Xalçaçı qız
Bizim təbrizli qızlar,
Nəzərdən gizli qızlar,
Böyük bir karxanada
Nə müddətdir xanada
Xalı toxuyurdular.
Vurub ilmə-ilməyə,
Saatlar ötsün deyə
Nəğmə oxuyurdular.
Toxucu qızlar hələ
Sevilməyib əməlli,
Hələ nəğmədən alır
Ürəkləri təsəlli.
Nəğmə:
Oğlan gəlir ovlaqdan,
Qoy sovuşsun uzaqdan.
Yoxsa qara gözləri
Öpər səni yanaqdan.
Yanağında iz qalar,
Qeybət olar, söz olar.
Yad oğlunun öpdüyü
Bir gözəli kim alar?!
Oğlan gəlir bulaqdan,
Qoy sovuşsun uzaqdan,
Qızlar, nə çıxar deyin
Ürək yaralamaqdan?
Bizim eldə sevilər
Ürəyi süsən qızlar.
Xoşlanılmaz hər yana
Yel kimi əsən qızlar.
Qoy bivəfa qızların
Sevgisi külək olsun,
İşlə əlim, butalar
Al-əlvan çiçək olsun...
Sən də elə bu zaman
Öz kiçik otağında
Bir aləm yaradırdın
Xananın qabağında.
Xəyalən dağlar aşıb,
Gəzirdin çəmən-çəmən.
Axtarırdın solmayan
Tər bənövşə, yasəmən.
Süzüb bağlar barını,
Heyvasını, narını,
Al-yaşıla qatırdın
Narıncını, sarını.
Qar örtəndə hər yanı,
Sən gəzməyib obanı,
Naxışlara verirdin
Gözlərindən qaranı.
Nə arzular, əməllər
Gəlib keçdi başından!
Ah, vurdun ilmələri
Bəzən də göz yaşından.
Sən beləcə işləyib,
Xoş butalar yaratdın.
Eşqin ilməyə döndü,
Canlı gülzar yaratdın.
Görənlər mənzərəni
İlk baharı unutdu;
Pəncərənə qondu quş,
Çəmənzarı unutdu.
Aylar keçdi bu sayaq,
Gecələr qaldın oyaq,
Toxudun öz xalını.
Təbrizin mahalını
İşlədikcə əlinlə,
Fəxr etdin əməlinlə...
Bir gün İran əfsəri,
O əfsər ki, hər yeri
Canavar tək dalayır,
O əfsər ki, yurdunu,
Görənlər bilir bunu,
Viran qoyur, talayır,
Gəldi sənin evinə
Yanında iki sərbaz,
Həris-həris xalına
Nəzər yetirdi bir az.
Bu oldu ilk sualı:
– “Qız! Kimindir bu xalı
Gözəl naxışları var
Ən bahalı xalılar
Yanında bir cecimdir;
Bunun sahibi kimdir?”
Tez qalxaraq ayağa,
Dilə gəldin: “Ay ağa!
Burulmayıb bu xalı,
Deyil ucuz, bahalı.
Bu mənim nişanlıma
Ən əziz cehizimdir”.
– Qız! Nişanlın de kimdi
– Bir sadə bağbandır o,
– Nə böyük insandır o;
Sözlərimi sırğa tək
Qulağından as, apar!
Ona bir həsir ayır,
Köhnə bir palaz apar.
Bu düşər bağbanların
Payına, qismətinə.
Sahib olmaz xanların
Gədalar nemətinə...
Zorla gözəl xalım
Əllərindən aldılar,
Sevdanı, məhəbbəti
Ayaqlara saldılar.
“Al!” deyə kefli əfsər
Üstünə qıran atdı –
Xəlvət qamarlayaraq
Sərbaz məqsədə çatdı...
Yaxşı ki, uydurmayıb
Əfsər min bir bahana,
Nişanlını o gecə
Saldırmadı zindana.
Yaxşı ki, asmadılar
O gün yarını dardan.
Nələr gözləmək olmaz
Zalım şahzadalardan!..
Sənin cehiz xalını
Tehrana apardılar.
Elə bil ki, qəlbini
Yerindən qopardılar.
Deyirdin: “Salınacaq
Xalım yar otağına”.
Döşədilər bəs onu
Kimlərin ayağına?!
Qoy deyim, əziz bacım!
Ürəyi təmiz bacım!
Onu, Məhəmməd Rza
Bağışladı aşnası
Yadölkəli bir qıza.
Xalın uzağa getdi,
Təbrizin mahalından
Özgə torpağa getdi...
Dörd bir yanı dumanlı
London adlı diyarda
Bir ingilis xanımı
O gündən balolarda
Onu tərif eləyir:
“Şah mənə vermiş” deyir.
A mənim əziz bacım,
Sevgisi təmiz bacım!
Deyirdin: “Salınacaq
Xalım yar otağına”,
Ancaq onu sərdilər
Lordların ayağına.
Qəm yemə, əziz bacım!
Ürəyi təmiz bacım!
Bilirəm ki, İranda
Sənətkarlıq çətindir.
Sənin zülüm, həqarət
Dövrandan qismətindir.
Hafizin vətənində
Zorlanırsa da sənət,
Boğulmayacaq yenə
Azadlıqla, məhəbbət.
Odur ki, əziz bacım,
Çalış, yenə sən toxu.
Əli qanlı cəllada
Bu dəfə kəfən toxu!
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-xalcaci-qiz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sənə bu hüsn, xəyal eyləmə müdam qalır,Çəməndə hansı güli-tər ələddəvam qalır?!
BilürmiƏrz-i halım qasid söylə dilbərə,Gör ki mənim ah-ü zarım bilürmi.
Balaşq – Sanna söylənciSorağ gəldi, Darvideldən gələn var,Zoqquldayar, dəymə əsgi yaraya.
Dilim yansın əgər dildən deyənı gəl tərki-naz eyləDilim yansın əgər dildən deyəm gəl tərki-naz eylə,Vəli, dildə təhəmmül qalmayıb, bir qədri az eylə!