Axı demişdik ki...
Yenə həmdəmimdir qələm-dəftərim,Bir küncdə közərən tənha ocağım.Niyə darıxmıram səndən ötəri,Axı demişdim ki, darıxacağam...
Getdin sən. Yeridir dalınca gülsəm,Gedib xatirən də özündən qabaq.Bəlkə sabahısı üz-üzə gəlsəkSəni tanımaram, faciənə bax.
Arabir beynimdə fikir yelkəniSəni xilas edir, məni qərq edir.Bəlkə sən özünlə apardın məni,Məndəsə qalmadın, nə qəribədir.
Bəlkə də bundadır bəxtiyarlığın,Mənimlə dil tapmaq deyildir asan.Əgər yoxluğunda yoxsa varlığınDemək, varlığında sən elə yoxsan.
Yenə çay qırağı öz görkəmində,Gözləri yol çəkir cığırın, yolun.Meşə sükutunun gizli qəmindəTəəssüf oxunmur: «Hanı bir qolun»?.
Mən indi bildim ki, o dilim – axmaqQəlbimdən gizli çox yalanlar demiş.Mən indi bildim ki, sənli yaşamaqSənsiz yaşamağa bərabər imiş.
Yalta, yanvar, 1968
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-axi-demisdik-ki
Use ← → keys to move, R for a random poem