Ar olsun belə ümmətə!

Bakı qazısı axund Əbdürrəhim Hadizadə həzrətləri noyabrın 21- də ruznamələrin birində üzünü Bakı camaatına tutub nəhayət təsirli bir moizə elədi və çün ağanın sözləri çox yanıqlı və mətləbi çox əhəmiyyətli idi, mümkün olan şey deyildi ki, belə bir moizə təsirsiz, nəticəsiz qala. Amma çox təəssüf ola ki, camaatımız axır illərdən bəri o qədər lazım olmayan söhbətlərə və nəsihətlərə fikir verib ki, dəxi qazı, alim və fazillərin sözləri bilmərrə qulaqlarına girmir.

Və indi də belə oldu.

Qazı cənabları noyabrın 21-də Bakı camaatına olmayan sözlər dedi. Məsələn, ey vicdansızlar, niyə oturubsunuz, niyə hərəniz əlinizə bir ağac alıb gedib müqəddəs ziyarətgahlarınızı düşmənin əlindən almırsınız və orada canınızı fəda etmirsiniz? Bir nəzər salınız Məkkəyə, Mədinəyə, Nəcəfə, Kərbəlaya və Kazimeynə ki, düşmənin nəhs ayaqları altında qalmışdır... Vaveyla! Vaveyla!!!

Nitq o dərəcədə yanıqlı idi, söz o dərəcədə ötkün idi ki, mən yəqin etmişdim ki, Bakı camaatı məhərrəmlik günləri küçələri gəzən şaxsey dəstələrini götürüb hücum çəkəcək Ərəbistana ki, ziyarətgahları kafirlərin əlindən geri alsın. Amma, heyif belə olmadı.

Ar olsun camaata: indiyə kimi bir nəfər Allah bəndəsi, bir nəfər mömün, bir nəfər axirət əhli çıxmadı ki, qazı cənablarının səsinə səs versin.

Ar olsun!


Yenə Allah bərəkət versin üləmamıza; yenə şükür olsun fazillərimizə.

Belə ki, bu dekabr ayının ikisində Bakı fazillərində axund Hacı Molla Məhəmmədnəbi cənabları Kərbəla səfəri təhiyyəsini görüb, ayağına bir cüt lapçin geyib, əmmaməsinin altından bir ağ dəsmal bağlayıb dalına beş-altı nəfər behişt övrəti salıb düşmüşdü Bakının küçələrinə. Müsəlman məhlələrinə səs düşmüşdü ki, ağa ziyarətə gedir. Həzrətin mübarək əllərini öpməyə növbət yox idi. Cəmi millətlər buraya tamaşaya cəm olmuşdular.


Ar olsun belə camaata.

Əgər nəuzübillah, Hacı Molla Məhəmmədnəbi həzrətləri olmasaydı, qazı ağanın səsinə səs verən olmayacaq idi. Yenə bərəkət özümüzünkülərə; yenə bərəkət alim və fazillərə.


Zarafat kənarda qalsın, amma bu olmadı. Əgər bu qədər mərəkələrdən sonra, əgər bu qədər tarixi dəyişikliklərdən sonra yenə qazıların moizəsinə möhtac olacaq imişik – yazıq bizim halımıza!

Biz elə güman edirdik ki, bu qədər vəlvələ və zəlzələlərdən sonra camaatımız axırda üz qoyacaq dərsə və sənətə və dəxi bikar qalmayacaq ki, ölülərin mübarək sümüklərini torbaya doldurub mübarək Ərəbistana daşımağı özünə peşə etsin. Amma belə deyil imiş; indi qazılarımız yenə yuxarı başa çıxmalı oldular.

Heyif bu qədər çəkilən zəhmətlərə.

Və bilə–bilə bir neçə dəfə də qazı Əbdürrəhim ağaların dini dəvətlərini kağıza yazdırıb qara camaatımız üçün bir intibahnamə qərar versək, onda duanın bərəkətindən küçələrimiz məhərrəmlik günləri keçəl–küçəllərlə dolan kimi, qeyri günlərdə də Hacı Molla Məhəmmədnəbinin zəvvar çavuş dəstələri ilə dolu olacaqdır.

Yazıq bizim günümüzə!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 14 dekabr 1922, №6

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Molla Nəsrəddinin hesab məsələləri

Mübtədilərdən ötrüNömrə 10. – Əkinçi əkdiyi buğdanın otuzdan on hissəsini verir mülkədara, on hissəsini verir molla və dərvişə (yuxu təbiri, qızdırma duası və qeyri zəhmətlərin əvəzində), on hissəsini də qlava və pristava rüşvət və divan xərci…

1 min
Əbdürrəhim əfəndi

Alicah Əbdürrəhim əfəndinin hünəri barəsində “Bürhanitərəqqi”, “Həyat” və “İrşad”da yazılan məqaləni oxuduq. Və lakin həmin əhvalat “Noqarelli” adlı gürcü qəzetində bir özgə məzmunda yazılıb. Məzkur qəzetə 141-ci nömrəsində yazır: “Zəmani ki, hələ rus padşahı Yaponiya ilə davanı təzə başlamışdı, Şamaxı məhkəməsinin üzvü Hacı Əbdürrəhim əfəndi öz tərəfindən ərəb dilində şeirlə bir mədhnamə inşa edib, imperator Nikolay və imperatrisa adına Peterburqa göndərmişdi. Çox çəkmədi ki, bunun əvəzində padşah tərəfindən cənab qazıya bir ədəd qızıl saat, üstündə padşahın və əyalının surəti nəsb olunmuş, – göndərildi. Cənab əfəndi isə o hədiyyəni yadbud edib, o vaxtdan bəri hər işin tərk eləyib, yenə cənab imperatordan bir başqa hədiyyəyə nail olmaqdan ötrü bu neçə vaxtlarda tamah dəndanın gecə və gündüz tiz etməyə məşğul olub, tədbirlər və politikalar tökürlər idi ki, aya yenə nə iş qayırım ki, padşahi-alindən dəxi də artıcaq bir başqa padarkaya layiq olam. Odur ki, neçə həftə bundan əqdəm cənab əfəndi 40 ədəd peçenyə manənd çörək bişirdib, hər bir çörəyin üstündə bir cür tilsimmanənd dualar yazıb və bir neçə kəlmədən ibarət olan quran ayələrindən bir parça kağıza yazıb, rusca və müsəlmanca tərcümə də həm eləyib, poçt ilə imperatorun hüzuruna irsal edib və bu mənada bir kağız yazıb göndərib: “Uca olan və yenə ucadan da, ucadan da, ucadan da uca olan imperatori-əzəm sələməllahü təaliyə poçt ilə bir pasılkeyi-həqir, – ki [ibarət] ola qırx ədəd xırda ayə ilə yazılmış çörəklərdən və yenə bir parça kağızda tilsim, – göndərdim uca olan cənabınızın xidmətinə. Həmin bu çörəkdən qırx gün hər sübh bir ədəd yeyərsiniz və bu parça kağızda olan duanı hər sübh qırx dəfə vird və təkrar oxuyarsınız, inşallah dəxi o vaxtda duma tərəfi məğlub olar və əsla duma tərtib etməyə meyil etməzlər və dumanın tifaqı bərhəm olar və özünüz (köhnə səyaq ilə) qaimməqam olarsınız, inşallah”. Və bu barədə imperatori-əzəm tərəfindən hacı Əbdürrəhim əfəndiyə bir rizaməndlik teleqramı gəldi və teleqram da polisə vasitəsilə gəlmişdir”.Molla Nəsrəddin öz tərəfindən:

3 min
Axund ilə keşişin vəzi

İrəvan quberniyasında bir kənd var; adı Samanlıqdır. Kəndin camaatı yarıya qədər erməni və yarısı müsəlmandır.Bir gün atla həmin kəndin mülkədarı Rəhimbəyə qonaq gedirdim. Yay fəsli idi. Uca atın üstündə oturub kəndin alçaq divarlarından həyətlərin hamısını görürdüm. Həyətin birində bir erməni arvadı toyuqcücəyə dən səpirdi; bir həyətdə bir müsəlman arvadı arxın kənarında qab yuyurdu. Həyətin birində bir erməni uşağı ağacın kölgəsində oturub kitab oxuyurdu. Bir həyətdə on iki-on üç yaşında bir müsəlman uşağı pişiyin quyruğuna ip bağlayıb həyətin o tərəfinə-bu tərəfinə qaçırdı və pişik mavıldaya-mavıldaya uşağın dalicə dalı-dalı hərəkət edirdi.

4 min
İran konsulları

Yetişsə daşlara fəryadi-dadim, daşlar ağlarlar,*Bəni-növi-bəşər, sən bəs neçün fəryadə yetmirsən?*

3 min

Poems by other poets · Satire