Birinci məclis
Page 2 of 4 · 25%
M i r z ə H ə s ə n. Təkmil olsun.
R ü s t ə m b ə y. Təkmil olsun. İndi hər nə sözün var, de.
M i r z ə M ə h ə m m ə d ə l i. Söhbət haman səxtlik üstədir ki, siz orada yazdınız. Amma mənim əqidəmcə bu barədə bizə bir əmr buyurulubdur, o əmrdən kənara çıxmaq hər ayinə səzavar deyil. Necə ki, məlumdur və kərrat ilə eşitmişik və kitablardan təhsil eləmişik ki, həqq-təala bizə on şey təyin edib ki, bir-birindən bərkdir. Yəni ən əvvəli sonrakından boş və sonrakı qabaqkından bərk; ta gedir çıxır onuncuya ki, dəxi ondan bərk, ondan səxt bir şey dünyada yoxdur və ola bilməz.
-İçəri qapıdan Z ə h r a b ə y i m görsənir.*
R ü s t ə m b ə y v ə M i r z ə M ə h ə m m ə d ə l i (ikisi də əllərini qalxızıb birdən). Ana, dayan, hələ gəlmə, söz danışırıq.
-Zəhra bəyim yox olur.*
M i r z ə M ə h ə m m ə d ə l i. Haman bərk şeylərin əvvəlincisi daşdır.
R ü s t ə m b ə y. Yəni necə daş? Axır dünyada daş çoxdur, görək hansını deyirsən?
M i r z ə M ə h ə m m ə d ə l i. Heç təfavütü yoxdur. Hansı daş olur-olsun.
-Rüstəm bəy və Mirzə Həsən gülürlər.*
M i r z ə M ə h ə m m ə d ə l i. Dəxi burada gülmək, yəni çe? Siz xahiş etdiniz, mən də deyirəm. Lazım deyil, məni əfv buyurunuz; dəxi gülmək yəni nə olsun? Heç dəxli var?
R ü s t ə m b ə y (gülümsünə-gülümsünə). Yaxşı, sözünü de, gülmənik. Sonra? Daşdan sonra?
M i r z ə M ə h ə m m ə d ə l i. İkinci mərtəbədə daşdan sonra bərk olan şey dəmirdir, zira bu iki cisimləri bir-birinə vuranda (əllərini qoşa tutub yavaşca bir-birinə vurur), aşkardır ki, dəmir daşı sındıracaq.
-Rüstəm bəy və Mirzə Həsən yenə gülürlər.*
M i r z ə M ə h ə m m ə d ə l i. Hə … gülərsiniz, gülərsiniz. Vay sizin halınıza!… Afərin lüğət yazanlar!
R ü s t ə m b ə y (gülə-gülə). Sonra? Dəmirdən sonra bərk olan şey hansıdır?
-Mirzə Məhəmmədəli durur ayağa, istəyir getsin. Rüstəm bəy durur, onun qabağını kəsir.*
R ü s t ə m b ə y. Məhəmmədəli, uşağa uşaq deyərlər, böyüyə də böyük deyərlər. Sən sözünü de, əgər sənin sözün haqdır, gərək onu deməkdən çəkinməyəsən. Allaha şükür, sən vaizsən, müəllimsən; sən baxma bizim gülməyimizə, sən sözünü de. Əgər bizə lazım olar, lüğətə də bir şey yazarıq, lazım olmaz,--olmaz.
M i r z ə H ə s ə n. Mirzə Məhəmmədəli, mən səndən xahiş edirəm, hövsələ eləyəsiniz və bəyanatınızı başa yetirəsiniz.
M i r z ə M ə h ə m m ə d ə l i (bir qədər fikir eləyib, oturur yerində və sonra başlayır). Dəmirdən bərk olan şey odur ki, dəmiri əridir və özü də səxtlik ənasirində üçüncü dərəcədədir. Oddan bərk olan şey sudur ki, odu söndürür və səxtlik ənasirinin dördüncü dərəcəsindədir.
-Rüstəm bəy və Mirzə Həsən əllərini ağızlarına basıb gülürlər.*
Sudan bərk olan şey buluddur ki, su haman buluddan əmələ gəlir. (Yenə içəri otaqdan səs gəlir, yenə Mirzə Məhəmmədəli hirsli deyir). Səs gəlməsin! Görürsünüz ki, biz burda söz danışırıq! Bəli, ağama ərz olsun ki, buluddan bərkraq olan şey yeldir ki, buludlara həmişə yeldən fərman çıxır. (Bir qədər dikəlib həvəsə gəlir). Yeldən bərk olan şey mələkdir ki, yelləri idarə edir; yəni haraya göndərməlidir, göndərir; göndərməli deyil, göndərmir. (Bir az da ucadan və həvəsli). Mələkdən bərk şey mələkül-mövtdür ki, mələki qəbzi-ruh edir. Hı … gülərsiniz! Gülün, eybi yoxdur, gülün! Vay halınıza! Mələkül-mövtdən də bərk olan şey bilirsiniz nədir? Ölümdür, ölüm! Hı … gülərsiniz! (Dəxi də hirsli). Bəs bilirsiniz ki, ölümdən bərk şey nədir? Bilirsinizmi, ey lüğət yazanlar?… Ölümdən bərk şey xudavəndi-aləmin əmridir ki, lazım olan yerdə ölüm varid olur, lazım olmayanda olmur. Lazım olan yerdə vaqe olur bəlayi-nagəhanlar, misli-vəlvəleyi-səqf-asimanlar, zəlzəleyi-səthi-xakidanlar, xüsuf-küsuf, yenə xüsuf, yenə küsuf, ma-təaqəbəl-mələvan! (Əllərini yuxarı qalxızır və cuşə gəlir). Siz gərək xəcalət çəkəsiniz, adınızı müsəlman qoyub islam elmlərinə istehza edirsiniz (çığıra-çığıra durur ayağa). Niyə gülürsünüz? Burada ilan oynatmırlar ki? Məgər insan öz qəbahətini gərək annamaya? Eyb deyil? (hirsli gedir qapıya tərəf).
-Rustəm bəy və Mirzə Həsən dururlar ayağa və Mirzə Məhəmmədəlinin qabağını kəsib deyirlər.*
R ü s t ə m b ə y və M i r z ə H ə s ə n. Dayan bir, dayan bir!
-Çöl qapıdan S ə m ə d V a h i d girir içəri və qiylu-qalı görüb deyir.*
S ə m ə d V a h i d. İştə irkaklar! Hayda arkadaşlar!
M i r z ə M ə h ə m m ə d ə l i (hirsli və ucadan Səməd Vahidə). A kişi, hələ bilmirəm bu nə deyir ey!…
-Səməd Vahid gedib oturur yerində və kağız-qələmini çıxardır. Rüstəm bəy və Mirzə Həsən yenə gülməkdədirlər. Mirzə Məhəmmədəli istəyir başmaqlarını geyə, gedə.*
-Zəhrabəyim qapıda görsənib, Mirzə Həsəndən utanır və çəkinir. Mirzə Həsən bunu anlayıb, Rüstəm bəydən izin alıb çıxır, gedir. Zəhra bəyim yavaşca içəri girir və qorxa-qorxa gəlir çökür bir tərəfdə. Rüstəm bəy öz yerinə oturub kitaba baxır. Mirzə Məhəmmədəli qapının ağzında dayanıb, bir istəyir çıxa, bir istəyir qala.*
Z ə h r a b ə y i m (Mirzə Məhəmmədəliyə). Ay balam, bir dayan görüm, hara gedirsən? Axı nə üstə bu qədər savaşırsınız? Ay belə sizə mən qurban olum, axır min dərd-sərimiz, dost-düşmən var!
M i r z ə M ə h ə m m ə d ə l i. Ana, sən allah sən də əl götür bizdən!
Z ə h r a b ə y i m. Bala, sizin belə mən qadanızı alım, mənim axır siznən vacib işim var. Məhəmmədəli, bala, bir gəl otur, arxayın danışaq. Sən özün, allaha şükür, yaxşı-yamanı bilənsən. Axır, o qızı hər yandan istəyirlər; qız uşağının evdə qalmağının da bir vaxtı var. Nə deyirsən, ay Rüstəm bala? Sən nə deyirsən, Səməd bala? Niyə dinmirsən, Məhəmmədəli bala! Bir deyin görüm, nə məsləhət görürsünüz? Sizə gələn qada-bala mənə gəlsin.
M i r z ə M ə h ə m m ə d ə l i (acıqlı). Mənə dəxli yoxdur! Hər kəsə istəyirsiniz verin.
R ü s t ə m b ə y (kitabı qoyur, durur ayaq üstə). Ana, mən qabaqca da sənə demişəm, indi də yenə deyirəm, qoy oğlanların da eşitsinlər: qız gərək öz xoşu ilə hər kəsə ki, kefi istədi, onu görə və bəyənə və ərə gedə. Dəxi o əsrlər keçibdi ki, qızı zornan istəmədiyi adama ərə verirdilər. Ancaq yenə mən məsləhət görürəm ki, Gülbaharı Aslan bəyə verək.
M i r z ə M ə h ə m m ə d ə l i (hirsli). Əstəğfürullah! Əstəğfürullah! Əgər Gülbahar mənim bacımdır, mən bu əmrə hərgiz razı ola bilmənəm!
R ü s t ə m b ə y. Nə səbəbə razı ola bilmirsən? Xub, nə eybi var, razı olmursan, sən de görək kimə verək?
M i r z ə M ə h ə m m ə d ə l i. Mən nə bilim? Kimə qismət olar, ona verərik.
R ü s t ə m çb ə y. Axır necə kimə qismət olar? Hazır qızı istəyirlər, dəxi yüz il gözlətməyəcəyik ki?
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-anamin-kitabi-birinci-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Nağıl edibdi Lağlağı Sadıq. Yazıya götürübdü qəzetçi Xəlil.*Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman səs pak və təmiz insafımın səsidir ki, hamıda o insaf var. Hər kəs guş-huş ilə onun buyurduğuna qulaq asıb, əmrinə əməl eləsə, çox sirlərdən agah olub, çox şeylər bilər.
Dəllək... nski küçədə Qarı nəvəsi Cuqqulu dəllək dükanını açıb, bir azdan sonra dəllək dükanı da səhvən dönüb olub qumarxana. İmdi əgər Cuq¬qulu qumar oynatmasa, şətəl pulu cibindən çıxacaq. Əgər oynatsa, dəlləkliyi yaddan çıxacaq. Odur ki, həmi qumar oynadır, həmi baş qırxır. Deməli, hər barədə də qırxır.(Hələlik qulaq verin)
OlacaqsanMən eylə bilirdim kı, mənə yar olacaqsan,Aləmdə məne yari-vəfadar olacaqsan,
OyanmadımDərədə yatmış idim, oyatdılar, oyanmadım,Bumuma tikanlan uzatdılar, oyanmadım,
Poems by other poets
Qul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Dustlar, sərf eylərəm, nəqdi-vəfa bir yar üçünDustlar, sərf eylərəm, nəqdi-vəfa bir yar üçünKim, edər yüz min cəfa hər dəm bana əğyar üçün.
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki