sözlərini qapı ağzında eşidərək)
Yox, mən vəfasız deyiləm, Afaq. İki günlük yolu yarım günə gəlmişəm. Odur, bax, mindiyim atın ürəyi partladı.
Afaq (sevinərək)
Sağ ol, məni bağışla. Çox gözlədim. Dedim: görüşməyəcəyik. Mən hər dəqiqə hiss edirəm ki, ömrümün sonu yaxınlaşır.
Nizami
Yox, yox, sən yaşayacaqsan. Mən qoca təbiəti köməyə çağırdım. Səni uca dağlarımızın başından yığdığım bu çiçəklərlə sağaldacağam. Ölüm bizim məhəbbətimizə təslim olacaq.
Afaq
Mən sağalacağam, mən yaşayacağam. Mən səninlə yaşayacağam.
Nizami
Afaq, yuxusuz gecələrimin meyvəsi, könlümün, məhəbbətimin dastanı “Xosrov və Şirin” hazırdır, əzizim. Mən onu aparıb şahlara hədiyyə edəcəyəm. Kim bilir, bəlkə də Əbdək onların dustağıdır. Lazım gələrsə, mən şaha yalvaracağam. Yalnız sənin üçün, Afaq, sənin xətrin üçün!
Afaq
Yalvarma, şahın qabağında əyilmək sənə yaraşmayır. Qoşqar dağı hansı fəlakətin qabağında əyildi ki, sən də şahların hüzurunda əyiləsən!
Xədicə
İlahi, sən özün balama kömək ol.
Qivami (sərxoş halda içəri girir)
Ona yalvarma. O, qaranlıq bir kölgədir. O, insanlar üzərinə işıq sala bilməz.
Xədicə
Oğlum, sən nə danışırsan?
Qivami
Mən? Danışıram? Yox, anacan, məni danışdırırlar. Qardaşımın bəxt ulduzu sönəndən sonra, bağçamızın yaralı bülbülü kiriyəndən sonra... (Afaq hıçqıraraq o biri otağa keçir. Nizamiyə) Eh, qardaşım, məni bağışla, dərdim çoxdur...
Nizami
Axı, sən...
Qivami
Bilirəm, bilirəm, məni danlamağa haqqın var. Ancaq mənim də haqqım var. Mən şair olsaydım, böyük bir dastanımda onun xatirəsini əbədiləşdirərdim.
Yusif (gəlir)
Nizami, yenə bir fəlakət! Gözlərimə inana bilmirəm. Məhsəti xanımı mühafizlər dövrəyə alıblar. Deyəsən, onu sürgünə aparırlar.
Nizami
Yox, yox, bu ola bilməz. Sən nə danışırsan?
Yusif
Mən ona yaxınlaşmaq istədim. Mühafizlər qoymadı. O, çox kədərli idi. Pərişan saçlarına baxanda, ürəyim qana döndü.
Məhsəti (gəlir. Onun qolları zəncirlidir. Üz-gözündən ağır əziyyət çəkdiyi görünür)
Şair, vəfasız dünyanın mənə verdiyi ən böyük mükafat budur.
Nizami
Yüzlərcə rübai yazan bu əllər qızıla tutulmalı ikən, paslı zəncirlə bağlanmış?!
Məhsəti
Məni buraya gətirmək istəmirdilər. Yalvardım, razı oldular. Səni də, Afaqı da görməmiş getsəydim, bu mənə ömrüm boyu dərd olardı. Eşitdim Afaq xəstədir.
Nizami
Of, bu dünya gözümdə qaralıb cəhənnəmə dönür. Mən bütün kainatı öz ahımla sarsıdacağam.
Məhsəti
Artıq gecdir, Nizami. Hökmdarın fərmanı qətidir. Bax, məni qəsdən şər qarışanda sürgün edirlər. Kor tale! Məni günəş işığında öz doğma yurduma həsrətlə baxmağa da qoymurlar. Şahlar məndən belə intiqam alırlar. Qoy olsun! (Afaq gəlir)
Afaq
Aman Allah, bu nədir, Məhsəti xanım! Sizi...
Məhsəti
Afaq, əzizim, necəsən? (Afaqı ehtirasla qucaqlayır)
Afaq
Gənc yaşlarımda ona vəfasız çıxıram. Ölümüm hər an yaxınlaşır. (Nizami dərin bir xəyala dalır)
Məhsəti
Qəlbinə eşqdən söz yazan hər kəs,
Bir ləhzə ömrünə puç deyə bilməz.
Bir həmdəm aradıq, ömrümüz boyu
Bizə həmdəm oldu yanıq bir nəfəs!..
Bu anda Valinin mühafizlərindən iki nəfər daxil olur, içəridəkilər sükut içərisində onlara baxırlar.
Nizami
Sizə kim lazımdır?
1-ci mühafiz
Biz eşikdə Məhsəti xanımı gözləyirdik. Vali bu işdən xəbər tutsa, ikimizi də dar ağacından asdırar. Məhsəti xanım, buyurun!
Nizami
Ürəyinizin yerindən daşmı asılmışdır? Kimi sürgün etdiyinizi bilirsinizmi?
1-ci mühafiz
Sizin xətriniz üçün ölümdən qorxmayıb razı olduq. Bizi əfv edin. Gedək, xanım!
Nizami
Yox, yox, mən onu heç yana buraxmaram. Qoy şahlar onun intiqamını məndən alsınlar.
Məhsəti
Sənin həyəcanın müqəddəsdir, şair! Lakin hökmdarlar Allahdan da inadkardırlar. Mən gedirəm.
Vətəndən qovulan bikəsdir ürək,
Mənə deyirlər ki, canından əl çək!
Nə deyim, bu dünya karvansaradır,
Bir qara pula da dəyməzmiş gərçək!..
Nizami
Mən bütün dünyanı, o böyük yaradanı köməyə çağıracağam. Mən bu zülmü yerdə qoymayacağam. Qoy şahların içdiyi insan qanı cuşə gəlib bu zülm evini uçursun!
Məhsəti
Mən gedirəm, şair. Harada olsam, şerin səsi yenə eşidiləcəkdir. Həyatımın son günlərində mənə bu da bəsdir. (Nizamiyə və Afaqa) Yaşayın, əzizlərim, xoşbəxt olun.
Mühafizlər Məhsəti xanımı apardıqları zaman, Afaq sarsılaraq Nizaminin qolları arasına düşür. Dərin sükut içində Nizami onun üzünə baxır. Onu götürüb yerinə uzadır.
Nizami
Ey böyük Tanrı, biz öz məhəbbətimizlə insanları əsrin çamurluğundan nəhayətsiz göylərə, dibsiz fəzalara qədər yüksəltmək istərkən, sən öz fitnənlə nə üçün bizim səadət sarayımızı uçurursan? Ey fələk, sənin gərdişin nə üçün rəqqasələr kimidir? Ey böyük Yaradan, əgər sən yox deyilsənsə, cavab ver! Bilirsənmi bu kimdir? Bu mənim Afaqımdır. Gözlərim önündə böyük üfüqlər açan ilahi bir məhəbbətin canlı heykəlidir. Afaq, mənim qaranlıq daxmamı, soyuq evimi öz nəfəsilə isidən bir ocaqdır ki, indi sən onu söndürmək istəyirsən!..
Afaq (gözlərini açaraq)
Beş günlük ömrümü də Məhsəti xanımın fəlakəti əlimdən aldı. Mən ölürəm, əzizim... Odur bax, yaralı ceyran... O məni yenə də axtarıb tapdı...
Nizami
O sənin taleyin deyildir, Afaq! O, yaralı vətənin timsalıdır, əzizim. Vətənin yaraları isə, əbədi deyildir. O yaralar sağalacaq. İstəkli qardaşın Əbdək də tapılacaqdır...
Afaq
Of, qardaşım, indi sən haradasan? (Nizamiyə) Bilirəm, Şirvana onu axtarmağa gedirsən. Sağ ol, səndən yalnız bir ricam var. Mən öləcəyəm. O şerini bir də oxu, qoy son görüşümüzdə ürəyim bizim ölməz xatirəmizdən qüvvət alsın!
