Üçüncü fəsil
Page 8 of 8 · 88%
Lalə bir azdan sonra onun dalınca içəri girəndə, Qüdrəti elə oturduğu yerdəcə yuxuya getmiş gördü. Oxuduğu kitab dizinin üstündən sürüşüb yerə düşmüşdü.
Lalə aşağı əyilib kitabı götürəndə, Qüdrət gözlərini açdı.
– Gör necə yorğunam ki, beş səhifə də oxuya bilməmişəm.
Lalə yataq otağını göstərdi:
– Yorğunsan, get yat!
– Bu tezdən? – Qüdrət Lalədən kitabı aldı. – Yox, mən hələ yatmaq istəmirəm. Bəlkə bir yerdən zəng oldu? – Kitabı vərəqləyib oxuduğu son səhifəni tapdı. – Sən də bu əsəri mütləq oxu! – Qüdrət Laləyə təlqinedici bir nəzər saldı və bu sətirləri ucadan oxudu: “Marqarita! Marqarita!.. Ver! Ver! Əbədi vicdan əzabı qarşısında altmış min frank nədir? Axı mən öləcəyəm, bu məni öldürəcək... Dinlə məni! Mənim sözüm müqəddəsdir. Əgər müvəffəqiyətsizliyə düçar olarsam, işdən imtina edib, Flandriyanı hətta Fransanı qoyub gedəcəyəm, əgər sən tələb etsən, günəmuzd işləyən fəhlə olacağam”.
– Bu nədir, Qüdrət?
Qüdrət arvadına romanın süjetini danışdı və son səhifələrini ucadan oxuyub, Lalənin də eyni dərəcədə həyəcanlandığını hiss elədi, yavaş-yavaş ayağa qalxaraq, razı halda öz adi təbəssümü ilə gülə-gülə yataq otağına keçdi...
Şirmayı isə nənəsi ilə yanaşı uzanıb Seyranın hekayəsini dinləyirdi:
– Seyran Sibirə gedəndən sonra Cavahir ağlaya-ağlaya qaldı. Gözünün yaşını çay kimi axıtdı. Böyüklərdən kimə gedib yalvardısa da, heç kəsin ona rəhmi gəlmədi. Elə hamısı deyirdi ki, “Padşahın düşmənidir, Allahına şükür elə ki, dar ağacından asmayıb, sürgünə yollayıblar”. Eh, qızım, o vaxt kasıbların dostu nə gəzirdi?.. Cavahirin hər yandan əli üzüldü, əlacı kəsilib ərinin yolunu gözlədi. Seyran gedəndən üç ay sonra bir oğlu oldu. Amma ay keçdi, il dolandı, Seyrandan bir xəbər-ətər gəlmədi. O, Seyranı düz on il gözlədi. Axırda Nikolay padşah taxtdan düşdü. Sibirin yolları açıldı.
Şirmayının gözlərində sevinc qığılcımları parıldadı. O, tez-tez nəfəs alıb, hadisənin xoşbəxt bir nəticə ilə qurtaracağını düşünüb yerində qurcalandı.
Tükəzban isə köksünü ötürdü. Onun dodaqlarında qəmli bir təbəssüm gəzindi. Bir neçə an sükut edib, kədərli və titrək səsilə nağılın sonunu danışdı.
Gedənlərin çoxu qayıtdı, ancaq Seyrandan yenə də səs-soraq çıxmadı...
Şirmayının üzündəki inci təbəssüm yavaş-yavaş silinib getdi, gözləri böyüdü.
– ...Sən demə, yazıq Seyran qürbətdə Allah rəhmətinə gedibmiş...
Tükəzban nağılını qurtardı və doluxsunmuş gözlərini məchul bir nöqtəyə zilləyib hərəkətsiz qaldı.
Ona tərəf çevrilən Şirmayı, nənəsinin arıq və solğun yanaqlarında parıldayan yaş damcılarını görüncə üzü ciddiləşdi:
– Ağlama, nənə, – dedi, – bu ki nağıldır! Ancaq sən demədin, o yazığın günahı nə idi? Niyə onu Sibirə sürgün eləyirdilər?
Tükəzban qəhərlənib udqundu. Onun boğazını nə isə ağrıdırdı. O, nəvəsinin sualına yalnız bir neçə anlıq qəmli sükutdan sonra cavab verdi.
– Seyranın günahı o idi ki, işıqlı gün arzulayırdı, qızım... O istəyirdi ki, körpə balaları işıqlı gün üzünə həsrət qalmasın... – Tükəzban ah çəkdi və nəvəsinin də kədərləndiyini görüb, göz yaşları arasından elə bir zorla gülümsündü:
Qızcığaz ürəyinə daman həzin bir qüssədən köyrəldi:
– Nənə, dedi, – mənim babam da Sibirdə ölüb, elə deyilmi?
Tükəzban yenə əlini onun saçlarında gəzdirdi və bu nağılı danışdığına peşman olmuş kimi, bir də köksünü ötürdü.
– Elədir, qızım, – dedi. – Seyran elə sənin rəhmətlik baban idi... Ondan yadigar qalan oğlan uşağı da atan Qüdrət idi. Babanı hökumət sürgünə yollayandan sonra mən onun-bunun qapısında paltar-palaz yuyub atanı saxladım, böyüyəndə məktəbə apardım. Özüm ac-susuz qaldım, amma atanı oxutdum, qızım.
– Ay nənə, babam nə təhər adam idi?
– Elə Qüdrətə oxşayırdı, qızım...
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-ucuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Dağıstan cəbhəsindəki çar ordusu qərargahında generalın mənzili. Mariya dərin bir ilhamla olduqca həzin bir sonet çalır. Hər tərəf sakitdir. Birdən top səsi eşidilir. Mariya səksənir və bir anlığa hərəkətsiz dayanıb ətrafı dinləyir. Yenə piano çalmağında davam edir. Onun arxasından yavaşca addımlarla general gəlir. Top səsi bir də təkrar olunur.*Mariya**
İkinci şəkilAul... Uzaqdan top-tüfəng səsləri eşidilir... Aulda çığırtı-bağırtı vardır. Birdən qiyafəsini dəyişmiş Soltan görünür. Aula doluşan soldatları görüb gizlənir.*General** (*paruçik Rayevski və o biri zabitlərilə gəlir*)
Üçüncü şəkilŞamilin mənzilində böyük bir otaq. Divardan müxtəlif çeşidlərdə qılınclar, xəncərlər, tapançalar asılmışdır. Pəncərə güllü-çiçəkli həyətə açılır. Yan tərəflərdə birər qapı var...*Pərdə açıldığı zaman Şamil Soltanın üstünə bağırır.*
Dördüncü şəkilÇar ordusunun qarovul xətti. Dumanlı gecə... İvan, Dmitri, Fyodor.*Dmitri** (*kimi isə görərək*)
Poems by other poets
Şeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Təcnis: Kəlbin olub yaslanmışam dərdə yarKəlbin olub yaslanmışam dərdə yar,Bir kərə bizi çağırmazsan ayla,
Nəbi XəzriyəHəyətdə sızlayır Eldar şamları,Dinləyəni kimdi, anlayanı kim...
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni