Nöqtələr
Müsəlman yazısının bu nöqtələri yazıq yazı yazanın başına bir bəladır.
Elə söz var ki, ərəb hərfləri ilə o sözü yazanda gərək qırx dörd nöqtə qoyaq: yarısını üstdən, yarısını altdan.
Bir vaxtlar İran yazıçıları bu nöqtəbazlıqdan təngə gəlib istədilər acığınan dəxi heç nöqtə qoymayalar, yəni lap nöqtəsiz yazalar və çoxları bu məşqə düşdülər, məşhur Mirzə Mehdi xanın “Tərəssülü” bu cür nöqtəsiz yazılıb. Bunun da nəticəsi bu oldu ki, əgər bir şəhərdə savadlı beş nəfərimiz var idisə, indi iki nəfər oldu, o səbəbə ki, daha “tərəssül” xəttin oxuya bilən olmadı.
İndi türklərin də içində bir cür tərəssülbazlıq var: bunlar istiyirlər bir fənd qursunlar ki, nöqtə əngəlindən qurtulsunlar, bunlar nöqtə əvəzinə sözlərin axırına bir cür quyruq yapışdırırlar.
Amma bu da oyun – oyuncaqdır. Bundan da bir şey çıxmayacaq.
Yeni əlifba, yeni əlifba!
“Yeni yol”, 27 yanvar 1923,№ 4
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-noqteler
Use ← → keys to move, R for a random poem
More by this author
Biz bunu inkar edə bilmənik ki, bir məmləkətdə məktəblərin çox olmağı az olmağından yaxşıdır; ancaq necə ki, hər işdə bir həd və sərhəd lazımdır, burada da bir sərhəd qoymaq icab edər. Yoxsa sən əgər başlayasan bir ucdan hey məktəbdir açasan və dalını-qabağını yoxlamayasan, onda şiş də yanacaq, kabab da yanacaq.Məsələn, götürək Bakı məktəblərinin indiki halını: indi baxıb görürük ki, Bakıda az bir məktəb var ki, darısqallıqdan yana şikayət eləməsin. Amma on beş il bundan qabaqda da mənim Bakıya yolum düşmüşdü; o vaxt belə giley-güzar eşitməmişdim. İndi bu nədəndir? Bu ondandır ki, biz istəyirik hələ hər məhəllədə bir məktəb açaq.
Əsrimizin möcüzələriQədim əsrlərdə də avam camaatı möcüzələrlə aldadırdılar ki, avamın başını qatıb onu yükləmək asan olsun və onun südünü sağmaq (yəni istismar eləmək) asan olsun.İndiki əsrdə də hərdən bir oyunbazlar zühur edir və hər növ bicliklərlə sadədil zəhmətkeş camaatı iğfal edirlər ki, onların ciblərinə sahib olsunlar.
TarixTəzə il daxil oldu. İnsanlar şad oldular, yedilər, içdilər, çaldılar və oynadılar.Şad olanların çox hissəsi xaçpərəstlər idi; amma bunların içində müsəlman da, erməni, yəhudi də və xülasə, hər millətdən var idi.
“Sülhi-əbədi”Qəzetlərdə nəzərimizə çatdı ki, Amerika hökuməti yer üzündə əqvam arasında, bir “sülhi-əbədi” binasını qoymaq tədbirindədir. Ax, nə gözəl tədbir?!“Sülhi-əbədi”, – yəni türkcəyə çöndərsək, “həmişəlik barışıq” deməkdir. Onun üçün də mən yuxarıda bu tədbirə “gözəl” ad qoyuram; çünki dünyada sülh və asayişdən gözəl nə ola bilər? Amma, di gəl görək, Amerika hökuməti cənabları bu müqəddəs tədbiri nə yol ilə, nə vasitələrlə həyata keçirmək istəyir? Çün bu barədə qəzetlər də bir söz yazmır – mən də bilmirəm ki, Amerika hökuməti bu xeyir işin baş tutması yolunda nə metodlar işlədir və nə çarələr qurur.