– Ağa, mərhəmətiniz artıq.

– Ağa, lütfünüz artıq.

Küçədə divar dibində bir övrət oturub acından ağlayır.

– Ağa, mərhəmətiniz artıq.

– Ağa, lütfünüz artıq.

– Ay qardaşlar, mən şikəstəm, iki gözüm də kordur. Mənə bir çörək pulu.

– Ay əssalamün əleyküm, hacı ağa.

– Əleykəs səlam, mərhəmətiniz artıq.

Amma şikəst övrətə bir şey verilmədi. Kənarda yenə bir uşaq acından ağlayır.

– Bah, ağayi-mən, səlamün əleyküm.

– Mərhəmətiniz artıq.

– Lütfünüz artıq.

Amma uşağa pul verən olmadı. Divar dibində bir övrət, yanında uşağı, ikisi də soyuqdan titrəyirlər və ağlayırlar.

– Xan, mərhəmətiniz artıq.

– Ağa, lütfünüz artıq.

Övrət və uşaq qaldılar ağlaya-ağlaya.

Şəhərin bu tərəfindən o tərəfinə gedənə kimi küçələrdə minləcə ağlayan övrət-uşaq və şikəst dilənçi düzülüb və küçələrdən keçən ağalardan biri o birinə deyir: “mərhəmətiniz artıq”; o da bedə deyir: “lütfünüz artıq”. Sübhdən şamadək çarsularda və məclislərdə o deyir: “mərhəmətiniz artıq”, bu, deyir: “lütfünüz artıq”. Amma həmin mərhəmət mədənində və lütf zavodunda evlərdə gecələr sübhədək soyuqdan və acından ağlayan uşaq, şikəst kişi və sahibsiz övrət o qədərdir ki, cəmi yer üzünün tayfalarını buraya tamaşaya yığsaq, mat və heyran qalarlar.

– Ağa, mərhəmətiniz artıq.

– Ağa, lütfünüz artıq.

Yüz adamın biri şama kəklikplov yeyə və isti otaqda buğlana-buğlana yata və doxsan doqquzu soyuqdan və aclıq sancısından sübhədək vayıldıya, – bu elə bir hərc-mərc və elə bir fəsaddır, dəxi bundan savayı qeyri bir hərc-mərcə və fəsada ehtiyac yoxdur. Amma bunu bir yaxşıca düşünmək lazımdır ki, səhl saymaq məsləhət deyil; heç məsləhət deyil.

– Ağa, lütfünüz artıq.

– Ağa, mərhəmətiniz artıq.

Amma necə səridim?.. .

Cızvızçı

“Molla Nəsrəddin”, 10 cəmadiyəs-sani, 1339 (20 fevral 1921), №1

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire