İçib keflənmək və kefli halda at minib fəqir-füqəranın evinə soxulmaq, oğul-uşağı qorxutmaq və hətta övrətləri təhqir etmək – bunlar qədim əsrdə xan hünəri hesab olunardı. Və çünki mən özüm qədim əsrin adamıyam, xanların bu hünərini mən öz gözümlə görmüşəm. Amma indi dəxi bu işlər rədd oldu getdi. İndi dəxi “xan qalmadı”...

Ay sən öləsən!..

Di gəl indi sənə “təzə xanlardan” rəvayət edim...

Mən ölüm bu məqaləni axırına kimi oxu!

Dünən mənə vəkilimiz Biləcəri stansyonundan xəbər gətirdi ki, orada iki min nəfər türk işçiləri içində ancaq üç dənə “Molla Nəsrəddin” məcmuəsi satılır. Səbəbini soruşduqda cavab verdi ki, “bu iki min işçinin peşəsi vağzalın bufetində araq içib keflənməkdir”.

Bunu eşitcək durdum, maşını mindim və getdim Biləcəriyə. Axşam vaxtı idi və fəhlələr tezcə işdən çıxıb, bufetə cəm olub, araq içməkdə idilər. Mən girdim içəri və bunlar mənim burada olmağımı eşidib doluşdular başıma. Mən bir kürsü üstə qalxdım və bunlara bir neçə dəlil-nəsihət edib axırda dedim:

– Mən ölüm, əhli-əyalınızın çörək və paltar pulunu bu zəhrimara verib içməyiniz!

Qabaqca hamı sakit oldu və “baş üstə!”dən savayı söz demədilər. Amma axırda bir nəfər nataraş oğlu bilmirəm haradan çıxdı və qabağa yeriyib dedi “ərzim var” və mənə belə cavab verdi, dedi:

– Axund Molla Nəsrəddin əmi, sən doğru fərmayiş eləyirsən, ancaq bunu da mülahizə ediniz ki, biz avamıq və bir yerdə dərs oxumamışıq, amma təəccüb burasındadır ki, sənin gözün qılı görür, tiri görmür! Əgər içib keflənmək pis şeydirsə, bəs onu niyə demirsən ki, Zaqatalada bir məsul işçi, özü də çox böyük bir məqam sahibi, bayram bəhanəsilə o qədər içib keflənib ki, atı minib çapıb bir milis nəfərinin evinə soxulub, övrəti-uşağı qorxudub, övrətlərə sataşıb. Ta o dərəcəyə kimi xəbər veriblər, qəza icraiyyə komitəsi sədri, mərkəzi kontrol komisyonu üzvü və qeyriləri gəlib, güclə hərifi sakit edib aparıblar.

Mən bu cavabı işçi yoldaşdan eşitcək, bir qədər fikrə getdim və qabaqca istədim inanmayam; bu heyndə Tiflis qatarı gəldi dayandı və həmin qatarla Zaqataladan gələn bir nəfər məsul işçi “yeni xanın” hünərini qəti surətdə təsdiq etdi.

Sözüm Biləcəri işçilərinin, ya Zaqatala “yeni xanlarının” içib keflənməyi, ya içməyib keflənməkləri xüsusunda deyil; çünki bunun o qədər əhəmiyyəti yoxdur. Ancaq bunun əhəmiyyəti oradadır ki, bu söhbətlər mənim yadıma keçən günləri salır: haman günləri ki, xanlar keflənəndə at minib füqəranın evlərinə soxulardılar və füqəranın övrətlərini bihörmət elərdilər.

Ax, gözəl günlər! Heyif ki, bir də o günləri görməyəcəyik!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 12 may 1927, №20

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Möcüzə

Əgər birisi yuxuda görsə ki, Osmanlıda məşrutə elan olunub, - bunu ağıl kəsər.Amma həqiqətdə Sultan Həmidin qoxumuş idarəsinin bir günün içində çönüb məşrutə olması möcüzədir.

1 min
İttihad

Məsələn, Rusiyada Samara vilayətində qəhətlik ittifaq düşür. Sabah qəzetlərdə oxuyursan ki, ingilis camaatı ianə yığırlar ki, çörək alıb, göndərsinlər Samara aclarına. Frəngistanda mədənlərdə tələf olan əmələlərin əhli-əyalına Yaponiya əmələləri dünyanın o başından bu başına pul yığıb göndərirlər.Mədəni millətlərin içində bu bir adət olubdur. Amma bizə gələndə baxıb görürük ki, Arazın bu tayında olanlarımız Arazın o tayında olanlardan bixəbərdirlər.

2 min
Peterburq

Biz elə bilirdik ki, Məhəmmədəli şah millət vəkillərinə zülm eləyib. Biz eşitmişdik ki, Məhəmmədəli şah qurana and içəndən sonra məşrutəni pozub. Bizə xəbər gəlmişdi ki, neçə millət mücahidlərini Məhəmmədəli şah boğdurub və neçə-neçə günahsız müsəlmanların uşaqlarını gözüyaşlı qoyub. Biz eşitmişdik ki, Məhəmmədəli şah İrana edən zülmü heç Neron eləməyib.Amma Peterburqda işlər özgə surətdədir. Peterburqda bu saat hər kəsi dindirsən millət vəkillərinə iki min yaman deyər, hər kəsi danışdırsan cavab verər ki, Məhəmmədəli şah kimi adil padşah hələ yer üzünə gəlməyib.

2 min
Məzəli xəbərlər

Buxara vilayətində Qurğan şəhərində Peterburqdan təzə təyin olunmuş hakim şəhəri dolanan vaxt gəlir müsəlmanların məscidinə. Müsəlmanlar namaz qılırmışlar. Hakim müsəlmanlara deyir: “Durun ayağa, biədəblər. Görmürsünüz mən gəlmişəm?” Hakim görür ki, müsəlmanların kimi əyilir, kimi oturur, kimi qalxır ayağa.Hakim qalır məəttəl, çünki elə xəyal eliyir ki, müsəlmanlar dəli olublar. Sora ağanı başa salırlar ki, müsəlmanlar namaz qılırlar. Bu günlərdə məşhur gürcü yazıçısı Nikoladze “Novoye vremya” qəzetində yazır ki, Peterburqdan savayı heç bir özgə yeri görməyən, eşitməyən və tanımayan sahibmənsəblər Qafqaza təyin olunub gəlirlər ki, vilayətimizi idarə etsinlər. Amma baxırsan ki, hələ analarının südü ağızlarından qurumuyub. Bunlar uzaqdan eşidiblər ki, müsəlmanların haması, məsələn, quldurdular. Və əhalinin adətlərindən və xasiyyətlərindən bixəbər olmaqları cəhətə hər qədəmdə min səhvlər eləyirlər.

1 min

Poems by other poets · Satire