Əcnabi millətlərin içində çox lotular var, çox arvadbazlar var…

Birisi gedə bir neçə müddət Rusiyanın və Avropanın şəhərlərini gəzə və sonra gələ müsəlman içinə və Təbrizi, Tehranı, Ərdəbili, Astaranı, Bakını, Naxçıvanı və Danabaş kəndini gəzib dolana, elə bilər ki, müsəlman içində lotuluq, arvadbazlıq və fahişəbazlıq heç əslindən yoxdur və elə bilər ki, bu əməllər ancaq əcnəbilərin əməlidir.

Ax, Molla Nəsrəddin, lal ol, çox işlərə əl aparma! Çox sirləri açma, pərdələri qovzama, çox çirkləri qurtdalama ki, üfunəti dünya və aləmə yayılsın!

Hər kəs ki, əcnəbilərin və müsəlmanların da əhli-əyal və ər-övrət işlərindən yaxşıca xəbərdardır, mənim sözlərimi başa düşər; amma hər kəs xəbərdar deyil, yaxşısı budur ki, heç sözümə qulaq verməsin.

Bunu heç kəs dana bilməz ki, əcnəbilər və kafirlər məhz bir arvad alırlar və ölən günə kimi həmin bir arvada qane olurlar. Əgər bunlar bir-birini xoşladı, ömrlərinin axırınadək bir yerdə yaşayacaqlar, əgər xoşlamasalar, yenə bir tövr rəftar edəcəklər ki, ömrlərini başa versinlər. Və əgər bir-birinə ikrahı oldu, – o surətdə bunlar ayrılacaqlar.

Dünyada bu təbii bir şeydir və belə də gərək olsun.

İnsaf üçün bunu da lazımdır demək ki, əcnəbilərin içində bu da gahbir ittifaq düşür ki, bir kişi hətta övrətinə məhəbbəti ola-ola bir özgə övrətə yavıq düşür.

Amma burada iki böyük təfavüt var:

Əvvələn, əcnəbilərin içində övrət sahibi bir kişinin özgə övrətə meyl göstərməyi elə şiddətli təqsir hesab olunur ki, əgər övrəti bu əməldən xəbərdar olsa, həmin saat ərindən boşanar və boşanmağına da məzhəbləri ixtiyar verir.

Saniyən, əcnəbilərin və kafirlərin içində bir övrətə iktifa etməyib bir neçə övrət dalicə düşən və fahişəxanalara gedənlər tərbiyəsiz cavan və subay, yəni evlənməmiş kişilərdir.

İndi gələk müsəlmançılığa.

Doğrudan, müsəlman içində vardırmı arvadbazlıq, lotuluq və fahişəbazlıq, ya yoxdur?

Bilmirəm, bəlkə yoxdur? Allah eləyə ki, yox ola!

Bu sözləri yaza-yaza akoşkadan baxıram qara bulutlara. Gah elə xəyalıma gəlir ki, bu bulutlar Qara dəryanın və Kaspi dəryasının rütubətidir ki, günün hərarəti onları çəkib gətirib ki, burada onlardan yağış əmələ gəlsin. Gah elə xəyalıma gəlir ki, xeyr, bu bulutlar müsəlman övrətlərinin ahü əfqanlarının bulutlarıdır və bu yağışlar dərya suları deyil, bu bəxtiqaraların göz yaşlarıdır!..

Bəli, gələk müsəlmançılığa.

Burada yenə iki təfavüt var.

Biz ilə əcnəbilərin əvvəlinci təfavütü budur ki, müsəlman içində övrət sahibi bir kişinin özgə övrətə meyil göstərməyi və özgə övrətə yavıqlıq eləməyi ibadət kimi bir savab əməl hesab olunur. Və ikinci təfavüt də budur ki, müsəlman içində bir övrətə qane olmayıb, bir neçə övrət dalicə düşənlər – mömin və müqəddəs qırmızı və qarasaqqal hacı, məşədi və mollalarımızdır.

Bunlar hamısı iki şeydən əmələ gəlir:

Əvvələn, bir övrətdən artıq almağın şəraitini mollalarımız xalqa bəyan eləmirlər; çünki bu da onlar üçün bir mədaxil yoludur. Odur ki, bir kişi küçədə getdiyi yerdə görür ki, flan övrətin topuqları ağdır və yoğundur, topuqlar da ki, Allah şükür, açıqdırlar (və məhz elə bundan ötrü da övrətlərimiz tumançaq gəzirlər).

Bəli, elə o lazımdır ki, məşədinin gözü sataşsın övrətin qıçlarına, tez çapacaq mollanın yanına ki, flan övrəti al mənə! Molla da dəli deyil ki, xəbərdar olsun ki, aya bu məşədinin evində övrət var, ya yox. Əlüstü kəllə qənd gəlir ortalığa, – vəssalam!

Saniyən, bu lotubazlıqlar və arvadbazlıqlara rövnəq verən – siğəbazlıq məsələsidir.

Bunu gərək cəmi məşədilərimiz bilərlər ki, məsələn, Xorasanda mollalarımız bir övrəti bir saatda on nəfər kişiyə “siğə” edirdilər.

Bizim məşədilərin çoxusu bu cür siğələrdən feyziyab olublar. İndi elə adət bu cür düşüb ki, Xorasanda övrət siğə eləmək də ziyarətin şəraitinin birindən hesab olunur.

Biz deyirik ki, bunlar hamısı ibadətdir; amma kənardan baxan əcnəbilər bizə deyirlər: “Ay müsəlman qardaşlar, siz bizim cavanlarımızı məzəmmət eləyirsiniz ki, lotu və fahişəbazlığa mürtəkibdirlər; amma, Allaha şükür, sizin ki, məşədiləriniz gündüz ziyarət etdikdən sonra, gecələr fahişəxanalarda özlərinə mənzil qərar verirlər”.

Yalandırmı bu sözlər?

On altıncı nömrəmizdə Molla Tarqulunun siğə barəsində etdiyi vəzindən bir neçə söz danışmışıq. Bizim bu sözlərimiz Astarada cənab Hacı Mirzə Molla Cəfərqulu ağaya xoş gəlməyib və məsciddə buyurub ki, bu sözlər xilafi-şərdir.

Axund Molla Cəfərqulu ilə gələn nömrələrdə danışmağı vəd edirik; çünki bu dəfə onsuz da çox hədərən-pədərən söylədik. Amma yenə əzbərayi-xali nəbudən bir şey lazım bilirəm axunddan soruşam:

Cənab Molla Cəfərqulu ağa! Mənim sözlərimmi xilafi-şərdir, yainki Mirzə Əbdülkərim sədri-xüddambaşı ilə şərakət edib fahişə övrətə, nökərin adına siğə cari etmək və beş-altı gecə evdə saxlayıb kef çəkmək?

Qalsın gələn həftəyə.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 12 may 1907, №19

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Nehrəm normal məktəbində aparılmış yoxlamaya dair arayış

(10 və 11 dekabr 1896-cı il)*Siyahı üzrə şagirdlərin sayı – 45 nəfər.

2 min
Əzizi-mən Məşədi Tağı! (2 yanvar 1901)

Sağ və salamat İrəvan şəhərində varıq. Sənin İrəvana gəlmək məsələn barəsində Məhəmmədqulu bəy və Məşədi Qurbanəli ilə bahəm çox və bir neçə dəfə söhbət eləmişik. Təfsilatı Məşədi Qurbanəli, – bu günlərdə ki, gələcək Naxçıvana, – özü sənə deyər. Amma mən də bunu ərz edə bilərəm ki, indi ilin ortası olmaq səbəbə heç bir vəchlə mümkün olmur sənə yer eləmək. İrəvan rus-müsəlman məktəbində mümkündür, söz yox, sənə yer təyin eləmək, amma söz burasındadır ki, indi bu saat yer yoxdur və əgər sənə zor ilə yer eləməyə dursaq, lazımdır ki, bais olmaq müəllimlərin birisinin xaric olmağına. Odur ki, məsləhət belə görüldü ki, hələlikdə sən orada öz işinə məşğul olasan və səbr eləyəsən, çünki Allah səbr eləyənləri dost tutur və səbr fərəclərin müftahıdır.Dəxi nə yazım?

1 min
Qardaşım Qurbanəli! (İrəvan. Fi 22 mahi-mart 1902)

Kağızın vüsul oldu. Upravleniyadan rasçotu və talonu alıb, xəzinədən yüz otuz bir manat altmış üç qəpik aldım. Lazım gəldi xəzinədən pul almaqdan ötrü bir vəkilnamə də yazdırmaq və bu vəkilnaməyə həştad beş qəpik xərcim çıxdı və dünən Kərbəlayı Məhəmməd ağaya yüz otuz manat yetmiş səkkiz qəpik (130 r. 78 k. ) verdim və şalların satılmağı barəsində soruşdum. Belə məlum oldu ki, hələ satılmayıblar və mən öz tərəfimdən təvəqqe elədim sənin Xanzadov ilə olan hesabını qurtarsın və Kərbəlayı Məhəmmədağa söz verdi qurtarsın. Mən irəlicə Naxçıvanda olanda xalqdan eşidirdim ki, sən podratda qazandığını qoyursan alış-verişin ziyanına. İndi yadıma düşür haman sözlər və mən özüm də istəyirəm bu rəyə şərik olam.Sən mənə yazırsan ki, teleqrafı alan kimi mənim ağama aparıb iyirmi manat verdin. Mən bilmirəm bu barədə sənə nə deyim. Deyim əgər “çox razıyam”, bu həmişə eşitdiyimiz sözdür, adəti sözdür. Hamısından yaxşı burada mən bir neçə nöqtə qoyum...

4 min
Bəradərim Qurbanəli! (Fi 22 aprel 1905)

Tiflis*Qardaş, bu nə işdir sənin başına gəldi? Əhvalatı bir qolay eşitmişəm, amma təfsilatı mənə məlum deyil. Əlbəttə, əlbəttə, tez kağız yaz. Əgər yaza bilməsən, yazdır göndər görək bu nə qəzavü-qədərdir sənin başına gəlir.

1 min

Poems by other poets · Satire