Ə.Müznib əfəndiyə nəzirə

Tükəndi ömrümüz millət yolunda dad çəkməkdən,Çoxaldı dərdimiz min dad, min fəryad çəkməkdən.

Cavan ikən qocaldıq, getdi, heyfa, ömrümüz badə,Nə camin nəşəsin gördük, nə olduq maili-badə,Qəmindən millətin şəbü ruz gəldik dadü fəryadə,Tükəndi ömrümüz millət yolunda dad çəkməkdən,Çoxaldı dərdimiz min dad, min fəryad çəkməkdən.

Şərabi-eşqi-millətlə, həzar əfsus, məst olduq,Görüb əzbəs cəfa daşın sürahi tək şikəst olduq,Düşüb qəm həbsinə zənciri-cəhlə payibəst olduq,Yıxıldı ol zaman evmiz ki, biz millətpərəst olduq,Tükəndi ömrümüz millət yolunda dad çəkməkdən,Çoxaldı dərdimiz min dad, min fəryad çəkməkdən.

O kəs ki, istəyir, möhnətdən olsun canı asudə,Gərəkdir, millətinin olmasın fikrinə aludə,Xəlilüllahı yaxsın atəşi-bidadi-Nəmrudə,Bizim tək olmasın viranələr küncündə qayqudə,Tükəndi ömrümüz millət yolunda dad çəkməkdən,Çoxaldı dərdimiz min dad, min fəryad çəkməkdən.

Qəmi-millət bizi məhrum qıldı eyşü işrətdən,Yədi-ümmidimiz qət oldu axır malü dövlətdən,Qurtarmaq əmri-müşküldür, bu qədri dərdü möhnətdən,Cahanda görmədik bir faidə, əfsus, millətdən,Tükəndi ömrümüz millət yolunda dad çəkməkdən,Çoxaldı dərdimiz min dad, min fəryad çəkməkdən.

Kənarə almadıq şövq ilə bir dəm nazlı cananı,Nə olduq Sonya yarın bir gecə izzətli mehmanı,Əbəs çəkməkdəyik, dünya üzündə dərdi-bicanı,Qərəz, bihudə sərf etdik bu ömrü, şanlı dövranı,Tükəndi ömrümüz millət yolunda dad çəkməkdən,Çoxaldı dərdimiz min dad, min fəryad çəkməkdən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love