Page 1 of 8

1

İsmayılzadə buruğu tərk edib gedəndən bir azca sonra artıq dan yeri ağarırdı. Dəniz üzərində pambıq tayaları kimi bir-birinin üstünə qalaqlanmış ağ buludlar ağır-ağır hərəkət edib cənuba doğru sürünürdü. Gecədən əsməyə başlamış yay küləyi, yavaş-yavaş qüvvətlənir, dənizin dalğaları ləngər vururdu. Üfüqdən baş qaldıran günəş indi bozumtul, qırmızı rəngə çalırdı.

Buruqda çalışan fəhlələr isə, hər şeyi unudub, boş keçən saatların əvəzini çıxmaq üçün təzə boruları quyuya sallayırdılar. Ramazan bir an belə fəhlələrdən aralanmır, ən adi işlərə diqqət yetirir, tələsmədən gah Cəmili, gah da Tahiri başa salırdı.

Günəş qalın buludları yırtıb hər tərəfə işıq saçanda artıq rotor adi, yeknəsəq səsilə fırlanırdı. Qazıma işi axşamkı sürətlə davam edir, hər kəsdə gərgin bir diqqət nəzərə çarpırdı.

Lakin Tahirin fikri yenə kənddə və anasının yanında idi. İndi onun ürəyini ana həsrəti göynədirdi. Bütün həyatı boyu anasından bu qədər ayrı yaşadığı yadına gəlmirdi. Burda hər şeyi bəyənir, hər şeydən zövq alırdısa da, ana nəvazişinin və ana qayğısının yoxluğunu hiss etdikcə, balaca bir uşaq kimi qəribsəyirdi: “O burada olsaydı, Bakını heç nəyə dəyişməzdim. Gətirsəm harada olacaq, kimin yanında qalacaq?.. Yox, bu mümkün deyil. Bir də, öz komasını buraxıb şəhərə gəlməz” deyə sürətlə fikrindən keçirəndə, usta Ramazanın səsini eşitdi, diqqətini toplayıb dirillometrin əqrəbinə baxdı və saatı xatırladan cihaz Lətifənin işə gəldiyi vaxtı onun yadına saldı. Tahir onu belə tez unudub kənd fikrinə düşdüyünə özü də təəccüb elədi.

Tahir daha kənd və anası üçün deyil, Lətifə üçün darıxırdı. Hər zaman olduğu kimi indi də Lətifəni xatırlayanda, kəndə qayıtmaq fikrindən vaz keçdi və tez-tez gözlərini həmişə qayıq gələn tərəfə zilləyib baxmağa başladı. Lakin Lətifəni gətirəcək “Çapayev” qayığı görünmürdü: “Ürəyimi ona açıb deyəcəyəm, nə olar, olar” – o tələsdikcə, vaxt da çox ağır-ağır keçir, elə bil hər dəqiqə bir saat kimi uzanırdı. Tahirin gözləri isə, həmişə qayıq gələn səmtdən ayrılmır və onun bu həsrət dolu baxışları usta Ramazanın nəzərindən yayınmırdı. Lakin qoca onun məhz Lətifə üçün bu qədər həyəcanlandığını xəyalına belə gətirmirdi. O, yalnız Tahirin işdən yorulduğunu, evə tələsdiyini və buna görə də dəqiqələri saydığını güman edirdi: “Cavandır, öyrəşməyib” deyə ürəyində ona bəraət qazandırırdı. Bəzən altdan-altdan Tahirə baxan Cəmil isə, onun məhz Lətifənin intizarilə çırpındığını çox gözəl bildiyindən, dodağının altında mənalı-mənalı gülürdü. Cəmil Lətifəni Tahir kimi qeyri-ciddi və keçici bir məhəbbətlə deyil, daha dərin, daha vəfalı bir məhəbbətlə sevdiyini düşünürdü. O, özünü zahirən Lətifəyə qarşı son dərəcə biganə göstərsə də, onu sevdiyini heç kəsin yanında etiraf etməsə də, hətta bu xüsusda işarə vuran yoldaşlarına qaba cavablar versə də, Tahirin ona belə tez vurulduğu kimi, tez də soyuyacağına əmin idi. Odur ki, Tahirlə Lətifənin qısa görüşləri və söhbətləri Cəmili zərrə qədər də qorxutmurdu: “Tahir uşaqdır, duza gedir!” – deyə özünə amin olan bir sevgili ədası ilə kənardan-kənara dostuna baxıb oğrun-oğrun gülürdü.

Bu halda usta Ramazan acıqlı bir səslə bağırdı:

– Tahir! Fikrin haradadır, bala?

Tahir səksənib fikrindən ayrıldı:

– Nə olub usta?

– Daha bundan artıq nə olacaq? – Qoca, gil məhlulunun kəsilib geri qayıtmadığını göstərdi. – Yüz kərə demişəm ki, bir şey olsa, tez mənə xəbər ver.

Tahir günahını başa düşüb yerində dondu, gözlərini yerə dikdi.

– Uşağa buyur, ardınca yüyür buna deyiblər də... Axı səni yekə adam bildik, iş tapşırdıq. Görmürsən nə olub?

Tahir ustanın bu acıdilliyini görən kimi, ilk dəfə onun haqqında düşündüklərini xatırlayıb, məyus-məyus xəyalından keçirdi: “Elə mən deyən kimidir. Buynuzu göründü”.

Usta Ramazan, gil məhlulunun axımını dayandırmaq üçün quyudan bir neçə addım aralı qoyulmuş sement və şüşə tozu ilə dolu kisələri göstərib fəhlələrə əmr verdi:

– Tez gətirin!

Fəhlələr onun əmrini dərhal yerinə yetirdilər. Usta özü quyudan bir an belə ayrılmayaraq, fəhlələrin quyuya tökdükləri maddələrin qədərinə fikir verir, “artır, yenə artır!” deyə səslənirdi.

Tahir ilk dəfə şahidi olduğu bu hadisədən usta Ramazanın həyəcanlandığını görüb, nə isə böyük bir səhv buraxdığını hiss edirdi. Usta yenə arabir Tahirə qanlı-qanlı baxır, narazı halda başını bulayırdı.

Bu halda “Bahar” adlı qayıq buruğa yan aldı. Dadaşlı qayıqdan düşüb buruğa gəldi, salam verdi. Hamı ilə, o cümlədən qaşqabağı yerlə gedən Tahirlə səmimi görüşdü. “Buna nə olub görəsən?” – deyə təəccüblə öz-özündən soruşdu və elə bil bütün fəhlələrə eşitdirmək üçün ucadan söyləndi:

– Niyə indiyə kimi gəlib uçota girməmisən?

– Girməyib, çünki bir ayağı kənddədir. İşinin də səmərəsi belə... – deyə usta Ramazan quyunu göstərdi. – Gərək o birilərə nümunə ola, amma o özü işləri korlayır.

Dadaşlı heç bir şey başa düşməyib soruşdu:

– Nə eləyib ki?

– Neyləyəcək? Korlayıb də... Vaxtında görməyib, xəbər də verməyib.

Dadaşlı, iclasda məsələni qoymağa adam axtarırmış kimi, üzgözünü turşudub deyinməyə başladı:

– Elədirsə, təşkilata çağırıb başa salarıq, – dedi. – Yoldaş Bayramlı! Niyə indiyə kimi gəlib uçota girmirsən?

– İşim rayondadır. Gərək yazım, göndərələr – deyə Tahir katibi inandıran rəsmi bir tərzdə cavab verdisə də, könlündən tamam başqa bir fikir keçdi: “Belə getsə, çox çətin olacaq...”

Dadaşlı onun bəhanəsini bəyənmədi:

– Hər halda iclaslarda iştirak edə bilərsən. Bu necə olub ki, avariya eləmisən?

Tahir gözlərini döydü:

– Avariya nədir?

– Avariya da... Yəni işləri korlamısan.

Tahir onun üstünə bozardı:

– Sənə nə? Sən kimsən?

– Mən? Necə yəni kiməm? Komsomol təşkilatçısı!

– Lap Allah ol. Buranın ağası usta Ramazandır!

– Sən gərək siyasi savadsızlığını ləğv eləyəsən. O necə komsomoldur ki, mövhumatdan danışır, özü də istehsalata kömək eləmir?

Tahir acığını uda bilmədi:

– Elə görürəm sən yaman kömək eləyirsən. Mən iki həftədir buradayam, bir dəfə də səni buruqda görməmişəm.

– Çünki mən istehsalatda çalışıram. O qədər vaxtım olmur. Gəlib uçota girərsən, ondan sonra məsələni ayırd elərik.

– Nə məsələmi?

– Elə bu diqqətsizliyini...

– Yaxşı, yaxşı, – deyə Tahir o yana çevrilib, Dadaşlıdan aralandı.

Dadaşlının Tahirə çox rəsmi və qaba görünən bu hərəkəti, əslində onun cavan fəhlələrlə həmişə açıq, düzünə və heç kimə xətir qoymadan danışmağı sevməyindən irəli gəlirdi. O, mədən komsomolçularını hər zaman qabaq sıralarda görmək istəyirdi. O özü ikinci mədənin bacarıqlı neft ustalarından biri idi. Onun rəhbərlik etdiyi briqada həmişə mədənin üzünü ağardırdı.

Dadaşlının qara, arıq, uzun və bozumtul üzü elə birinci görüşlərindən Tahirin o qədər də xoşuna gəlməmişdi. Onun sir-sifəti ilə bu rəftarı arasında bir uyğunluq axtaran Tahir, komsomol təşkilatçısına verdiyi cavabların birindən də narazı deyildi.

– Yaxşı eləmədin, Tahir, – deyə Cəmil dostunun qulağına pıçıldadı. – Axı niyə belə tərs cavab verirsən?

Tahir yenə də özünü tamam haqlı sayır, “bir sözünün əvəzinə ikisini deməsəm, elə bilirəm ki, maymağam” deyə düşünürdü. O, hətta dostu Cəmilin də nəsihətini cavabsız qoymayıb, az qala onun da üzünə çımxırdı.

– Görmürsən, nə deyir? Guya mən onun qabağında gərək ikiqat əyiləm.

– Yox, yox, sən haqsızsan. O çox namuslu oğlandır. Yəqin sənin xeyrini fikirləşib deyir.

Bu söhbəti eşitməyən komsomol təşkilatçısı, yan tərəfdə, gil məhluluna şüşə tozu qatmaqla məşğul olan Vasilyevin yanında durub gülə-gülə Tahirlə öz arasında baş verən ixtilafdan danışırdı:

– Nə dikbaş oğlandır, lap adamın ağzından vurur. Yəqin ərköyün böyüyüb, deyəsən o hələ şəxsi tənqidin dadına baxmayıb.

Vasilyev, belə işlərdə zəngin təcrübəli bir adam kimi, Dadaşlını başa saldı:

– Pis oğlan deyil. Ancaq onunla dil tapmağa çalış. Yanına çağır, ayrılıqda danış. Yəqin sözlərin onun xətrinə dəyib. Sən bizim fəhlə cavanlara baxma. Onlarla nə qədər sərt danışsan, yenə tənqiddən inciməzlər, amma bunun xasiyyəti başqa cürədir.

Dadaşlı, Tahirin kənarda işsiz dayandığını görüb, onu Cəmilin vasitəsilə yanına çağırtdırdı və mədəni budkaya apardı. Onlar, üstünə təzə jurnal və qəzet qoyulmuş stolun dalında əyləşdilər. Tahir, küsülü kimi, yanakı oturdu.

– Sən nə yaman acıqlısan? – deyə Dadaşlı gülümsədisə də, onun sir-sifətində elə bir dəyişiklik əmələ gəlmədi, yalnız dodaqlarının ucu azacıq qaçdı və ağ, seyrək dişləri göründü. – Axı niyə o saat adamın ağzından vurursan?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets