Mən indiyə kimi inciyərdim o müsəlmanlardan ki, öz dillərini bilə-bilə bir-birinə rus dilində məktub yazırlar. Amma indi incimirəm.

Darülfünun qurtarmış cavanlarımızın hamısı rus dilində yazı-pozu eləyirlər; müsəlmanca savadı olanlar da eləyir, olmayanlar da eləyir. Əvvəllər mən buna razı olmazdım; amma indi razıyam. Hətta qəzet müdirlərimizdən bizə indiyədək bir neçə kağız gəlib: bunların hamısı rusca yazılıb. Müəllim rəfiqlərimiz də bizə rusca kağız yazırlar. Az qalıb ki, mollalarımız da rus dilində irsal-mərsul edələr; amma eləmirlər. Məhz ondan ötrü ki, rusca bilmirlər.

Bu işlərə əvvəllər mən təəccüb elərdim, amma indi eləmirəm. Səbəbi var:

Müsəlman yazıçılarından mənim bir nəfər dostum var ki, qabaqlarda mənə kağız yazanda həmişə türk dilində yazardı. Amma iki həftə bundan irəli haman dostumdan bir kağız aldım; bu kağız rusca yazılmışdı. Rəfiqimiz dünən bir vacib işdən ötrü gəlmişdi idarəmizə və söhbət arasında axırıncı kağızını rusca yazmağının səbəbini soruşduq. Rəfiqimizin cavabını burada yazırıq ki, möhtərəm oxucularımız oxusunlar və oxuyandan sonra haman sözləri cib dəftərlərinə yazsınlar ki, bari bizdən sonra gələnlər üçün bir yadigar qalsın. Rəfiqimiz belə cavab verdi:

– Cənab Molla Nəsrəddin, mən bilirəm ki, şəxs gərək öz dilində danışsın və öz dilində yazsın. Amma mən müsəlman hürufatı ilə yazıpozu eləməyi dəxi bilmərrə tərgitdim və buna iktifa eləməyib, evladıma da vəsiyyət edəcəyəm ki, müsəlman dili üçün təzə bir hürufat icad olunmayınca müsəlmanca bir kəlmə söz də yazmasın.

Mənim Fatma adında bir bacım var ki, həmişə anamla bir yerdə kəndimizdə olar. Bacımın beş yaşında bir azarlı oğlu var idi, mənim xahişimə görə bacım oğlunu gətirmişdi bizə ki, həmi bir-iki ay bizə qonaq olsun, həmi də İrəvan həkimləri uşağa müalicə eləsinlər. Anam və bacımın əri İsmayıl bəy qalmışdılar kənddə. Bacım Fatma da hamilə idi və doğmağına bir neçə gün qalanda əri İsmayıl bəylə gəldi İrəvana. Uşağı Russo həkim müalicə eləyirdi. Fatma doğdu və bir oğlu oldu. Bir gün keçəndən sonra poçta yolum düşdü və bir açıq kağız alıb kəndimizə Molla Cəfər rəfiqimizə müxtəsər yazdım: “Anama de ki, Fatmanın oğlu oldu”. Kağızı saldım qutuya.

Molla Cəfər kağızı alır və elə bilir ki, mən yazmışam “Fatmanın oğlu öldü”, yəni vəfat elədi; çünki molla bunu bilirmiş ki, bacım İrəvana gəlib naxoş oğluna müalicə elətdirsin və hamilə olmağını ya bilmirmiş, ya xəyalında deyil imiş. Əvvəl Molla Cəfər istəmir bu cür pis xəbəri anama yetirsin, hətta məndən narazı olub ki, qoca övrətə mən niyə bu tövr qəmli xəbəri yazıram.

Xülasə, üç gün keçəndən sonra, evdə oturmuşduq, gördük qapı döyülür və bir övrət ağlayır. Qapı açılan kimi biçarə anam “bala vay!” deyib, özünü çırpdı yerə və bihuş oldu.

Mən o saat işi duydum və bacımın böyük oğlunu və təzə doğduğu uşağı da gətirib qoyduq anamın qucağına. Handan-hana yazıq övrət gözlərini açdı və başladı uşaqların ikisini də öpüb qucaqlamağa.

– Allah Molla Cəfərə insaf versin!

– Allah müsəlman hürufatını da icad edənə rəhmət eləsin!..

Rəfiqim sözünü deyib qurtardı.

Mən də sözümü qurtarıram və ancaq bunu demək istəyirəm: hər kəs rusca, yainki erməni və gürcücə, yainki avropalılar işlətdikləri hürufatla yazı yazmaq bilir, – bizim sözlərimizi başa düşər və bilər ki, nə deyirik. Amma hər kəs bu dillərin heç birində basavad deyil, – yəqin ki, bilməyəcək nə deyirik.


Əvvəl mən təəccüb eləyirdim ki, bir az rusca “net-pet” deyən cavanlarımız müsəlmanca basavad ola-ola rus dilində yazı yazır; amma indi dəxi təəccüb eləmirəm.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 12 may 1908, №19

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Əzizim Eynəli Sultan! (13 iyul 1925)

Kağızın gəldi, çatdı. Uşaqların oraya salamat getməklərinə şad oldum, çünki zəmanəmiz çox bietibar olub: tez-tez dəmir yolu uçur. Bir neçə gün sizinkilər gedəndən sonra mən Həmidə xanımı və Midhəti apardım Yevlaxdan yola saldım, getdilər Qalaya və özüm genə qayıtdım Bakıya. Hələ bir neçə gün buradayam. Bilmirəm sonra hara gedəcəyəm. Bu mənim əhvalatım, qaldı səninki. Hə, Tubu deyir: hörmət də var, hörmət də var. Mən də deyirəm: doğrudan, sənin bu Tubun qəribə xörəkli adam imiş. Axı, yemək də var, yemək də var. Ancaq söz burasındadır ki, papirosdan savayı qeyri bir yeməyini görmədik. Onunçün də, maşallah, göz dəyməsin, eləcə kökəlibdir. Maşallah, maşallah. Ancaq Şuranı bu dəfə mən yaxşı gördüm. Və xüsusən elə saatlar olurdu ki, onunla rubəru oturanda keçmiş günləri yada salırdım. Elə bilirdim ki, haman Eynəli qardaşım qırx il bundan qabaq yanımda oturub, cavanlıq həvəsilə oxuduğu kitablardan, rus maarifindən, Avropa əhli-qələmlərindən şirin-şirin və bəzi vaxt da odlu-odlu, yanıqlı-yanıqlı söhbətlər edir. O qədər məni özünə qulaq asdırdın ki, axırda məni doğrudan da, maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydım, mən də qeyri sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım. Bəhər hal, Tubuya mənim qardaşlıq salamımı yetir. Şuranı da mənim əvəzimdən öp. Özün də hələ özünü bir tövr saxla görüm nə vaxt görüşərik.Cəlil

1 min
Həmidə! (22 avqust 1925)

Sağ-salamat gəlib çatdıq. Midhət avqustun 16-sından alman dili dərsinə getməyə başlamışdır. Blaqovidova da qayıdıb gəlib və Midhətin dərslərinə rəhbərlik edir.Bura çox istidir. Mən iki gün Buzovnada qaldım və dənizdə çimdim. Fikrim var Midhəti də iki günlüyə oraya aparım. Elə yaxşı olar, yolda o, Sabunçunu, Balaxanını, Ramananı (neft aləmini) da görər.

1 min
Əziz ana!

Bu gün poçtla 50 manat göndərirəm. Ayın axırında yenə göndərəcəyəm. Bizə göstərdikləri hörmət üçün Bəyimə (Əlişin anası) təşəkkürümü bildir.Əziz ana! Necəsən? Səni və Ənvəri öpürəm.

1 min
Midhət!

Lısoqorsk necə yaxşı idi!.. Ah, bir də haçan ora gedəcəyəm?.. Müzəffər və Münəvvəri öpürəm! Hələlik salamat qal, kefin həmişə kök olsun və yavaş-yavaş “dayna”nı tərgit.Əliş bəyə və Qəmərə salam.

1 min

Poems by other poets · Satire