Komitə işləri barəsində
İki həftə əvvəl İrəvandan aldığımız rəsmi kağız Ermənistanda yaşayan türklərin yeni əlifbanı xoşlamaları və qəbul etmələrini bildirdi. Haman şəhərdə bu əlifbanı yaymaq və istəyənlərə öyrətmək üçün xüsusi komitə seçilib, ciddiyyətlə işə başlamışdır.
Beş gün sonra Naxçıvandan gələn xəbər orada da yeni bir əlifba komitəsi açılıb işə başlamasını bildirdi. Bu komitə yeni əlifbanı Ordubad və Şərur mahallarında yaşayan türklərin arasında da yaymağı öhdəsinə almışdır. Bu şəhərlərə göndərilən 300 əlifba kitabçasının kifayət etmədiyi xəbərlərini verib, haman kitabdan yenə istəyirlər. Bakıda yeni əlifba ilə çıxan qəzet və jurnalın oralara da göndərilməsini xahiş edirlər.
Yeni əlifba kitabçasından 12 min nüsxə çap olunmuşdu. Bir az müddətin içində bu qədər kitab satılıb qurtulduğuna görə ikinci dəfə çap olunması komitə iclasında qərara alındı. Habelə qət olundu ki, bu kitabın ikinci hissəsi də bu tezlikdə çap olunsun.
Həftəlik “Yeni yol” qəzetimiz Azərbaycan qəzalarının hamısına göndərilir. Bakıda isə qəzet satan uşaqlarda və Parapetin yanındakı Abbasovun budkasında satılır.
“Yeni yol”, 28 oktyabr 1922, № 6
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-komite-isleri-baresinde
Use ← → keys to move, R for a random poem
More by this author
Bu kağızı sənə Şuşadan yazıram. Bakıdan iyulun 7-də çıxıb Kürdəmirə gəldim. Orada bir həftə Münəvvərin yanında qaldım. Müzəffər və Münəvvər mənə çox mehribanlıqla qulluq edirlər.İyulun 13-də Münəvvərlə birlikdə Kürdəmirdən çıxıb, Yevlaxa, oradan da Ağdama gəldik. Üç gün Əliş Əmirovgildə qaldıq və iyulun 16-da Şuşaya, ananın yanına gəldik. Anan da Şuşaya iyulun 7-də gəlmiş imiş.
Həmidə! (12 yanvar)Torpaq komissarı Şuşaya gedib və bütün su sahibləri onun qayıtmağını gözləyirlər. Mən ona təcili teleqram göndərib, cavabını gözləyirəm. Odur ki, kəhrizlər və torpaqlar məsələsi həll olunana qədər burada qalacağam. Bizim Ələkbər də Əfəndiyevlə birgə gəlib və dünən o mənə Əfəndiyevin gəlməyi barədə kiçik bir kağız göndərib. Amma bu kağızı mənə Ağdamda verdilər. Ələkbər Bakıda yaşayırdı. Hamımız sağ-salamatıq. Uşaqların sifarişlərinin hamısını alacağam. Çox güman sabah gəlim. Qalan şeyləri sənə Cəmil danışar.Cəlil
Həmidə! (2 fevral)Bakı*Həmidə xanıma, Münəvvər və Müzəffərə dostluq salamı! Poçtla göndərilən quşları alıb ləzzətlə yedik. Jurnalın taleyi yaxın günlərdə həll olunacaq və nəticəsini biləcəksiniz. O zaman Həmidə xanımın Bakıya köçüb gəlməyi məsələsi də həll olunacaq.
Həmidə! (Bakı, 17 sentyabr)Padaqranın müalicəsi haqqında məktubunu aldığım zaman bilmədim sənə necə cavab verim. Bakıda gətirilmə palçıq var, amma onun barəsində rəylər yaxşı deyil. Müalicəni gərəkdir əməlli-başlı eləmək. Buna isə həm pul, həm də başqa şeylər lazımdır. Ona görə də mən belə hesab eləyirəm ki, hələlik gözləyib dözə bilirsənsə, gərək gözləyəsən. Mən sənə kömək eləyə bilərdim, amma, əvvəldən, yayda var-yox pulumu xərcləmişəm, ikincisi, indi [məktəblərdə] məşğələlər başlandığına görə xərc-xiracatım xeyli artmışdır, maddi vəziyyətim ağırlaşdığı üçün hətta qəpikləri də saymaq və çox ehtiyatla tərpənmək lazım gəlir.Sənə Şuşada söz vermişdim ki, müalicədə sənə kömək eləyəcəyəm və hətta Tiflisə də gedəcəyəm. Mən vədimə əməl eləməyə hazıram, amma yuxarıda izah elədiyim səbəbə görə indi yox, çünki belə bir səfərə başlamaq üçün müəyyən miqdarda məbləğ gərəkdir. Bir də indi heç cür yola düşə bilmərəm, çünki indi Bakıda jurnalla və başqa məsələlərlə bağlı çoxlu işim var.