Page 9 of 9 · 89%

– Neft qəhrəmanlarına həmişə vaxtlı-vaxtında fəxri adlar və ordenlər verildiyinə görə, onları əlavə tərifləməyə ehtiyac görmürəm. Qəzetlərimiz bu barədə az yazmamışlar və mənə elə gəlir ki, redaksiyalarımızın tənqiddən çox tərifə meyli var. Bu isə bizim ən böyük qüsurumuzdur.

Bu sözlərdən Qüdrət də, Lalə də öz payını aldı. Dünən qəzetlərin hamısı onların trestlərini tərifləmişdi.

– Biz özümüzü haqlı olaraq qabaqcıl adlandırırıq. Lakin unuduruq ki, bu şərəfli ad bizim boynumuza əlavə vəzifələr qoyur. Nə üçün neft planı az dolmuşdur?

– Az? – deyə Qüdrət qeyri-ixtiyari səsləndi.

– Ona görə ki, biz hələ də pis işləyirik. Bəli, bəli, pis. Bütün plan üç-dörd trestin hesabına dolmuşdur. Bəs qalanları? Planları dolduran trestlərin müdirləri bundan belə bir nəticə çıxarmamalıdırlar ki, guya onların fəaliyyəti tərifə layiqdir. Xeyr! Onlar planı bir-iki mədənin hesabına doldururlar. Bu nə deməkdir? Bu yol artıq köhnəlmişdir!

Salon elə səssizdi ki, Aslanov bir an susanda, adamların qulağı cingildəyirdi.

– Plan nədir? Plan qanundur. Ona əməl etməyənlər dövlət qarşısında məsuldurlar.

Burada oturanların hamısı, demək olar ki, Aslanovun xasiyyətinə bələddi. O, yalnız ümumi həqiqətləri deməklə kifayətlənməyəcəkdi. Bu, Qüdrətə də, Laləyə də gün kimi aydındı. Doğrudan da katib bir-iki cümlədən sonra heç bir kağıza baxmadan trest rəislərinin, raykom katiblərinin, mədən müdirlərinin, buruq ustalarının, mühəndislərin hətta ayrı-ayrı briqada üzvlərinin adını çəkə-çəkə, mahir bir tənqid ustası kimi, onların işinə mane olan səbəbləri sadə və aydın bir dillə açıb söylədi:

Belə geniş və məsul bir müşavirəyə ilk dəfə gəlmiş tək-tək adamlar Aslanovun bu qədər faktı yadında saxladığına bir növ inana bilmirdilər. Hətta Qüdrət özü onun qüvvətli hafizəsinə indi də təəccüb edirdi: “Mən öz trestimdə işləyənlərin adını onun qədər bilmirəm”.

Lalə Qüdrətə sarı əyildi:

– Bax, bax, indi bizim trestlərdən elə bir əhvalat danışacaq ki, hələ nə sənin, nə də mənim xəbərim var.

Qüdrət təsdiq işarəsi olaraq kirpiklərini qırpdı:

– Buna mənim zərrə qədər də şübhəm yoxdur! – dedi.

Şəhər komitəsi katibi, bütün Bakı neft trestlərinin vəziyyətini müfəssəl təsvir etdikdən sonra, Qüdrətin buraxdığı səhvləri də bir-bir göstərdi:

– Fəhlələrin kütləvi qəhrəmanlığından danışmaq azdır, yoldaş İsmayılzadə. Hətta bütün briqadaları qabaqcıllara çatdırmağa təşəbbüs eləmək də kafi deyil. Nə üçün sizin dördüncü mədən quyruqda sürünür? Bunun səbəbi odur ki, hər bir quyu üzərində, onun iş qaydasını müəyyən etmək üzərində müntəzəm surətdə, mütəşəkkil və planlı qaydada, ətraflı, ciddi, möhkəm və gündəlik iş aparılmır. Hər bir quyuya diqqətlə xidmət edilmir, öhdəçiliklərini yerinə yetirilməsi uğrunda əzmlə mübarizə aparılmır. Çünki siz, danışdığınız qəşəng sözlərin, bəslədiyiniz gözəl arzuların real nəticəsini yoxlamırsınız. Siz unudursunuz ki, sözlə iş arasındakı dəmir vəhdət pozulanda ümumən iş üslubu da korlanır. Siz, yəqin, dördüncü mədəndə usta Qurbanəlini yaxşı tanıyırsınız. O “təzə” bir “nəzəriyyə” icad etmişdir. Onun fikrincə ölü quyuları diriltmək iynə ilə gor qazımaqdır. Bu nədir? Yəqin ki, bu “nəzəriyyə”nin başqa tərəfdarları da yox deyil. O özü buradadırmı?

Aslanov gözlərini salonda gəzdirdi:

– Odur, bax, camaatdan üzünü gizlədir!

– Mən buradayam, yoldaş Aslanov, – deyə orta cərgələrin birindən ucaboy, qırmızıyanaq, başını ülküclə təzəcə qırxdırmış bir kişi ayağa qalxdı.

Ön sıralardan geriyə dönüb baxanlar, onu utandırdılar. Qurbanəli başını aşağı dikdi:

– O mənə nə desə yaxşıdır? – deyə Aslanov sözünə davam etdi. – Guya plan verənlərin məqsədi bu imiş ki, hamının yanında onun başını aşağı eləsinlər. Amma bu heç də belə deyil. Onun “ölü” adlandırdığı 804-cü quyunu ikinci mədəndə Dadaşlının komsomol briqadası könüllü olaraq boynuna götürəndən sonra quyu dirildi. İndi hər gün otuz ton neft verir. Halbuki, Qurbanəlinin ümidinə qalsaydı, quyu sıradan çıxıb getmişdi.

Lalə ərindən soruşdu:

– Qüdrət, bu əhvalatdan sənin xəbərin var?

– Doğrusu, yox, – deyə Qüdrət etiraf elədi. – Bəlkə məndən qabaq olub?

Aslanovun nitqi iki saatdan çox çəkdi. Ancaq dinləməyənlərin heç biri vaxtın necə tez gəlib-getdiyini duymadı. Tənəffüs verildi.

Qüdrətlə Lalə foyeyə çıxdı. Burada onlar uzun müddətdən bəri görmədikləri məktəb yoldaşlarına, vaxtilə birgə çalışdıqları köhnə dostlarına rast gəldikcə salamlaşır, hal-əhval bilirdilər. Ərlə arvad bu insan kütləsi içərisinə düşəndə, elə bil daha geniş nəfəs alırdılar. Onlar Aslanovun tənqidindən incimir, “sevdiyi adamları daha çox tənqid eləyir” deyə düşünür, bilmədikləri hadisələrdən xəbər tutduqca, ona xəyalən təşəkkür belə edirdilər. Öz trestində baş verən bir hadisəni yalnız indi öyrəndiyini görən Qüdrət, öz-özünə deyirdi: “Bax, o, tamamilə haqlıdır. Hələ də mən adamları layiqincə tanımamışam. Yoxsa trest plandan əlavə yüzlərcə ton neft verə bilərdi”.

Tənəffüsdən sonra başlanan qızğın mübahisələr gecə saat birin yarısına qədər uzandı. Aslanov, giriş nitqində deməyə imkan tapmadığı kəsirləri tez-tez natiqlərin yadına salır, mübahisənin odunu bir an belə soyumağa qoymurdu. O, sanki, böyük bir gəminin mahir kapitanı kimi, hara hansı yolla və nə zaman gedəcəyini əvvəldən açıq-aydın görürdü.

Müşavirənin sonunda xitabət kürsüsündə usta Ramazan göründü. O, çox danışmadı. O, yalnız bu sözləri dedi:

– Bəzi yoldaşlara qəribə görünür ki, bizi niyə danlayırlar? Amma mən deyirəm, yox, yoldaş Aslanov haqlıdır. Mən özümdən başlayım. İşimi düz qursam, iki yüz faizə qalxaram, ya yox? Əlbəttə ki. Üzümüzə gələn il gərək belə olsun. Bizim yolumuz birinci növbədə zəhmət, alın təri deməkdir. Kim ki, bu yolu asan getmək istəyir, qorxuram o yarı yolda qala. Ancaq düzü, mənciyəz qalmaq istəmirəm. Fəhlə sinfi bu yolda can qoyub. Mən də elə bu yolda saç ağartmışam. Mən istəyirəm bu böyük imarəti tikib başa çatdıraq. Yaxşı, bizim nöyütümüz olmasa, xoşbəxt gələcəyə çatarıq ya yox? Yox! Çünki... Daha mən nə deyim? Özünüz uşaq deyilsiniz məndən də yaxşı bilirsiniz. Deməli, qeyrət, namus dəmidir!

Ramazan nitqinin sonunda nə isə təsirli bir söz demək istədi. Amma nə qədər fikirləşdisə, belə bir sözü tapa bilmədi və xitabət kürsüsündən aralandı.

Bütün salonu alqış səsləri titrətdi.

Aslanov müşavirəni bağlayanda, səsini bir qədər də ucaltdı:

– Bakıda tufan başlanır. Biz bu gündən daha ciddi imtahan qarşısındayıq. Biz təbiətə, stixiyaya müharibə elan etməliyik və bu müharibədən qalib çıxmalıyıq. Məncə, aydındır, yoldaşlar. Hamınıza müvəffəqiyyətlər diləyirəm!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ağır günlərin sonu

Məni inşaat materialları institutunda öz işimə qaytarmışdılar. Burda rəfiqələrimin yalnız biri qalmışdı: Rima. Məlikə ilə Tura isə ali məktəblərdə dosent vəzifəsində çalışırdılar. Direktorumuz Səmədovu işdən çıxarıb, yerinə baş elmi işçi, dosent Mirzəliyevi qoymuşdular. O məni gülərüzlə qarşılayıb, qolumdan tutmuş və birbaş köhnə otağımıza gətirmişdi. O, hər gün olmasa da, iki-üç gündən bir məni yanına çağırtdırır, dissertasiyam üzərində çalışarkən necə çətinliyə rast gəldiyimlə maraqlanır:– Heç qəm yemə, qızım, – deyirdi, – geri qalmağında sən müqəssir deyilsən. Hamımız sənə kömək edəcəyik, amma sən utanma, nə lazım olsa gəl, mənə söylə.

22 min
Birinci fəsil

1**Sərnişin qatarı sürətlə Bakıya yaxınlaşanda, göz işlədikcə uzanan şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə, elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz qırpırdı.

1 h 10 min
İkinci fəsil

1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.

1 h 5 min
Üçüncü fəsil

1**İsmayılzadə buruğu tərk edib gedəndən bir azca sonra artıq dan yeri ağarırdı. Dəniz üzərində pambıq tayaları kimi bir-birinin üstünə qalaqlanmış ağ buludlar ağır-ağır hərəkət edib cənuba doğru sürünürdü. Gecədən əsməyə başlamış yay küləyi, yavaş-yavaş qüvvətlənir, dənizin dalğaları ləngər vururdu. Üfüqdən baş qaldıran günəş indi bozumtul, qırmızı rəngə çalırdı.

49 min

Poems by other poets