Mən Təbrizə gəlməmişdən elə bilirdim ki, fahişəxana pis şeydir; məsələn, Tiflisdə görürdüm ki, fahişəxananı ermənilər də öz məhəllələrinə qoymurdular, gürcülər də və ruslar da öz məhəllələrinə qoymurdular. Müsəlmanlar da qabaqca qoyurdular, amma gördülər ki, xaçpərəst tayfaları qoymurlar, bunlar da fikirləşdilər-fikirləşdilər, axırda istixarədən sonra qərar qoydular ki, fahişəxananı öz məhəllələrindən kənar etsinlər.

Amma elə ki, mən gəldim Təbrizə, gördüm ki, bu şəhərdə müsəlman məhəllələrində dörd yerdə fahişəxana var və bihayə qızlar balkona çıxıb, mədrəsəyə gedən islam balalarını qonaq dəvət edirlər. İndi mən də, doğrusu, çaşmışam, bilmirəm fahişəxana yaxşı şeydir, ya pis şeydir? Əgər deyim ki, yaxşı şeydir, axır öz aramızdır, insafən danışsaq, görərik ki, yaxşı deyil; o səbəbə ki, əvvələn, fahişəxana millətin əxlaqını xarab edir. Saniyən, orada cavanlar nagəhan bəlalara düçar olurlar və əlacı olmayan dərdlərə düşürlər. Salisən, bizim şəriətimiz də belə-belə qəbih işləri günahi-kəbirə cərkəsinə yazıb.

Bəs belə olan surətdə yenə məəttəl qalmışam. Bəzi vaxt öz-özümə deyirəm ki, xub, əgər fahişəxana pis şeydir, niyə bəs məndən savayı bunu bir kəs danışmır? Məgər məndən savayı bu şəhərdə ağıllı, həyalı və ismətli adam yoxdur? Gör hər gün haman fahişəxananın qabağından neçə min mömün və abırlı müsəlman bəndələr keçib gedir, niyə bəs onlar etiraz eləmir? Məgər bu şəhərdə hamıdan qoçaq mən oldum?!

Xeyr, belə deyil, bəlkə Tiflisdə və qeyri şəhərlərdə ruslar, ermənilər, gürcülər və yəhudilər səhv eləyir? Bəlkə onlar qəflətdədirlər? Bəlkə fahişəxanalar qənimət bir şeydir?

Mən, doğrusu, çaşmışam.

Aman günüdür, məni başa salın görüm, mən dəli olmuşam, ya xalq dəli olub? Qurban olum sənə, bir məni başa sal, yoxsa, dəli olaram!

Ax! Ax!.. .

Dəli

“Molla Nəsrəddin”, 10 cəmadiyəs-sani, 1339 (20 fevral 1921), №1

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

“Dəbistan”

Necədir, dadaş? İndi gəldin mənim sözümə? İndi bu qoca Mollanın qədrini bilərsən?Bir il bundan qabaq sən başlayırdın “Dəbistan” jurnalı çıxartmağa və məndən məsləhət soruşdun. Yadındadır mən sənə nə dedim? Yoxsa yadından çıxıb? Həyə yadından çıxıb qoy yadına salım:

2 min
Qız uşağı

Qədim ərəblərin içində bir belə adət var idi ki, qız uşağı anadan olan kimi tutub onu boğarmışlar.Amma şükür olsun Allaha, biz bu barədə ərəblərdən bir az yaxşıyıq. Biz qız uşağını boğmuruq.

3 min
Papaq

73-cü nömrəli cənab “Təzə həyat”ın xoşuna gəlmir ki, rus qızları bizim papaqlara gülürlər və papaqlı müsəlmanla bir yerdə gəzmək istəmirlər. Cənab “Təzə həyat” təəccüb edir ki, ruslar papağı bir verstlikdən görüb qaçırlar.“Təzə həyat”ın yazmağından mən belə başa düşdüm ki, cənab “Təzə həyat” burada rus qızlarını və xam rusları günahkar edir, nəinki papağı.

3 min
Bizim işlərimiz

Məlumdur ki, bu il çox yerlərdə quraqlıq keçir və əkinlər susuzluqdan yanıb puça çıxırlar. Və bir para yerlərdə camaat müsəllaya çıxıb Allahdan yağış istəyib. Və axırda bu da məlum oldu ki, Allahtaala müsəllaya çıxanların duasını qəbul eləməyib və heç bir yana yağış göndərməyib, necə ki, məsələn, Ağdamda və sair yerlərdə.Ədibi-biəvəz Mirzə Melkum xan “Qanun” ruznaməsində başdan belə yazır ki: “Mən sözümü o kəslərə yazıram ki, adamdırlar”.

4 min

Poems by other poets · Satire