Mübtədilərdən ötrü

Nömrə 10. – Əkinçi əkdiyi buğdanın otuzdan on hissəsini verir mülkədara, on hissəsini verir molla və dərvişə (yuxu təbiri, qızdırma duası və qeyri zəhmətlərin əvəzində), on hissəsini də qlava və pristava rüşvət və divan xərci…

– Əkinçinin özünə nə qədər buğda qaldı?

Nömrə 11. -Bir kişi evinə üç dənə alma gətirdi: birini verdi oğluna, birini qızına və birini də özü yedi.

– Arvada neçə alma yetişdi?

Nömrə 12. – Yetmiş il bundan irəli bina olunan Naxçıvan hamamlarının xəzinəsinin suyu yeddi ildə bir dəyişilir.

– İndiyə kimi bu hamamların suyu neçə dəfə dəyişilib?

Nömrə 13. – Ehsana dəvət olunan molla, xan və bəylər cəm olan kimi küçə qapıları bağlanır ki, fəqirlər həyətə dolanmasınlar.

– İldə iki min dəfə belə ehsan verilsə, neçə fəqirin qarnı doyar?

Nömrə 14. – İrəvan qubernatoru on dörd il ki bu mənsəbdədir, hər il on dörd müsəlmanı qulluğundan kənar edir.

– Bu müddətdə qubernator neçə müsəlman çıxardıb?

Nömrə 15.- Müsəlman uşağı dörd il rus dərsi oxuyub evinə qayıdanda anası ilə rusca danışır.

– Bu hesabla cavan on dörd il oxuyandan sonra nə dildə danışacaq?

  1. -Qafqazda təzə müsəlman mühərrirləri yazdıqları hər bir sətirdə beş dəfə “şu” və yeddi dəfə isə “iştə” kəlməsi işlədirlər.

– Bu hesabla mətbəələrdə gündə neçə dənə “Ş” hərfi tərtib olunur?

  1. – Tiflisdə “Svyataya Nina” adlı qız məktəbinin təzə məscidində müsəlman qızları namazı rus dilində qılırlar.

– Neçə müddətdən sonra Qafqazda müsəlman qızları millətin tərəqqi və təməddünü yolunda çalışmağa qabil olacaqlar?

  1. – Şəhərlərdə “Molla Nəsrəddin” məcmuəsini satan vəkillərimizin hər birinə on dörd dəfə kağız göndərilib ki, ələ gələn pulları hər həftə idarəyə yetirsinlər.

– Bu hesabla otuz iki vəkilə indiki kiminə qədər marka verilib.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 23 iyun 1906, №12

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire