Dünyada çox arvadların başmaqları düşüb, xah at üstə gedən vaxt, xah arabadan ya faytondan, xah dəmir yol ilə gedəndə.

Mənim bir dostum var, nağıl edir ki, bir neçə il bundan qabaq övrətlə Xorasana gedən vaxt övrətinin başmaqları otuz dörd dəfə faytondan düşdü, iyirmi bir dəfə dəmir yolda gedən zaman pilləkanları enibçıxanda düşdü və yüz qırx altı dəfə İranda at yolu ilə gedəndə düşdü.

İndi də haman dostum deyir ki, birisi Xorasan səfərinin adını çəkən kimi övrətimin “A kişi, qoyma başmağım düşdü” çığırtısı düşər yadıma.

Mənim bir özgə dostum var, bu da həmişə mənə deyər: mən ömrümdə övrətim ilə bircə dəfə də nəinki səfərə, bəlkə həyətdən küçəyə də çıxmamışam.

Soruşuram niyə, deyir-məhz ondan ötrü ki, qorxuram arvadım birdən çığıra “A kişi, qoyma başmağım düşdü”.

Xülasə dünyada çox arvadların başmaqları düşüb. Yəni vaqiən başmağın düşməyi nə bir elə böyük eyib ya bədbəxtlikdir? Başmaqdı düşdü, deyərsən “A kişi, qoyma başmağım düşdü”, kişi də fayton olsa faytonu saxlar, dəmir yol qatarı olsa dəmir yol qatarını saxlar (hərçənd bu evi xarab dəmir yolu sürənlər heç sözə baxan adam deyillər).

Bəli, dünyada çox arvadların başmağı düşüb, amma vallahı, billahı başmağın düşməyindən heç bir kəsin başına o qədər müsibət gəlməyib, nə qədər ki, Fatma xalanın başına gəlib.

Fatma xalanın əri Qatır ürküdən şəhərinin sakini Kərbəlayı Xalıqverdi Təzəkli kəndindən bir at almışdı. At gözəl at idi, amma bircə eybi var idi: həmişə fürsət tapan kimi təzə sahibin evindən çıxıb düz gedib çıxardı Təzəkli kəndinə – köhnə sahibi Məşədi Nurəlinin evinə. Sonra Kərbəlayı Xalıqverdi gedib dübarə Təzəklidən atı gətirərdi evinə.

Bir gün Fatma xala üzünü Kərbəlayı Xalıqverdiyə tutub dedi: a kişi, sən Allah, məni bir apar Heydərəli pirinə, indi Allaha şükür at almısan, piyada ki getməyəcəksən. Əvvəl Kərbəlayı Xalıqverdi cavab verdi, ay arvad sən Allah əl çək, amma axırda razı oldu.

Qatırlı şəhəri ilə Heydərli pirinin arası iki saatlıq yoldur.

Şəhərdən çıxanda Qurbağalı çayına kimi Təzəkli kəndinin yoludur, sonra çayı keçib Dovşantutan kəndinə tərəf bir saat qədərincə yol gedib Heydərli pirinə çatır.

Heydərli piri çox kəramətli pirdi. Bu pirin barəsində çox söz danışmaq olardı, amma şamaxılıların xatirəsi üçün danışmırıq.

Kərbəlayı Xalıqverdi atı çəkdi küçəyə və arvadı Fatma xalanı tərkinə alıb düşdü yola.

Ər və övrət söhbət edə-edə gedirdilər. Ər məsələn belə söhbət edirdi: Fatma, deyəsən at bir az axsayır, mən elə bilirəm ki, nalbənd usta Əli atı mıxa salıb.

Övrət belə söhbət edirdi: a kişi, sən Allah bir mənə de görüm, bu başıdaşlı nalbəndlər necə qorxmuyur atın qıçlarına mıx vururlar: bəlkə birdən at təpik atdı?

Kərbəlayı Xalıqverdi cavab verdi ki, Allah adamı saxlasa adama heç zad olmaz.

Bir qədər bu cür söhbət edə-edə getməkdə idilər ki, birdən naqafil Fatma çığırdı: A kişi, qoyma, başmağım düşdü. Kərbəlayı Xalıqverdi atı saxlayıb çöndü yola baxdı, amma bir şey görmədi. Atdan yerə düşüb övrətinə dedi ki, sən yapış cilovdan atı saxla, mən başmağı axtarım.

Fatma xala bu sözləri eşitcək tez cavab verdi: yox, yox başına dolanım, mən qələt edərəm, mən əlimi cilova vura bilmərəm. Kişi cilovu atın boynuna salıb dedi: eybi yoxdu, sən tərpənməsən, at durar. Və özü geri qayıdıb başladı başmağı axtarmağa. At bir qədər durub bir qədəm götürdü. Fatma xala çığırdı: “Ay aman!”. At bir qədəm də götürdü. Fatma xala qışqırdı: “Ay aman”. Sonra at başladı yavaş-yavaş qabağa hərəkət eləməyə. Bir az da keçəndən sonra Kərbəlayı Xalıqverdi övrətindən o qədər uzaq düşdü ki, Fatma xalanın bağırtısı dəxi onun qulaqlarına çatmadı.

Heyvan köhnə vətəndəki axurunu yadına salıb bir baş Təzəkli kəndinə çapmaqda idi. Yazıq Fatma xala hər iki əllərini yuxarı qaldırıb “ay aman” deyə-deyə nərə çəkirdi.

At Fatma xalanı götürüb qaçmaqda olsun, gələk Təzəkli kəndinə.

Atın köhnə sahibi Məşədi Nurəli oturmuşdu küçədə öz qapısının qabağında və kənd mollası Molla Qurbanqulu ilə söhbət edirdi. Bunlardan savayı burada məhəllə əhlindən genə bir neçə kəndli oturub mollanın söhbətinə qulaq verirdilər. Molla Qurbanqulu belə danışırdı:

– Arvad nədi, həyətdən küçəyə çıxdı nədi, hələ bir para binamus müsəlmanlar övrətlərini yanlarına salıb aparırlar qohum-qardaş evinə.

Kəndlilərin biri üzünü Molla Qurbanquluya tutub dedi: – A molla, and olsun bizi yaradan məxluqə, mən bircə dəfə də, ayıb olmasın sizdən də, Cəfərin anasını heç bir yerə aparmamışam. O biri kəndlilər də and içdilər ki, bir belə günah iş görməyiblər.

Molla Qurbanqulu başladı:

– Övrətinki odur ki, qatasan evə, qapısını qıfıllayasan.

Məşədi Nurəli üzünü tutdu mollaya və dedi “a molla, yaxşı fərmayiş ərz edirsən, bəlkə lazım oldu, məsələn, arvad gedib çeşmədən su daşısın, onda pəs qapını qıfıllayandan sonra axı arvad dəxi eşiyə çıxa bilməz ki, məsələn gedib su gətirsin”.

Molla Qurbanqulu ucadan cavab verdi: pəh, axmaq-axmaq danışmağa pul verməmisən? Övrət nədi, küçəyə çıxıb su gətirdi nədi. Suyu canın çıxsın özün daşı. Övrətə də etibar var ki qoyasan çıxa küçəyə? Övrətinki odur ki, qatasan dama, qapısına qıfıl vurub açarını qoyasan cibinə.

Bir qədər də söhbətdən sonra Molla Qurbanqulu Məşədi Nurəlidən soruşdu: Məşədi Nurəli, atı kimə satdın? Məşədi Nurəli cavab verdi ki, atı Qatır ülküdənli Kərbəlayı Xalıqverdiyə satıbdır. Molla Qurbanqulu Kərbəlayı Xalıqverdinin adını eşitcək başladı onu bu cür tərifləməyə:

– Bax nə demişəm, əsil müsəlman Kərbəlayı Xalıqverdidir. Mən o kişini çoxdan tanıyıram və Qatır ülküdənə gedəndə də həmişə Kərbəlayı Xalıqverdiyə qonaq olaram. Kişi doğrudan da Allah bəndəsidir. Heç bir dəfə də olmayıb ki, mən onun övrətinin ya bir səsini eşidim, ya boyunu görəm. Ay Məşədi Nurəli, halal olsun o atı ki, Kərbəlayı Xalıqverdiyə satıbsan.

Mollanın bu sözlərini Məşədi Nurəli də təsdiq elədi və dedi ki, vaqiən Kərbəlayı Xalıqverdi çox dindar və namuslu adamdır.

Kəndlilər bu söhbətdə idilər, gördülər ki, at tappıltısı gəlir. Yola tərəf baxıb gördülər ki, bir müsəlman övrəti at üstə oturub çapır. Kəndlilər hamısı birdən dedi: “Nəhlət sənə kor şeytan”. Molla Qurbanqulu dedi: Əstafürulla.

Atın üstündəki övrət bizim Fatma xala idi. Yazıq övrət qorxa-qorxa ikiəlli yapışmışdı yəhərin qaşından və bu səbəbdən üzünü örtə bilmirdi. Kəndlilərə yavuqlaşıb biçarə övrət utana-utana bir baxdı kəndlilərin üzünə və qızara-qızara, baxdı mollanın üzünə.

At, Məşədi Nurəlinin qapısına yetişib özünü soxdu həyətə, Molla Qurbanqulu bir qədər mat-mat baxır həyətə girib getdi başını soxdu çardağın altındakı öz axırına və daraşdı ot və saman çöplərini axtarıb yeməyə.

Sonra Məşədi Nurəlinin övrəti və bir neçə sair övrətlərindən yığışıb bir tövr Fatma xalanı atdan yendirdilər.

Yarım saatdan sonra Kərbəlayı Xalıqverdi də gəlib çıxdı.

Yazıq Fatma xala!!!

Lağlağı

“Molla Nəsrəddin”, 29 sentyabr, 6 oktyabr 1906, №26–27

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İsa bayramları

Bəli, İsanın mövludunun bayramı yavuqlaşır. Mən ümidvaram oluram ki, bu il keçən illər kimi bizim Şura məktəblərinin rəhbərləri inşallah və inşallah yenə qədim əsrlərdəki kimi məktəb şagirdlərini Xristiyan bayramlarının şərəfinə və hörmətinə dərsdən azad edəcəklər.Hətta nəinki tək bircə xristiyan balalarını, bəlkə onlar ilə bərabər İslam və yəhudi uşaqlarını da bu nemətlə feyziyab edəcəklər.

2 min
Dindar firqəçi yoldaşlar

Şura seçkiləri münasibətilə*İndi, məsələn, bir bikar adam müsəlman firqəçi və komsomol yoldaşların siyahısını qoya qabağına və başlaya həmin yoldaşların dindarları ilə dinsizlərini mülahizə eləməyə və axırda bu siyahıdən dindarları seçə qoya bir tərəfə, dinsizləri də qoya o biri tərəfə, görəsən, hansı hansından çox çıxar?

1 min
Pillə-pillə

Necə ki, məlumdur – bu gün bizim bayramımızdır; çünki bu gün biz ərəb əlifbasından xilas oluruq.Aşkar işdir ki, xah ərəb əlifbasından qurtarmaq, xah çadranı və papağı tullamaq – bunlar hələ səhldir: nə eybi var, papaq olmaz – kepka olsun; çadra olmaz – şlyapa olsun, səhldir.

1 min
Fürsət

Bir para adamlar deyirlər ki, guya bir para əli qələm tutanlarımız indiki şəxsi tənqid fürsətini qənimət bilirlər və şəxsi tənqid lövhəsi altında qərəzi-şəxsi xərcə verirlər. Ancaq bu deyilənlərə mən şərik ola bilmərəm.Tutaq ki, doğrudan da birisi mənim şəxsi düşmənimdir, yaxud onun atası mənim atamın düşməni idi; nə olar? İndi görək nə buyurursan? Buyurursan, mən indi durum baxım? İndi ki, fürsət vaxtıdır. Dəxi bundan yaxşı fürsət hardan ələ düşəcək? Onunçün mən də onu güdürəm və gözləyirəm ki, bir az büdrəsin; hələ bəlkə ayağının altına bir ağac tikəsi də atıram ki, tez büdrəsin və yaxşı büdrəsin.

2 min

Poems by other poets