Page 2 of 3 · 33%

-Rüstəm bəy öz kitablarını nişan verir. Senzor bir-bir kitabları çıxardır, açıb baxır və polis məmuru oturub, senzor baxdığı kitabları siyahı edir.*

S e n z o r (rusca da, müsəlmanca da oxuyur):

Slovar russkoqo yazıka--Rus dili lüğəti, bir cild.

Slovar russkoqo yazıka Dalya, 3 toma--rus lüğəti.

Bolşaya ensiklopediya, 2 toma--Rus dilində böyük qamus, iki cild.

Slovar inostrannıx slov v russkom yazıke--Rus dilində əcnəbi lüğət.

Slovar velikorusskoqo yazıka--Genə rus lüğəti.

Malaya ensiklopediya--Rus dilində kiçik qamus.

Russko-slavyanskiy slovar--Rus və slavyan lüğəti.

Slavyano-russkiy slovar--Slavyan-rus lüğəti.

Sokraşennıy ruskiy slovar Nikitina--Genə rus lüğəti.

Tolkovaniye serbskix slov, voşedşix v russkiy yazık--Serb və rus lüğəti.

-Mirzə Məhəmmədəli başını bulamaq ilə narazılığını bildirir.*

Malorossiyskiy slovar--Genə rus lüğəti.

Sravnitelnoye tolkovaniye bolqarskix slov--Rus-bolqar lüğəti.

Russko-bolqarskiy slovar--Rus-bolqar lüğəti.

Moldavo-russko-çeşskiy slovar--Genə rus lüğəti.

Medisinskiy slovar--Rus dilində müalicə lüğəti.

Yujno-velikorusskiy slovar--Velikorus lüğəti.

Russko-rumınskiy slovar--Rus-rumın lüğəti.

Texniçeskiy slovar--Rus dilində sənət lüğəti.

Filosofskiy slovar--Filosofiya lüğəti.

Polnıy slovotolkovatel Zimina--Zimin lüğəti.

İssledovaniye drevnix russkix slov po letopisi Nestora--Nestorun lüğəti.

-Yenə Mirzə Məhəmmədəli narazılığını büruzə verib, başını bulayır.*

Slovar Solovyeva--Solovyovun lüğəti.

Vostoçno-russkiy slovar--Şərqi-rus lüğəti.

Zapadno-russkiy slovar--Qərbi rus lüğəti.

Akademiçeskiy slovar--Akademiya lüğəti.

Drevnerusskiy slovar--Qədim rus lüğəti.

-Rüstəm bəyin kitabları qurtarır.*

S e n z o r. Buradakı kitablar tamam oldu. Dəxi bundan savayı bir yanda kitabınız varsa, nişan veriniz.

R ü s t ə m b ə y. Xeyr, dəxi bundan savayı mənim kitabım yoxdur.

S e n z o r. Xub, bunlar cəmisi rus lüğətləridir. Bunlardan bizim üçün bir mətləb hasil olmadı. Bunları yığışdırın qoyun yerinə. Pəs sizin müsəlman kitabınız məgər yoxdur?

R ü s t ə m b ə y. Xeyr, yoxdur.

S e n z o r. Heç biri də?

R ü s t ə m bəy. Heç yarısı da.

S e n z o r. Səbəb nədir? Hə, Hə, bağışlayınız, yəqin ki, siz darülfünun qurtarmısınız!

R ü s t ə m b ə y. Bəli, ağa.

S e n z o r. Xub, pəs siz nə işə məşğulsunuz?

R ü s t ə m b ə y. Mən lüğət yazıram.

S e n z o r (Mirzə Məhəmmədəliyə). Cənab Mirzə Məhəmmədəli, şayəd siz ittihadi-müslimin məşqinə düşübsünüz ki, İran və Rusiya azərbaycanlılarından bir müstəqil hökumət əmələ gətirəsiniz və bu qəsd ilə qardaşlarınız ilə bir ittihad bağlamısınız. Xahiş edirəm, siz də öz kitablarınızı nişan verəsiniz.

M i r z ə M ə h ə m m ə d ə l i (Hər iki əli ilə kitab sandığını nişan verir). Ağa, buyura bilərsiniz, bu da mənim kitablarım.

S e n z o r (bir-bir kitabları alır əlinə, baxır). Xub, bu nədir? Bəli, Kitab dər bəyani-küsufi-külli, yəni günün tamam tutulmağının duaları (polis məmuru yazır). Kitab dər bəyani-əhvəlati-küsufi-cüzi, yəni günün yarımçıq tutulmağının əhvalatı (polis məmuru yazır). Keyfiyyəti-xüsuf və küsuf; ayın və günün tutulmağı (polis məmuru yazır, senzor o biri kitabı oxuyur). Mütəvəssit şüdəni-afitabi-miyani-övci-qəmər və mərkəzi-tədviri-u və bəyani-təfsilati-xüsuf və küsuf (polis məmuru yazır, senzor o biri kitabı götürür). Giriftəciyi qəndili-İsa, yəni afitabi-aləmtab, yəni günün tutulmağının duaları, (polis məmura yazır, senzor o biri kitabı götürür). Kitab dər bəyani-əhvali-ki, zəmin miyani-mah və afitab hayil şəvəd, yəni bəyani-hali-xüsuf və onun hökmlərindən danışır ki, xudavəndi-aləm tərəfindən bəndələrə tövsiyə olunubdur (polis məmuru yazır, senzor o biri kitabı götürür). Keyfiyyəti-küsuf və övzai-on nisbət bəbiladi-müxtəlifə; demək, bu da günün tutulmağından danışır (polis məmuru yazır, senzor o biri kitabı götürür). Övzai-kəvakib dər məqami-ittifaq şüdəni-küsuf və xüsuf və təklifi ki, bebəndəgai mühəvvəl şüdə əst; demək, bu da ayın və günün tutulmağından və onun ibadətlərindən danışır (o biri kitab), Nəqşeyi-xüsufi-külli, yəni ayın tamam tutulmağının nəqşəsi (o biri kitab), Xətti-xüsufi-cüz dər afaqi-mərkəzi; xülasə, bu da ayın tutulmağından danışır. Vəssəlam, dəxi kitabınız yoxdu?

M i r z ə M ə h ə m m ə d ə l i. Xeyr, ağacan, dəxi bunlardan savayı kitabım yoxdur.

S e n z o r. Bağışlayasınız, sizin sənətiniz nədir?

M i r z ə M ə h ə m m ə d ə l i. Bəndə xüsuf və küsuf duası yazıram, özüm də cəmiyyəti-xeyriyyədə elmi-ilahi müəllimiyəm.

S e n z o r. Cənab Rüstəm bəy və Mirzə Məhəmmədəli, hökuməti-əliyyənin politikasına xətər yetirən mətləblər sizin ikinizin də kitablarından tapılmadı. Yəqin ki, olsa Səməd Vahid cənablarında olacaq. (Səməd Vahidə). Yəqin ki, sizin kitablarınız bunlardır?

S ə m ə d V a h i d. Bəli, ağa.

S e n z o r (bir kitabı götürüb oxuyur).

Zavallının işi çoqdur zaman bulub gələməz,

Gedib də söyləməmişsə, nə haldasan biləməz.

M i r z ə M ə h ə m m ə d ə l i (öz-özünə). Pəh-pəh, ləzzət apardıq.

S e n z o r. Demək, bu hamısı şerdir?

S ə m ə d V a h i d. Əvət, həpsi əşardır.

S e n z o r (o biri kitabı götürüb oxuyur).

Köksündən qalqar, topuqdan salqar,

Kəndini içə saqın, iç çəngələ taqar.

Güc ilə əgər Misri,

Varmı bu pəhləvanların qüsuri.

S e n z o r. Bunlar da deyəsən hamısı şerdi.

S ə m ə d V a h i d. Əvət.

S e n z o r (bir kitabı da götürüb, yaxşı oxuya bilmir, verir Səməd Vahidə). Deyəsən bu da hamısı şerdi. Buyur buradan oxu görüm.

S ə m ə d V a h i d (şairanə oxuyur, əl-qolunu ata-ata).

Fərda sənin, sənin bu təcəddüd, bu inqilab.

Hər şey sənin deyilmi ki, zatən sən, ey şəbab?!

Ey çöhreyi-bəhici-ümid, iştə məkəsin,

Qarşında bir səmayi-səhər safü bisəhab.

-Mirzə Məhəmmədəli başını bulayır.*

S e n z o r. Mən, doğrusu, bunu başa düşmədim. Pəs bu qalan kitablar nə kitablarıdır?

S ə m ə d V a h i d. Həpsi Türkiyə əşarıdır.

S e n z o r (bir kitab da götürüb baxır). Mürəbbelər.

Təthiri-məcaz həml eqaq,

Bir eyşi-həziz nar xəndir.

Bir hiz visal töhfədəndir,

Aşüftə nihan xaki-müştaq.

-Bu kitabı qoyur, o biri kitabı götürüb oxuyur.*

Failatün, failatün, failatün, failat,

Şöləyabi, xaki-paki, inkişaki-təntəraq,

-Bu kitabı qoyur, o birini götürür, oxuyur.*

Elmi-vəzi hamısı şerdir. Bu kitab da üsuli-qafiyədən danışır. Hamısı şerdir. Bu kitab sərbəst nəzm şerləridir. Bu kitab da müxəmməs şerləridir. Bu da təxmisdir. Hamısı şerdir. Bu kitab qəsidələrdir; yəni hamısı şerdi. Bu da saqinamə şerləridi. Bu da məsnəvi. Bu da qəzəllər. Bu nədir? Tərcibənd. Bu da tərkib-bənd. Genə hamısı şerdir.

-Mirzə Məhəmmədəli başını bulayır.*

S e n z o r. Görüm dəxi nə var? Bu kitab görüm nədən danışır? Bu da sənəti-süxəndən danışır. Bu da şerdir. Bu da müsəddəs şerləridir. Ba-ba-ba! Cənab Səməd Vahid, bunlar ki, cümləsi şer kitablarıdır, özləri də hamısı İstambul çapıdır. Pəs səbəb nədir ki, Osmanlıdan gələn kitablar hamısı şerdir?

S ə m ə d V a h i d. Səbəb budur ki, Osmanlıda cəmi qələm sahibləri şairdi; cəmi doktorlar, mühəndislər, diplomatlar, hətta ministrlər də şairdi, həpsi şairdi.

S e n z o r. Bağışlayasınız, pəs sizin sənətiniz nədir?

S ə m ə d V a h i d. Mən özüm də şairəm. Kəndim də cəmiyyəti-xeyriyyə məktəbində elmi-qafiyə dərsi diyorum.

M i r z ə M ə h ə m m ə d ə l i (öz-özünə). Allah bərəkət versin.

S e n z o r (üzünü polis məmuruna və fərraşlara tutub). Xub, biz getməli olduq. (Üç qardaşa) həzərat, bəndə bir saat bundan əqdəm sizin üçünüzün də barəsində bir özgə xəyalda idim. Amma kitablarınızı görəndən sonra, dəxi indi fikrimi bilmərrə dəyişdim. İndi nə fikirdəyəm, o da qalsın mənim öz yanımda; lakin özümə fərz bilirəm hökumətə ərzi-hal edib sizi ümənayi-dövlət yanında ən səlamət və zərərsiz bəndələr cümləsində hesab edəm. Məni əfv buyurasınız və səlamət qalasınız.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets