Page 1 of 2

Dördüncü məçlis vaqe olur Danabaş kəndində təzə açılan məktəbdə. Bir geniş kəndli evində düzülüb təzə rənglənmiş skamyalar; hərəsinin üstündə oturub iki nəfər kəndli uşaq; səkkiz yaşından on beş yaşına kimi. Şagirdlərin cəmi on ikidir. Baş tərəfdə qoyulub yazı taxtası, qara rəng ilə boyanmış, qabaqda var miz, yanında bir sandalya (stul). Divarlara bir neçə heyvanat şəkli düzülüb; qabaq divardan bir yekə at şəkli asılıb. Şagirdlərin qabağında Müəllim Həsənov əlindəki kitaba hərdənbir baxa-baxa durub dərs deyir. Kənarda divar dibində çömbəlibdir Qasım kişi, Kərbəlayı Qulamalı Və Kərbəlayı Heydər. Şagirdlərin adları: Əsəd Məşədi Ağakişi oğlu və Qasım kişinin nəvəsi. Mustafa Kərbəlayı Qulamalı oğlu, Süleyman Kərbəlayı Heydər oğlu və qalan doqquz uşaq ki, ataları burada yoxdu, bunlardır: Zeynal, H ə - sənqulu, Cəfər, Səbzalı, Novruz, Həsən, Tarqulu, Qulamhüseyn, Zülfəli. Cəmi şagirdlər öz kəndli libaslarındadır.

Uçitel (şagirdlərə). Durun! (Şagirdlər dururlar). Oturun! (Otururlar). Əllərinizi yuxarı qalxızın! (Uşaqlar əllərini yuxarı qalxızıb duaya hazırlaşırlar). Dərsdən qabaq vacib olan duanı mən oxuyum, siz də mənim dalımca deyin. (Uçitel özü də əllərini qaziyül-hacata qalxızıb bu duanı oxuyur, şagirdlər kəlmə-kəlmə onun dalınca oxuyurlar). Allahümmərzüqna elmən nafiən və hifzən kamilən və zehnən şamilən və fəhmə zəkiyyən və təbən rəziyən və tövfiqən litəhsilil-ülum, Allahümməftəh əleyna əbvabə fəzlikə və səhhil əleyna elmikə və ehsanikə və rifətikə ya ərhəmərrahimin. Amin! Amin! (Şagirdlərə) Oturun!

Şagirdlər otururlar. Qasım kişi əllərini üzünə sürtür və salavat çevirir: Allahümmə səlli əla Məhəmmədin və ali Məhəmməd. Kərbəlayı Qulamalı və Kə rbəlayı, Heydər də salavat çevirirlər.

Qasım kişi. Yaşasın belə padşah!

Uçitel. Bu gün predmetni urokdi. Məktəb taxtasını kim deyə bilər?

Şagirdlərin bir neçəsi sağ əlinin şəhadət barmağını qalxızır yuxarı.

Uçitel. Mustafa, sən de.

Mustafa (durur ayağa və rəvan deyir). Məktəb taxtası, məktəb taxtası uca və qaradır. Məktəb taxtası durub iki qıçının üstə. Məktəb taxtasının ustə yazırlar təbaşirlə; məktəb taxtasını silirlər cında ilə və ya bulud ilə.

Uçitel. Hamınız bir yerdə.

Mustafa taxta barəsində dediyini şagirdlər hamısı bir yerdə deyir.

– Kim gedib məktəb taxtasını göstərər?

Şagirdlər barmaqlarını qaldırır.

– Səbzalı.

Şagird gedib əlilə məktəb taxtasını göstərir.

Qasım kişi (nəvəsi Əsədə). Əsəd, bala, sən də get görsət.

Uçitel (Qasım kişiyə). Qasım kişi, təvəqqə edirəm şagirdlər ilə danışmayasınız. (Səbzalıya) De!

Səbzalı. Məktəb taxtası budu.

Uçitel. Yox, yox, elə deyil; bilmədin!

Səbzalı (təəccüb ilə baxır uçitelə). Budu (taxtanı göstərir).

Uçitel. Yox, mən necə demişdim? Kim deyə bilər?

Kişilər təəccüb edir, şagirdlər fikirləşir.

Gərək deyəsiniz: bu məktəb taxtasıdır.

Kərbəlayı Qulamalı. Qoy bizim Mustafa da desin. Ədə, Mustafa, sən də de ki, yadından çıxmasın.

Uçitel (Kərbəlayı Qulamalıya). Mən sizdən xahiş edirəm ki, uşaqları danışığa tutmayasınız.

Qasım kişi çubuğunu çıxardıb doldurur.

Uçitel (şagirdlərə). Hamınız bir yerdə: bu məktəb taxtasıdır.

Şagirdlər cəmən. Bu məktəb taxtasıdır.

Uçitel. Kim dünənki dərsi deyər? Süleyman!

Süleyman (durur ayağa). Qoyun, it, pişik, at, keçi, camuş, inək.

Cəfər. Uçitel, birini demədi.

Uçitel. Hansını?

Cəfər. Dana.

Qasım kişi çaxmağı daşa vurub qovu basır çubuğa.

Uçitel (Qasım kişiyə). Qasım kişi, klas otağında çubuq çəkmək olmaz; heç olmaz.

Qasım kişi bir söz demir və çubuğu əlində saxlayıb çəkmir.

Uçitel (şagirdlərə). Çox əcəb, gözünüz məndə olsun; bu nədi? (Atın şəklini göstərir, şagirdlər hamısı barmaqlarını qalxızır).

Uçitel. Zülfəli, sən de.

Zülfəli. Bu atdı.

Uçitel. Yox, dürüst fikir elə.

Qasım kişi. Dəxi nə fikir eləsin? Doğru deyir, atdı da!

Uçitel (Qasım kişiyə baxıb bir söz demir). Səbzalı, sən de.

Səbzalı. Bu at şəklidi.

Uçitel. Yox, elə deyil.

Kişilər başlarını bulayır. Elə deyil. Kim düzəldər?

Şagirdlər fikirləşir və bir kəs barmağını qalxızır. Qulaq asın: bu atıi şəklidi.

Şagirdlərdən bir neçəsi. Bu atın şəklidi.

Uçitel. Xorom. Bu atın şəklidi.

Şagirdlər cəmən. Bu atın şəklidi.

Uçitel. Bir də!

Şagirdlər cəmən. Bu atın şəklidi.

Uçitel. Həsənqulu, sən de.

Həsənqulu. Bu atın şəklidi.

Uçitel. Novruz, get atın şəklini göstər.

Novruz gedib atın şəklini göstərir.

Uçitel. De!

Novruz. Bu at şəklidi.

Uçitel. Yox, belə deyil. Mustafa, düzəlt.

Mustafa. Bu atın şəklidi.

Uçitel. Novruz, otur yerinə. (Novruz gedib oturur, uçitel atın başını göstərir). Bu atın nəyidi? Həsən, de.

Həsən. Bu atın şəklidi.

Uçitel. Yox. (Öz başını göstərir). Bax, bu mənim nəyimdi?

Həsən. Başındı.

Uçitel. Yox, belə deyil.

Kişilər təəccüb eləyirlər. Bu mənim başımdı.

Şagirdlərdən bir neçəsi. Bu mənim başımdı.

Uçitel (əlini qoyub atın başına). Bu atın nəyidi?

Həsən. Bu atın başıdı.

Uçitel. Bir də.

Həsən. Bu atın başıdı.

Uçitel. Xorom.

Şagirdlər cəmən. Bu atın başıdı.

Uçitel. Əsəd, sən de?

Əsəd. Bu atın başıdı.

Uçitel. Malades. Bu atın başıdı. Bir də de.

Əsəd. Bu atın başıdı.

Uçitel. Xorom.

Şagirdlər cəmən. Bu atın başıdı.

Uçitel. Çox əcəb. (Əlini qoyur atın qulağına). Bu atın nəyidi?

Şagirdlərin bir neçəsi (yerindən). Qulağı.

Uçitel. Hər kəs bilir, barmağını qalxızsın.

Şagirdlər barmağını qalxızır.

Tarqulu, sən de.

Tarqulu. Qulağı.

Uçitel. Yox.

Kişilər təəccüblü baxırlar bir-birinin üzünə. Qulamhüseyn, sən de.

Qulamhüseyn. Qulağıdı.

Uçitel. Yox, Cəfər, sən de.

Çəfər. Atın qulağıdı.

Uçitel. Yox.

Cəfər. Qulaqlarıdı.

Uçitel. Yox.

Qasım kişi (uçitelə). Yaxşı, sən de görək qulağı deyil, bəs nəyidi?

Uçitel (Qasım kişiyə). Qasım kişi, danışsanız, mən gərək sizdən xahiş edəm çıxıb gedəsiniz.

Qasım kişi. Baş üstə.

Kişilər yavaş-yavaş dururlar ayağa.

Süleyman. Uçitel, bizim də atımız var.

Uçitel (Süleymana). Mən səndən soruşmadım atınız var, ya yox. Zeynal, soruşdum?

Zeynal. Yox, soruşmadın.

Uçitel. Tarqulu, soruşdum?

Tarqulu. Yox, soruşmadın.

Uçitel. Hamınız bir yerdə deyin: yox, soruşmadın.

Şagirdlər cəmən. Yox, soruşmadın.

Əsəd. Uçitel, bizim də atımız var.

Qasım kişi (Əsədə). Ədə, Əsəd, bala, bu uçitel yəqin at-zad görməyib. Gəl gedək, atını min, gəti baxsın; həmi başını görsün, həmi də qulaqlarını görsün.

Uçitel (acıqlı Qasım kişiyə). Qasım kişi, Allah xatırına, çıx qoy get, dərsimizlə məşğul olaq.

Qasım kişi. Vallah, yaxşı deyirəm. Özü də minməli atdı, yorğadı; kefin gələndə minərsən, gəzərsən; başını da görərsən, qulaqlarını da görərsən. Əsəd, bala, gəl gedək.

Əsəd durur ayağa, baxır uçitelin üzünə.

Uçitel. Dərs qurtarmayınca, uşqoladan çıxıb getmək olmaz.

Kişilər bir qədər də gəlib dayanırlar qapıda.

Uçitel (Şagirdlərə). Durun! (Şagirdlər dururlar). Oturun! (Otururlar). Durun! (Dururlar). Oturun! (Otururlar).

Həsənqulu. Uçitel, bizim atımız qaradı.

Uçitel (Həsənquluya). Mən səndən soruşmuram. (Şagirdlərə) Soruşuram?

Şagirdlərdən bir neçəsi. Soruşmursan.

Uçitel (Həsənquluya). Get bucağa.

Həsənqulu çıxıb gedir durur bucaqda, üzü divara, kişilər təəccüb ilə ona baxırlar.

Qasım kişi (uçitelə). Ay uçitel, bu uşağı niyə üzü qibləyə qoydun?

Uçitel dinmir, şagirdlərin bəzisi gülür.

Uçitel (şagirdlərə). Mənim neçə qulağım var?

Qasım əmi, Kərbəlayı Heydər və Kərbəlayı Qulamalı qah-qah çəkib gülüşüb çıxırlar; şagirdlərdən də gülən var.

Uçitel (kişilərin dalınca acıqlı baxa-baxa). – Vot nevejestvennıy narod! (Uçitel əlini qoyur atın boynuna) Bu atın nəyidi? (Şagirdlər barmaqlarını qalxızır). Qulamhuseyn, sən de.

Qulamhüseyn. Boynudu.

Uçitel. Dolu cavab ver!

Qulamhüseyn. Bu atın boynudu.

Uçitel. Xorom.

Şagirdlər cəmən. Bu atın boynudu.

Uçitel. Bir də.

Şagirdlər cəmən. Bu atın boynudu.

Uçitel (bir qədər əlindəki kitaba baxandan sonra). Atın bədəni nə ilə örtülübdur? (Şagirdlər dinmir). Qulaq asın. Bədəni atın örtülübdür tük ilə.

Qulamhüseyn (yerindən). Atın bədəni tüklüdu.

Uçitel. Yox, olmadı.

Qulamhuseyn. Atın tükü var.

Uçitel. Yox, belə deyil. Kim deyə bilər? Zeynal, sən de.

Zeynal. Uşqol, at tüklüdur.

Bu heyndə Əsəd heybəsini götürüb istəyir getsin.

Uçitel (Əsədə). Əsəd, hara gedirsən?

Əsəd. Uşqol, acam, gedirəm evimizə.

Uçitel. Otu yerinə! Dərs qurtarmamış getmək olmaz.

Əsəd gedir qapıya tərəf, uçitel gəlib yapışır onun çiynindən.

– Sən ki, mənim sözümdən çıxdın, get dur bucaqda; özünü də tənbeh üçun bezabed qoyacağam. (Saatını çıxardıb baxır) Kimdi dejurni? Cəfər, sənsən? Get zəngi çal.

Cəfər qaçır çöldə zəngi çalır, şagirdlər səs-küy ilə tökülürlər eşiyə.

Əsəd (Mustafaya alçaqdan). Mustafa, qaç nənəmə de ki, uşqol məni bezabed qoydu, özümü də qoyub bucağa. (Şagirdlər çıxır, qalır uçitel və Əsəd).

Uçitel (var-gəl eləyə-eləyə). Sən lap heyvan imişsən. İndidən sən müəllimin sözünə baxmayanda, dəxi yekə kişi olanda nə eləyəcəksən? Yəqin ki, quldur olmaq istəyirsən, razboynik olmaq istəyirsən. Elə belə tərbiyə tapmışsınız ki, Danabaş kəndinin kişiləri lap vəhşi heyvan kimi olub, insanlıqdan bilmərrə bixəbərdirlər. Odur, yekə kişiləriniz. Odur Qasım kişi kimi ağsaqqalınız. Onun bir öz işlərinə bax, dərsə gülməklərinə bax!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets