Page 3 of 4 · 50%

M i r z ə M ə h ə m m ə d ə l i (bir qədər dinməyib). Mənə qalırsa, Gülbaharı Mirzə Bəxşəliyə verərik.

-Rüstəm bəy gülür.*

S ə m ə d V a h i d. Necə Mirzə Bəxşəliyə? Müəllim Mirzə Bəxşəliyə?

M i r z ə M ə h ə m m ə d ə l i. Bəli, haman Mirzə Bəxşəliyə.

S ə m ə d V a h i d. Bən buna hərgiz razı olmam.

M i r z ə Mə h ə m m ə d ə l i (təəccüblü). Necə yəni razı olmazsan? Hələ sən nəçisən?

S ə m ə d V a h i d. Bənə qalıyorsa, Gülbaharı Hüseyn Şahidə verməli.

M i r z ə M ə h ə m m ə d ə l i (sağ əlini fırladır). Pəh-pəh-pəh, buna bax sən allah! Bu da bizə müştəri tapdı.

Z ə h r a b ə y i m. Ay balalarım, sizə belə mənim canım qurban, bir mənə deyin görüm, o dediyiniz adamlar kimdilər? Yaxşımı adamdılar, nəçidirlər?

R ü s t ə m b ə y. Ana, mən dediyim Aslan bəy çox yaxşı adamdı; özü də keçən il yurist dərsi oxuyurdu, sonra peşiman oldu, vastoçni fakultetə girdi. İndi istəyir mal həkimi olsun.

Z ə h r a b ə y i m (Səməd Vahidə). Bala, sən dediyin adam kimdi, nəçidi? Bir qulluğu varmı?

S ə m ə d V a h i d. Ana, Hüseyn Şahid bizim gənc ədiblərimizdəndir, özü də xeyriyyə məktəbində ədəbiyyat dərsi müəllimidir.

-Mirzə Məhəmmədəli başını bulayır.*

M i r z ə M ə h ə m m ə d ə l i. Pəh-pəh-pəh! Elə bizim gənc ədibimiz əskik idi. Allah bəd nəzərdən saxlasın. (Hirsli). A kişi, mən bilmirəm ədib nədi, axır ey?

R ü s t ə m b ə y. Qardaşlarım, mən sizdən xahiş edirəm ki, hər nə eləmək istəyirsiniz, məsləhətnən və ağıl ucuynan eləyin. Onu siz gərək bilmiş olasınız ki, o şey ki, mehribançılıqnan və məsləhətnən aşar, dava-qalmaqalnan aşmaz. Genə də deyirəm ki, Gülbahar bizim bacımızdı, gərək biz üçümüz də səy, təlaş edək ki, bacımız bədbəxt olmasın. O axı heyvan deyil ki, yapışaq əlindən, kimə ki istəyirik--verək. Sən bir söz deyirsən, mən bir söz deyirəm, o bir söz deyir. Qardaşlarım, beləliknən bir mətləb hasil olmaz. Qız hazır, bax, o qapının dalındadı (əlini içəri qapıya uzadır), çağıraq bu saat özündən sual eləyək ki, görək meyli kimədi? Aslanbəyə istər, Aslanbəyə gedər, Mirzə Bəxşəliyə istər, Mirzə Bəxşəliyə gedər, Hüseyn Şairdi-nədi, onu istər, ona gedər.

S ə m ə d V a h i d. Belə məsləhətə qarşı bən bir söz söyləməm.

R ü s t ə m b ə y (Mirzə Məhəmmədəliyə). Niyə dinmirsən, Məhəmmədəli?

M i r z ə M ə h ə m m ə d ə l i. Özünüz bilin, mənim işim yoxdur.

-Rüstəm bəy durur, qapıdan Gülbaharı çağırır. Gülbahar girir içəri.*

Z ə h r a b ə y i m (Gülbahara). Bala, Gülbahar, gəl otu yanımda, durma ayaq üstə.

R ü s t ə m b ə y. Gülbahar, keç otu və qulaq as, gör nə deyirəm. Biz bu saat sənin barəndə danışırdıq. Sözün açığı budur ki, səni üç adam istəyir: biri Aslanbəydi, biri Mirzə Bəxşəlidi, biri də Hüseyn Şahiddi…. İndi sən də fikirləş, allaha şükür, yekə qızsan, dəxi səni öyrətmək lazım deyil. Qəlbin kimə yapışır, ona da get; bizim heç sözümüz yoxdu. Aslan bəy mənim dostlarımdandı, özü də intelligentdi; bəlkə görmüş, ya eşitmiş olasan. Mirzə Bəxşəli və Hüseyn Şahid də müəllimdirlər, amma mən onlara yaxşı bələd deyiləm. Özün bil, fikirləş və cavab ver.

-Gülbahar dinmir.*

Z ə h r a b ə y i m (Gülbahara). Bala, niyə dinmirsən?

G ü l b a h a r (Rüstəm bəyə). Dadaş, əvvəl bu ki, sən dediyin adamların heç birinə mən bələd deyiləm və qaldı ki, sizin mənim barəmdə çalışmağınız əbəsdir; çünki mən bilirəm ki, mən bir kəsi xoşlasam da, sən razı olsan, Məhəmmədəli dadaşım razı olmayacaq; Məhəmmədəli dadaşım razı olsa, sən izin verməyəcəksən; hər ikiniz də xoşlasanız, Səməd dadaşım bəyənməyəcək. Bir yadınıza salın, görün indiyə kimi mənim üstümdə siz üç qardaşın neçə dəfə dava-mərəkəsinə qonşular yığışıb tamaşaya. Yox-yox, mən heç kəsə getmək istəmirəm. Kaş siz bir-biriniznən yola gedin. (Durub çıxır gedir).

-Mirzə Məhəmmədəli gəlib oturur yerində.*

R ü s t ə m b ə y. İş belə olan surətdə mən məsləhət görürəm ki, bir surətdə ki, Gülbahar biz dediyimiz adamların heç birinə bələd deyil, sabah axşam gərək ki, cəmiyyəti-xeyriyyənin zasedaniyasıdır, özü də növbətə görə gərək bizim evə yığışalar. Aslan bəy--necə ki, üzv zasedaniyaya gələcək. Gərək hesabnan müəllimlərdən də olalar; çünki proqramlar barəsində müəllimlərdən cavab istəyiblər. Gərək onlardan şikayət də var. Xülasə, onlar gərək gələlər zasedaniyaya. Gülbahar da istəyər, çıxar onlarnan tanış olar.

M i r z ə M ə h ə m m ə d ə l i (sağ əlini oynadır). Bəli, istər, çıxar, onlarnan tanış olar….

R ü s t ə m b ə y. Nə eybi var, çıxmaz, qapının arasından baxar, hamısını görər.

S ə m ə d V a h i d. İzdivaci-niyyət edib, toğrudan-toğruya mülaqatda bulunmaq, zərrə qədər eyb törətməz, zənnindəyəm.

M i r z ə M ə h ə m m ə d ə l i (hirsli, Səməd Vahidə). Allah xatirinə, öz dilində danış, peyğəmbər xatirinə, öz dilində danış!

-Çöl qapı taqqıldayır.*

R ü s t ə m b ə y. Kimsən? Gəl!

-Daxil olur Teymurbəy, qoltuğunda papka; Zəhra bəyim üzünü tutur o tərəfə ki, Teymurbəy görməsin.*

T e y m u r b ə y. Səlam əleyküm.

R ü s t ə m b ə y. Ay əleykəssəlam, Teymur bəy. Gəl əyləş.

T e y m u r b ə y. Yaxşıdı, gedəcəyəm.

-İçəri otaqdan Zivərxanım çıxır, Teymur bəyə əl verir.*

Z i v ə r x a n ı m (gülə-gülə). A, zdravstvuyte, Temur bek!

T e y m u r b ə y (Zivər xanımın əlini öpür). Zdrastvuyte, Zivar xanum!

-Teymur bəy də Zivər xanım da otururlar Rüstəm bəyin yanında. Mirzə Məhəmməddəli acıqlı baxır bunlara. Teymur bəy papkanı açır, kağızları aralayır, sonra üç kağız qoyur Rüstəm bəyin qabağına; bu da kağızlara qol çəkir, verir Zivər xanıma, o da qol çəkib, verir Teymurbəyə. Teymur bəy də yığışdırır, qoyur papkaya.*

T e y m u r b ə y. Sabahkı zasedaniyanın povestkasında smeta məsələsi barəsində bir şey yazılmayıb; bir az biqaidə oldu. Ola bilər ki, yenə Əfruz xanım çığır-bağır sala.

Z i v ə r x a n ı m. Pajalsta, sən qorxursan qorx, amma mən heç də qorxmuram. Onlar özləri tutduqları iş guya çox qaydalıdı ki, bizimkini də bəyənməyələr? Hələ, sən allah, o dünənki nə hərəkət idi, o nə çəmxəm idi? Vallah mən Əfruz xanımın yerinə xəcalət çəkirdim.

T e y m u r b ə y (saatına baxıb deyir). Deyəsən yubanırıq ha!…

Z i v ə r x a n ı m (durur ayağa). Rüstəm, bu gün cəmiyyəti-xeyriyyənin o qədər işi var ki, bilmirəm axşama kimi qurtara biləcəyəm, ya yox. Yaxşı olardı, sən də gedə idin, bizə kömək eləyəydin.

R ü s t ə m b ə y. Eybi yoxdu, siz gedin, mən macal eləsəm, gələrəm. Harda olacaqsınız?

T e y m u r b ə y. Qabaqca gərək teatra gedək, atçotun kopyasını alaq, sonra Markovun kağız mağazasına gedək, kağız seçək.

R ü s t ə m b ə y. Ola bilər ki, mən də gələm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets