Qanlı faciə
Yox, əzizim, qanlı faciə bu deyil ki, Daşkənd civarında Gödək qəryəsi əhalisindən 60 yaşlı Canbəy Muradovun 14 yaşında övrəti cavan nökəri ilə qoşulub qaçır və Muradovun bir nəfər qohumu başına 15 nəfər türkmən yığır, gedir qızı və oğlanı tutur, tikə-tikə doğrayır.
Xeyr, qanlı faciə bu deyil.
Yox, yox, mən ölüm, elə danışma, vallah küsərəm; qanlı faciə bu deyil. Qanlı faciə budur ki, yuxaradakı əhvalatı nağıl eləyəndən sonra idarə tərəfindən yazırsan ki, “Bu uğurda tökülən qanların baisi 12 yaşındakı qızları 70 yaşındakı qoca kişilərə nikah edən mollanümalardır”.
Budur qanlı faciə, mənim gözümün nuru.
Əgər bu sözləri yazanda huşun başında deyildisə, – sözüm yox; yoxsa qana-qana yazmış olsan, di qulaq as.
Dünya yaranandan Şamaxıda şagirdlər müəllimi döyən günə kimi heç bir elə ittifaq düşməyib ki, bir mollanın yanına gəlib, balaca bir qız uşağını 60 yaşında kişiyə nikah etmək istəyəndə molla bir dəqiqə dayana. Və mənim bu sözlərimi elə indi bu saatda hər bir molla oxusa, yenə başa düşməyəcək ki, dəxi niyə gərək dayansın və niyə haman saat siğəni oxumasın.
Molla nə qanır qanlı faciə nə deməkdir? Daşkəndin faciəsinin adı tək bircə sənin yanında “qanlı faciə”dir; amma mollanın və mollanümanın nəzərində şəri hökmü əmələ gətirməkdir; çünki zani və zaniyənin qətli hər halda vacibdir.
Qoy “Həqiqət”in 151-ci nömrəsinin dördüncü səhifəsindəki “Qanlı faciə” əhvalatını 300 milyon müsəlman oxusun, – tək bircə səndən savayı. Hər bir müsəlmanın borcu odur ki, tikə-tikə doğranmış 14 yaşında qıza və oğlana sədhəzar lənət oxuyub desin: “Mərhəba türkmənlərə, maşallah belə mücahidlərə”.
Budur qanlı faciə.
Sən istəyirsən ki, mollalarımız 60 yaşında kişiyə 14 yaşında qızı nikah eləməsinlər. Çox əcəb, Allah atana rəhmət eləsin. İndi gəl açaq görək axund Ərəszadənin “Təşrihül-fərayiz” kitabının 13-cü səhifəsində nə yazılıb: “Əgər doqquz yaşa yetişməmiş bir qızı atası, ya ata babası ərə verə, – əri ondan, o ərindən irs aparar”.
Bə niyə dinmirsən? Bir de görüm, kim sənə deyib ki, 14 yaşında qızı 60 yaşında kişiyə vermək olmaz?
Özgə şəhərləri bilmirəm, bizim küçədə hacı Məlikin 74 yaşı, övrəti Güllünün 12 yaşı var; bildir övrətin bir oğlu oldu, adını qoydular Həsən.
Budur qanlı faciə.
Məşədi Nurəli 60 yaşında bir kişidir. Keçən il 9 yaşında bir qız aldı.
Budur qanlı faciə.
Allahın göydə gəzən ayı hər gecə neçə-neçə qanlı faciələrə şahid olur. Və əgər kişilərin otağına zorla çəkib apardığımız balaca qızların gözyaşlarını bir yerə yığsan, təzə bir üman dəryası əmələ gələr.
Budur qanlı faciə.
Bunların hamısını görə-görə və bilə-bilə və eşidə-eşidə gündə göbələk kimi artıb törəyən yazıçılarımız yazırlar, yazırlar, yazırlar, hər yandan yazırlar: yerdən, göydən, hürriyyətdən, şəriətdən, politikadan, İrandan, Turandan, əlfaz, ibarə, şəxs, imza, şöhrət, ad, nəzm, qafiyə, yenə əlfaz, yenə ibarə…
Amma övrətlərimizdən bircə söz də yox.
Çünki ağaların xoşuna gəlməz; ağaların da xoşuna gəlməsə, mənə xeyir eləməz.
Bağışla, bilmədim, qələt elədim.
Budur qanlı faciə.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 11 iyul 1910, №27
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-qanli-facie
Use ← → keys to move, R for a random poem
More by this author
Bakıda Çornı qorod fəhlələrinəAğa fəhlələr, yenə dilinizi uzadıbsınız, “Təzə həyat”ın 91-ci nömrəsində şikayət edirsiniz ki, zavodun müdiri gündə sizə, əlli iki nəfərə bir boçka su verir. Yazırsınız ki, sudan ötrü qapı-qapı dilənirsiniz və bundan da savayı çox artıq-əskik sözlər yazırsınız…
Göz yaşlarıAğdamdan bizə belə xəbər verirlər:Qiyaslı kəndinin sakini Molla Qənbər səkkiz yaşında bir qıza aşiq olur, kəndin mollası Molla Sadıq kəbin kəsir və Molla Qənbər qızı zor ilə aparır evinə.
KeçəllərYer üzündə maşallah, üç yüz milyon müsəlman var.Hamısı da keçəldi.
Qorxuram“İrşad” yatan kimi bir neçə gün müsəlmanlar başladılar haray-dad eləməyə ki, “ay aman, qoymuyun “İrşad” əldən getsin!”Mən həmişə bu haray-dadları eşidəndə yanımda oturanlara deyərdim: “qorxuram”.
Poems by other poets · Satire
Mahi-Kən`anın batıb, ey piri-Kən`an, qəm yemə!Ta gülüstanın olubdur beyti-ehzan, qəm yemə!
Sabirabad pirinəKimdir şəkk eləyən Sabirabad möcüzünə?Gəlməyibdir belə bir möcüzə dünya üzünə!
Var mülki-Qarabağda çox dun köpək oğluHüseyn bəyi həcv*Var mülki-Qarabağda çox dun köpək oğlu,
Qorxuram bayramımız qarə gələQorxuram bayramımız qarə gələ,Məmdeli, Pinti Həmid birdən ölə.