Əkinçilik aləmindən
Üzümüzə gələn qış, yaz və yay fəsillərində əkin aləmi üçün çox böyük məsələlər meydana qoyulmalıdır və qəzetlərin yazmağına görə hökumət özü də həmin məsələlərə indidən baş qatmaqdadır.
Bu mühüm məsələlər haman çəyirtgə, pambıq əkmək, kənd əhalisinə toxum paylamaq və əkin sularını abad bir yola qoymaq məsələləridir ki, biz bu barədə keçmiş nömrələrimizdə bir neçə dəfə işarələr eləmişik.
Əvvəla, çəyirtgə məsələsi elə bir əhəmiyyət qazanmaqdadır ki, bu yolda istər hökumət, istər camaat var qüvvəsi ilə çalışmalıdırlar ki, bəlkə bu nagahan bəlanın zərərini bir növlə əkinçilərin başından rədd eləyələr. Düşmən də çox qəvi düşməndir, çünki alınan məlumata binaən, üç yüz min desyatin miqdarında çöllər çəyirtgə toxumu ilə doludur. Və bu da məlumdur ki, yüz min desyatin əkinəcək zəmilər çəyirtgənin dövlətindən puça çıxıblar.
Pambıq əkmək söhbətinə gəldikdə, bu məsələ də çəyirtgə məsələsinə təmamən bağlıdır. O səbəbdən ki, madam ki, çəyirtgənin qorxusu uzaqlaşmayıbdır, pambıq barəsində də olunan binagüzarlıqlar hədər nəzərə gələcəkdir.
O ki qaldı əkin suları – burada da çox tədbirlər görülməlidir. Bir tərəfdən kəhrizlər sahibsiz fəna bir haldadırlar, çünki onları nə qabaqkı sahibləri sahiblənib becərməkdədirlər, nə kənd camaatları sahiblənib abad saxlamaq fikrindədirlər. Və onun üçün də kəhrizlər gün – gündən puça çıxmaqdadırlar.
Həmin məsələləri məmləkətin gələcəyi üçün biz nəhayət ciddi hesab edib, bu barədə bundan da sonra genə yazmaqda olacayıq.
“Yeni yol”,11 noyabr 1922, № 8
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-ekincilik-aleminden
Use ← → keys to move, R for a random poem
More by this author
Sizdən ayrılandan sonra mən yanvarın 2-də Bakıya gəldim və yanvarın 7-də buradakı Semaşko adına xəstəxanaya girdim. Yanvarın 19-da xəstəxanadan buraxdılar və fevralın 20-dək ambulatoriyada müalicə olundum.Bütün bu müddət ərzində mənim dərdim-sərim bu idi ki, qan təzyiqim xeyli qalxmışdı. Axırı bundan təngə gəlib, naxoşluğumu da, qan təzyiqini də yaddan çıxardım. İndi kefim necə istəyir, elə də yaşayıram. Bütün ümidimi, ancaq Allaha bağlamışam.
Əzizim Baba! (Bakı, 7 iyun)Sizin evdə uşaqlar hamısı salamatdırlar. Atan gedibdir Naxçıvana, mən sizin evə iki dəfə telefon edib uşaqların kefini xəbər almışam. Buralar salamatdır. Heç bir yanda narahatlıq yoxdur. Şəki tərəfdə qabaqlarda bir az narahatlıq var idi, amma indi hər yan sakitdir.Bəs sən nə vaxt gələcəksən? Gəlsən, arxayın və bolluca söhbət edərik.
Həmidə!Mən sənə işlərimiz barədə bir neçə məktub yazmışam: biri veksellər və Dövlət bankının reyestrləri ilə bərabər yazılan sifarişli məktub idi, o biri sifarişli məktubda yazmışdım ki, ağacları əkmək üçün çalalar hazırlansın, üçüncü məktubu isə srağa gün Maşonun qaynı Vasili Bedoşvili ilə göndərdim.Axırıncı məktubda sənə mən sənin veksellərinin müddəti barədə yazmışdım. Yazmışdım ki, veksellər məni gecikdirəcəkdir, yoxsa kəndə can atıram ki, sifariş verilən alma ağacı və s. şitilləri əkim. Yazmışdım ki, Dövlət bankı tələb eləyir ki, pul almaq üçün bir dəfə sən özün şəxsən banka gələsən.
Əzizim Məmmədəli!Kağızların çatır. Povestkaları və kitabçaya qol çəkib göndərdim. 44 manat 81 qəpik alacaqsan. Pulu al və lazım olan yerə xərc elə. Manyanın sözünə qulaq asma, çünki o gərək sənə tabe olsun, nəinki sən ona. Amma çox ehtiyacı olanda kömək elə. Bəlkə paltarı və çəkməsi cırılıb. Qərəz sən sahibi-ixtiyarsan. Vera Akimovna ilə də bir tövr rəftar eləyin.Qonaqlar gəlib bir-iki gün qalacaqlar bizdə. Vera Akimovna necə ki, mənim otağımda qalır, qalsın. Aşbaza da nahar sifariş ver ki, həmi qonaqlar, həmi ev adamlarımız korluq çəkməsinlər. Münəvvərin kitablarını al. Bilirəm, kürd arvadı kimi 44 manatı bəhanə eləyib, 44 yüz manatlıq sifariş edirəm, amma başını sal aşağa və nə cür ağlın kəsir o tövr elə.