Birisinin gözü düşür bir ata, amma qorxur gedib sahibindən istəsin, deyir, bəlkə satmaq istəmədi, ya baha dedi.

Burada bir dəllal lazımdı. At dəllalı da hər şəhərdə və hər kənddə tapılar.

“Kərbəlayı Cəfər, get Heydərbəyin atını al mənə, bir qırmızı onluq basaram ovcuna”.

Birisinin gözü bir qıza düşəndə də həmişə bir dəllal lazım olur. Necə ki, at dəllalı, habelə də övrət dəllalı hər qədəmdə insana lazım olur. Bunların hər birisi olmasa, işlər yeriməz.

“Kərbəlayı Cəfər, get filankəsin atını al mənə, sənə on manat verərəm”.

Yainki: “Axund hacı Molla Ələsgər, filan qızı al mənə, bir kəllə göndərrəm qulluğuna”.

Dəllal Kərbəlayı Cəfər gedib atı istəyir, amma Heydər bəy cavab verir ki, “söz vermişəm atı satam əmi oğlum Cahangirbəyə” – “A kişi, dəli olma, Cahangir bəy sənə pul verən deyil, atı götürüb aparar, pulunu bu gün-sabaha salar, axırda da deyər ki, “atanın atama arpa hesabından borcu var idi, vəssalam. Amma bu kişi nəqd adamdı. Ata da yaxşı qiymət verir”.

Xülasə, dəllal atı alır. Və heyvan arpa yediyi yerdə dəllal pulları sayıb istəyir atı çıxartsın, hevan arpanı ağzından tökə-tökə genə başını soxur axıra ki, yeməyə məşğul olsun. Dəxi burada Kərbəlayı Cəfər atın üstünə pişik kimi sıçrayıb atın qarnından bir qamçı ilişdirib atı sürür küçəyə.

Axund Hacı Molla Ələsgər də qızı çağırır yanına: “Bala, səni filankəs istəyir, sənə yaxşı paltar alacaq, yaxşıca toy eləyəcək”. Qız istəmir getsin. “Yox, yox, mən Bəhrambəyə gedəcəyəm, mən özgəsinə getməyəcəyəm”.

“Kəs səsini, bihəya!”.

Molla nikahı oxuyur, qızı itələyə-itələyə aparırlar filankəsin evinə.

Bəlkə Kərbəlayı Cəfər olmasa idi, Heydər bəydən atı almaq mümkün olmayacaq idi, söz yox ki, axund Hacı Molla Ələsgər də olmasaydı, qızı almaq olmayacaq idi.

Necə ki, insana hər qədəmdə at dəllalı lazım olur, habelə arvad dəllalı lazımdır.

Nə onsuz dünyada işlər ötüşər, nə də bunsuz ötüşər.

Hər ikisi lazımdır.

Dəli

“Molla Nəsrəddin”, 26 may 1908, №21

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ləpə

Mən bizim guya ana dilimizdə qəzetələri oxuyanda həmişə fikrimə gəlir ki, mən bisavadam.Amma birdən yadıma düşür ki, axı mən on iki il müsəlman dərsi oxumuşam!..

3 min
Küp

Bir divanxanaya gedirsən, görürsən ki, başdan-ayağa kimi düzülüblər ruslar, ermənilər və qeyri millətlər, qulluq eləyirlər. Çox vaxt bunların içində bircə nəfər də müsəlman görmürsən ki, sözünü deyəsən. Xudanəkərdə ki, rusca da bilməyəsən, dəxi qalacaqsan mat və məəttəl; necə ki, adam, məsələn mollalarımızın ittihad yolunda çalışmaqlarına məəttəl qalır. Məsələn, indi mollalarımız bir vaxt görürlər ki, ittihaddan onlara bir bozbaş pulu çıxacaq, hər növ ilə çalışacaqlar. Amma o yerdə ki, bunlara bir mənfəət yoxdur, dörd əlli səy edəcəklər ki, ittifaqı və ittihadı ortalıqdan götürsünlər; məsələn, məktəblərdə…Gələk söhbətə.

3 min
Ot

İlin hər fəslinin bir hüsnü var; amma qışın ləzzəti bir özgədir.Bu qədər var ki, şairlər bahar fəslini hamıdan artıq dost tuturlar. Kitablarda həmişə oxumuşuq ki:

3 min
Yuxu

Molla, salaməleyk!Durmuşdum, yuxuda gördüm ki, iki nəfər cavan oğlan, biri 15 yaşında zülflü və biri də 30 yaşında bığlı-birçəkli bir-birinə yetişdikdə, otuz yaşlı on beş yaşlıya hirsli dedi ki, ədə, ... bəs sən mənə vədə vermişdin ki, axşam bizə gələsən, necə oldu? Sən də Məhəmmədəli şah oldun ki, dediyin sözdən qaçasan?

2 min

Poems by other poets · Satire