Page 2 of 8 · 13%

Ustanın yanında böyük bir günah işlədiyini yalnız indicə tam mənasilə anlayan Tahir susur, aralarında baş verən ixtilafı bir daha qızışdırmaq istəmirdi.

– Əlbət ki, mən səndən incimirəm, – deyə Dadaşlı səsini yavaşıtdı. – O barədə arxayın ol. Küsü saxlamağa heç birimizin haqqımız yoxdur. Amma sözün doğrusunu gizlətmək də faydasızdır. Mənim dediyim odur ki, hər bir komsomolçu gərək qabaqcıl ola.

“Hə, başladı təbliğata” deyə Tahir sürətlə xəyalından keçirdi.

– Bax, bizim trestdə üç briqada var. Hamısını da barmaqla göstərirlər. Niyə? Çünki onlar neftin mənasını yaxşı başa düşürlər. Neft nədir? O təkcə yanacaq deyil. Neft, respublikamızın namusu, şərəfidir!

Tahir özü də fərqinə varmadan yavaş-yavaş yerində qurcalanıb düz oturdu. Amma yenə də Dadaşlının üzünə baxmır, inadla sükut edirdi.

– Ona görə sən də, mən də o biri yoldaşlarımız da gərək gecə bilməyib, gündüz bilməyib can yandıraq.

Dadaşlının sözləri Tahirin beyninə o qədər də batmırdı: “Bu barədə qəzetlər hər gün yazır. Mən uşaq zad deyiləm ki?”

– Gedək, deyəsən növbəniz qurtarır. Yəqin yorğunsan. Get dincəl. Elə mən də yorulmuşam.

Bütün bu danışıqlardan sonra da Tahirin, Dadaşlı haqqında rəyində heç bir dəyişiklik əmələ gəlmədi: “Uçota girsəm, atama od vuracaq” deyə düşündü.

Onlar budkadan çıxdıqları zaman, Tahirin səbirsizliklə gözlədiyi “Çapayev” qayığı nəhayət buruğa yan aldı. Ancaq o bomboşdu. Qayığın burun tərəfindən ayaq üstündə durmuş kapitan uzaqdan-uzağa ustanı səslədi:

– Ramazan dayı! Düz yarım saat tez gəlmişəm. Daha bir sözün yoxdur ki?

Usta yorğunluqdan tutulmuş kal səsi ilə cavab verdi:

– Nahaq gəlmisən. Bəs uşaqlar hanı?

– Ömrümdə səni razı sala bilmədim də... – Kapitan kəndiri buruğu sürtülmüş yoğun dirəyinə keçirdi və özü sıçrayıb fəhlələrə yaxınlaşdı.

– Uşaqlar hələ gəlməmişdilər. Sizi aparınca onlar da gəlib çıxarlar.

Usta Ramazan axımın qabağını almamış axşam növbəsini buraxmaq istəmirdi. Quyuya tökülmüş sementin və şüşə tozunun təsiri ilə yalnız iki saat sonra axımın kəsildiyini görüb, dərindən, sərbəst bir nəfəs aldı və yalnız onda:

– Gedək, uşaqlar, gedək, – dedi. – Mən də bərk yorulmuşam. Bir də, Nisa qarı evə gec-gec getməyimdən narazılıq eləyir. Qorxuram axırda əlimdən şikayət yazdıra...

Vasilyev işdə vaxt-vədə gözləməyən qocaya qayığı göstərib dedi:

– Get, get, mən buradayam. Dünən gecə sən trestdə olanda mən bir saat mürgülədim.

Ramazan öz müavininin bu qayğısından həmişə qəribə bir həyəcan duyardı. O, Vasilyevi yalnız mahir bir neftçi kimi yox, həm də vəfalı bir dost və mülayim bir insan kimi sevərdi. Amma nədənsə bu xüsusda onların arasında bir dəfə də söz-söhbət olmamışdı. Bu dostluq hissi çoxdan bəri ətə-qana hopmuşdu və görünür, bu barədə ayrıca danışmağa heç bir ehtiyac yox idi. Ramazan da, Vasilyev də, çoxlarının dava-qalmaqalla həll etdikləri bir məsələni məhz bu dostluq sayəsində çox tez və asan həll edirdilər. Bunun bircə səbəbi vardı: Vasilyevin fikrini Ramazan, Ramazanın da fikrini Vasilyev dinləməyi bacarırdı. İlk doğru sözü demək şərəfi Vasilyevə qismət olanda, bundan Ramazan sevinər, Ramazana qismət olanda Vasilyev ləzzət alardı. Özləri bunun fərqinə varmasalar da, əsil həqiqətdə onlar bir-birini tamamlayırdılar. Ramazan adamları ruhlandırmağı bacarırdısa, Vasilyev mexanizmlərin ən xırda kəsrini belə tapıb düzəldərdi. Deyəsən onları bir-birinə sevdirən də elə bu idi.

Ramazan onun “evə get” təklifini eşidəndə, yorğun gözlərini qaldırdı:

– Yox, dost, elə sən də yorğunsan, – dedi, – get, beş-altı saat dincəl, onacan mən gözlərəm.

Vasilyev incik bir nəzərlə onun üzünə baxdı:

– Sən nə danışırsan, Ramazan İskəndəroviç, belə də şey olarmı? Sən get, mən qalıram.

Ramazan onun səsindəki inciklik nidasının nə qədər səmimi olduğunu aydın hiss edirdi.

– Yaxşı, gedim, yoxsa qarı məni boşayar, – deyə qoca usta çox çətin sezilən bir tərzdə gülümsədi.

Növbənin fəhlələri qayığa doluşdular. Tahir Cəmillə yanaşı oturdu və sazını dizinin üstünə qoydu. Birdən komsomol təşkilatçısının hədə-qorxusunu xatırladı, ilk addımdan üstünə düşəcəklərini güman edib, “mənimki tərs gətirdi” deyə fikirləşdi, vaxt ikən, biabır olmamış kəndə qayıtmağı qərara aldı. Əgər usta onun xətrini istəsəydi yenə dərd yarı idi. Tahir qorxurdu ki, komsomolda məsələsi qoyulsa, hamıdan qabaq gövdəsini qılınclayan elə usta özü olacaq.

“Çapayev” buruqdan uzaqlaşdı. Cəmil Lətifənin gəlməməsindən pərt olmuş zənn etdiyi Tahirə baxa-baxa güldü:

– Tahir, niyə oxumursan? – dedi. – Bir ağız desənə, qulaq asaq!

Tahir tutqun baxışı ilə yoldaşlarının bu təklifini çox yersiz saydığını hamıya bildirmək istədi:

– Səhər-səhər heç Bülbülün də səsi yaxşı çıxmaz. Bir də, kənardan baxanlar bizə nə deyər? Soruşmazlarmı bunların kefi niyə qalxıb?

Cəmil israr etmədi. Sakit-sakit ləngər vuran qayıqda o biri yoldaşları dərhal mürgülədiklərindən, bu xahişinin üstündə durmayıb susdu.

Tahir birdən Lətifəni xatırladı. “Bəs o?” deyə öz-özündən soruşdu və iş bir az çətinləşəndə tez kəndə qaçmaq fikrinə düşdüyü üçün özünü danladı. Bu andan etibarən Lətifə onun xəyalından ayrılmadı. Uzaqdan-uzağa sahildə gözlərilə Lətifəni aramağa başladı. Burada qaynaşan adamlar içərisində onu görmək çətin olsa da, Tahir bu arzusundan əl çəkmədi və Lətifəyə oxşatdığı bir qızı gözdən qoymayıb, ta qayıq körpüyə yan alıncaya qədər ona baxdı. Lakin Tahir zənnində yanılmışdı. Lətifə də, o biri fəhlələr də hələ görünmürdülər.

Get-gedə sifəti daha da tutqunlaşan Tahir, Cəmilə baxdığı zaman onun dodaqlarında yenə xəfif bir kinayə oxudu və üzünü ondan gizlətmək üçün başqa bir səmtə döndü.

“Çapayev” sahilə yan alanda, Lətifə ilə fəhlələr körpünün yeddi-səkkiz addımlığındakı birmərtəbəli kiçik binanın arxasından çıxdılar.

O dəmdə Tahirin əyni açıldı. Lətifə ilə üz-üzə gələn kimi:

– Sabahın xeyir! – dedi.

Lətifə nə üçünsə pərt idi. Qaşları düyünlənmişdi. O, Tahirin salamına çox soyuq cavab verdi və gözlərini tez ondan çəkib uzaqlaşmaq istədi. Tahir onun kefsiz olduğunu yalnız indi duyub yavaşcadan:

– Niyə qanın qaradır? – deyə xəbər aldı.

Bu dəfə Lətifə elə baxdı ki, elə bil gözlərində “sənə nə?” sözləri yazılmışdı.

– Bağışla ha... Demə ki, Tahir heç nə qanmır. Görürəm kim isə xətrinə dəyib.

– Əlbəttə dəyib. Hamı qanacaqlı olsaydı, daha milis nəyə lazım idi?

– Axı nə olub ki?

Lətifə deyəsən pərtliyinin səbəbini açıb söyləmək istəmirdi. Tahir də bənd olmayıb söhbətin mövzusunu dəyişdi:

– Bu axşam teatra gedəcəksənmi?

Lətifənin qaşqabağı yenə açılmadı:

– Yox!.. – deyə qısa və sərt cavab verdi.

– Axı nə olub ki?

– Bundan artıq nə olacaq? Gündüzün günorta çağı böyürdən çıxıb mənə sataşır.

– Kim axı?

– O qarmonçalan Mişanın briqadasında Hüseynqulu var ha...

– Tanımıram.

– Tanımasan yaxşıdır. Elələrilə mən özüm hesablaşaram. Səhər-səhər haradasa içib, küçə uşaqları kimi ağzına gələni danışırdı.

Tahir qəzəbindən udqundu:

– Olmaya pis söz dedi?

Lətifə gözlərini yerə dikdi:

– Elələrini şəhərdən sürgün eləsələr də azdır...

Qızın səsində çox əsəbi bir nida vardı. Dişlərini qıcadığı aydın görünürdü. – Mən axşam qayıdandan sonra ustasına deyib dərsini verdirərəm. Xalqın uşaqları boş vaxtını oxumağa sərf eləyir, amma bu...

Tahir Lətifənin qayığa tələsdiyini görüb, nə isə bir söz demək, ona təsəlli vermək istədi.

– Tək niyə gəlirsən ki?

Bu sual Lətifəyə daha da toxundu.

– Bəs kiminlə gəlim?

Tahir tutulub dinmədi. Utanmasaydı, “məndən yaxşı kavaler?” deyərdi.

– Deməli, teatra getmirsən?

Lətifə indiyəcən heç bir oğlanla teatra getməmişdi. Dedi-qoduya səbəb olmaqdan çəkinirdi. O, bəzən atası ilə, bəzən anası ilə, çox vaxt da rəfiqəsi Zivərlə gedirdi. Tahirin bu cür sərbəst və arxayın bir tərzdə onu teatra dəvət etməyi bərk acığına gəldi.

– Razısan? – deyə Tahir bir də soruşanda, o qəti və sərt bir hərəkətlə başını bulayıb cavab verdi:

– Yox! Birdən, ikidən, mənimlə teatra getmisən?

– İndiyəcən getməmişəm, bundan sonra gedərəm!

– Yoldaşım da var, pulum da. Sağ ol!

Tahir yavaşcadan, yalnız Lətifənin eşidə biləcəyi bir səslə dedi:

– Niyə acığın tutur? İstəmirsən getmə, – Lətifə qaşqabağını daha da bərk sallayıb, cəld addımlarla uzaqlaşdı və bir də geriyə baxmadan aşağı enib qayığa atıldı.

Onun bu etinasızlığı Tahirə çox toxundusa da, o, zahirən şəstini pozmayıb, məftun nəzərlərlə arxadan Lətifəni bir xeyli süzdü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets