Danabaş kəndindən
Axund dadaş, o bir məsəl var… deyərlər, filankəs çox bicdi… indi… xa xa xa xa … əgər gülmək qoysa deyərəm… ha ha ha ha… ay vay, qarnımın dərisi az qaldı yırtılsın… xa xa xa xa xıx xıx xıx ə ə ə, vah, vah, vah, vah vay dədəm vay… lənət şeytana. A kişi, zəhirmar gülmək gələndə adam az qalır ağlasın, hə, istərəm onu deyəm ki, zaddı o nədi… Görüm nə deyəcək idim… Yadımdan çıxdı… Hə… yadıma düşdü… Bu yaponiyalılar nə bic adam imişlər… Dünən qəzetdə oxudum ki, bir yaponiyalı Milan şəhərindən bir qızı zornan çığırdaçığırda, bağırda-bağırda götürüb qaçıb, xa xa xa xa, xıx xıx xıx, ha ha ha ha…vay dədəm vay… A başına dönüm, bilmirsən nə qədər gülməyim gəlir…Bu yaponiyalılardan haramzada millət yer üzündə gərək ki, olmasın. Xa xa xa xa, qoymayın, canım çıxdı, bağrım çatdadı… Görüm nə deyəcək idim…Hə, qızı çığırda-çığırda aparır Almaniya torpağına və Almaniya keşişlərinə bir torba qızıl verir ki, qızın kəbinini kəssin. Xa xa xa xa…
A başına dönüm gülmək qoymur ki, sözümü tamam eləyim, keşiş razı olmur və deyir ki, qızın razıçılığı olmayan yerdə Allah da razı olmaz, insaf da razı olmaz. Xa xa xa xa… Sonra qızı gətirir Rusiya torpağına, burada da rəfiqin işi tutmur… Hı… necədi, indi başına nə çarə qılacaqsan? Xa xa xa xa, yazıq kişi yaxşı kələyə düşdü. Müxtəsər, yeddi cür məmləkətə və yeddi cür millətlərin içinə qızı apardısa hər yerdə keşişlər dedilər ki, qız çığıra-çığıra ona kəbin düşməz. Xa xa xa xa. İndi canını hara qoyacaqsan? Xıx, xıx, xıx, lotunun işi xarabdı… Xa xa xa, vay dədəm vay… Yaman dərddi, Allah heç kəsə göstərməsin. Yazıq nə eləsin, əgər qızı çığırda-çığırda dalına alıb Yaponiyaya aparsa, Yaponiya keşişləri nəinki kəbin kəsməzlər, hələ bəlkə tutub onu boğarlar, ondan ötrü ki, bütpərəst ola-ola yaponiyalılar qızı zornan bir kişiyə arvad eləməzlər…Xa xa xa… İş nə yaman yerdə dayandı!..
Aha? Lotunun fikrinə bir şey gəldi… Ədə, bu yaponiyalılar vallah şeytandan da çox bilirlər, yerin altından da xəbərdardırlar, üstündən də. Görürsən rus gəmilərinin başına nə iş gətirirlər? Rəfiqin yadına düşdü ki, qiblə tərəfində bir məmləkət var, adı müsəlman məmləkətidir, çox genişlik, Allah bərəkət versin, nə cür yaşamaq istəyirsən yaşa, Allah min bərəkət versin…Xa xa xa, genə bu zəhrimar qoymayacaq sözümü qurtarım...
Hərif qızı çığırda-çığırda gətirdi Arazdan keçirtdi və Xoy şəhərinə aparıb yendirdi düz mollanın qapısında… Xa xa xa, Allah şeytana lənət eləsin!
Zalım oğlu zalım alman keşişinə bir kisə qızıl verirdi, amma mollaya yarımca manat verib işini düzəltdi, yəni kəbinini kəsdirdi və xudahafiz deyib düzəldi yola. Xa xa xa. Qərəz yaponiyalılar çox bicdilər, mən indi ancaq başa düşdüm ki, niyə bunlar müsəlman olmaq istəyirlər.
Xa xa xa …xi xi xi xi, hı hı hı… ha ha ha ha…
“Molla Nəsrəddin” 3 noyabr 1906, №31
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-danabas-kendinden
Use ← → keys to move, R for a random poem
More by this author
Dünyada Təbrizdə olan qafqazlı müsəlmanlardan xoşbəxt adam yoxdur. Kişilər yaxalarını çəkib oturublar evlərində və hərçənd ki, “qarın”dan bir az kasıbdırlar, amma bununla belə, nə Zəngəzur və Qarabağ acları ilə işləri var, nə də Təbriz acları ilə. Səbəbi də budur ki, Zəngəzur və Qarabağ söhbəti ortalığa gələndə bunlar deyirlər ki, “pəh, biz ki, İranda qalırıq, biz iranlıyıq, bizə nə dəxli var qafqazlıların işinə qarışaq?” İran aclarına da ianə eləmək məclisi olanda bunlar genə yavıq düşmürlər və cavab verirlər ki, “bizə nə dəxli var, biz qafqazlıyıq”Vaqeən dünyada bunlardan xoşbəxt adam yoxdur İrəvan dövlətlilərindən savayı.
UstalipinNeçə dəfə idarəmizə kağız yazıb soruşublar ki, Rusiyanın baş vəzirinə niyə Stolıpin deyirlər, yəni “Stolıpin” nə deməkdir?Cavab: bizim lüğətimizdə “Stolipin” iki mənanı göstərir. Biri budur ki, həmin baş vəzir bir qanun çıxartdı ki, hər kəs qonşusunun toyuğunu oğurlasa dar ağacından asılsın. Məlumdur ki, əvvəl günahkarı çıxardırlar stulun üstünə və boğazına kəndiri keçirəndən sonra ayağının altındakı stulun ipini çəkirlər, stul yıxılır və günahkar başlayır havada seyr eləməyə, Bu səbəbdən də həmin baş vəzirin adı “Stolıpin”dir, yəni “stolun ipin”.
LeontiyevMəlumdur ki, uşaqlar yumurta döyüşdürəndə əvvəl bir dadışırlar, yəni yumurtalarını dəyişib vururlar dişlərinə və sonra qaytarıb verirlər bir-birinə. Sonra başlayırlar oynamağı; məsələn, Əli bunu qanır ki, yumurtası Vəlinin yumurtasından bərkdir, əvvəl deyir:– Tut!
Quli-biyabanlarEy quli-biyabanı! Gəl apar bu heyvanı*Bilmirəm nədəndirsə, Zəngəzur və Qarabağda aclıq məsələsi düşəndən bəri bizim müsəlmanların içində dövlətlilərin hörməti bir az da artıb. Hər kəsdən soruşursan ki, “şəhərinizdə nə var, nə yox?” – cavab verir ki, “bir elə təzə əhvalat yoxdur, ancaq şəhərimizin əhli flan dövlətlinin təziyəsinə ya toyuna məşğuldurlar”. Soruşursan ki, “haman dövlətli Zəngəzur və Qarabağ aclarına nə qədər pul göndərib?” Cavab verir ki, “heç yarım qəpik də göndərməyib”. Deyirsən: “Bəs niyə ona bu qədər hörmət edirsiniz?”. Lotu dinməyib, gözlərini bərəldir.
Poems by other poets · Satire
Göstərdi mahi-ruzə üfüqdən liqasını,Çəkdi əzançılar da obaşdan səlasını,
Gəldi yenə Rəhim xan İranə, barəkallah!Goldi yene Rəhim xan İranə, barəkallah!Çıxdı əceb igidtək meydanə, barəkallah!
Nə ləzzətiDünya üzündə olmadın ədna, nə ləzzəti?Ədnalıq ilə olmadın əla, nə ləzzəti?
İnsan vəzifəni bəzəsin gərəkOturub dörd divar arasında sən –Yüz yerə zəng vurub əmrlər verdin.