Üçüncü məclis
Page 1 of 3
-Rüstəm bəyin kabineti. Zəhra bəyim və Gülbahar oturublar öz yerlərində. Qapıda durublar Qənbər, Qurban və Zaman.*
Q ə n b ə r. Xanımlar, biz məəttəl qaldıq, bilmədik bu mal həkimindən qoyunlara dava olacaq, ya yox?!
G ü l b a h a r. Niyə gedib soruşmursan?
Q ə n bə r. Xanımcan, bilmirəm harda olur.
G ü l b a h a r. Rüstəm dadaşım bilər. Niyə tələsirsiniz, gözləyin gəlsin, soruşun.
Q u r b a n. Xanımcan, qoyunlardan nigaranıq.
G ü l b a h a r. Qənbər, dünən sən mal həkiminnən danışanda mən qulaq asırdım; qoyunların adı çox məzəli idi. Necə, necə? Qumral qaragöz? (Gülür).
-Çobanlar utanırlar və başlarını aşağı salırlar.*
Q ə n b ə r. Xanımcan, bizim sürüdə yüz əlli qoyun var, hamısının əlahiddə adı var; necə ki, bir məclisdə yüz əlli adam ola, hərəsinin də ayrı-ayrı adı ola. (Gülbahar gülür. Zəhra bəyim qulaq asır). Bu adları qoyunlara biz ondan ötrü qoyuruq ki, qoyunlar həmişə nəzərimizdə olsun və onların birisi sürüdən çıxmış olsa, o dəqiqə bilək və dalıyca olaq. İndi, məsələn, mənim qoyunlarımı gətirələr mənim gözümün qabağına və imtahan üçün sürüdən bir qoyun çıxardalar; mən sürüyə bir beləcə baxan kimi (gözünü dolandırır o tərəf-bu tərəfə) biləcəyəm ki, məsələn, çal əbrəş qoyun sürüdən çıxıb: ya oğurlayıblar, ya canavar dağıdıb.
G ü l b a h a r (Qənbərə yavıqlaşır). Dayan, dayan. Qənbər, sən allah bir məni başa sal. Çox əcəb, indi, məsələn, tutaq ki, bir saatlığa sürünü gətiriblər bura, sən də baxırsan. Axır bu üç qoyun deyil, beş qoyun deyil. Özün deyirsən yüz əlli qoyundu; özü də canlı heyvandı, bir yerdə duran deyil; qarışqa kimi qaynaşır bir-birinə. Sən nə tövr biləcəksən ki, bunun içindən hansı qoyun yoxdu. Hamısı da bir-birinə oxşayır. Sən allah, Qənbər, nağıl elə.
-Çobanlar gülüşür.*
Q ə n b ə r. Xanımcan, bax, məsələn, Qurban gedir durur qoyunların bir tərəfində, Zaman da gedir durur bir tərəfində--ki, qoyunlar dağılmasın.--Alıram ağacı əlimə (Qurbanın əlindən çomağı alır) və başlayıram qoyunları yoxlamağı: qara kərə, tayın görmək gərək; qumral kərə, tayın görmək gərək; sarı kürə, tayın görmək gərək, qumral kürə, tayın görmək gərək; bənöyüş kərə, tayın görmək gərək; qumral əbrəş, tayın görmək gərək; ağ qaraüz, tayın görmək gərək; bənöyüş əbrəş kürə, tayın görmək gərək; sarı kərə, qara kərə, çal kərə, ağ kərə, boz qumral kərə, hanı boz qumral kərə? Ədə, Qurban, hanı boz qumral kərə? Ədə, Zaman, yoxdu boz qumral kərə; Zaman, Qurban, Salman, boz qumral kərə yoxdu. (Bayatı havası ilə oxuyur). Çal kərə, maral kərə, haradasan boz qumral kərə, boz qumral kərə, boz qumral kərə … ey vay … ey….
-Çobanlar gülür, Gülbahar da heyran-heyran baxır və dəsmalı ilə gözünün yaşını silir.*
G ü l b a h a r. Qənbər, indi sən bildin boz qumral kərə yoxdu?
Q ə n b ə r. Bəs necə bilmədim? Bildim ki, boz qumral kərə yoxdu.
G ü l b a h a r. İndi nə eləyəcəksən? Qoyun sürüdən yox olanda nə eləyirsiniz?
Q ə n b ə r. Xanımcan, bizim qoyunçuluq bir tərəfdən gözəl peşədi. Həmişə gəzdiyimiz və yaşadığımız yerlər, çəmənlər, laləli və çiçəkli dağlar, daşlar; içdiyimiz nədir? Bulaq suları və pak qoyun südü. Amma bu heyvanın yox olmağı, üzdəniraq, elə bir dərddir ki, elə bil, bir külfətdən bir övlad yox olub.
G ü l b a h a r. Yəni çoxmu dərd eləyirsiniz?
Q ə n b ə r. Xanımcan, elə olur ki, ağlayırıq da; çünki söz bir qoyunun qiymətində deyil ki, üç, ya beş manatdı. Amma deyəndə ki, boz qumral kərə yoxdu, elə bilirik bu boz qumral kərə bizim qardaşımız idi, yainki bir əziz yoldaşımız idi. Xanımcan, and olsun allaha, keçən ay sarı əbrəş kərəni canavar dağıdanda Zaman bir gün axşama kimi tütək çaldı, mən axşama kimi bayatı deyib ağladım. (Qolu ilə gözünün yaşını silir.)
-Gülbahar dəsmalını basır gözünə, girir içəri otağa. Rüstəm bəy çöldən girir içəri. Zəhra bəyim də gedir içəri otağa.*
R ü s t ə m b ə y (Qənbərə). Qənbər, hələ buradasınız?
Q ə n b ə r. A bəy, elə davadan ötrü qaldıq, bilmədik mal həkiminnən qoyunlara dava olacaq, ya olmayacaq?
R ü s t ə m b ə y. Niyə gedib soruşmursan? Mal həkiminin evi bazar başında, karvansaranın yanında, Hacı Qasım bəyin evindədir. Get hambaldan-zaddan soruş, tap. Məəttəl olmuyun, gedin.
-Qənbər və çobanlar çıxırlar. Rüstəm bəy yazıya məşğul olur. Çöl qapıdan girir içəri Mirzə Məhəmmədəli, dalınca bir hambal. Mirzə Məhəmmədəli gedir kitablarını yığışdırır sandığa ki, versin hambala. Zəhrabəyim, qorxa-qorxa başını qapıdan uzadır içəri və Mirzə Məhəmmədəlinin yığşmağını görəndə, gəlib durur onun yanında.*
Z ə h r a b ə y i m. Bala, bunu hara yığışdırırsan? (Mirzə Məhəmmədəli cavab vermir və kitablarını yığışdırır). Olmaz, olmaz! Deyəsən buradan köçmək istəyirsən? Qoymanam, qoymanam, özümü öldürrəm! (Qoltuğunu eşələyir, bayazını çıxardır). Olmaz, köçmək olmaz! Siz burda hamınız bir yerdə yazılmısınız, ayrıla bilməzsiniz; yoxsa vallah bağrım çatlar! (Üzünü çöndərir Rüstəm bəyə)). Rüstəm, bala, qoyma getsin. Burada hamınız bir yerdə yazılmısınız, qoymanam ayrılasınız.
-Çöl qapıdan Səməd Vahid, dalınca bir hambal girirlər içəri; Səməd Vahid də gəlir, kitablarını yığışdırır.*
Z ə h r a b ə y i m (Səməd Vahidə). Səməd, bala, sən nə qayırırsan? Niyə bunları yığışdırırsan? Yoxsa sən də köçmək istəyirsən? Buy, evim yıxıldı! Aman allah, mənim başıma kül ələnsin! Allah, məni öldür, öldür, öldür! (Ağlaya-ağlaya girir içəri).
-Mirzə Məhəmmədəli və Səməd Vahid Zəhra bəyimə qulaq verməyib yığışmaqdadırlar. Bu heyndə çöl qapıdan girir içəri Senzor Mirzə Cəfər bəy, yanında bir nəfər polis məmuru və iki nəfər polis fərraşı. Üç qardaş çəkilib dururlar öz yerlərində, hamballar çəkilir kənara. İçəri otaqdan, qapının arasından Gülbahar baxır və çöl qapıdan Qənbər baxır.*
S e n z o r. Həzərat, hökumətin qərardadı mocibincə biz təyin olunmuşuq ki, burada üç qardaşın, yəni (papkasından bir kağız çıxarıb baxır) Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahidin mənzilini axtaraq, kitabxanalarını müayinə edək, siyahiyə götürək, məzmunlarını bilək və hökumətə çatan bəzi şayiatı təftiş və təhqiq edib, bu barədə bəratülqovl yazaq və hökumətin baş senzorxanasına pişnəhad edib, bizə mühəvvəl olunan məmuriyyəti sədaqətlə yerinə yetirək. Burada olan əşxasdan xahiş olunur ki, nə bir yerə tərpənsinlər və nə də buraya sair bir adam qoysunlar.
R ü s t ə m b ə y. Bəli, nə sözümüz ola bilər.
M i r z ə M ə h ə m m ə d ə l i. İxtiyar sahibisiniz.
S ə m ə d V a h i d. Şayəd belə icab edər.
S e n z o r. Cənab Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahid…. (kağıza baxa-baxa) xahiş edirəm familiyanızı da buyurasınız.
R ü s t ə m b ə y. Rüstəm bəy Əbdüləzimof.
M i r z ə M ə h ə m m ə d ə l i. Mirzə Məhəmmədəli xələfi-mərhum Ağa Əbdüləzim.
S ə m ə d V a h i d. Əbdüləzimzadeyi Səməd Vahid.
S e n z o r. Xub, sizdən gərək pünhan olmaya ki, sizin bir para bədxahlarınız hökumət nəzərində sizi belə qələmə veriblər ki, siz üç qardaş söz bir və həmfikir olmusunuz ki, əvvəla, Rusiya islamlarını Türkiyə dövlətinə tərəf çəkib, ittihadi-müslimin cəmiyyətinə iştirak edəsiniz. Saniyən, axır zamanlarda Azərbaycanda əmələ gələn Hübbi-vətən və Ədəmi-mərkəziyyət firqəsinin amalı yolunda çalışmaqdasınız ki, bir tərəfdən Qafqaz Azərbaycanını, digər tərəfdən İran Azərbaycanını--ki, ibarət olsun Təbriz, Tehran, Gilan, Osmanlı və İran Kürdüstanı, Urmu və qeyrilərə--bu vilayətləri bir-birinə ilhaq edib, müstəqil Azərbaycan hökuməti əmələ gətirəsiniz və salisən bu fikirdən də uzaq deyilsiz ki, müsavat və hürriyyət əsaslarını kəndli və əhli-kəsəbə içində müntəşir edirsiniz ki, min il yuxuda olan camaat hökumətin əsarət zəncirini qırıb, özləri üçün bir nicat yolu tapsınlar və həmin niyyətlərinizi əmələ gətirmək yolunda lazımi mətbuat cəm eləyib, qələm ilə çalışmaqdasınız. Məhz bu səbəbdən siz üç qardaşın cəmi kitablarını bu saat gərək təftiş edək. Cənab Rüstəm bəy, əvvəl siz öz kitablarınızı nişan veriniz.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-anamin-kitabi-ucuncu-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Lüğət kitablarımızın birində sözlər bu qaydada məna olunurlar. Məsələn:Som – bu bir növ balıqdır.
NöqtələrMüsəlman yazısının bu nöqtələri yazıq yazı yazanın başına bir bəladır.Elə söz var ki, ərəb hərfləri ilə o sözü yazanda gərək qırx dörd nöqtə qoyaq: yarısını üstdən, yarısını altdan.
MaarifKomissarlarımızdan doktor Soltanməcid Əfəndiyevin maarif barəsində qəzetlərdə dərc etdiyi məqaləni biz nəzərdən sala bilmədik və buna da iki səbəb var.Birincisi:
Poçt xərciMəcmuəmizin 12-ci nömrəsində yazmışdıq ki, poçtxana məcmuəmizin bir nüsxəsini Bakıdan kənara göndərməyə iki milyon yarım istəyir, “Yeni yol” qəzetinə iki milyon istəyir.İndi Qax şəhərindən bizə yazırlar ki, məcmuəmizə abunə olmaq Qax əhalisinə mümkün deyil, çünki abunə olanlar hər həftə poçtxanaya gərək on milyon poçt xərci verələr. Həmin Qax şəhərindən yenə birisi idarəmizə dörd dənə məqalə bir paket içində göndərib yazır ki, bu məqalələri bir qabda göndərmək ondan ötrüdür ki, poçt xərci çox bahadır.
Poems by other poets
Ləzgi Əhməd mənəm Füzuli nəsli,Bəhrlərdə mən ümmanam sən nəsən?
SevdiyimSizin yerdə nə adətdi Fərhada,Böhtan deyən aşinayə, sevdiyim.
Mürəbbe: Vəd verib mənə gələm demişdinVəd verib mənə gələm demişdin,Gözüm qaldı intizarda gəlmədin.
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,