Əzizim Həmidə! (2 sentyabr 1924)
Sənin otkrıtkanı aldım. Boğazın barədə müəyyən bir qərara gəlmək lazımdır, bu işdə başısoyuqluq eləmək olmaz və başqa bir qərar ola bilməz. Sentyabrın on dördündə uşaqlarla bərabər Bakıya yola düş, o vaxta qədər 50 manat yol pulu alacaqsan. Burada mütəxəssislə – həkimlə məsləhətləşərik, dəniz sahilində (yəqin Qara dənizin sahilində) olmağın lazım gəlsə, dərhal oraya gedərik, tamam sağalınca orada qalarsan. Söz verirəm, sənin üçün bunu kənddən kömək almadan düzəldim. Amma eyni zamanda bu barədə Müzəffərə yazıram ki, sən kənddə olmayanda təsərrüfat və dəyirman işlərinə kömək eləsin və pul cəhətdən mümkün qədər sənə əl yetirsin. Çünki, axı, məhz indi əməlli-başlı müalicə etdirmək və başqa xərclər üçün sənə çoxlu pul lazımdır.
Mütləq yumşaq vaqonda yer alın. Yevlaxa qədər isə yəqin ki, öz faytonumuzla gələcəksiniz, hərçənd onun rezinləri artıq sürtülüb gedib. Müzəffərə yazıram ki, sən yola düşəndən sonra özün gəlincəyə və Bakıdan təzə rezin gətirincəyə qədər faytonu (işlətməyib) söksün (burada dal çarxı üçün rezinin cütü 40 manatdır). Allah qoysa sən yaza qədər mütləq rezin alıb apararsan, çünki mən istəmirəm sən faytonsuz qalasan.
Burada pendir baha olduğuna görə gələndə motal gətir. Bizim uşaqlardan başqa özünlə heç kəsi gətirmə. Cəlalın, oğlunun və Səmədin məsələsi sonra məlum olar. Bizim uşaqların dərsi sentyabrın 16sından başlanır.
İndi özüm barədə danışım: sən Bakıya gələndə yəqin mən səfərdə olacağam. Zənnimcə sentyabrın 4-də hökumət işi üçün Ağamalıoğlu ilə Krıma yola düşəcəyik. Üç həftədən sonra qayıdacağıq; yəni siz burada mənsiz cəmisi on gün qalıb darıxacaqsınız. Amma xərcliyi jurnalın kontorundan alacaqsan. Kontoru mən bizim mənzilimizə, birinci böyük otağa köçürmüşəm. Sənin kiçik otağını mən hələlik bağlayacağam. Uşaqlarla yemək otağında qalın. Ümumiyyətlə, istədiyin kimi yerbəyer ol. Olya bütün məsələlərdə sənə köməklik eləyəcək. İstəyirsən uşaqları məktəbə özün apar. Ənvərin dəftərləri Teymurda olacaq.
Yadımdan çıxdı deyim ki, əgər nəyə görəsə indi gələ bilməsən və kəndə baş çəkməli olsan (hərçənd bu əbəsdir), onda uşaqlar qoy Yevlaxa qədər Müzəffərlə gəlsinlər.
Belə, daha nə yazım? Sənin üçün və uşaqlar üçün çox darıxdığıma görə sizi səbrsizliklə gözləyəcəyəm. Leyliyə və bizim ev yiyəsinə salam söylə. Özün üçün uzunboğaz çəkməni və qaloşu burada ayağına geyib seçərsən. Sonra mən belə fikirləşirəm ki, kəhrizləri icarəyə vermək məsələsini burada həll eləmək daha yaxşı olar. Camaata vəd elədiyim pəsməndə şeyləri sonra göndərərəm. Əliş bəyi və Cəlalı görsən de ki, onların uşaqlarını məktəbə qoymaq üçün var qüvvə ilə çalışacağam ki, oxusunlar.
Əziz balalarımı bərk-bərk öpür və onların anacığazını bağrıma basıram. Hələlik. Yaxın görüşədək.
Ənvərin dəftərini Teymura vermişəm saxlasın, qoy Ənvər məktəbə aparıb müəllimə göstərsin.
Cəlil
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-ezizim-hemide-2-sentyabr-1924
Use ← → keys to move, R for a random poem
More by this author
Göndərdiyin povestkaları – ki, pulu eləsin 33 manat 70 qəpik, – üstünü yazıb Məşədi Ələsgər Bağırovun adına göndərdim. Bunu mən qəsdən belə elədim ki, Üzeyir sənə kağızları və povestkaları yetirən kimi get Bağırovun yanına, povestkaları ona verib əlli manat al, haman saat yetir Mərdanova ki, eyibdir, mən səndən də artıq utanıram.Özün də bilirsən ki, indi Təbrizdən və çox yerdən pul gözləyirik. Gələn kimi Bağırovun pulunu verərik ki, eləsin 14 manat 20 qəpik.
Məmmədəli! (1911)İki səhifə yarım da şəkil göndərdim. Az olsa, qalanını özün düzəlt.Rotterdən nigaran oldum. Bilmədim otuz manata razı olub şəkil çəkirmi? Hər halda burada pulum yoxdur.
Əzizim Məmmədəli! (1911)Az qaldı ha: iki həftəyə yəqin orada olarıq və görüşərik. Sən Allah, “Tiflisski listok”un nömrələrini oxuyub qurtaran kimi hər gün sal poçta gəlsin və “Günəş” də göndər, çünki hələ bizə gəlmir. “Russkoye slovo”nun da nömrələrini orada saxla. Sən Allah, Həmidə xanımın çekini göndər geri. Əgər pulu alıb, borca vermiş olsan, yerini doldur: barı yanvar ayında öz borcumuzu özümüz verək.Bunu sənə qabaqlar da istəyirdim yazam ki, Faiq əfəndi bundan sonra orada sahib-ixtiyardır, hər barədə: xərclər və pullar barəsində, habelə jurnalın məzmunu barəsində. Ondan sonra sənsən. Sözsüz, sən özün də bunu bilirsən.
Əzizim Məmmədəli!Mən hələ burada, Xankəndindəyəm.Kağızın yetişdi, razı oldum ki, işləri yerbəyer eləyirsən. Ancaq Manya səndən giley eləyir ki, onu axşamlar tək qoyursan. Yazır ki, bizim köhnə qaravaşımız Olqa hərdənbir Semyonun yanına, yəni bizə gəlir. Semyona de ki, bir də o qız bizdə görsənsə, onu çıxardıb məvacib vermənəm. Xocaya de Olqa bizə gələndə qoymasın. Vera Akimovnadan mənə yaz görüm hardadır və nə qayırır? Bir neçə günə gələrəm. Bu gün yenə material və şəkil göndərirəm. Bir şəxs dünən mənə yazır ki, guya, sən hər gün keflənirsən, mən inanmıram.
Poems by other poets
Qurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,