Page 1 of 2

  1. Samavar 4. İstəkan 7. Maşa
  2. Padnos 5. Nəlbəki 8. Truba
  3. Çaynik 6. Qaşıq 9. Nökər Əli

Əhvalat vaqe olur Zəngəzur mahalında bərgüşadlı Hacı Rəhimbəyin evində. Məclisin ortalığında qoyulub kreslo, üstə oturub Samavar. Sağ tərəfdə stullar üstə oturub Padnos, İstəkan, Qaşıq və Maşa. Sol tərəfdə yenə stullar üstə oturublar Çaynik, Nəlbəki və Truba. Padnosun qabağında stol üstə var kağız və qələm. Pərdə qalxan kimi Samavar üzünü məclisə tutub başlayır.

Samavar
Dəvət etdim sizi bura mən özüm,
Çünki var sizlərə bir özgə sözüm.
Diqqət ilə qulaq verin mənə siz,
Ta ki, bu dərdə bir əlac edəsiz.
Söz budur ki, dünənki gün bu zaman
Çay içib qurtarıb xanımla xan,
Görməyiblər o çayda bir ləzzət,
Eləyiblər qulamı bihörmət.
Söyləyiblər ona ki, ey nadan,
Əqldən dur, eşşəgi-Həmədan!
Nə çayın rəngi var, nə təmi gəlir
Nə xoş ətri, nə ləzzəti bilinir.
Ağanın beylə pəs tutub qeyzi –
Ki, buyurdu bu gün qırsınlar bizi.
İndi, qardaşlarım, dəxi nə edək?
Biz bu işdə gərək fənaya gedək.

Çaynik
(ağlayır)
Düşdü daş başıma, yıxıldı evim!
Heç rəvadır ki, mən bu yaşda ölüm?
Şəkk yoxdur, bizi ki sübh olcaq,
Cümləmizi ağa tamam qıracaq.

Padnos
Heç qəm etmə buna, baba Samavar,
Bəndə Padnos bu dəm əlac tapar.
Əlac odur gərək bu saat biz –
Əldə insafı biz tutaq hamımız.
İttifaq eyləyək, olaq aqil,
Ta görək həq, nədir, nədir batil.
Səbəbin kəşf edək görək nə üçün,
Nə çayın ətri var, nə rəngi bu gün?!
Elə ki, biz bu tövr ilə bilərik,
Səbəbin bu işin yəqin edərik.
Ol zaman gər olar kömək tari,
Verərik ağaya günahkari.

Samavar
Afərin, afərin, gözüm Padnos,
Kömək olsun xuda sənə imruz.
Sən dağıtdın mənim qəmimi tamam,
Kömək olsun sənə həmişə imam.

Çaynik
Ax, dönüm başına sənin, Padnos,
Kömək olsun xuda sənə imruz.
Ürəyim sakit oldu, dincəldi,
Nə qəşəng fikir ağlına gəldi.

Samavar
Elədi, indi başlayaq işi biz,
Bəlkə sabaha qurtara işimiz.
Gərək heç olmuyaq biz avarə,
Bəlkə bir tövr ilə tapaq çarə.
Bilirəm diqqət ilə biz indi,
Başlayaq gər işi yəqinimdi.
Həm günahkarı, şəkk yox, taparıq,
Həmi də xabi-nuş ilə yatarıq.

Sözümüz bir edib, olaq sadiq,
Başlayaq məndən əvvəla təhqiq.
Əhli-məclis, edin mənə diqqət,
Qoymayın, insafı yerə heç vəqt.
Cəhd ilə axtarın qüsurlərim,
Həmçinin xoş sifətlərim, hünərim –
Ki, bu dünyada hər neçə ev var,
Yuxarı başda əyləşir Samavar.
Günü keçməz, mən olmasam, xanın,
Nə gədanın, şəhin və dehqanın.
Hər bir evdə nə vəqt şadlıq olar,
Ona baisdi tək baba Samavar.
Kim odu su içində od saxlar?
Onu saxlar genə baba Samavar.
Mən qızanda gər istiyə birisi,
Uzada barmağın mənə o kəsi
“Uf”, “uf” ilə çıxardıban dilini
Soxacaq ağzına bütün əlini.
Yoxdu dərdim, bu dünyada nə qəmim,
Tula şəhri olub mənim vətənim.
Lehimim tazədir və safdı misim,
Nə də tüstüm olar mənim, nə hisim.
Lüləgim gendi, kipdi həm qapağım,
Bu mənim qulplarım, bu da papağım.
İndi, qardaşlarım, görürsüz siz,
Ola billəmmi mən buna bais –
Ki, çayın ətri gəlməsin və dadı?
Götürüm üstümə bu tövr adı?
Ağarıb saqqalım, özüm ahil,
Ağamın mən evindəyəm on üç il.
Deyil insaf onun evində bu dəm,
Başlayım mən ona xəyanət edəm.

Padnos
(qalxır)
Padnosam, həm özüm cəvanəm mən,
Qab-qaşıqlar içində xanəm mən.

Yoxdu çirkim, nə bir ləkə, nə tozum,
Şəfəqim nur tək, gözəldi üzüm.
Birisi diqqət ilə baxsa mənə,
Pəh-pəh ilə məni alıb əlinə,
Qalacaq surətim, mat-heyran,
Edəcək tərifim qoca və cavan.
Mənsiz olmaz nə toy, nə də bayram,
Sədri-məclisdə mən gərək oturam.
Qalı üstü və miz yerimdi mənim,
Qabağımda durur gədə-nökərim.
İstəkanlar və nəlbəkilərə mən –
Analıq haqqını əta edərəm,
Bəslərəm bunları qucağımda,
Biri solda, biri də sağımda.
Ağa, xanım edər mənə hörmət,
İpək örtük verər mənə zinət.
Rəngbərəng şir içindədir bədənim,
Vardımı təqsirim bu işdə mənim –
Ki, çayın rəngi yox, nə təmi gəlir,
Nə xoş ətri, nə ləzzəti bilinir?
Belə iş üz verə əgər məndən,
Çürürəm tezlik ilə mən qəmdən.
Ağamın mən üzünə ta qətən –
Baxa bilməm dəxi xəcalətdən.
Böyüdübdür məni onun əməyi,
Kor edər gözlərim duzu, çörəyi.

Samavar
(Padnosa)
Bizə çoxdan yəqin olub hasil:
Əqlin artıq, özün də həm qabil.
Qalarıq olmasan biz avarə,
Sən taparsan çətin işə çarə.
Razı olduq, ziyadə səndən biz,
Çün gedirdik fənayə biz sənsiz.

Çaynik
(qalxır)
Çaynikin qədrini bilər çay içən,
Çay büsatında ruzigarı keçən.
Olmasam mən, nə tövr çay dəm alar,
Çay büsatı məgər ki, mənsiz olar?
İki dəfə çıxam gərək hər gün,
Ərşə mən, yəni başına babamın.
Kimdi məndən uca görüm ol vəqt?
Tək xudadır, o sahibi-qüdrət.
Çox sevərlər məni ağa, xanım,
Çinidəndir tutaq mənim canım.
Amma neylər mənə ya od, ya alov?
Dəm alar çün içimdə çayi-Papov.
Bir neçə şəxsdən mənim əlbət,
Şənim artıq ola gərək qayət.
Köynəgimdir mənim ya şal, ya ipək,
Təmiz ollam lətif mərmər tək.
(ağlaya-ağlaya)
Xoş gedərmi görüm xudaya, babam,
Ağamın qeyzinə səbəb mən olam?
Təqsirim olmasın, gedim zayə,
Qırılım mən, köçüm o dünyayə?

Samavar
(Çaynikə)
Ağlama, ağlama, oğul, Çaynik,
Hamımız biz, bunu yəqin bilirik
Ki, sənin yoxdu burda təqsirin,
Olma sən heç əbəs yerə qəmgin.
Sən özünsən həmişə taci-sərim,
Sən ilədir mənim tamam hünərim.
Olmasan sən mənim nə hüsnüm olar,
Məni sənsiz məgər ki, yada salar
Ya xanım, ya ağa, ya özgələri?
Vardımı qeyrinin belə hünəri?

İstəkan
(durur)
O hünər məndədi, baba Samavar!
İstəkansız nə tövr çay qoyular?
Olmasam mən, düşərmi çay yada?
Vardımı beylə ev bu dünyada –
Ki, o evdə mən olmayam lazım?
Bəzi yerlərdə görmüşəm həm özüm –
Ki, tökürlər suyu böyük qazana,
Yığışırlar ata, bala və ana.
Qaynayır su, qazana çay salınır,
Yoxdu Çaynik, qazanda çay dəm alır.
Yoxdu Çaynik və yoxdu həm Samavar,
Nə Qaşıq, Nəlbəki, nə Padnos var.
Amma var İstəkan və çay dəmdə,
Gər belə evdə olmasam mən də
Ya gərək çayı nimçəyə tökələr,
Ya da su parçına töküb içələr.
İsmi-rəsmim mənim olub məşhur,
Bədənim də ya şişədir, ya bülur.
Gər məni hörmət ilə saxlayalar,
Mənim ömrüm otuz və qırx il olar.
Elə ki, verdilər aşıq yerinə
Məni oynatmağa uşaq əlinə,
Ya da soyuq suda məni yuyuban
Dağ suyu üstümə tökər nadan,
Yoxdu söz, mən o vədə az yaşaram.
Ola mümkün, əgər ki mən bacaram.
Yollaram düz Sibirə qatilimi,
Mən itirrəm bu tövr zalimimi.
Kimdi burda otuz beş il yaşayan?
O mənəm ağ, həmişə saf və cavan
Pasım olmaz, nə tüstü, toz, nə hisim,
Şad edər külfəti lətif səsim.
Gərək hər gün ağa və xanımlar
Dodağa qalxızıb məni öpələr.
Əql kəsməz ki, mən olum naqis,

Ağamın qeyzinə olum bais.
Üstümə beylə pis adı götürüm
Və olan ismü rəsmimi itirim.

Samavar
(İstəkana)
Sənin əslin-nəcabətin, oğlum,
Və sifatın bizə olub məlum.
Sənə qiymət verər bahalı bülur,
Yaraşarmı sənə bir özgə qüsur?
Nə günahkar bizik, nə də sənsən,
Olmarıq heç xəcil nə biz, nə də sən.
Ağamın qeyzinə səbəb, əlbət,
Ya Qaşıqdır, ya Nəlbəki bədbəxt.
(İşarə edir Nəlbəki və Qaşığa və sonra onlara deyir)
Degilən, Nəlbəki, bizə indi
Ağamın qeyzinə səbəb kimdi?
Ya özün beylə fitnə sahibisən,
Ya Qaşıqdır bu tövr cürət edən.

Nəlbəki
(barmağının ucunu göstərir)
Məndə gər bircə beylə təqsir var,
Başımı kəs mənim, baba Samavar.
Gər mənəm beylə bir günaha səbəb,
Allah etsin mənə həmişə qəzəb.
Şahid olsun xuda, bu mən, bu da siz,
Diqqət ilə mənə burada baxız.
Məndə tapsaz ya pis qoxu, ya ləkə,
Məndə gər nalayiq süfət görükür.

Samavar
(onun sözünü kəsib deyir)
Bilirik biz səni ki, yoxdu sənin –
Nə qüsurun bu işdə, nə günahın.
Qar kimi ağ, üzün belə göyçək,
Nə yol ilə səni müqəssir edək?

Qaşıq
(ağlaya-ağlaya)
Nə üçün mən olum, baba, bədbəxt?
Nədi bilməm bu tövr əmrə cəhət?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets