Bəli, buna iyirminci əsr deyərlər ki, Vatikan kimi dağı da tərpətdi. Hünər bircə simsiz teleqraf icad eləmək deyil: hünər bircə havaya qalxmaqda deyil; hünər bu idi ki, katoliklərin bütü mənzələsində olan və İsanın vəkili hesab olunan Rim papaslarının nüfuzunu azaltmaq, katolik ruhanilərin istibdadını pozmaq və biçarə əhalinin boynundan keşişlərin zəncirini qopardıb, inkvizis günlərini min-min nifrətlərlə yad etmək və min-min lənətlərlə rəhmət oxumaq.

Belə də oldu.

Buna iyirminci əsr deyərlər ki, İspaniyada katoliklərin rişəsini kökündən kəsdi. Avropa ruznamələrini mütaliə edənlər xəbərdardılar ki, bu saat İspaniyada bərk vurhavurdur; baş vəzir Kanalixas kral ilə birlikdə çalışmaqdadırlar ki, lazım olmayan katolik cəmiyyətləri qapansın, katolik məktəbləri ümumi nəzarət altına alınsın, ruhanilərin və qeyri ruhanilərin hökumət yanında təfavütü olmasın, keşişlərdən də ümumi qanunlar üzrə vergi alınsın.


Ax, keçən günlər!.. Bir vaxt var idi ki, Rim papasının səsindən Frəngistan və İspaniya dağları titrərdi, padşahlar bac verərdilər, xristianlar uşaqlarının çörəklərindən kəsib papasların sarayı Vatikana hədiyyələr daşıyardılar. Ziyarət günləri qızıl sövqatlar dağ kimi qalanardılar. İsanın canişini – papas yığardı başına on iki nəfər huvariyyun vərəsəsi hesab olunan əshab və ənsarını, yəni on iki nəfər kardinalını və qızıl yüklərinin yarısısını Vatikanın ambarlarına töküb, yarısını da paylardı hüvariyyuna, zəvvarın da hərəsinin əlinə bir tikə induligensiya verib, behiştin yolunu nişan verərdilər ki, tez rədd olub getsinlər.


Oxuculardan lotu-lotuyana iltimas edirik ki, bu məqalənin yadigarı üçün, hər kəsə mümkün olsa, Frəngistanın məşhur yazıçı Emil Zolyanın “Rim” adında kitabını tapıb oxusun.

Keçək mətləbə.


Tarix bunu bizə göstərir ki, maarif artdıqca ruhanilik hörmətdən düşür və təkbətək hər bir Avropa millətini götürsək, görərik ki, elm və fənn meydana gələn kimi ruhanilər aradan çıxıblar. Belə ki, məsələn, Emil Zolyanın kitabları Frəngistanda intişar tapan kimi zehinlər bir neçə ilin içində o dərəcə oyandılar ki, frənglər nəinki Rim papaslarının ziyarətinə getməyi tərgitdilər, hələ bəlkə öz içlərində katolik keşişlərin qalmağını artıq hesab etdilər.

Odur ki, iki qonşunun biri – Frəngistan maarif vasitəsilə gözünü açıb, üz qoydu tərəqqiyə, amma İspaniya hələ qalmışdı qaranlıqda; çünki mətbuat hələ tənəzzüldə idi.

İyirminci əsrin bərəkətindən, bir gün oldu ki, cəmi ispaniyalılar qırmızı baydaq götürüb, “Yaşasın maarif və puç olsun cəhalət!” – deyib düşdülər küçələrə: hər oğlan və qızın əlində bir kitab və milli marş oxuya-oxuya kitabı yuxarı qalxızıb deyirdilər: “Yaşasın bu kitab yazan əl-alim-əl-kamil və əcəllül-fəzlül mütəkəllimin fil-bəyan və əmələühül-vaizin lil-tiban və əkməlül-mühəddisin beynəl-ənam və əfzəlül-mühəqqiqin fil-islam tacülhac və siracül-vəhhacül-hac Mirzə Möhsün tacül-vaizin Nişaburi ləsəll”, “Yaşasın bu kitabın çap olunmağına bais olan vücudi-şəriflər ki, “dər mətbəeym-cəraidi-”Həyat” və “Kaspi” mütəəliq becənab hacı Zeynalabdin ağa Tağıyev, bəhümmətü ehtimami-müdiri-idarə və kantori-cəraidi-məzkurə cənab Həsənağa Həsənov behilyeyi-təbrəsidəst, 3 səfər, sənə 1324”.


Bəli, sənə 1324-də səfərül-müzəffərin 3-də dünya və aləm birbirinə dəymişdi; Rusiyada millətlər baş qaldırıb, özlərinə nicat yolu axtarırdılar, mətbəələrdə gecə və gündüz elmə və fənnə dair kitablar tərcümə olunub çapa verilirdi; həmin günlərin bir günü Mirzə Möhsün adında bir bambılı gəlir “Kaspi” mətbəəsinə və Həsənağa Həsənova deyir ki, “bir kitab yazmışam, kömək elə çap olunsun, ta ki, millətimizin balalarına bir yadigar qalsın”.

Çox gözəl, de görək nə yazmısan?

Bəli, bax gör nə yazmışam.

Cəhəte mali-məsruqə. Əgər kəsi bexahəd ki, peyda künəd, in tilsimi-əzəmra dər həman xanə dəfn künənd (səhifə 252).

– Çox əcəb, mən kömək edərəm ki, kitabın çap olunsun ki, millət üçün bir yadigar qalsın. Hacının canı sağ olsun, bir neçə min manatı da qoy bu kitaba xərcləsin.

Bu həmin kitabdır ki, bir nüsxəsi gedib çıxıb İspaniyaya, orada oxuyub, birdən gözlərini açıblar və yaxşı ilə yamanı biliblər və həmin tilsim vasitəsilə millətin oğrusu olan katolik keşişlərin yaxasından yapışıb, oğurlanmış olan hüquqlarını geri istəyiblər. Bu haman kitabdır ki, 1324-cü ildə Hacı Zeynalabdin ağanın mətbəəsində Həsənağa Həsənovun hümməti ilə çap olunubdur. Bu haman kitabdır.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 27 iyun 1910, №25

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Leylətül-qədr

Rəmazan ayının on doqquzuncu gecəsindən otuzuncu gecəsinə kimi bu on bir gecənin biri “qədr gecəsi”dir. Amma məlum deyil ki, hansıdır.Həmin gecənin fəziləti min gecənin fəzilətindən artıqdır; necə ki, həqqi-taala öz Qurani-kərimində buyurubdur: leylətün xeyrün min əlfi şəhrin.

2 min
Qadağa etmək

Üç şeyi qadağan etmək lazımdır:Birinci “allah” ləfzini ağıza alıb, bu haldan o hala, o haldan bu hala çevirməyi qadağan etmək lazım gəlir və cəmi teatr tamaşalarını ki, orada Allah və müctəhid adı məsxərəyə qoyulur, bunları bilmərrə tərk etmək lazım gəlir. Buna da ümdə illət budur ki, bu axır vaxtlarda bir para cavanlar az qalıblar ki, Allah həzrətlərini bir yolluq danalar.

2 min
“Tiryək”

Bu axır günlərdə qabaqca yəhudilərin və sonra xristianların pasxa bayramlarını saxlamaqmı və ya saxlamamaqmı mübahisəsi olunmaqda idi.Bu barədə türk mədəniyyət sarayında bir neçə məclislər təşkil olundu; orada bir tərəfdən Allahsızlar cəmiyyəti mübəlliğləri, digər tərəfdən xristian məzhəbləri nümayəndə və vaizləri, keşişlər, xaxamlar və hazirun – başladılar hərə öz sözünü uzun nitqlərlə meydana qoymağa və dəlillər və sübutlarla təsdiq etməyə.

2 min
Sövqi-təbii və yaxud Həcc ziyarəti

Təbiət qanunlarının katibləri dərs kitablarında yazırlar ki, bir qarınca öz durduğu yerində, öz-özlüyündə hərəkət edib bir yana getməyə hazırlaşmırdı. Birdən bu qarınca baxıb görür ki, onun qabağından hədsiz və hesabsız öz həmcinsləri bir tərəfə getməkdədirlər. Burada bizim bir dənə qarıncamız dəxi fikir eləmir və fikir eləməyi də lazım görmür: bir surətdə ki, mənim cəmi yoldaşlarım bir yana getməkdədirlər və girəm ki, mənə məlum olmayan bir yana getməkdədirlər, – dəxi mənim üçün burada qeyri təklif qalmır, savayı onlara qoşulmaqdan.Və oxucu yoldaşlarımız elə güman eləməsin ki, qarınca burada bizim kimi çox danışır və burada bir mülahizə edir, müqayisə edir; filfor, həmin saat biixtiyar, özünü verir camaatın içinə, biixtiyar bu selin cərəyanına tabe olub, qarıncaların sürüsünə soxulur.

2 min

Poems by other poets · Satire