Qızım
Sən mənim xəyalımın bəzəkli otağında,Şirin-şirin yatarkən öz yumşaq yatağında,Dodaqları gah gülən, gah büzüşən qızımsan.
Sən bahar həyatımın təzəcə çiçəkləyən,Gözlərimdə boylanan, yıxılan, iməkləyən,Şirin dilli bir ilkim, gül üzlü şən qızımsan.
Mən evimdə yandırıb göz qırpmayan ağ şamı,Masamın arxasında keçirəndə axşamı,Bəlkə düşünməyirdim heç həyat yoldaşını.
Bu yolda mən qıyarkən ömrümün az payına,Sən ətəyimdən tutub, bu günün subayına:“Bəs mənim anam hanı?” dedin çatıb qaşını.
Bir şairin ki, dolsun gözəllərlə dörd yanı,O soruşmaz: “Ay ellər, mənim sevgilim hanı?”Deyib bəzən özümü çox bəxtəvər sanırdım,Bəzən də bu halımdan bezikir, usanırdım.
Usanırdım o dilsiz, nəşəsiz otağımda,Gecələri mənimlə keçirib yatağımdaBaş-başa çatıb yatan qərib yalqızlığımdan;Qapını ehtiyatla, gizli açıb çıxandan.
Bir səhər yeni həyat, yaxşı yoldaş həvəsi,Anamın gözlədiyi o xəyali nəvəsiMəni çəkdi, çıxardı subaylıq cığırından;Evimdə hiss edildi saf gülüş, təzə insan.
İndi, bax, radionun: “Qalxın!” deyən səsilə,Sabahın otaqları dolaşan nəfəsiləİş başına getməyə oyanan iki candır!Biri mənəm, ay qızım, biri sənin anandır!
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-qizim
Use ← → keys to move, R for a random poem
More by this author
Doğma Vətən, sən böyük sənətkarlar elisən,Sən bir incə rübabın qırılmayan telisən.
PuşkinArabir işvəli, nazlı gözəllərÇiçəkdən başına çələng toxuyur.
Ay qızSən bir açılmalı təzə qönçəsənMən sənin yarpağın olaydım, ay qız!
ƏntərəXəyal uçan bir qartala oxşayar,Üfüqlərdə qanad çalar, süzər hey.