İttihad
Məsələn, Rusiyada Samara vilayətində qəhətlik ittifaq düşür. Sabah qəzetlərdə oxuyursan ki, ingilis camaatı ianə yığırlar ki, çörək alıb, göndərsinlər Samara aclarına. Frəngistanda mədənlərdə tələf olan əmələlərin əhli-əyalına Yaponiya əmələləri dünyanın o başından bu başına pul yığıb göndərirlər.
Mədəni millətlərin içində bu bir adət olubdur. Amma bizə gələndə baxıb görürük ki, Arazın bu tayında olanlarımız Arazın o tayında olanlardan bixəbərdirlər.
Qafqaz erməniləri olmasaydı, Osmanlı erməniləri indiyədək aclarından ölüb qurtarmışdılar. Qafqaz ermənilərinə də indi Osmanlı erməniləri pul yığıb göndərəcəklər ki, Tiflisdə erməni teatrı tikilsin (bu teatrı yarım milyon pul xərcləyəcəklər).
Amma bizlərdə ehsan ancaq bundan ibarətdir ki, təzə bir imarət tikdirəndə ya evimizə təzə bir qaliçə alanda şəhərin mollalarını və bəyləri ilə xanlarını düzürük yuxarı başa və qabağına bir nimçə plov qoyuruq ki, çıxıb gedəndən sonra ya imarətimizi və fərşimizi tərifləsin, ya da ki, gəyirə-gəyirə plovumuzun yağını tərifləsin.
İndiyədək qəzetlərimizdə çox yazmışıq: “ittihad”, “ittifaq”. Amma bir az diqqət eləsək, görərik ki, ittihad və ittifaq yolunda cibimizdən bir qəpik çıxmayıb, savayı ondan ki, bir məktəb açıb adını qoymuşuq “İttihad”, bir də qiraətxana açıb adını qoymuşuq “İttifaq”. Ola bilər ki, bu yolda dəxi də artıq tərəqqi edək. Mən qorxuram ki, bir gün bir oğlumuz olanda adını qoyaq “İttihad”, qızımız olanda adını qoyaq “İttifaq”.
Bu işlər heç çətin deyil; çünki pul çıxmır. Amma indi bir dövlətli qafqazlıya deyəsən ki, Təbrizdə müctəhid hacı Mirzəhəsən dəyirmanın sularını kəsib və əhali acından ölür, – dəxi burada “ittihad” və “ittifaq” sözləri gedəcək işinə; çünki ortalığa pul söhbəti gəldi.
Təbriz acından ölür, – heç birimizin vecinə deyil; amma əcnəbi millətlərdən söz düşəndə qazı-qazı deyirik ki, Allah-taala insanın qəlbində iki nöqtə xəlq edib: biri qara nöqtədir, biri ağ nöqtə. Saleh bəndələrin ağ nöqtəsi yekəlib qara nöqtəni basır; o ki, qaldı əcnəbi millətlər, onların qəlbində qara nöqtə həmişə ağ nöqtəni basmaqdadır.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 4 avqust 1908, №31
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-ittihad
Use ← → keys to move, R for a random poem
More by this author
Bais, evin yıxılsın.Əlbəttə ki, dünyada pislik yerdə qalmaz, əlbəttə, zalımlar cəzalarını çəkəcəklər. Uşaqlıqda qonşumuz Fatma xaladan bir belə qarğış hər gün eşidərdim, deyərdi ki: “bais, evin dağılsın”.
Şeyx MəhəmmədLənətullah əla qövməzzaliminGecə saatı bir yerdə deyibdir ki, yesli odin tsar, yəni padşah bir bağdan bir yabloka zornan alıb yesə, yəni bir alma, toqda o vədə onun usluqları bağın derevyalarını sovsem kökündən rabatay eləyib çıxardarlar.
MənfəətMolla Nəsrəddinin müsəlmanlara zərəri dəxi aşkardır, bu barədə heç bəhs də ola bilməz.Amma bir para müsəlman qardaşlara jurnalımızdan hərdənbir böyük mənfəət də hasil olur. Belə ki, məsələn, Tiflisdən bu axır vaxtlarda iranlıların Əncüməninə üzvlər seçiləcək idi. Məlum şeydir ki, bizlərdə o kəslərə rəy verirlər ki, Allah bəndəsi, mömin və müqəddəs adam ola (və qayda belədir və belə də gərək olsun).
İrsİrs iki qismdir. Yaxşı, ali imarət, gözəl bağ içində növ-növ meyvə ağacları, evin içində hər qism əşya. Və belə də ola bilər ki, birisinin atası ölən gündən üç gün sonra borc sahibləri gəlib deyələr ki, “çıx evdən, buranı atan bizə satıb”.İranı indi biz o halda görürük ki, borc sahibləri gəlib durublar iranlıların başının üstündə və deyirlər: “çıxın buradan, buranı atalarınız bizə satıblar”.
Poems by other poets · Satire
Mən vətənsizlərə ömrüm boyu insan demərəm,Özümə hörmət üçün qanmaza, gəl qan, demərəm.
Mollanın fırıldaqlarıRamazan gəlib, qış ötdü, yenə çıxdı yaza molla,Keçən ilki macəranı edər indi taza molla.
Nə ləzzətiDünya üzündə olmadın ədna, nə ləzzəti?Ədnalıq ilə olmadın əla, nə ləzzəti?
Hürriyyəti-nisvançılara protestoAy Baba! Gör Bakı, Şirvan, Quba alimlərini,Yığılıb boykot edirlər Ufa alimlərini.