Sözsüz olanda
Qələmim yol çəkə, dağ yara bilmir,Yoxdu sözlüyümdə sözdən ayrı dən.Qələmim bəşəri qurtara bilmir,Əməli əyridən, əli əyridən.
Əlini kəsənə əl verir bəşər,Səs verir, kürsüyə çıxardır da bir.Qələmim axtarır ayrı bir peşəElə ki, kəsərli söz tapa bilmir.
Yalan satmağından əl çəkmir yalan,Düzə dirsək vurur, düz baxa-baxa.Su olur yandıran, su tapmır yanan,Göz də oğurlanır göz baxa-baxa.
Qalır balinasız ümman suları,Sahildə raketlər baş-başa, min-min.Cavab istəyəndə ərzin sualıDili topuq vurur natiq qələmin.
Qorxuram daş yağa çörək təknəmə –Söz ki, ağsaqqallıq eləyə bilmir.Qəzəb çəlləyinə barıt tökənəQələmim yağ-ballıq eləyə bilmir.
Bəlkə qələmimi eşitmir masam,Şahların əsası ondan hökmlü!Neruda harayı dəfn olmayıbsaÇili qayaları niyə hönkürür?!
Hardasa bir xalqın itir bayrağı,Hardasa bir səngər vətəndir demək.Toplar dinməyirsə, ərzin bayramı,Şəhriyar dinmirsə, matəmdir demək!
Sən də bloklara qoşul, qələmim,Qırmızı qələmlər bloku yarat!Döyüb qapısını qonşu qələmin,Dünya sularına qoşun çıxaraq.
Silah bazaları üstündəcə bizTikək söz bazası – ondan da uca.Uzaq mənzilləri vuran səsimizHər dildə danışar, hər eldə uçar...
Hərdən qulaqlarım gözsüz olandaÜrəyim dünyanı eşidə bilmir.Sözlü olmayanda, sözçü olandaQələmim dərinə işləyə bilmir...
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-sozsuz-olanda
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yetişdi hesablar, doldu mətləbə,Şükür, üstümüzə çaldı bir günəş.
Təcnis: Əhəd, lə yəzəl, vahid, yəktaƏhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
UzaqSahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.