Axund ilə keşişin vəzi
İrəvan quberniyasında bir kənd var; adı Samanlıqdır. Kəndin camaatı yarıya qədər erməni və yarısı müsəlmandır.
Bir gün atla həmin kəndin mülkədarı Rəhimbəyə qonaq gedirdim. Yay fəsli idi. Uca atın üstündə oturub kəndin alçaq divarlarından həyətlərin hamısını görürdüm. Həyətin birində bir erməni arvadı toyuqcücəyə dən səpirdi; bir həyətdə bir müsəlman arvadı arxın kənarında qab yuyurdu. Həyətin birində bir erməni uşağı ağacın kölgəsində oturub kitab oxuyurdu. Bir həyətdə on iki-on üç yaşında bir müsəlman uşağı pişiyin quyruğuna ip bağlayıb həyətin o tərəfinə-bu tərəfinə qaçırdı və pişik mavıldaya-mavıldaya uşağın dalicə dalı-dalı hərəkət edirdi.
Həyətin birində böyük tut ağacının kölgəsində bir neçə erməni oturub çörək yeyirdilər. Keşiş ayaq üstə durub sağ əlini yuxarı qovzayıb danışırdı. İstəyirdim keçib gedəm, həmin keşişdən bir söz eşidib atı saxladım. Keşiş uca səslə üç dəfə dedi: hayreniq, hayreniq, hayreniq (“hayreniq” – erməni dilində “vətən” deməkdir).
Çünki mən erməninin dilini başa düşürəm, bir qədər dayandım keşişin sözlərinə qulaq asam. Bu heyndə küçənin bir tərəfindən müsəlman danışığı eşitdim. Atı qabağa sürüb gördüm ki, küçə ayrımında divarın kölgəsində dörd müsəlman oturub. Bunların birisi Axund Molla Qurbanqulu Molla Qurbanəliyev idi. Bu axundu mən çoxdan tanıyırdım; özü də İran əhlidir. Molla Qurbanqulunun əlində bir kitab var idi. Molla kitabı oxuyurdu və kəndlilər diqqəti-tam ilə qulaq asırdılar.
Keşiş uca səslə kəndlilərə bu sözləri deyirdi:
– Erməni millətinin dünyada üç sevgili balası var: “vətən”, “millət” və “dil”. Və nə qədər ki, biz həmin üç sevgili balaların yolunda fəda olmağa qadirik, nə osmanlının həmidiyyə əsgəri və kürdləri, nə Rusiyanın qalitsinləri və nə zəmanənin qeyri bir təqazası erməni millətinin bəqasına xələl yetirə bilməyəcəklər.
Keşişin bu sözlərindən sonra Qurbanqulunun səsi gəldi. Molla kitabdan bu sözləri oxuyurdu: “Babi həftüm. Əgər bir şəxs yata, yuxusunda həcəmət görə həmin şəxs dünyada heç bir bəlaya və naxoşluğa giriftar olmayacaq”.
Keşişin belə səsi gəlirdi: “Ey mənim erməni qardaşlarım, dünya xəlq olunandan indiyə kimi erməni tayfası müxtəlif millətlərin cövr və zülmünə düçar olub. Qarışqalar at nalının altında əzilən kimi, ermənilər qüvvətli və bimürüvvət tayfaların yumruğunun altında pamal olublar; bunilə belə erməni ölüm halında can verə-verə, yenə deyib: “vətən, vətən, millət, hayreniq!”. Ey mənim qardaşlarım, nə qədər ki, millət, dil və vətən yolunda fəda olmağa biz qadirik, cəmi dünyanın tayfaları müttəfiq olub bizim üstümüzə hücum gətirələr, biz yenə onların qabağında dayanıb dilimizi və vətənimizi mühafizət edə biləcəyik. Yaşasın vətən yolunda fəda olan erməni milləti! Yaşasın millət uğrunda şəhid olan qardaşlar! Getse, getse hayreniq!”.
Molla Qurbanqulu kəndlilərə deyirdi:
– Ağacın altında, suyun qırağına bövl etmək yaxşı deyil; çünki həmzad, əcinnə, şəyatin insana zərər yetirər. Çaharşənbə, şənbə və tək günü qəbiristana və hamama getmək olmaz; çünki bu günlərdə əcinnə və divlər qəbiristana və hamama cəm olub qonaqlıq edərlər və həmin günlər bunların bayramıdır. İnsanı görsələr, zərər yetirərlər. Əgər bir kəsin belə bir qəza başına gəlsə, durmayıb, gəlsin mənim yanıma, vaxt ikən ona “həft həsar” duası yazım.
Bu sözləri eşidib atı sürdüm müsəlmanların yanına və üzümü Molla Qurbanquluya tutub dedim:
Ey ardan ari bala, mərdanə utanma!
Hər ləhzədə ol sakini-çayxanə, utanma!
Çıxma eşiyə sel tuta gər dam ilə daşi,
İç çayuvi, çək tiryəküvi, böyrüvü qaşi,
Yanında oturmuşlar əgər olsa da naşi,
Ver tüstüsünü onlara məstanə, utanma!
Axşamadək ol guşeyi-həmmamda sakin,
Dırnaqlarıva bağla həna, saqqala lakin
İnsanı salar rövnəqə bu xeyrül-əmakin,
Ondan sora çıx, saqqala vur şanə, utanma!
Sübh olcaq dur otur isticə gündə,
Paltarlaruvun bitlərini qır göz önündə,
Ver özgəsinə olmasa gər fürsət özündə,
Gey paltarını, seyr qıl hər yanə, utanma!
Yüz zəhmət ilə qonşuların elmi tapanda,
Sən alim olursan gedib asudə yatanda,
Sən eyş qıl, onlar toza-torpağə batanda,
Get yarü rəfiq ilə gülüstanə, utanma!
Cümlə işi at bayıra, tap bir sulu qəlyan,
Aksizni əgər qoymasa ol azimi-İran,
İranda olur tənbaku, tiryak ilə ərzan,
Ləng olma, götür rəxtivi İranə, utanma!
Bir söz deməyə nökərüvü tutgilə məzun,
Bir sözlə cənabnızı edim dəhrdə məmnun,
Dərviş Ağabalanı tapıb alginən əfsun,
Ondan sora hey vur sulu qəlyanə, utanma!
Bir da elirəm mən sənə bir böylə vəsiyyət,
İranda cəhd et özüvə tapgilə xidmət,
Fövt eyləmə, bir fürsəti hər ləhzə qənimət,
Ol sidq ilə zəvvar çilovxanə, utanma!
Təng olsa əgər başuva ol büqeyi-Təbriz,
Çünki ora bir şəhrdi pürdərdü qəməngiz.
Get Xoyda səfalər çəkib ol eşq ilə ləbriz,
Çıx qələ kənarında xiyabanə, utanma!
Var yaxşı səyahətli çəmən qəleyi-Xoyda,
Bir parə əcayib iş olur Xoyda hüveyda,
Hər nə ürəyin istəsə dərhal olu peyda,
Bir az qalıb ol adəmi-dərxanə, utanma!
Söz müxtəsər, ol bir neçə il sakini-İran,
Al bir ləğəbi-faxirə tut rütbeyi-əyan,
Qardaş, olusan getməsən axırda peşiman,
Yox faidə axır ki, peşimanə, utanma!
Bir qədr qalıb himmət elə, cəm elə dövlət,
Ondan sora qıl bir dəfə Kaşanə siyahət,
Xab içrə gözün görməsə eyləllə təbabət,
Bənd olma bu övzai-pərişanə, utanma!
Ver huşuvu Molla Nəsrəddinə amandır,
Bu fürsəti fövt eyləmək, əlbəttə, yamandır,
Hər kəs bu nəsihətləri dərk eylədi xandır,
Bir şəhrdə bax min iki yüz xanə, utanma!
Lağlağı
“Molla Nəsrəddin”, 7 iyul 1906, №14
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-axund-ile-kesisin-vezi
Use ← → keys to move, R for a random poem
More by this author
Bəli, buna iyirminci əsr deyərlər ki, Vatikan kimi dağı da tərpətdi. Hünər bircə simsiz teleqraf icad eləmək deyil: hünər bircə havaya qalxmaqda deyil; hünər bu idi ki, katoliklərin bütü mənzələsində olan və İsanın vəkili hesab olunan Rim papaslarının nüfuzunu azaltmaq, katolik ruhanilərin istibdadını pozmaq və biçarə əhalinin boynundan keşişlərin zəncirini qopardıb, inkvizis günlərini min-min nifrətlərlə yad etmək və min-min lənətlərlə rəhmət oxumaq.Belə də oldu.
Qanlı faciəYox, əzizim, qanlı faciə bu deyil ki, Daşkənd civarında Gödək qəryəsi əhalisindən 60 yaşlı Canbəy Muradovun 14 yaşında övrəti cavan nökəri ilə qoşulub qaçır və Muradovun bir nəfər qohumu başına 15 nəfər türkmən yığır, gedir qızı və oğlanı tutur, tikə-tikə doğrayır.Xeyr, qanlı faciə bu deyil.
Təzə xəbərQardaşlar bu gün bir təzə xəbər eşitmişəm, doluşun başıma, nağıl eləyim.Bu xəbəri “Tərcüman” qəzetində oxudum. Əhvalat budur ki, baronessa Rozen adında bir nemes xanımı “Tərcüman” qəzetinin sahibinə bir belə məktub yazıb: “Cənab mühərrir, mən otuz yaşında bir övrətəm, özüm də oxumuş və dövlətli. Fikrim budur ki, bir müsəlmana ərə gedəm və islamı da qəbul edəm. Ancaq bir məsələ qabağımı kəsir: əgər mən müsəlman olandan sonra başıma çarşov salıb üzümü örtsəm, gərək dünyadan əl çəkəm və mülk-məaşımı atam ərimin üstünə. Bu da mənim üçün böyük zülmdür; çünki otuz il açıq və azad yaşayan bir şəxin başına çarşov salıb dama qatmaq – onu öldürmək kimi bir şeydir.
MollaBir gün yolum düşdü Malıbəyli kəndinə. Kəndi gəzdim və elə şeylər gördüm ki, qeyri müsəlman kəndində onları görmək olmaz.Əvvəla, burada bir məktəb var, bu məktəbdə çox oğlan uşağı oxuyur. Uşaqların ataları ilə danışıb gördüm ki, hər bir kəs ki, oğlunu oxumağa qoyub, çox razıdır ki, onun övladı elm oxuyur. Bu da görsənməyən bir işdir, çünki özgə müsəlman kəndlərində çox adamlar uşaqlarını məhz o səbəbə məktəbə göndərirlər ki, evdə bikar qalıb anasından çörək istəməsin.
Poems by other poets · Satire
Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər,Cənnətə uyqu ipiylə bir kəmənd atmaq dilər.
QoçuBir qoçuydum, çoxdu qabaq hörmətim,Xalqı döyüb, söymək idi sənətim,
Bir, iki, üç kərəSöyləmişəm bu sözü məxluqa mən,Ay Baba can, bir, iki, üç kərə.
DolaşmaEy Molla dayı, gəl bu müsəlmanə dolaşma,İnsaf elo, hər sahibi-iymanə dolaşma.