Nizami
Yox, yox, Afaq, biz hələ yaşayacağıq! İrəlidə görəcək xoş günlərimiz var. Biz əbədi səadət üçün yaranmışıq.
Afaq
Elədir, əzizim... Əbədiyyət qədər ölməz olan məhəbbətimiz bizi yaşadacaqdır. Rica edirəm oxu!..
Nizami (tuncdan tökülmüş bir heykəl kimi dayanaraq)
Gecə xəlvətcə bizə çeşmi xumar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.
Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi.
Mən ona göz yetirib, xəlvəti baxdım, baxdım...
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.
Uyuyub hər ikimiz rahat olub bir yatdıq,
Bəxtimin bağçasına güllü bahar gəlmiş idi.
Dedi: getmək dəmidir, söylə nə istərsən yar?
Tez oyandım, demə röyama o yar gəlmiş idi!..
Qəsəm etdi ki, Nizami... oyanıb gördüm o yox,
Demə röyada bizə çeşmi-xumar gəlmiş idi...
Dərin bir sükut içində.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-nizami-sekkizinci-sekil
Use ← → keys to move, R for a random poem
More by this author
Bəhramın sarayı*Bəhram**
On beşinci şəkilBəhramın sarayı. Cavanşir çox məyus gəzişir, Söhrab daxil olur.*Söhrab**
Sabir – novatorDeyilənə görə XIX əsrdə Azərbaycan ədəbiyyatı meydanına yüzdən artıq “şair” gəlmişdir. Bunların da çoxusu tamamilə unudulmuşdur. Bunda xalqı taqsırlandırmaq olarmı? Yox. Müqəssir yalnız şairlərin özüdür. Xalqımız gözəl şairlərini sevməyi bacarır. Buna bir neçə misal da göstərə bilərik. Budur, dindarların, molla və axundların tələbi ilə böyük bir insan, dərin bir filosof, gözəl bir şair işgəncə ilə öldürüldü. Onu ölümlə xatirələrdən silmək istədilər, lakin xalq, avamlıq dünyasının qatı qaranlığı içində parlayan bu məşəli sönməyə qoymadı, bəlkə, tərsinə, onu günəş kimi daha da yüksəklərə qaldırdı, onun nurunu içdi, *lakin yenə də yuxulu gözlərini aça bilmədi, yalnız aşıqların qəmli səsi* ilə uzun əsrlər boyu dərdli-dərdli inlədi:Nəsimini dabanından soydular!..
Böyük aşıqAzərbaycan aşıqları içərisində ən görkəmli yeri Göyçə mahalının xalq aşıqı Ələsgər tutur. Bir əsrdən artıq yaşamış bu böyük aşıq, elə bir bədii səviyyəyə yüksəlmişdir ki, bu gün biz onu Vaqif, Vidadi kimi şairlərimizlə yanaşı tədqiq edib öyrənsək, ona ədəbiyyat tariximizdə olduqca fəxri bir yer versək, məktəblərimizin ədəbiyyat dərsi proqramlarına belə salsaq heç yanılmarıq. Çünki Aşıq Ələsgərin qoşmaları, təcnisləri, dodaqdəyməzləri, həcvləri yüksək mündəricə ilə yanaşı ən zəngin şeir formalarını da qavrayır. Aşıq Ələsgər böyük bir talantdır. Heç də təsadüfi deyildir ki, bu günkü aşıqlarının çoxu onu öz müəllimi hesab edir.Ələsgər şüurlu olaraq öz yaradıcılığı qarşısında müəyyən vəzifələr qoyur. Dünya filosoflarının estetik görüşlərindən tamamilə xəbərsiz olan bu böyük sənətkarın özünə məxsus müəyyən ədəbi kodeksləri də vardır. Görün o, aşıqdan nə tələb edir:
Poems by other poets
Sağlam vücudda sağlam beyin, sinir bulunur,Sağlam beyində sağlam ağıl, fıkir bulunur,
Qasım bəy ZakirəZakira, eşitdim təzə bir xəbərHəqiqətdə qoydu məni xeyli mat
OlduƏyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,