Page 2 of 3 · 33%

Zaman başlayır tütəkdə çoban--bayatını çalmağa; bir qədər ona baxıb, Qənbər oxuyur.

Q ə n b ə r.

Biz çobanıq, dağdı, daşdı yerimiz,
Yoldaşımız qoyun-quzu sürümüz,
Dərs almayıb, haqdı-ki, heç birimiz,
Amma zövqü səfalıdı çobanlar,
Qardaşlıqda vəfalıdı çobanlar.

Gözəl olur çöldə çəmənlər, çaylar,
Qışda arandayıq, dağda da yaylar,
Çoban südü sağar, hamıya paylar,
Niyyəti çünki alidir çobanlar,
Qardaşlıqda vəfalıdı çobanlar.

Sürü kəndə dönəndə axşam-səhər,
Qoyun mələr, quzu mələr, hey mələr,
Səsə-küyə düşər, köpəklər hürər,
Billah, zövqü səfalıdı çobanlar,
Qardaşlıqda vəfalıdı çobanlar.

Z a m a n (tütəyi qoyur cibinə və deyir). Eh, xanımların canı sağ olsun.

G ü l b a h a r (Qənbərə). Qənbər, sən allah o sözləri sən özün bir də de.

Qənbər başını salır aşağa və bir də avazsız həmin sözləri deyir.

Q ə n b ə r. Biz çobanıq, dağdı, daşdı yerimiz … (və axıra kimi).

Qənbər qurtardıqda çöl qapıdan bir hambal girir içəri.

H a m b a l. Burdadımı Mirzə Məhəmmədəli ağanın kitabları? Məni göndərib aparam məscid hücrəsinə.

Gülbahar hambala əli ilə işarə eləyir dinməsin və hambala yavuq gəlib qulağına bir şey pıçıldayır. Hambal çıxıb gedir, sonra gəlir anasının yanına.

G ü l b a h a r (anasına). Ana, dur səni aparım içəri otağa. Orada uzan, rahat ol.

Zəhra bəyim hazırlaşır dursun ayağa, bir qədər fikir eləyir və qoltuğunu eşələyib bayazını çıxardır verir Gülbahara və deyir:

Z ə h r a b ə y i m. Qızım, bu kitabı al saxla yanında. Qardaşların yola getməyəndə kitabın bir yerində atanın yazısı var,--öz əlinən yazıb,--onu axtar tap, ver qardaşların oxusun. Onu oxusalar, daxı savaşmazlar. Onu atan öləndən iki gün qabaq öz əlinən yazdı (durur ayağa) əli titrəyə-titrəyə yazdı; elə naxoş ola-ola yazdı. Dedi uşaqlar oxusunlar. Qız, yapış əlimdən, qalxa bilmirəm.

Zəhra bəyim "vay-vay" eləyə-eləyə durur ayağa, Gülbahar kitabı qoyur qoltuğuna, yapışır anasının əlindən; yavaş-yavaş aparır o biri otağa. Qayıdır geri, kitabı vərəqləyir, bir yerini tapır, diqqətnən oxuyur.

İ k i i c i h a m b a l daxil olur içəri.

İ k i n c i h a m b a l. Mən gəlmişəm Səməd Vahidin kitablarını və yatacağını aparam.

G ü l b a h a r. (bir qədər baxır). Bir qədər dur çöldə, bir azdan sonra gəl apar.

Hambal gedir.

G ü l b a h a r (bir qədər fikirdən sonra, Qənbərə). Qənbər, bilirsən nə var?

Q ə n b ə r. Buyur, xanımcan.

G ü l b a h a r. Gərək mənə kömək eləyəsən.

Q ə n b ə r. Gözüm üstə, xanımcan, buyur. (Əlini qoyur gözünün üstə).

G ü l b a h a r. Qənbər, bilirsən nə var? Qulaq as, deyim. Qənbər, Məhəmmədəli dadaşım və Səməd dadaşım indi hammalları göndərmişdilər ki, kitablarını və yatacaqlarını buradan aparsınlar. Amma anam onların köçməyini eşitcək qutaracaq; yəqin bil ki, haman dəqiqə keçinəcək. Qənbər, mənə kömək elə.

Q ə n b ə r. Xanımcan, hər nə buyurursan buyur. Hazıram.

G ü l b a h a r (fikirli). Vallah, məəttəl qalmışam.

Q ə n b ə r. Xanımcan, hər nə buyursan, əmələ gətirə bilərəm.

G ü l b a h a r. Vallah, heç bilmirəm nə qayırım?

(Gülbahar gah gedir qapıya tərəf, gah girir içəri otağa, gah bir durur fikir eləyir, gah gedir qardaşlarının kitablarına diqqət ilə baxır.)

Bu heyndə R ü s t ə m bəy içəri otaqdan başını uzadıb, Q ə n b ə r i və ç o b a n l a r ı görüb deyir.

R ü s t ə m b ə y. Qənbər, sizin burada bir işiniz yoxdur, bu saat buradan rədd olun, bir də sizi mən burada görməyim!

Qənbər və çobanlar çıxıb gedirlər, Rüstəm bəy də yox olur. Gülbahar dərin

fikirdə o tərəfə-bu tərəfə var-gəl eləyir və axırda gedir durur pəncərənin qabağında və baxır çölə və birdən uca səs ilə çığırır: "Qənbər!" Çöl

qapıdan içəri daxil olur i k i n c i h a m b a l.

İ k i n c i h a m m a l. Xanım, mən məəttəl oldum, məni yola sal, gedim.

Gülbahar yenə bir qədər fikir edir, sonra gəlir yapışır onun əlindən, çəkə-çəkə aparır pəncərənin qabağına və deyir:

G ü l b a h a r. Ay hammal qardaş, bir mənə de görüm, axır adamlar niyə hərə bir yana gedir?

İ k i n c i h a m m a l. Xanım, pəs hara getsinlər?

G ü l b a h a r. Necə hara getsinlər? Mən axır səndən söz soruşuram ki, niyə hamısı bir yerə getmir, niyə hərə bir tərəfə gedir? Bax, görürsən, o adamlar o tərəfə gedir, bu adamlar bu tərəfə gedir; mən bu işi başa düşmürəm. Yəqin ki, dəli olublar.

İ k i n c i h a m m a l. Hərənin bir yanda işi var, hərənin evi bir tərəfdədi: biri evinə gedir, biri işinə gedir.

G ü l b a h a r (hövsələsiz). Eh, mən səndən söz soruşuram, sən bilmirəm mənə nə cavab verirsən. Nə səbəbə, axır, hamı bir tərəfə getmir? Yox, yox, bu pis işdi, vallah, pis işdi. Bir yaxşı fikir elə (oturur pəncərənin içində).

İ k i n c i h a m m a l. Xanım, məni yola sal gedim. Hansı kitabları aparacağam, ver aparım.

G ü l b a h a r (hirsli qalxır ayağa və uğadan). Axmaq-axmaq danışma! Mən səndən söz soruşuram, sən hələ məndən katab istəyirsən. Bu saat mənə de görüm ki, axır bu adamlar niyə hamısı bir tərəfə getmir? Niyə biri o tərəfə gedir, biri bu tərəfə gedir?

İ k i n c i h a m m a l. Xanım, başına dolanım, axır mən nə bilim? Hər kəs hara istəyir gedir. Mən dəxi nə eləyim?!

G ü l b a h a r. Qələt eləmə, haramzada! Bu saat get onlara de ki, and olsun allaha, elə bir iş edərəm, bir dəqiqə içində, bax, bir göz yumub saatda (gözlərini yumur) quruyub daşa dönərlər. Onlar hamısı allahın yolundan çıxıblar. Yox, yox, sən onları xəbərdar elə! Yoxsa yazıqdılar, axırda özləri peşiman olarlar. Olarlar inşallah, olarlar inşallah!

Hambal çönüb qapıya tərəf gedir.

G ü l b a h a r (sakit). Dayan, hammal qardaş, dayan! Gəl kitabları apar. Amma mən sənə necə ki, dedim, elə də camaatı başa salarsan.

İ k i n c i h a m m a l. Baş üstə, xanım. Pəs mən hansı kitabları aparacağam.

Gülbahar gedir Rüstəm bəyin kitab şkafını açır, kitabları bir-bir çıxardır və cildlərini cıra-cıra, vərəqlərini dağıda-dağıda tullayır ortalığa

və tullaya-tullaya deyir.

G ü l b a h a r. Rus lüğəti. Slavyan lüğəti (hambal bu işi görcək yavaşca yox olur. Rüstəm bəyin kitablarını qurtarandan sonra Gülbahar Səməd Vahidin kitablarını haman minval ilə, yəni cırıb dağıda-dağıda atır yerə və ata-ata deyir): Elmi-qafiyə. Vəzni-şer. (Bu kitabları da qurtarandan sonra, Gülbahar gedir Mirzə Məhəmmədəlinin sandığından kitabları yenə bir-bir çıxarır və cıra-cıra tullayır yerə və deyir): Xüsuf. Küsuf. Sonra o tərəf-bu tərəfə baxıb görür hambal yoxdur, gəlir kitabların tikə-parçalarını qucaqlayır və pəncərədən tökür çölə. Qaçır içəri otaqdan neft və spiçka gətirir, kitabların üstünə neft töküb od vurur. Kitablar çöldə alışır və Gülbahar durur otağın ortasında; qoltuğundan anasının kitabını çıxardır, bir səhifəsini açır və diqqət ilə baxır.

Çöl qapıdan hövlnak daxil olur, M i r z ə M ə h ə m m ə d ə l i , S ə m ə d V a h i d və dallarınca b i r i n c i və i k i n c i h a m b a l l a r. İçəri otaqdan hövlnak daxil olurlar R ü s t ə m b ə y, Z i v ə r x a n ı m və bunların dalısınca Z ə h r a b ə y i m sürünə-sürünə özünü salır qapının ağzına. Camaat hamısı kitabların yanmağını və Gülbaharın əhvalının dəyişməyini görüb mat qalır. Zəhra bəyim vayıldaya-vayıldaya deyir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Beynəlxalq qadınlar günü və şəriət

Mən elə bilirəm ki, sən zarafat eləyirsən. Ağlını yığ başına, düzəməlli danış. Bu orucağız vaxtımda onsuz da aclıq və papirossuzluq məni elə cinləndirib ki, hirslənməyə bircə bəhanə axtarıram. Bu gün bütün dünya işçi və kəndli qadınları öz qardaşlıq əllərini bir-birinə uzadıb, bir-biri ilə rabitələrini daha da artıracaqlar. Ancaq üzr istəyirəm, mən ona təəccüb edirəm ki, dünya işçi və kəndli qadınları mənə əllərini uzadanda mənim əlimi onlar necə tapa biləcəklər ki, mənim əlim bu dəqiqə məşğuldur: bu dəqiqə mən iki əlimlə Quranı tutub qoymuşam başıma və axund Molla Hüseynin tilavətinə iqtida edə-edə deyirəm:– Bikə, ya Allah

2 min
Mərkəz və qəzalar

Yaz əkini kampaniyasına dair*Yaz əkini barəsində mərkəz bu il də – necə ki, keçən illərdə, – öz təklifini əmələ gətirir və öz vəzifəsini bitirir.

2 min
Leylətül-qədr

Rəmazan ayının on doqquzuncu gecəsindən otuzuncu gecəsinə kimi bu on bir gecənin biri “qədr gecəsi”dir. Amma məlum deyil ki, hansıdır.Həmin gecənin fəziləti min gecənin fəzilətindən artıqdır; necə ki, həqqi-taala öz Qurani-kərimində buyurubdur: leylətün xeyrün min əlfi şəhrin.

2 min
Qadağa etmək

Üç şeyi qadağan etmək lazımdır:Birinci “allah” ləfzini ağıza alıb, bu haldan o hala, o haldan bu hala çevirməyi qadağan etmək lazım gəlir və cəmi teatr tamaşalarını ki, orada Allah və müctəhid adı məsxərəyə qoyulur, bunları bilmərrə tərk etmək lazım gəlir. Buna da ümdə illət budur ki, bu axır vaxtlarda bir para cavanlar az qalıblar ki, Allah həzrətlərini bir yolluq danalar.

2 min

Poems by other poets