Hər kim mənə tən eyləsə meyxanələr içrə,Qan olsun onun badəsi peymanələr içrə.

Öz xəlqinə hər kim mey içib versə əziyyət,Olsun yeri bayquş kimi viranələr içrə.

Mümkünsə, fəsad əhli ilə həmqədəh olma,Nöqsan yetirər şəninə biganələr içrə.

Pərvanə əgər şəmə yanır atəşi-qəmlə,Mən də yanıram hər gecə pərvanələr içrə.

Bir zülfü siyəh dilbərə çoxdandır, əsirəm,Məşhuram o gündən bəri divanələr içrə.

Vahid, biləcək qədrini, sərraf əgər olsa,Saxlar bu gözəl şerini dürdanələr içrə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love