Əgər durasan hər nə ki qəlbində var, onu açıq-açığına söyləyəsən, onda avam ülkəcək, ülkəndə də səndən qaçacaq. Amma avamı da indiki zamanda qaçırtmaq olmaz, çünki indi seçki zəmanəsidir, sənə səs verən olmaz, səni seçən olmaz.

Bu səbəbdəndir ki, mən avam içində nitq söyləyəndə bir şeyi nəzərdə tuturam: bunu nəzərdə tuturam ki, avam ülkməsin.

Məsələn, bir kəndli məndən soruşur ki, “müsavat” nədir? Mən dedim ki, “müsavat” bərabərçilikdir. Kəndli məndən soruşdu ki, nəyin bərabərçiliyi? Mən, doğrusu, mat qaldım. O səbəbə mat qaldım, bilmədim, kəndliyə nə cavab verim. Əgər desəm ki, “müsavat” budur ki, bacı ilə qardaşın gərək hər bir məsələdə ixtiyarları bərabər ola, onda kəndli məni yoldan və şəriətdən çıxan hesab edər; elə bilər ki, mən istəyirəm rus sosialistləri bacı ilə qardaşın irs ixtiyarlarını bərabərləşdirməyinə şərik olam və bu təzə “müsavatı” müsəlman içinə də daxil edəm. Amma, doğrusu qorxdum, belə demədim; dedim “müsavat” odur ki, Lənkəranda bir mötəbər alicənab dustaqlara vədə elədiyi qurban qoçunun ətini dustaqlara müsavat üsulu ilə gərək paylaya idilər, amma qurban bayramı günü dustaqxanaya qoç əvəzinə tək səbir gəldi.

Doğrusu, bu hürriyyət çıxandan buyana mənim ağlım lapca çaşıb. Dünən yenə yüz otuz doqquzuncu müsəlman qurultayında nitq söyləyirdim. Öz-özümə fikir elədim ki, ey dili-qafil, gəl heç olmasa, indi ki “svabod” zəmanəsidir, bari gəl heç olmasa, müsəlman qardaşlara ürəyinin dərdini açıq-açığına söylə. Bəs nə vaxt həqiqət üzə çıxacaq? İndi də bunu deməyəcəksən bəs nə vaxt deyəcək [sən]? Aç ağzını, yum gözünü, pənah bir Allaha de və başla nitqini və de, de, de.. .

Degilən, ey müsəlman qardaşlar! Sizmi istəyirsiniz polyaklar, firənglər, ukrayna [lı] lar və erməni, gürcülər yerişi yeriyəsiniz?

Amma bunu biliniz, biliniz və yenə biliniz ki, siz dörd arvad alansınız və qızları doqquz yaşında ərə verənsiniz və arvadlara aşpazxanalar küncündə qonaqların qabağından çıxan sümükləri gəmirtdədənsiniz, siz qız məktəblərində telefonları qədəğən edənsiniz.. .

Elə bunu istəyirdim deyəm ki, incəvara, Allah rast saldı özümü saxlaşdırdım, başladım yenə avampəsənd sözləri ki, məsələn, müsəlman qardaşlar, mən çox şad oluram ki, siz bugünkü gündə buraya cəm olmusunuz və gərək də olasınız; çünki indiki vaxt qeyri millətlər də bir yerə cəm olurlar, biz də gərək olaq və saniyən əgər əhvalati-in canibra xastə başəd lilləhülhəmd səhih və salim, duaguyi-ömri-ziqiyməti-şüma həstim və inşallah, bu gün yox, sabah inşallah yenə həmin vaxt burada yenə yüz otuz doqquzuncu qurultayda buraya cəm olarsınız, danışarıq.

Budur mənim nitqim.

Yoxsa əgər duram irs müsavatından, çox arvad almaqdan ya balaca qızları ərə verməkdən danışam, onda mənim bu nitqim heç “Mola Nəsrəddin”in Xoy şəhrindəki naxonəkçilərinə xoş gəlməz.

Odur ki, avampəsənd nitqlər söyləyirəm.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 6 noyabr 1917, №22

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qızarar

Dəmirçixanada dəmiri zindan üstə qoyub, ağır çəkic ilə döyəndə dəmir başlayır qızmağa; döydükcə dəxi bərk qızır.Axır nə ola bilər? Axır o ola bilər ki, dəmir isinər, isinər, axırda yavaş-yavaş başlar qızarmağa; elə qızarar ki, sən ona əlini vurmamış, uzaqdan əlini yandırar.

1 min
Dinc qulağım, yaxud yeddi il

Deyirlər bu gün Şura Azərbaycanının yeddinci ilidir.Mən bir fağır mollayam və siyasətnən-zadnan da o qədər də işim yoxdur və bu cür işlərdən o qədər də başım çıxmaz. Ancaq bu yeddi ili götürəndə və bu yeddi ildən qabaqkı illəri götürəndə, mənim zehnimə bir şey gəlir.

2 min
Mətbuat bayramı, yaxud tacgüzarlıq

Ola bilər ki, bəzi oxucularımız deyələr ki, “xub, bunun nə dəxli var, mətbuatın tacgüzarlığa nə rəbti ola bilər?”.Mən də, atalar deyən kimi: “Mal bir yerə gedər, güman min yerə”, mən də bir mətləbi ki, başlayıram, o mətləbi oradaca yarımçıq qoyub min yerə gedirəm; məsələn, mətbuat bayramından başlayıb tacgüzarlığa gedib çıxıram.

2 min
Xan hünəri

İçib keflənmək və kefli halda at minib fəqir-füqəranın evinə soxulmaq, oğul-uşağı qorxutmaq və hətta övrətləri təhqir etmək – bunlar qədim əsrdə xan hünəri hesab olunardı. Və çünki mən özüm qədim əsrin adamıyam, xanların bu hünərini mən öz gözümlə görmüşəm. Amma indi dəxi bu işlər rədd oldu getdi. İndi dəxi “xan qalmadı”...Ay sən öləsən!..

2 min

Poems by other poets · Satire