Mənə əmr etdiyin sözlərə qarşı mənim heç bir etirazım yoxdur: İsrafı qaldırmaq? – baş üstə. Qənaət yolunda səy etmək? – bu da göz üstə. Bunlar hamısı mümkündür və burada heç kəsin sözü ola bilməz və bu yolda hər bir mübarizə mümkündür: israfdır eləməzsən, rədd olar; qənaətdir gözlərsən, olar.

Ancaq bircə məsəl qabağında bəndeyi-həqir aciz və sərgərdan qalıbdır; əgər bu məsələni həll edə bilsəm, həm qənaət və israf məsələlərini həll etmiş olaram, həm də yüz il yaşaram.

Haman çətin məsələnin adı dirsək məsələsidir.

Nədir dirsək?

Lüğətdə dirsək – qolun iti sümüyünə deyirlər. Bu sümüyü xudavəndi-təbarəkü taala insanlara ondan ötrü verib ki, məişət mübarizəsində dirsəklə özlərinə yol açsınlar və bu dirsək müxtəlif insanlarda müxtəlif itilikdə olur: bəzilərinin dirsəyi iti olur, bəzilərinin dirsəyi kort olur. O ki dirsəyi kortlardır, onları mən tapşırıram misli və manəndi olmayan cənab Allaha ki, onlara rəhmi gəlsin; ancaq mənim sözüm dirsəkləri itilər ilədir.

Hə, indi nə fərmayiş edirsən?

Qənaət? – başım və gözüm üstə. Mən dəxi bundan sonra övrətlərim üçün atlas parçalar dalınca düşmərəm, baldızlarımı avtomobildə sağa və sola çapırtmaram və axşamdan-səhərə kimi musiqi dəstəsini bal qonaqlığında məşğul edib baha qiymətlərə dəyən ziyafət içkilərini, baha qiymətlərə başa gələn ləziz nemətləri əyyaşlar qabağına düzüb min-min manatları sağa və sola səpələmərəm. Və dəxi bundan sonra hamıdan qabağa düşüb min fənd-fel işlədib, əhli-xanəm ilə məxmər vaqonlara minib kurort yaylaqlarında ali mənzillər işğal etmərəm və kişi kimi söz verirəm ki, bunların heç birini eləmərəm.

Və bir saatlığa tutaq ki, bu işləri tərk etdim, onda, bəs, dirsəyi mənə Allah-taala nədən ötrü veribdir?

Ondan ötrü veribdir ki, azarlılara macal verməyib, hamıdan qabaq özümə dirsəyim ilə yol açım və hamıdan qabaq öz sağlam bədənimi Kislovodsk yaylaqlarının sərin sularına yetirim.

Bu dirsəyi mənə xudavəndi-aləm ondan ötrü kəramət edib ki, növbəyə duran fəqir-füqəranı dirsəkləyib özümü yetirim qabağa və bu dünyanın nazü-nemətinə sahib olum və qənaət söhbəti də düşəndə yenə dirsəyimin gücü ilə bir elə gözəl-gözəl sözlər danışım və elə gözəl-gözəl sözlər yazım və elə hesablar verim ki, hamı desin: bu adam nə həqirdir, nə şikəstənəfsdir!

Bunların hamısını dirsək bilər. Və əgər duram öz növbəmi gözləyəm, əgər Şura hökuməti çıxartdığı qənaət qərardadlarına duram düzlüklə əməl edəm, onda gərək nə övrətim başdan-ayağa qumaş paltar içində gəzə və nə də hər il Kislovodsk yaylağına gedəm (çünki mən xəstə deyiləm).

Onda, bəs, bu dirsəyi mənə pərvərdigari-aləm nədən ötrü veribdir?!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”; 5 iyun 1926, №23

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Məşğuliyyət

Doğrusu budur ki, biz bakılıların çoxdandır ki, qulağımız buna adətkərdə olmuşdu ki, Bakıda, ələlxüsus Bakı rayonunda, hərdən bir parta-part düşə: “Vodə, bu nədir?” “Nə bilim, filankəs vurdu, filankəsi öldürdü”.Doğrusu budur ki, belə işlərin özü bir məşğuliyyətdir; yoxsa, vallah, bikarçılıqdan adamın başı şişir.

2 min
Müxbirlər

İndi bu saat kənd müxbirlərinin qəzet və jurnallara yazdıqları rəvayətlər qədim əsrdə Əbuhərirənin rəvayətlərini yada salır.Əbuhərirə deyəndə də islamın birinci əsri, o gözəl əsri yada düşür, haman əsri ki, gözəl islam dini az qalmışdı ki, tamam yer üzünü tutsun.

2 min
Həmmalül-müqəddəs

Həmin nömrənin səhifəsində çəkilən bir həmmalın dalındakı namaz tayları barəsində, söz yox, bəzi oxucular ola bilər ki, əhvalatdan müxbir olmayalar. Onunçün də burada bu barədə mətləbə şərh verməyi lüzumdan xali görmədik.Bu bəndeyi-xuda bir mömün islam ümməti və Əli şiəsidir, gün, yövmiyə dua və sənada razü niyaz əhlidir və demək olar ki, bir gün də vacibi namazlarını qəzaya qoymayıbdır, sonra bu mömin Allah bəndəsini əcəl dərk eləyir və bu da darülfünadan darülbəqaya rehlət edib çıxıb gedir.

2 min
Tövhid

Qül hüvəllahü əhəd!Bu zalım oğlu müşriklərə həzrət rəsuli-xuda deməkdən yoruldu ki, Allah-taala birdir, necə ki, Şəkidə qadınlar klubunda pedağoji texnikum tərəfindən tərtib olunan müsamirə vahid bir nəfərin şərəfinə imiş.

2 min

Poems by other poets · Satire