İrandan Rusiya torpağına iki mötəbər qonaq gəlib: biri təqribən on il bundan qabaq Culfa yolu ilə Tiflisə varid olub, Qafqaz canişini Voronsov-Daşkovla görüşüb öpüşəndən sonra Qafqaz mədən sularına müalicəyə müşərrəf olubdur. O pəhlivanın adı Hacı Səməd xan Mərağayi Şücaüddövlədir ki, Nikolay hökumətinin İran Azərbaycanında sağ əli idi; həmin Hacı Səmədxan Rusiya konsullarının kölgəsində Rusiya qoşunlarının köməkliyi ilə yüzlərcə iranlı başı kəsdi və minlərcə günahsız əhalinin evini dağıtdı.


O əjdahanın misli bu günlərdə Astara tərəfindən Bakıya varid oldu və çeka tərəfindən həbsxanaya göndərildi.

Bu pəhlivanın da adı Rəşidül-məmalikdir ki, Xalxal tərəfində iki min İran rəiyyətinin qanını tökübdür.

Amma bu iki məlunun qəzavü qədərləri bir-birinə çox oxşayır: Hacı Səməd xan həmin il Qafqazda boğaz ağrısından murdar oldu. Belə məlum olur ki, bu biri cəlladın əlində bir əngəl var; çünki inana bilmirik bu zalım oğlu zalım törətdiyi hədsiz cövr və sitəmin müqabilində şura hökumətinin əlindən qurtarıb bir də azad yaşaya bilə.

(Lənətulla əla qövməz-zalimin).

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 23 iyun 1923, №26

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire