– Ədə, Həsənəli, naxır gəlir, qaç töylənin qapısını aç, heyvanlar gəlib həyətə girməsinlər və həyət-bacanı zibilləməsinlər.

– Ədə, tez ol, qoyma qaç qabağa!

– Ay arvad, qoyma gəl dur həyətin qapısında, qoyma, qoyma! Hoha, hoha! Yavaş, ay Allahın heyvanı!

– Ədə, Həsənəli, qoyma, öküz girdi bağçaya, ağacları sındıracaq!

– Ədə, Cəfər, bu inəyin başını qaytar, girdi həyətə, buraları xarab eləyəcək! Tez olun töylənin qapısını açın, heyvanları qatın töyləyə və qapısını örtün! Bay, bay, bay! Dünya və aləmi qoxu bürüdü!..

– Səliqəli maldarlar axşam vaxtı çöldən naxır qayıdan zaman oğuluşağı düzərlər qapılara ki, camışlar, öküzlər, inək və danalar düz girsinlər töylə həyətinə və bağa-bağçaya girib zibilləməsinlər və xarab eləməsinlər və havanı üfunətləndirməsinlər.


Beynəlmiləl qanunlarına görə bir məmləkətdən keçib bir özgə məmləkətə girməyə hər bir kəsin ixtiyarı var; istər Rusiyada və istərsə Şərq məmləkətlərində; ancaq pasportlu olmaq lazımdır (amma Avropada heç pasport da lazım deyil). Rusiya məmləkətinə hər bir yad adam daxil ola bilər, istər böyük, istər kiçik, istər xan, istər gəda, kaş cibində pasportu olsun; – hər bir şəhərə daxil ola bilər (Məhz bir para yəhudilərə Pukişkeviç və “Novoye vremya” paytaxt şəhərlərinə qoymurlar).

Xülasə, hər bir şəxs, – xah müsəlman, xah qeyri müsəlman, – Rusiyanın hər bir şəhərinə daxil ola bilər. Hər küçəsi ilə gəzə bilər, hər bir mehmanxanada qala bilər, hansı yol ilə istəsə gəlib gedə bilər və hansı paraxoda istəsə minə bilər.

Bircə hacılardan savayı!

Rusiya hökumətinin qərardadına görə Odessa şəhərində bir yer təyin olunub və yerin adını qoyublar “Hacıxana”, Rusiyadan keçib gedən hacıların hamısı borcludurlar “Hacıxanadan” başqa, şəhərin bir özgə yerində düşməsinlər, bir özgə yerinə çıxmasınlar, buradan da hacıları qatovlayıb doldururlar “Dobrovolnı flot” paraxoduna və yola salırlar; həmin paraxoddan savayı özgə paraxoda minməyə və özgə yol ilə getməyə də izn vermirlər.

Bu “Hacıxana”ya müsəlmanlardan bir adam təyin eləyiblər; bunun adı Əzimbayovdur. Rusca buna “nazir” deyirlər, bizim dildə “podratçı” mənasındadır; Quba meydanında “dəllal” və İran dilində “dəllak” deməkdir.

Hacıların üç nəfəri “Vəqt” qəzetinin 386-cı nömrəsində Əzimbayovdan şikayət eləyib yazırlar ki, “Hacıxanada Əzimbayov hacılar ilə elə rəftar eləyir ki, məsələn, ağa qul ilə, mülkədar rəiyyət ilə rəftar eləyir. “Hacıxana”da əti, çörəyi, qəndi bizə bir-iki qiymətə satırlar. Nə qədər kefləri istəyir bizdən pul alırlar və heç özümüz də bilmirik ki, nədən ötrü alırlar. Bir özgə paraxoda minmək istəyəndə Əzimbayov jandarm gücü ilə bizi əsir kimi dübarə “hacıxana”ya qaytarıb öz kefi istədiyi paraxod ilə bizi göndərir. Və müxtəsər, hər nə kefi istəyir,

– eləyir”.

Kənardan baxanlara belə görsənə bilər ki, bu yazılan zülmlər hacılara Rusiya hökuməti tərəfindən toxunur; çünki “Hacıxana”nı da quran hökumətdir və Əzimbəyovu da oraya nazir təyin eləyən hökumətdir.

Amma işin batini mənası özgə cürdür.

Məsələn, əgər Odessa şəhəri mənim ola, mən razı olmaram ki, bitli və çirkli hacılar dəstə-dəstə şəhərə dolub Hindistan xalerasını, Ərəbistan taununu, İran bitlərini və Qafqaz keçəlini dağıdalar Odessanın ayna tək təmiz küçələrinə, pakizə mehmanxanalarına və ətirli hamamlarına!


Axşam vaxtları kəndin kənarında durub yaşıl çəmənlərə tamaşa eləyəndə görürsən ki, naxır üz qoyub kəndə gəlməyə.

Odessa şəhərində də dərya kənarında durub yaşıl suların ləpələrinə tamaşa eləyəndə görürsən ki, hacı paraxodundan dəstə-dəstə üfunətli insanlar töküldülər dəryanın kənarına. Əgər adam göndərib bənd-bərəni bağlamasan, mallar doluşub, bağın və bağçanın gül və çiçəklərini pozub, həyət-bacanı nəcislə dolduracaqlar.

Məlum şeydir ki, lazımdır tez töylənin qapısını açmaq və Allahın heyvanını sürüb qatmaq töyləyə.

Xüdavəndi-aləm dünyada hərəyə bir yer təyin eləyib.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 17 noyabr 1908, №46

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Teatr işləri

Yay gəldi, teatrlarımız bağlandı. Yaxşı da oldu bağlandı. Çünki müsəlmanları məsciddən və bir para yerdən avara qoyurdu. Amma deyirlər Tiflisdən “Akademik” dəstəsi Bakıya “Qastrola” gəlib. Bir neçələrini gördüm, istəyirdilər teatra getsinlər. Qoymadım getsinlər. Çünki dostumun birinin evində toy tədarükü var idi. Sən öləsən yeddi gecəni yatmadıq. Səhərə kimi vurduq. Bir də mən qanmıram hər şəhərin öz artisti olar, öz şəhərində də oynar. Hələ bu Tiflisdən bura gəlmək yəni çe? O da sizin hörmətiniz. Odur, Aşqabaddan Məkkəyə təşrif aparan Seyid Hüseyni nə cəlal ilə dərya kənarında qabaqlayıb, əllərini öpə-öpə, hacı-hacı ağaya gətirdilər. Başına nə qədər mömin cəm olmuşdu.Qardaş, bizə teatrdı, nə bilim maarifdi, mədəniyyətdi, nədi? Qardaş, lazım deyil, deyil, deyil. Zor deyil ki?

1 min
Rəşidül-məmalik

İrandan Rusiya torpağına iki mötəbər qonaq gəlib: biri təqribən on il bundan qabaq Culfa yolu ilə Tiflisə varid olub, Qafqaz canişini Voronsov-Daşkovla görüşüb öpüşəndən sonra Qafqaz mədən sularına müalicəyə müşərrəf olubdur. O pəhlivanın adı Hacı Səməd xan Mərağayi Şücaüddövlədir ki, Nikolay hökumətinin İran Azərbaycanında sağ əli idi; həmin Hacı Səmədxan Rusiya konsullarının kölgəsində Rusiya qoşunlarının köməkliyi ilə yüzlərcə iranlı başı kəsdi və minlərcə günahsız əhalinin evini dağıtdı.O əjdahanın misli bu günlərdə Astara tərəfindən Bakıya varid oldu və çeka tərəfindən həbsxanaya göndərildi.

1 min
Ticarət

Qədimül-əyyamdan ticarətin tərəqqisi İrandan başlanıb və onunçün də İran tacirlərinin qabağında hətta ingilis tacirləri də məəttəldirlər.Bu saat İran seçki ticarəti böyük meydan qazanmış. Bir buna təəccüb edirəm ki, Bakıda əyləşən İran tacirləri niyə vaxtlarını Bakıda zay edib Tehrana özlərini yetirmirlər ki, seçki yarmarkasında çox pullar qazansınlar.

1 min
Hara düşüm?

Bir müşkül məsələyə rast gəlmişəm və hər kəsə də deyirəm, mənim kimi məəttəl qalır.Azərbaycan kəndlərinə mənim tez-tez yolum düşür: qulluq işlərindən ötrü gah o kəndə gedirəm, gah bu kəndə gedirəm. Bunun eybi yoxdu; doğrudur, səfərin özünün əziyyəti var, amma səfası da az deyil.

2 min

Poems by other poets · Satire